29.3.18

Səssiz repressiya: Prezidentin köməkçisi Heydəri necə boğdu?


Tamami ilə saxta mahiyyətli, ölgün seçki kampaniyasının bu qədər skandala səbəb olacağını heç kim proqnozlaşdıra bilməzdi. Amma oldu. Aləm qarışıb. Bir həftə içində iki jurnalist “qətlə yetirilib”, amma çoxu fərqində deyil. 
Martın 22-də prezidentliyə "namizəd"lərdən biri jurnalistə zəng etmiş, onu ağır söyüşlərlə təhqir etdikdən sonra telefonu söndürməyi unutmuşdu. Bu unutqanlıq hakimiyyətin çirkin siyasi texnologiyası çox aşkar surətdə ifşa edirdi. Jurnalistin ictimailəşdirdiyi səs yazısında "namizəd" prezidentin köməkçisi Əli Həsənovun onu necə təlimatlandırdığını, necə istiqamət verib təriflədiyin söyləyirdi.
Məsələ ictimailəşəndən sonra bir gün baxdıq ki, Hafiz Hacıyev həmin jurnalistlə bir yerdədir.  Aydın msələ idi ki, jurnalist həbs və başqa qorxulu şeylə hədələnib buna görə də onun " bu bir anlaşılmazlıq olub, zəng edən heç demə "balıq" müəllim deyilmiş" deməsinə nə özü, nə də bir başqası inanmadı.
Çox maraqlıdır ki,  bu hadisədən yəni jurnalistlə “namizədin” dil tapmasından bir gün sonra prezidentin köməkçisi Əli Həsənov sensasion açıqlama verərək, “jurnalist-namizəd” tandemin ifşa etdi. Həsənov APA-ya aşıqlamasında etiraf etdi ki, Hafiz Hacıyevə debatdan sonra həqiqətən zəng edib, amma danışıqları heç də mediaya çıxan kimi deyil. Ancaq, tələsməyin, məşhur reklamda deyildiyi kimi “bu hələ son deyil”.

Mən cənab Həsənovun bu açıqlamasın və ona yazılan şərhi hörmətli Heydər Oğuzun rəhbərlik etdiyi “ovqat” saytından oxudum və öz facebookumda paylaşdım. Bir neçə saatdan sonra paylaşdığım xəbərin saytdan silindiyin müəyyən etdim.  Arada belə xətalar olur. Yəni, redaksiya bir də görürsən ki, xəbərin məzmunun deyil, yerin təqdimatın dəyişib təzədən yayımlayır. Buna görə təmkinlə bir də “ovqat”ın saytına daxil oldum ki, görüm həmin xəbər it-bat edilib, yoxsa tamami ilə silinib. Ovqatım təlx oldu. Çünki, xəbər və onu müşayət edən yüngülvarı analiz silinmişdi.
Heydər Oğuz
   Şəxsi tanışlığımız olmasa da, Heydər Oğuz yaradıcılığına və şəxsiyyətinə hörmət bəslədiyim insanlardandır. Daim müşahidə etmişəm ki bacardığı qədər ölkədəki problemləri qələmə alsın və onun xüsusən duymuşam ki, bu yoldaş ziyalıların susqunluğuna, şərə boyun əyməsinə daim üsyan bayrağı qaldırıb. Lakin, nə qəribədir ki, belə bir şəxs "faceboo"kda baş verən hadisənin səbəbin dəfələrlə soruşsam da, sualarımı görməzdən gəldi və susdu. Susmaq da razılıq əlaməti olduğundan belə başa düşülməlidir: Əli Həsənovun əlləri uzundur, o hətta Heydər Oğuzun da kövrək formada ucalan haqq səsin boğa bildi. Heydər Oğuz təmiz adamdı, başqası olsa düşünmək olardı rüşvət verib yazını sildiriblər. Axı bu “mütərəqqi metod” bizim jurnalistikada çox populyardır. Qalır maddiyatdan kənar variantlar. Onun da ən inandırıcısı budur ki, Heydər Oğuz hədələnib, qorxudulub, kim bilir bəlkə də şantaj edilib ki, yüzəyüz dəqiq olan bir xəbəri, şərhi saytından yığışdırıb. Vəziyyətin belə dramatik səciyyə alması ilə bizə həm də onu deyir ki, Əli Həsənovun halı gərgindən də gərgindir. O bu gərginliyə haracan tab gətirəcək, bunu zaman göstərəcək. “Əlyazmalar isə itmir”-Heydər bəy yazını silsə də əlahəzrət google vasitəsi ilə biz həmin yazını bərpa etmək qüdrətindəyik. Buyurun, aşağıdan oxuyun.
Əli Həsənovun sildirtdiyi məlum məqalə
 Əli Həsənovdan etiraf: “Hafiz Hacıyevə zəng etmişdim”
 Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev indi də prezident köməkçisi Əli Həsənovun baş ağrısına çevrilib.
Ovqat.com xəbər verir ki, martın 22-də “kanal-1 TV” internet televiziyasının sahibi Teymur Kərimova zəng edən Hafiz Hacıyev mətbuat nümayəndəsini ağır küçə söyüşləriylə təhqir etdikdən sonra telefonunu söndürməyi unudub. Hər şey də bundan sonra ortaya çıxıb.
Telefon danışığının ardından yanındakı qadınla da küçə ağzıyla danışan prezidentliyə namizəd daha sonra bir qonağıyla söhbətə başlayıb. Söhbət zamanı Əli Həsənovun dünən ona zəng etdiyini və necə danışmaq lazım olduğu barədə direktivlər verdiyini etiraf edən Müasir Müsavat lideri deyib:
“Dünənləri mənə Əli müəllim zəng edib ki, yaxşı gedirsən, belədir, elədir, burda belə elə, burda elə eləsən, yaxşı olar- dedi. Deyir, gəlirlər, burda paxıllıq edirlər ki, Hafiz Hacıyev niyə Əlinin adını çəkir. Gör, ey! Prezidentin köməkçisinə də qısqanırlar. Mən televizorda Əli Əhmədovun üzünə deyəcəyəm. Deyəcəyəm ki, Əli Əhmədov, sənin elədiklərini mən açsam... (anlaşılmır). Açaram, tökərəm, yeddi arxa dönənini qoyaram gözünün qabağına. Sən mənə təzyiq göstərə bilməzsən. Sən hansı komandanın üzvüsən, mən onu gözəl bilirəm...” 
Məlum videonu aşağıda tam formada izlə
Maraqlıdır ki, Prezidentin köməkçisi Əi Həsənov da bu faktı inkar edə bilməyib. APA-ya açıqlamasında həqiqətən də ayın 22-də Hafiz Hacıyevə zəng etdiyini və bəzi ricalarda bulunduğunu boynuna alan Əli Həsənov amma bunların direktiv xarakteri daşımadığını, bəzi facebook istifadəçilərinin məsələni şişirtdiyini bildirib. 
APA-nın həmin məlumatında eynilə belə deyilir:
“Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair sosial şəbəkələrdə irəli sürülən iddialara münasibət bildirib.
Ə. Həsənov APA-ya açıqlamasında bildirib ki, son günlər bəzi mənfi reputasiyaya malik internet saytları və "Facebook" istifadəçiləri onun prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair məqsədli şəkildə əsassız və spekulyasiya xarakterli iddialar yayır.
“Bildirirəm ki, martın 21-də İctimai televiziyada prezidentliyə namizədlərin üçüncü teledebatına baxdıqdan sonra martın 22-də günorta saatlarında Hafiz Hacıyevlə əlaqə saxlamışam. Onun diqqətinə çatdırmışam ki, teledebatın əvvəlində aparıcı mövzuya uyğun danışmağı xahiş edir, Seçki Məcəlləsinin tələblərinə riayət etməyin zəruriliyini xüsusi vurğulayır.
Bu mənada, məqsədli şəkildə bəzi vəzifəli şəxslər, o cümlədən də mənim haqqında müsbət fikir bildirilməsi, bir sıra dövlət orqanları rəhbərlərinin isə tənqid olunması yaxşı hal deyil və cəmiyyət tərəfindən pis qəbul olunur. Ondan xahiş etmişəm ki, çıxışlarında bu tipli subyektiv mülahizələrlə ictimai rəyi çaşdırmasın. Bundan başqa Hafiz Hacıyevlə mənim aramda hər hansı məsələ ilə bağlı fikir mübadiləsi və ya müzakirə aparılmayıb”, - Ə. Həsənov deyib”.