6.5.16

Ah Nəriman bəy, ah...



Nəriman Qasımoğlu mənim bəhrələndiyim insanlardandır. Dini baxışlarımın arınmasında onun müstəsna xidməti olub (kiçik arayış, N. Qasımoğlu yazıçı Qasım Qasımzadənin oğlu, AXC hakimiyyəti zamanı Səudiyyə Ərəbistanına səfir təyin edilən, lakin çevirilişə görə təyinatı baş tutmayan, Quranı azərbaycancaya gözəl formada çevirən ictimai xadim). Bir zamanlar o AXCP-də idi, 2005-də deputat seçilsə də avtoritar rejim onun mandatını vermədi, dairəsindəki nəticələri ləğv etdi. Sonra Nəriman bəy AXCP-dən uzaqlaşdı.
İndi baxıram ki, hökumətin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analtika şöbəsinin müdiri işləyir. İşləsin, bir söz deməyək ki paxıllığa yozulmasın. Sadəcə mən indi onun 525-ci qəzetdə dərc elətdiyi müsahibəsindən bir sualı paylaşıram. Diqqətlə oxuyun, ancaq avtoriyar bir rejim istedadlı adamı bu cür məhv edə, bu cür mənasızlaşdıra bilərdi. Heyf.

Nəriman Qasımoğlu: "Azərbaycanda multikulturalizm dövlət siyasəti və həyat tərzidir. 2016-cı ili ölkəmizdə Multikulturalizm ili kimi elan edən Azərbaycan Prezidenti İlham Əliyev öz bəyanatlarında bu barədə dəfələrlə deyib. Cari il ərzində ölkəmizdə müxtəlif multikulturalizm layihələrinin həyata keçirilməsinin şahidi olacağıq. Bu, bizə imkan verəcək ki, multikulturalizm fenomeni kimi müəyyənləşmiş və mədəniyyət kimliyimimzin tərkib hissəsi olan bir dəyəri həm bayram edək, həm də bütün dünyaya multikulturalizm ismarışlarımızı göndərək. Elə bilirik, dünya təkcə bu dəyərə ehtiram göstərməməli, eləcə də bunu indi geniş miqyasda təşviq etməlidir. Xüsusən də elə bir vaxtda ki, Qərbdə bəzi siyasətçilər multikulturalizm haqqında mənfi fikirlər səsləndirirlər. Siz, çox güman, yaxşı bilirsiniz ki, multikulturalizm məfhumunun izahında buna aid təsviri məqamlarla yanaşı, multikultural vəziyyəti möhkəmləndirmək üçün hökümət tərəfindən yürüdülən müəyyən siyasətlə müəyyənləşən praktiki məzmun da yer alır. Siz multikulturalizmi öz üslübunuzla, ruhi tədris və fəlsəfə ilə dünyada yayan böyük insanlardan birisiniz. Necə fikirləşirsiniz, Sizin ruhi təliminizin hansısa perspektivləri varmı ki, multikulturalizmə etinasız yanaşan , yaxud onun uğursuzla uğradığını elan edən siyasətçilərin öz ölkələrində multikultural durumun tənzimləməsinə cavabdehliklərinin artırılmasına təsir edə bilsin?"

Dırnaq arasında təqdim elədiyim mətn sual idi. Sual. Heç Platon belə sual qurmayıb.