18.3.18

Rövşən Cavadov güllənəndə...mən necə dirildim

"OMON"çular güllə-baran ediləndə, (1995-ci il, mart) 10-cu sinifdə oxuyurdum. "OMON"un bazası bizim litseyin yaxınlığında idi. Hadisələrin astanasında bəzi şagirdlər ora gedər, güllə- filan alıb bizə gətirərdilər. 

Bir az hayişəyə çıxaq.
Bu o günlər idi ki, Heydər Əliyev artıq hakimiyyətinin 3-cü ilində idi. Deyərdim, bu o vaxtlar idi ki, Heydər Əliyev siyasi nüfuzunun Apogey nöqtəsinə çatmışdı.
O vaxta qədər Heydər Əliyev barədə yaddaşıma düşən cəmi iki fikri xatırlaya bilirəm.
Heydər-Surət cütlüyünün təzə vaxtları idi. Atam yoldaşları isə nəsə danışırdı, birdən qayıtdı ki, əşi bu Heydəri də tərifləyirik e, amma o da pambıqla başımızı kəsən adam olub da. Atam burda pambıqla mübaliğə etmirdi. Bizim rayon pambıqçılıq rayonu idi. Heydər Əliyevin vaxtında pambıqla uşaqdan böyüyə hər kəsin həyatın sözün məcazi və həqiqə mənasında zəhərləmişdilər. Lakin, atam da, başqaları da yaşadıqları o ağır günlərin qayıtmayacağına özlərin inandırmışdılar, düşünürdülər ki, "dövlətçilik təcrübəsi olan Əliyev" onları da, ölkəni də günə çıxaracaq. Bəlkə də siyasi savadları, bəlkə də cəsarətləri çatmırdı ki, peyda olan yeni tirana qarşı dayansınlar...

Elmira Əmrahqızı Heydər Əliyevlə görüşərkən
Yaddaşıma hopan ikinci anti-əliyevçi fikir "Azadlıq" radiosundan gəlmişdi. Biz hər gecə atamla (o riyaziyyat müəllimi idi) riyaziyyat məsələ misalları edərdik. Bizim bu zehni məşğuliyyətimizi 3 ciddi komponent müşayət edərdi: atamın bir-birinə caladığı siqaretin tüstüsü, çay və adın düz xatırlayıramsa "Horizont" radiosunun dırıltılı xəbərləri. Əlbəttə, hər gün ordan "Azadlıq"ı da eşidərdik. Amma nələr danışıldığı məni maraqlandırmazdı, buna heç imkan da olmurdu, "Cəbr" və "Həndəsə"nin tapşırıqları altında nəfəs çəkmək asan deyildi, onda qala radio-proqramı sinxron dinləyib analiz edəsən.
Ancaq bir an necə oldusa, Elmira Əmrahqızının dilindən Heydər Əliyevanın ünvanına sərt bir tənqid başıma çəkic kimi çırpıldı. Talenin ironiyasına bax ki, mən lap sonralar bildim ki, mərhum Elmira Əmrahqızı Heydərin "Azadlıq" radiosundakı partizanlarından olub və güman ki, müxbir o zaman öz sözünü demirmiş, kimdənsə iqtibas gətiribmiş. Lakin, bircə tənqidi fikir, beyinimdə bizim qədim müəlliflərin dediyi kimi açıq səmada şimşək effekti yarada bildi. Mən atama üz tutub soruşdum: "Papa, bəs Heydər Əliyev yaxşı adam deyil?"
Doktor Mirbalabəy

Beləliklə, 10-cu sinifdəyəm, ömrümdə Heydər Əliyev barədə cəmi 2 tənqidi fikir eşitmişəm. 1995-ci ilin martıdır. Oxuduğum "Kimya-biologiya" litseyində (Bakı) tətil 19 martda başlamalı olsa da, biz rayona qaçıb 4-5 gün qabaqdan getmişdik. (Yalnız sonralar anladım ki, biz özbaşına qaçmamışıq, bizi qaçmağa sövq edən, buna şərait yaradan müəllimlərimiz olub. Axı başdan yazmışdım, "OMON" bazası yanımızda idi)
Atamın Əli Bayramlıda dostu, həkimi vardı-Mirbalabəy doktor. Nəsə bayram payı düzəldib atamla onlara getdik.
Allah rəhmət etsin, Mirbalabəy doktoru tanıyanlar bilirdi, olduqca istedadlı, intellektual və mərd insan idi. Doktor bizi qapıdan içəri salar-salmaz ağzın açdı nə açdı: "Güləhməd, gördün də bu ...nə elədi? Rövşəni öldürdülər. Bunların varı yoxu filan filan. Bu Heydər... filan filan bəsməkan".


Düşdüyüm çaşqınlığı heç cürə izah edə bilmərəm. Mən heç Rövşən Cavadovu tanımırdım, onun öldürüldüyünü də bilmirdim. Üstəlik, az qala Allah yerinə qaldırılan bir adamın-Heydərin ünvanına olduqca ciddi, amiranə bir insan dayanmadan bomba yağdırırdı. Atam onu nəsə sakitləşdirməyə kövrək təşəbbüslər göstərəndə doktor daha da coşur, mənfur rejimi şiddətlə lənətləyirdi.
Nağıl dili yüyrək olar, gün ötdü, vədə yetişdi. Bir gün gözümü açdım ki, Mirbalabəy doktorla bir partiyadayam (o əvvəl AMİP-də idi, sonra AXCP-ni seçdi), yaş fərqimiz də aradan itib, yaxın bir dost olmuşuq. Heyf ki, seyidi də qoruya bilmədik, o da vaxtsız öldü canın bizdən qurtardı.
***
Bunları niyə xatırladım? Ona görə ki, dediyimiz sözlərin məsuliyyətin, gücün anlayaq. Bəzən sizin heç təsəvürünüzə belə gətirmədiyiniz yerdə, şəraitdə işlətdiyiniz fikir zəlzələ doğurar, qafilləri oyadar, süst ürəklərə fərəh gətirər yaxud tərsi.
Ona görə də, həqiqətləri deməkdən, yazmaqdan yorulmayın. 10 il danışıb bircə adamın qəflətdən oyanmasında xidmətiniz olubsa, xoş halınıza. Çünki, bir oyaq min yatmışdan daha üstündür.
İkincisi, insanın fiziki ölümü hələ onun gerçək ölümü demək deyil. Rövşən Cavadov heç zaman idealım olmayıb, lakin, onun siyasi qərəz əsasında, ədalətsizcəsinə öldürülməsi məni hidətləndirməyə və Heydər Əliyev obrazını beynimdə birdəfəlik dəfn etməyə bəs etdi.
Həqiqətin keşiyində duran DİRİLƏRƏ salam olsun!