24.3.18

Prezident köməkçisinə bir neçə kəlmə sözüm

Bu prezidentin köməkçisi Əli Həsənova müqabil olub ölkədəki əhvalatı ona bildirməyimdir
Müxalifət düşərgəsi nə keçmişdə, nə indi, nə də gələcəkdə mələklər, hurilər ordusundan ibarət olmayıb. Gündəmin aktual teması ilə desək, milli müxalifət sıralarında xüsusən, qədim əyyamlarda söyüş və təhqir ritorikası ilə seçilənlər vardı.
Hamısının adın bir-bir sadalayaram. Amma hələ buna ehtiyac yoxdur. “Ağa durur Natiq Ədilovun arxivi durur!”. Sadəcə əminliklə deyirəm ki, bu şəxslərin mütləq əksəriyyətinin AXCP-nə aidiyyatı olmayıb, onlar daha çox zamanında müxalif mövqeyi ilə seçilən siyasi çevrədə qərarlaşmışdılar). Bəs bu cənab söyüş makinaları indi hardadı?
Təəccüblənəcəksiniz, nə müxalifət partiyalarındadı, nə də nəşrlərində. Bəs harda, bəlkə onlar da mühacirətə qaçıb? Yox, uzaqda deyillər.
Sadalayım: Onlar hazırda Prezident Aparatında, dövlət nəşrlərində, televiziyalarında, hakimiyyət yönlü QHT-lərdə yaxşı kreslolar tutublar. O adamlar hakimiyyət ünvanına elə şeylər yazıblar, danışıblar, indi belə mən onları olduğu kimi paylaşa bilmirəm.
Aydındır ki, o adamlar siyasi təkamül nəticəsində deyil, sırf maddiyat qarşılığında əqidələrin dəyişib rejimin yanında yer alıblar. Nə qədər çətin olsa da, bunu da təbii hal saymaq olar. Dünyanın hər yerində adamların pulla ələ alınması faktı var. Amma baxır, aldığın predimetin təyinatın necə müəyyənləşdirirsən, bu alqı-satqıda məqsədin nədir. Bax, qeyri-təbii olan da bizdıə budur.
Rejim ələ keçirdiyi o “təhqirşünasları” yağa pula bürüsə də həmin şəxslərin mədəni-etik planda islahı ilə məşğul olmayıb, buna heç maraq da göstərilməyib. Çünki, o şəxslər sadəcə “gül ağızlarının” ünvanın dəyişib, indi də o tərəfdən geri söyürlər. Özü də o müxalifləri ki, onlar heç zaman bu ritorikanı yaxın buraxmayıb.
Deyəcəksiniz, adam qanacaqsızdırsa hakimiyyət neynəsin?!
Bunu deyən şəxs yəqin, hazırkı siyasi sistemin şərtlərin, tələblərin, əla aldığı adamlarla davranış qaydaların bilmir. O adamların öz ayaqqabılarını seçməyə şəxsi iradələri yoxdur, onda qala ki çıxıb ictimai nəşrlərdə hörmətli şəxslərə söyməyə. Demək, biri onlar bunu diqtə edir.
Ən gülməlisi budur ki, baxıram, bütün həyat və yaradıcılığı söyüşdən ibarət olan mətbu paraziti bəhruzquliyevkimilər belə etikadan xalqa dərs keçməyə başlayıb.
Hörmətli Əli müəllim (prezidentin köməkçisini nəzərdə tuturam), mən sizin bu mövzuda narahatlığınızı səmimiyyətinə inanmaq istəyirəm. Amma bunun üçün doğru adamları danışdırmalısınız, söyüş maşınlarının etik öyüdləri əksinə qıcıq doğurur. Başqa bir yandan, ayrı-ayır adamların məsuliyyətsiz və etikadan kənar çıxışları önəmli və narahatlıq doğuran deyil. Siz əlinizin altında YAP-ın rəsmi nəşri "Səs" qəzetin rahatlıqla, mənəvi təbəllüatlar keçirmədən oxuya bilrisinizmi? Nə olsun ki, orda sizi yox, müxalifəti ləyaqətsiz formada təhqir edirlər?! Yoxsa, siz də geniş ictimaiyyət kimi bu “Səs” və onun kimi şər ruporların boykot etmisiniz, oxumursunuz? Bilmirəm. Amma vəzifəniz tələb edir ki, onları oxuyasınız, nəinki oxuyasınız zərərli tendensiya hallarını orda görəndə tədbir görəsiniz.
Xülasə, Əli müəllim. Diqqəti yayındırmağa ehtiyac yoxdur. Azərbaycan institusional müxalifəti hakimiyyətin illər boyunca apardığı mənəvi repressiyalara deyərdim ki, hətta ifrat təmkin, nəzakət nümayiş etdirib. Öz səhviniz ucbatından almaqda olduğunuz yaraların ağırı-acısını müxalifətin ünvanına tökməkdən əl saxlayın. İndi siz heç gözləmədiyiniz ünvandan öz silahınızla amansızcasına vurulursunuz. Amma yenə də problemin həllindən çox, süni ajiotajla bu vəziyyətə son qoymağa meyillənmisiniz.
Belə deyilsə, hətta sizin ailə üzvünüzə həqarətli məqalə nəşr edən rejim propaqandistlərinin (burda deyə bilərsiniz ki, ha görürsünüzmü, mənim ailəmi hədəfə alan hakimiyyətyönlü nəşr necə başqasının iradəsinə tabe ola bilər. Demək sizi də bizi də öz daxili istəkləri ilə təhqir edirlər. Xeyr, bunu gedib Mətbuat Şurasının qurultayında demək olar, mənə isə yox. Çünki, mən dəqiq bilirəm ki, sizin ailənizi hədəf alan o yazı, sizin kabinetin o biri tərəfində oturan bir cənab tərəfindən məhz Prezident Aparatından sifariş verilmişdi)
fəaliyyət planında korrektə edin, şəxsən özünüzün biznes layihəniz olan telekanallarda böhtanlara son qoyun.
Ən nəhayət, bunu hər kəs anlamalıdır ki, təkcə didaktik öyüdlərlə cəmiyyət, dövlət günə çıxsayadı ondan bu cür nəfis materallarla zəngin olan Şərq indi cənnətməkan olmuşdu. Amma deyil, razısınızmı. İctimai-siyasi sistemdə oş atmosfer ancaq qanunun aliliyi, fərqli fikirliyə dözüm, azadlıq elementləri ilə qurula bilər. Bunlarsız nəsə qurmaq olar, amma o prezidentin getdiyi şosselər boyunca yaşayış məntəqələrinin çirkin mənzərəsini örtbasdır etmək üçün ucaldılan hasar-görüntülərdən başqa bir şey olmayacaq.