14.4.18

“Səudiyyə krallığı Yəməndə legitimliyi bərpa edir”- Fəttah Heydərov

Azərbaycan parlamentinin deputatları Fəttah Heydərov, Bəxtiyar Əliyev, Mahir Aslanov və Qalib Salahzadə Səudiyyə Ərəbistanında səfərdədir.Prezident İlham Əliyevin bu ölkəyə geniş rezonans doğurmuş səfərinin ardınca baş tutan bu səfər Səudiyyə Ərəbistanı-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun dəvəti ilə həyata keçirilir.
Aprelin 11-də başlayan və 17-dək davam edəcək səfər çərçivəsində bu ölkənin parlament rəhbərliyi, parlamentlərarası dostluq qrupunun üzvləri, Ticarət və Sənaye Nazirliyinin məsul şəxsləri, ər-Riyad şəhərinin qubernatoru, Elm və texnologiyalar şəhərciyinin elm xadimləri və digər şəxslərlə görüşlər nəzərdə tutulub.
Görüşlərdə parlamentlərarası münasibətlərin inkişafı, mədəniyyət, elm və texnologiyalar sahələrində əməkdaşlıq barədə müzakirələr aparılır.
Səudiyyə Ərəbistanının “Arab News” portalının məlumatına görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi deputat Fəttah Heydərov aprelin 13-də Səudiyyə parlamentinin vitse-spikeri Amin əl-Cəfəri ilə görüş keçirib. Görüş zamanı Fəttah Heydərov deyib ki, Səudiyyə Ərəbistanı kral Salmanın rəhbərliyi altında dünyada sülhün və sabitliyin möhkəmləndirilməsində, münaqişəli məsələlərin, o cümlədən Yəməndə legitimliyin təmin olunmasında müdrik siyasət yürüdür.
Azərbaycan nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, iki ölkə parlament rəsmiləri arasında danışıqlarda regional məsələlərlə yanaşı ikitərəfli münasibətlərin inkişafına da diqqət yönəldilir.
Xəbər 2015-ci ilə aididr. Mənbə http://azpolitika.info/?p=110293