28.3.18

"Əşi, bir mənlə nə dəyişəndi ki"


Möhtərəm bacım, qardaşım səni mitinqə getməyə, zülmkarlarla mübarizəyə səsləyəndə hər dəfə belə deyirsən. Zaman yetişib, gəl sənin əl qolunu zəncirləyən bu fikri saf-çürük edək. Məncə, sən özünü bərk aldadırsan, izah edəcəm, razı qalmasan fikirlərini yaz.
Birincisi: sən doğrudanmı bir nəfər olduğunu düşünürsən? Səni aldadıblar. Sən tək deyilsən. 9 milyon yarım adam səin günündədir: onları da əzirlər, hörmətə layiq bilmirlər, ac işsız qoyublar.
Mən öz sözümü demirəm, dostum.
Hələ iqtisadi böhtan Azərbaycanı vurmamışdı. Onda ekspert Rovshan Agayev dəqiq dəlillər əsasında hesablamışdı ki, Azərbaycanda cəmi-cümlətanı 40 min ailə yaxşı yaşayır, ölkə sərvətlərindən lazımınca bəhrələnir. 40 ailə yeyib yatanlar, geridə taleyin ümidinə buraxılan binəsib milyonlar isə biz, sən, mən.
İndi insafla de, kimdir az (bir)?!
İkinci: Möhtərəm bacım, qardaşım. Gör səni necə alçaldıblar.? Yerin-göyün əşrəfi sayılan insan-sən deyirsən ki, mən kiməm ki?! Sən insansan, sən vətəndaşsan. Bu anlayışlara layiq bir varlıq elə "heç " yerinə qoyulduğu üçün üsyan etməli, öz haqqın tələb etməlidir.