14.4.18

“Səudiyyə krallığı Yəməndə legitimliyi bərpa edir”- Fəttah Heydərov

Azərbaycan parlamentinin deputatları Fəttah Heydərov, Bəxtiyar Əliyev, Mahir Aslanov və Qalib Salahzadə Səudiyyə Ərəbistanında səfərdədir.Prezident İlham Əliyevin bu ölkəyə geniş rezonans doğurmuş səfərinin ardınca baş tutan bu səfər Səudiyyə Ərəbistanı-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun dəvəti ilə həyata keçirilir.
Aprelin 11-də başlayan və 17-dək davam edəcək səfər çərçivəsində bu ölkənin parlament rəhbərliyi, parlamentlərarası dostluq qrupunun üzvləri, Ticarət və Sənaye Nazirliyinin məsul şəxsləri, ər-Riyad şəhərinin qubernatoru, Elm və texnologiyalar şəhərciyinin elm xadimləri və digər şəxslərlə görüşlər nəzərdə tutulub.
Görüşlərdə parlamentlərarası münasibətlərin inkişafı, mədəniyyət, elm və texnologiyalar sahələrində əməkdaşlıq barədə müzakirələr aparılır.
Səudiyyə Ərəbistanının “Arab News” portalının məlumatına görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi deputat Fəttah Heydərov aprelin 13-də Səudiyyə parlamentinin vitse-spikeri Amin əl-Cəfəri ilə görüş keçirib. Görüş zamanı Fəttah Heydərov deyib ki, Səudiyyə Ərəbistanı kral Salmanın rəhbərliyi altında dünyada sülhün və sabitliyin möhkəmləndirilməsində, münaqişəli məsələlərin, o cümlədən Yəməndə legitimliyin təmin olunmasında müdrik siyasət yürüdür.
Azərbaycan nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, iki ölkə parlament rəsmiləri arasında danışıqlarda regional məsələlərlə yanaşı ikitərəfli münasibətlərin inkişafına da diqqət yönəldilir.
Xəbər 2015-ci ilə aididr. Mənbə http://azpolitika.info/?p=110293

11.4.18

Məhəmməd Füzuli adına büt

Çox kiçik bir qrupu çıxmaq şərti ilə azərbaycanlılaran soruşsaq ki, "Məhəmməd Füzuli kimdir, necə adamdı"-əksər cavab belə olacaq: "Dahi! Ölməz sənətkar və s"
Füzulinin adının qabağına nə qədər gözəl sözlər yazsaq, yenə azdır, buna şəkk-şübhə yoxdur. Fəqət, gəlin nə qədər burda başqa adam yoxdur, öz aramızda səmimi söhbət edək. Biz Füzulinin sənətkarlığına, söz ustadı olmasına nə qədər bələdik?
Əlbəttə ki, biz onun əsərlərinin məzmunu ilə aşağı yuxarı tanışıq. Ən azı bilirik ki, Leyli və Məcnun iki gəncin nakam, faciəli eşqindən bəhs edir. Lakin, bir bədii əsər, illah da o şeirdirsə yalnız məzmuna görə qiymətləndirmək, təxminən ona bənzəyir ki, deyirsən ki, balıq da, qurbağa da suda yaşayan canlıdır.
Mən "Leyli Məcnun"u tam oxuyanda ərəb və farscadan müəyyən qədər (sözlər formasında) bilirdim. Buna əsaslanıb elə bilirdim ki, əsəri oxumuşam, başa düşmüşəm. Ta o günə qədər ki, N. Rza adlı müəllifin tərtib elədiyi "Leyli və Məcnun" kitabı əlimə düşüncəyə qədər belə də davam elədi. Bu kitabı oxuyandan sonra gördüm ki, ilahi nə qədər mətləblərin üstündən gözü yumlu keçibmişəm.
N. Rzanıntərtib elədiyi kitabın gözəlliyi ondadır ki, kitabın vərəqinin bir tərəfində orjinal mətn verilib, tam onla simmetrik isə müasir dildə yozumu. Bu çox yaxşıdır. Hətta çox vacibdir ki, bizim bütün klassiklərimizin kitabı müasir dilə uyğunlaşdırıalaraq dərc edilsin.
Yoxsa, götür ««əmma bəd raqimi-təsvidati-səhafiyi-üsyan, Füzuliyi-natəvan bu tərz ilə bəyani-hal və bu nəhc ilə şərhi-mafilbal edər ki, çün zövrəqi-vücudim badbani-təbiət birlə d əryayi-qəfləti-tüfuliyyətdən sahili-idrakü ehsasə yetdi və…» (Füzulinin "Divanı"nın Dibaçə"sindəndi) lap qızıl şifrələrlə, xalis dəri üzrəində çap elə pulsuz hər evə yay. Nə fayda?
Bu gün mərhum professor Tоfiq Hacıyevin " M.Füzulinin lüğət tərkibi" məqaləsini oxuyandan sonra, bu qənayətim daha da möhkəmləndi. Siz bir faktlara nəzər salın.
- «Şikayətnamə»nin bir səhifəsində 228 sözdən qırх üçü türkcədir, 185 ərəb-fars.
- «Hədiqətüs-şüəda»nın bir səhifəsində 180 sözdən qırхı türkcədir.
- «Divan»ının və «Leyli və Məcnun»un «Dibaçə»lərində iki-üç faiz türkcə var.
-Tərkibbəndlərində türk sözlərinin 20 faiz təşkil edir.
- Qitələrində türkcənin nisbəti təхminən 34 faiz həddindədir.
Belə faktlar çoxdur. Sözüm budur, Füzuli bizə büt kimi deyil, sənətkar, söz ustadı kimi lazımdırsa, onun nə yazdığını, necə yazdığını bilməliyik. Bilmək üçün isə oxuduqlarımızı başa düşməliyik.
Bu yolda isə bizə yar və yardımçı alimlərimiz, yazıçılarımız olmalıdır.

Amerikalı bilim adamı: Evde ayakkabı giymek sağlık açısından riskli

http://tr.euronews.com/2018/04/09/amerikal-bilim-adam-evde-ayakkab-giymek-sagl-k-ac-s-ndan-riskli

10.4.18

Əqidə dəyişmək

Bir az adamı titrətsə də, ədiqə də sabit olmaya bilər. Dünya fikir tarixi elə mərhələdədir ki, mütləq heç nə yoxdur. Yəni, bizim əlimizdə "yaxşı" və "pis"i ölçmək üçün universal, hamının qəbul etdiyi instrument yoxdur.
Belə olanda sual doğur: bəs kimdi satqın, dönük?
Mənim oxuduqlarıma əsasən meyarım belədir: o adam ki, əqidəsin daxili çək-çeviridən, mənəvi aləmindəki dəyərləri götür-qoy etmədən sadəcə, kənar təsir əsasında-mal, mülk, şirkinləndirmə, qorxutma, şantaj əsasında, eləcə də gücə sığınıb güclü görünmək tamahına görə dəyişirsə, bu satqınlıqdı, əksəriyyətin qəbul elədiyi formada dönüklüdü, yalıncıqlıqdı.
Bəs sizə görə?
https://www.facebook.com/nadilov/posts/10211928695268468

7.4.18

Guya bu mitinqlərlə nə olandı ki?

Gündəlik fəaliyyətiniz zamanı "əşi guya bu mitinqlə nə olandı" kimi tənə və atmacalarla, yaxud səmimi sualla tez tez qarşılaşırıq. Bu sualın giriftarı olan dostlar və düşmənlər üçün sanballı bir video düzəltdim. Götürün işlədin. Halal xoşunuz olsun😊

2.4.18

Ehtiyatlı olun, bu yazıda şiddət var!

Hegelin `Məntiq elmi` adlı əsərini bizimkilər çap eləyib. Tərcüməçisi bizim BDU`da fəlsəfə müəllimimiz olub-Arif Tağıyev.
Əsərin birinci cümləsini oxuyanda elə bil başıma əmudla vurdular. Siz də yoxlayın.
`Fəlsəfə başqa elmlərin malik olduğu üstünlükdən məhrumdur. O öz predmetlərinin təsəvvürlə bilavasitə təsdiqlənməsi və öz idrak metodunun idrakın çıxış nöqtəsinə və sonrakı inkişafına münasibətdə öncədən müəyyən olunduğu müddəasından çıxış edə bilməz`.
Özümə gəlib bir-iki varaq o tərəfə keçirib təzə sətirdən başladım. Bu dəfə zərbə elə tutdu ki, indi ayılıb görürəm ki 4 saat imiş nakautdaymışam.
İstəyirsiz, o hissəni də yoxlayın.
`Fəlsəfə özünəməxsus təfəkkür üsulu, təfəkkürü dərk edən, həm də onu anlayışlarda idraka çevirən üsul olduğundan fəlsəfi təfəkkür bütünlüklə insanda fəal olan və insana insanilik verən və eyni zamanda onunla eyniyyətdə olan təfəkkürdən fərqlənir, belə ki, özündə yalnız bir təfəkkür mövcuddur`.



Kommunist əxlaqı

Özündən böyüyə hörmət et!
Maraqlıdır, yaşlılara diqqət göstərmək kommunist əxlaqı kodeksində xüsusi yer almıbmış.
(Mənbə: Afanasyev, "Fəlsəfi biliklərin əsasları)

29.3.18

Səssiz repressiya: Prezidentin köməkçisi Heydəri necə boğdu?


Tamami ilə saxta mahiyyətli, ölgün seçki kampaniyasının bu qədər skandala səbəb olacağını heç kim proqnozlaşdıra bilməzdi. Amma oldu. Aləm qarışıb. Bir həftə içində iki jurnalist “qətlə yetirilib”, amma çoxu fərqində deyil. 
Martın 22-də prezidentliyə "namizəd"lərdən biri jurnalistə zəng etmiş, onu ağır söyüşlərlə təhqir etdikdən sonra telefonu söndürməyi unutmuşdu. Bu unutqanlıq hakimiyyətin çirkin siyasi texnologiyası çox aşkar surətdə ifşa edirdi. Jurnalistin ictimailəşdirdiyi səs yazısında "namizəd" prezidentin köməkçisi Əli Həsənovun onu necə təlimatlandırdığını, necə istiqamət verib təriflədiyin söyləyirdi.
Məsələ ictimailəşəndən sonra bir gün baxdıq ki, Hafiz Hacıyev həmin jurnalistlə bir yerdədir.  Aydın msələ idi ki, jurnalist həbs və başqa qorxulu şeylə hədələnib buna görə də onun " bu bir anlaşılmazlıq olub, zəng edən heç demə "balıq" müəllim deyilmiş" deməsinə nə özü, nə də bir başqası inanmadı.
Çox maraqlıdır ki,  bu hadisədən yəni jurnalistlə “namizədin” dil tapmasından bir gün sonra prezidentin köməkçisi Əli Həsənov sensasion açıqlama verərək, “jurnalist-namizəd” tandemin ifşa etdi. Həsənov APA-ya aşıqlamasında etiraf etdi ki, Hafiz Hacıyevə debatdan sonra həqiqətən zəng edib, amma danışıqları heç də mediaya çıxan kimi deyil. Ancaq, tələsməyin, məşhur reklamda deyildiyi kimi “bu hələ son deyil”.

Mən cənab Həsənovun bu açıqlamasın və ona yazılan şərhi hörmətli Heydər Oğuzun rəhbərlik etdiyi “ovqat” saytından oxudum və öz facebookumda paylaşdım. Bir neçə saatdan sonra paylaşdığım xəbərin saytdan silindiyin müəyyən etdim.  Arada belə xətalar olur. Yəni, redaksiya bir də görürsən ki, xəbərin məzmunun deyil, yerin təqdimatın dəyişib təzədən yayımlayır. Buna görə təmkinlə bir də “ovqat”ın saytına daxil oldum ki, görüm həmin xəbər it-bat edilib, yoxsa tamami ilə silinib. Ovqatım təlx oldu. Çünki, xəbər və onu müşayət edən yüngülvarı analiz silinmişdi.
Heydər Oğuz
   Şəxsi tanışlığımız olmasa da, Heydər Oğuz yaradıcılığına və şəxsiyyətinə hörmət bəslədiyim insanlardandır. Daim müşahidə etmişəm ki bacardığı qədər ölkədəki problemləri qələmə alsın və onun xüsusən duymuşam ki, bu yoldaş ziyalıların susqunluğuna, şərə boyun əyməsinə daim üsyan bayrağı qaldırıb. Lakin, nə qəribədir ki, belə bir şəxs "faceboo"kda baş verən hadisənin səbəbin dəfələrlə soruşsam da, sualarımı görməzdən gəldi və susdu. Susmaq da razılıq əlaməti olduğundan belə başa düşülməlidir: Əli Həsənovun əlləri uzundur, o hətta Heydər Oğuzun da kövrək formada ucalan haqq səsin boğa bildi. Heydər Oğuz təmiz adamdı, başqası olsa düşünmək olardı rüşvət verib yazını sildiriblər. Axı bu “mütərəqqi metod” bizim jurnalistikada çox populyardır. Qalır maddiyatdan kənar variantlar. Onun da ən inandırıcısı budur ki, Heydər Oğuz hədələnib, qorxudulub, kim bilir bəlkə də şantaj edilib ki, yüzəyüz dəqiq olan bir xəbəri, şərhi saytından yığışdırıb. Vəziyyətin belə dramatik səciyyə alması ilə bizə həm də onu deyir ki, Əli Həsənovun halı gərgindən də gərgindir. O bu gərginliyə haracan tab gətirəcək, bunu zaman göstərəcək. “Əlyazmalar isə itmir”-Heydər bəy yazını silsə də əlahəzrət google vasitəsi ilə biz həmin yazını bərpa etmək qüdrətindəyik. Buyurun, aşağıdan oxuyun.
Əli Həsənovun sildirtdiyi məlum məqalə
 Əli Həsənovdan etiraf: “Hafiz Hacıyevə zəng etmişdim”
 Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev indi də prezident köməkçisi Əli Həsənovun baş ağrısına çevrilib.
Ovqat.com xəbər verir ki, martın 22-də “kanal-1 TV” internet televiziyasının sahibi Teymur Kərimova zəng edən Hafiz Hacıyev mətbuat nümayəndəsini ağır küçə söyüşləriylə təhqir etdikdən sonra telefonunu söndürməyi unudub. Hər şey də bundan sonra ortaya çıxıb.
Telefon danışığının ardından yanındakı qadınla da küçə ağzıyla danışan prezidentliyə namizəd daha sonra bir qonağıyla söhbətə başlayıb. Söhbət zamanı Əli Həsənovun dünən ona zəng etdiyini və necə danışmaq lazım olduğu barədə direktivlər verdiyini etiraf edən Müasir Müsavat lideri deyib:
“Dünənləri mənə Əli müəllim zəng edib ki, yaxşı gedirsən, belədir, elədir, burda belə elə, burda elə eləsən, yaxşı olar- dedi. Deyir, gəlirlər, burda paxıllıq edirlər ki, Hafiz Hacıyev niyə Əlinin adını çəkir. Gör, ey! Prezidentin köməkçisinə də qısqanırlar. Mən televizorda Əli Əhmədovun üzünə deyəcəyəm. Deyəcəyəm ki, Əli Əhmədov, sənin elədiklərini mən açsam... (anlaşılmır). Açaram, tökərəm, yeddi arxa dönənini qoyaram gözünün qabağına. Sən mənə təzyiq göstərə bilməzsən. Sən hansı komandanın üzvüsən, mən onu gözəl bilirəm...” 
Məlum videonu aşağıda tam formada izlə
Maraqlıdır ki, Prezidentin köməkçisi Əi Həsənov da bu faktı inkar edə bilməyib. APA-ya açıqlamasında həqiqətən də ayın 22-də Hafiz Hacıyevə zəng etdiyini və bəzi ricalarda bulunduğunu boynuna alan Əli Həsənov amma bunların direktiv xarakteri daşımadığını, bəzi facebook istifadəçilərinin məsələni şişirtdiyini bildirib. 
APA-nın həmin məlumatında eynilə belə deyilir:
“Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair sosial şəbəkələrdə irəli sürülən iddialara münasibət bildirib.
Ə. Həsənov APA-ya açıqlamasında bildirib ki, son günlər bəzi mənfi reputasiyaya malik internet saytları və "Facebook" istifadəçiləri onun prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair məqsədli şəkildə əsassız və spekulyasiya xarakterli iddialar yayır.
“Bildirirəm ki, martın 21-də İctimai televiziyada prezidentliyə namizədlərin üçüncü teledebatına baxdıqdan sonra martın 22-də günorta saatlarında Hafiz Hacıyevlə əlaqə saxlamışam. Onun diqqətinə çatdırmışam ki, teledebatın əvvəlində aparıcı mövzuya uyğun danışmağı xahiş edir, Seçki Məcəlləsinin tələblərinə riayət etməyin zəruriliyini xüsusi vurğulayır.
Bu mənada, məqsədli şəkildə bəzi vəzifəli şəxslər, o cümlədən də mənim haqqında müsbət fikir bildirilməsi, bir sıra dövlət orqanları rəhbərlərinin isə tənqid olunması yaxşı hal deyil və cəmiyyət tərəfindən pis qəbul olunur. Ondan xahiş etmişəm ki, çıxışlarında bu tipli subyektiv mülahizələrlə ictimai rəyi çaşdırmasın. Bundan başqa Hafiz Hacıyevlə mənim aramda hər hansı məsələ ilə bağlı fikir mübadiləsi və ya müzakirə aparılmayıb”, - Ə. Həsənov deyib”.


28.3.18

"Əşi, bir mənlə nə dəyişəndi ki"


Möhtərəm bacım, qardaşım səni mitinqə getməyə, zülmkarlarla mübarizəyə səsləyəndə hər dəfə belə deyirsən. Zaman yetişib, gəl sənin əl qolunu zəncirləyən bu fikri saf-çürük edək. Məncə, sən özünü bərk aldadırsan, izah edəcəm, razı qalmasan fikirlərini yaz.
Birincisi: sən doğrudanmı bir nəfər olduğunu düşünürsən? Səni aldadıblar. Sən tək deyilsən. 9 milyon yarım adam səin günündədir: onları da əzirlər, hörmətə layiq bilmirlər, ac işsız qoyublar.
Mən öz sözümü demirəm, dostum.
Hələ iqtisadi böhtan Azərbaycanı vurmamışdı. Onda ekspert Rovshan Agayev dəqiq dəlillər əsasında hesablamışdı ki, Azərbaycanda cəmi-cümlətanı 40 min ailə yaxşı yaşayır, ölkə sərvətlərindən lazımınca bəhrələnir. 40 ailə yeyib yatanlar, geridə taleyin ümidinə buraxılan binəsib milyonlar isə biz, sən, mən.
İndi insafla de, kimdir az (bir)?!
İkinci: Möhtərəm bacım, qardaşım. Gör səni necə alçaldıblar.? Yerin-göyün əşrəfi sayılan insan-sən deyirsən ki, mən kiməm ki?! Sən insansan, sən vətəndaşsan. Bu anlayışlara layiq bir varlıq elə "heç " yerinə qoyulduğu üçün üsyan etməli, öz haqqın tələb etməlidir.


Zahid Orucun "ağzından süd iyi gələn" vaxtlar

Yaxud yalançının şahidi yanında olar
Dünən prezidentliyə "namizəd" (hətta bu söz dırnaq arasında bizimkilərin karikatur mahiyyətin adekvat ifadə etmir) Zahid Oruc belə bir söz ilşətdi ki, Əli Kərimli 1998-2001 periodunda Heydər Əliyevin vəkili olub.
Mən bir cənabın bu sözlərinə inanmasam da şübhəyə düşə bilərdim. Amma miyonlarla insan kimi mən də tərəddüdə düşmədim, çünki elə dediyi periodda Zahidin ANS-dəki debatı yadımdadı.
2000-ci il olmalıyd; həmən bu Zahid həmən bu Araz Əlizadə ilə debatda idi. Mübahisənin qızışdığı bir məqamında Araz Zahidə qayıtdı ki, "ay ağzından süd iyi gələn uşaq 🍼"..
(Araz o vaxtdan iyləy(n)əndir)
Zahid bu atmacadan dondu, sonra aşkar görünən ağlansımaqla bir təhər özünə gəlib: "amma mənim ağzımdan araq iyi gəlmir"-deyə bildi.
Bax həmin o günlərdə-bu növcavanın ağzından süd iyi gəldiyi vaxtlarda da, Əli Kərimli rejimi hər gün tənqid edərdi, amma Zahid də, onun ağabəyi Fəzail Ağamalı da Kərimlinin üstünə haqlı-haqsız tənqidlər, təhqirlər yağdırardı.
İndi sual yaranır: Ey Zahidi bizövq, yəni sən o ağzından süd iyi gələn vaxtlar belə cəsarətli, hünərli idin ki Heydər Əliyevin vəkilin tənqid edəsən? Axı qadir Allah nə hikmətdirsə, sənə və sənin kimilərə gücə, onun ayrı-ayrı elementlərinə qarşı çıxmaq ərdəmi verməyib.

Sənin kimilərin həyat devizi "əyil Kürüm əyil keç, zaman sənin deyil keç"dən başqa bir şey deyil.
Əli Kərimli Heydərin vəkili olsaydı, sən Fəzail Ağamalı kimi nimdaş siyasi elementə yox, elə gəlib Kərimliyə yarınardın.
Dostum, süd mərhələsi lap çoxdan geridə qalsa da, incimə hələ də uşaq-muşaq söhbətləri edirsən. Bir az ciddi ol, axı sən qabyuyan deyilsən, namizədsən

24.3.18

Prezident köməkçisinə bir neçə kəlmə sözüm

Bu prezidentin köməkçisi Əli Həsənova müqabil olub ölkədəki əhvalatı ona bildirməyimdir
Müxalifət düşərgəsi nə keçmişdə, nə indi, nə də gələcəkdə mələklər, hurilər ordusundan ibarət olmayıb. Gündəmin aktual teması ilə desək, milli müxalifət sıralarında xüsusən, qədim əyyamlarda söyüş və təhqir ritorikası ilə seçilənlər vardı.
Hamısının adın bir-bir sadalayaram. Amma hələ buna ehtiyac yoxdur. “Ağa durur Natiq Ədilovun arxivi durur!”. Sadəcə əminliklə deyirəm ki, bu şəxslərin mütləq əksəriyyətinin AXCP-nə aidiyyatı olmayıb, onlar daha çox zamanında müxalif mövqeyi ilə seçilən siyasi çevrədə qərarlaşmışdılar). Bəs bu cənab söyüş makinaları indi hardadı?
Təəccüblənəcəksiniz, nə müxalifət partiyalarındadı, nə də nəşrlərində. Bəs harda, bəlkə onlar da mühacirətə qaçıb? Yox, uzaqda deyillər.
Sadalayım: Onlar hazırda Prezident Aparatında, dövlət nəşrlərində, televiziyalarında, hakimiyyət yönlü QHT-lərdə yaxşı kreslolar tutublar. O adamlar hakimiyyət ünvanına elə şeylər yazıblar, danışıblar, indi belə mən onları olduğu kimi paylaşa bilmirəm.
Aydındır ki, o adamlar siyasi təkamül nəticəsində deyil, sırf maddiyat qarşılığında əqidələrin dəyişib rejimin yanında yer alıblar. Nə qədər çətin olsa da, bunu da təbii hal saymaq olar. Dünyanın hər yerində adamların pulla ələ alınması faktı var. Amma baxır, aldığın predimetin təyinatın necə müəyyənləşdirirsən, bu alqı-satqıda məqsədin nədir. Bax, qeyri-təbii olan da bizdıə budur.
Rejim ələ keçirdiyi o “təhqirşünasları” yağa pula bürüsə də həmin şəxslərin mədəni-etik planda islahı ilə məşğul olmayıb, buna heç maraq da göstərilməyib. Çünki, o şəxslər sadəcə “gül ağızlarının” ünvanın dəyişib, indi də o tərəfdən geri söyürlər. Özü də o müxalifləri ki, onlar heç zaman bu ritorikanı yaxın buraxmayıb.
Deyəcəksiniz, adam qanacaqsızdırsa hakimiyyət neynəsin?!
Bunu deyən şəxs yəqin, hazırkı siyasi sistemin şərtlərin, tələblərin, əla aldığı adamlarla davranış qaydaların bilmir. O adamların öz ayaqqabılarını seçməyə şəxsi iradələri yoxdur, onda qala ki çıxıb ictimai nəşrlərdə hörmətli şəxslərə söyməyə. Demək, biri onlar bunu diqtə edir.
Ən gülməlisi budur ki, baxıram, bütün həyat və yaradıcılığı söyüşdən ibarət olan mətbu paraziti bəhruzquliyevkimilər belə etikadan xalqa dərs keçməyə başlayıb.
Hörmətli Əli müəllim (prezidentin köməkçisini nəzərdə tuturam), mən sizin bu mövzuda narahatlığınızı səmimiyyətinə inanmaq istəyirəm. Amma bunun üçün doğru adamları danışdırmalısınız, söyüş maşınlarının etik öyüdləri əksinə qıcıq doğurur. Başqa bir yandan, ayrı-ayır adamların məsuliyyətsiz və etikadan kənar çıxışları önəmli və narahatlıq doğuran deyil. Siz əlinizin altında YAP-ın rəsmi nəşri "Səs" qəzetin rahatlıqla, mənəvi təbəllüatlar keçirmədən oxuya bilrisinizmi? Nə olsun ki, orda sizi yox, müxalifəti ləyaqətsiz formada təhqir edirlər?! Yoxsa, siz də geniş ictimaiyyət kimi bu “Səs” və onun kimi şər ruporların boykot etmisiniz, oxumursunuz? Bilmirəm. Amma vəzifəniz tələb edir ki, onları oxuyasınız, nəinki oxuyasınız zərərli tendensiya hallarını orda görəndə tədbir görəsiniz.
Xülasə, Əli müəllim. Diqqəti yayındırmağa ehtiyac yoxdur. Azərbaycan institusional müxalifəti hakimiyyətin illər boyunca apardığı mənəvi repressiyalara deyərdim ki, hətta ifrat təmkin, nəzakət nümayiş etdirib. Öz səhviniz ucbatından almaqda olduğunuz yaraların ağırı-acısını müxalifətin ünvanına tökməkdən əl saxlayın. İndi siz heç gözləmədiyiniz ünvandan öz silahınızla amansızcasına vurulursunuz. Amma yenə də problemin həllindən çox, süni ajiotajla bu vəziyyətə son qoymağa meyillənmisiniz.
Belə deyilsə, hətta sizin ailə üzvünüzə həqarətli məqalə nəşr edən rejim propaqandistlərinin (burda deyə bilərsiniz ki, ha görürsünüzmü, mənim ailəmi hədəfə alan hakimiyyətyönlü nəşr necə başqasının iradəsinə tabe ola bilər. Demək sizi də bizi də öz daxili istəkləri ilə təhqir edirlər. Xeyr, bunu gedib Mətbuat Şurasının qurultayında demək olar, mənə isə yox. Çünki, mən dəqiq bilirəm ki, sizin ailənizi hədəf alan o yazı, sizin kabinetin o biri tərəfində oturan bir cənab tərəfindən məhz Prezident Aparatından sifariş verilmişdi)
fəaliyyət planında korrektə edin, şəxsən özünüzün biznes layihəniz olan telekanallarda böhtanlara son qoyun.
Ən nəhayət, bunu hər kəs anlamalıdır ki, təkcə didaktik öyüdlərlə cəmiyyət, dövlət günə çıxsayadı ondan bu cür nəfis materallarla zəngin olan Şərq indi cənnətməkan olmuşdu. Amma deyil, razısınızmı. İctimai-siyasi sistemdə oş atmosfer ancaq qanunun aliliyi, fərqli fikirliyə dözüm, azadlıq elementləri ilə qurula bilər. Bunlarsız nəsə qurmaq olar, amma o prezidentin getdiyi şosselər boyunca yaşayış məntəqələrinin çirkin mənzərəsini örtbasdır etmək üçün ucaldılan hasar-görüntülərdən başqa bir şey olmayacaq.

23.3.18

İnsan necə dəyişir?

və ya siyasətin kimyası barədə kiçik qeyd
Mənfur rejimə pul, imtiyaz qarşılığında satılanları tənqid edərkən bəzən belə irad eşidirik: Noldu sizin yanınızda-müxalifətdə dayananda yaxşı idi, o tərəfə keçəndə pis oldu, axı filankəs həmin adamdır!
Kobud bir səhvdir. İzah edək.
Xlor (Cl) Natriumla (Na) birgə olanda faydalı xörək duzun (NaCl) əmələ gətirir. Amma həmin xlor, natriumdan aralanıb Hidrogenlə (H) birləşəndə həyat üçün təhlükəli, zəhərli Xlorid qazı (HCl) yaranır.
Odur ki, insanın-xüsusən siyasətçinin qiyməti təkcə öz fərdi keyfiyyətləri ilə yox, durduğu yer, olduğu çevrə, zəminlə ölçülür.
Harda, kimlə durduğumuza diqqət edək, arxadaşlar.

Mənbə burda

21.3.18

"Şeyxlə" öpüşmək çox bahalı işdir

Müstəsna bir film, "Kiss The Other Sheik" (Başqa şeyxi öp)
1965-ci idə İtaliyada çəkilən komediya. Bəlkə də tragi- komediyadır.
Bizim tez-tez eşitdiyimiz "Qərb öz dəyərlərin pula satır" mövzusunu çox qəddar, amansız tərzdə filmə çeviriblər.
Qısa icmal belədir. Ərəb şeyxi 40 arvadı ilə Avropaya gəlir. O, bankda işləyən Marçello Mastroyannin diqqətin cəlb edir. Xüsusən eşidəndə ki, şeyxin gözü harda sarışın arvad görür vəssalam, pulun verir alır. Bank işçısı bu fürsəti qaçırmaq istəmir, öz həyat yoldaşın aldadaraq şeyxə satmaq istəyir. Arvadı götürüb ərəb ölkəsinə yollanır. Ancaq "sən saydığını say, ör fələk nə sayır". Arvad orda "foks çıxarıb" öz ərini oğlanbaz bir şeyxə sataraq aradan çıxır. 
Məsələnin maraqlı cəhəti bir də ondadı ki, bu filmi bizim milli kanallar da göstərib. Niyə, hansı məqsədlə, Qərbə yandı-qındı vermək üçün, yoxsa nə bilmirəm?Qalanına da özünüz baxarsınız 

18.3.18

Rövşən Cavadov güllənəndə...mən necə dirildim

"OMON"çular güllə-baran ediləndə, (1995-ci il, mart) 10-cu sinifdə oxuyurdum. "OMON"un bazası bizim litseyin yaxınlığında idi. Hadisələrin astanasında bəzi şagirdlər ora gedər, güllə- filan alıb bizə gətirərdilər. 

Bir az hayişəyə çıxaq.
Bu o günlər idi ki, Heydər Əliyev artıq hakimiyyətinin 3-cü ilində idi. Deyərdim, bu o vaxtlar idi ki, Heydər Əliyev siyasi nüfuzunun Apogey nöqtəsinə çatmışdı.
O vaxta qədər Heydər Əliyev barədə yaddaşıma düşən cəmi iki fikri xatırlaya bilirəm.
Heydər-Surət cütlüyünün təzə vaxtları idi. Atam yoldaşları isə nəsə danışırdı, birdən qayıtdı ki, əşi bu Heydəri də tərifləyirik e, amma o da pambıqla başımızı kəsən adam olub da. Atam burda pambıqla mübaliğə etmirdi. Bizim rayon pambıqçılıq rayonu idi. Heydər Əliyevin vaxtında pambıqla uşaqdan böyüyə hər kəsin həyatın sözün məcazi və həqiqə mənasında zəhərləmişdilər. Lakin, atam da, başqaları da yaşadıqları o ağır günlərin qayıtmayacağına özlərin inandırmışdılar, düşünürdülər ki, "dövlətçilik təcrübəsi olan Əliyev" onları da, ölkəni də günə çıxaracaq. Bəlkə də siyasi savadları, bəlkə də cəsarətləri çatmırdı ki, peyda olan yeni tirana qarşı dayansınlar...

Elmira Əmrahqızı Heydər Əliyevlə görüşərkən
Yaddaşıma hopan ikinci anti-əliyevçi fikir "Azadlıq" radiosundan gəlmişdi. Biz hər gecə atamla (o riyaziyyat müəllimi idi) riyaziyyat məsələ misalları edərdik. Bizim bu zehni məşğuliyyətimizi 3 ciddi komponent müşayət edərdi: atamın bir-birinə caladığı siqaretin tüstüsü, çay və adın düz xatırlayıramsa "Horizont" radiosunun dırıltılı xəbərləri. Əlbəttə, hər gün ordan "Azadlıq"ı da eşidərdik. Amma nələr danışıldığı məni maraqlandırmazdı, buna heç imkan da olmurdu, "Cəbr" və "Həndəsə"nin tapşırıqları altında nəfəs çəkmək asan deyildi, onda qala radio-proqramı sinxron dinləyib analiz edəsən.
Ancaq bir an necə oldusa, Elmira Əmrahqızının dilindən Heydər Əliyevanın ünvanına sərt bir tənqid başıma çəkic kimi çırpıldı. Talenin ironiyasına bax ki, mən lap sonralar bildim ki, mərhum Elmira Əmrahqızı Heydərin "Azadlıq" radiosundakı partizanlarından olub və güman ki, müxbir o zaman öz sözünü demirmiş, kimdənsə iqtibas gətiribmiş. Lakin, bircə tənqidi fikir, beyinimdə bizim qədim müəlliflərin dediyi kimi açıq səmada şimşək effekti yarada bildi. Mən atama üz tutub soruşdum: "Papa, bəs Heydər Əliyev yaxşı adam deyil?"
Doktor Mirbalabəy

Beləliklə, 10-cu sinifdəyəm, ömrümdə Heydər Əliyev barədə cəmi 2 tənqidi fikir eşitmişəm. 1995-ci ilin martıdır. Oxuduğum "Kimya-biologiya" litseyində (Bakı) tətil 19 martda başlamalı olsa da, biz rayona qaçıb 4-5 gün qabaqdan getmişdik. (Yalnız sonralar anladım ki, biz özbaşına qaçmamışıq, bizi qaçmağa sövq edən, buna şərait yaradan müəllimlərimiz olub. Axı başdan yazmışdım, "OMON" bazası yanımızda idi)
Atamın Əli Bayramlıda dostu, həkimi vardı-Mirbalabəy doktor. Nəsə bayram payı düzəldib atamla onlara getdik.
Allah rəhmət etsin, Mirbalabəy doktoru tanıyanlar bilirdi, olduqca istedadlı, intellektual və mərd insan idi. Doktor bizi qapıdan içəri salar-salmaz ağzın açdı nə açdı: "Güləhməd, gördün də bu ...nə elədi? Rövşəni öldürdülər. Bunların varı yoxu filan filan. Bu Heydər... filan filan bəsməkan".


Düşdüyüm çaşqınlığı heç cürə izah edə bilmərəm. Mən heç Rövşən Cavadovu tanımırdım, onun öldürüldüyünü də bilmirdim. Üstəlik, az qala Allah yerinə qaldırılan bir adamın-Heydərin ünvanına olduqca ciddi, amiranə bir insan dayanmadan bomba yağdırırdı. Atam onu nəsə sakitləşdirməyə kövrək təşəbbüslər göstərəndə doktor daha da coşur, mənfur rejimi şiddətlə lənətləyirdi.
Nağıl dili yüyrək olar, gün ötdü, vədə yetişdi. Bir gün gözümü açdım ki, Mirbalabəy doktorla bir partiyadayam (o əvvəl AMİP-də idi, sonra AXCP-ni seçdi), yaş fərqimiz də aradan itib, yaxın bir dost olmuşuq. Heyf ki, seyidi də qoruya bilmədik, o da vaxtsız öldü canın bizdən qurtardı.
***
Bunları niyə xatırladım? Ona görə ki, dediyimiz sözlərin məsuliyyətin, gücün anlayaq. Bəzən sizin heç təsəvürünüzə belə gətirmədiyiniz yerdə, şəraitdə işlətdiyiniz fikir zəlzələ doğurar, qafilləri oyadar, süst ürəklərə fərəh gətirər yaxud tərsi.
Ona görə də, həqiqətləri deməkdən, yazmaqdan yorulmayın. 10 il danışıb bircə adamın qəflətdən oyanmasında xidmətiniz olubsa, xoş halınıza. Çünki, bir oyaq min yatmışdan daha üstündür.
İkincisi, insanın fiziki ölümü hələ onun gerçək ölümü demək deyil. Rövşən Cavadov heç zaman idealım olmayıb, lakin, onun siyasi qərəz əsasında, ədalətsizcəsinə öldürülməsi məni hidətləndirməyə və Heydər Əliyev obrazını beynimdə birdəfəlik dəfn etməyə bəs etdi.
Həqiqətin keşiyində duran DİRİLƏRƏ salam olsun!

17.3.18

Azərbaycanda ən qorxulu şey barədə

Qorxmayın. Dinləyin, düşünün və qərar verin. Videonu izləmək üçün aşağıdakı linki vur.

Nevroz yaradan bayram-NOVRUZ

Novruz bayramı gələndə sizi nervoz edən, əsəbiləşdirən əsas amillər hansılardı?

Ramiz Mehdiyevdən allahsız fikirlər

Akademik Ramiz Mehdiyev cənab Mehdiyev islam dinin sıradan çıxarmaq üçün amansız fikirlər yazıb.
O hətta meyitlərin dini qaydada basdırılmasına hiddətlənmişdir.
Bu barədə ətraflı öyrənmək üçün aşağıdakı videonu izlə

15.3.18

"92-93" də gəlmişdiniz də

"Cəbhə hakimiyyət"inin yıxılmasından filan qədər il keçib. Ancaq, hələ də bəzi cənab və cənabələr "92-93"də etdiyi qəhrəmanlıqlardan (hakim sistemə, haqsızlığa qarşı baş qaldırma, dirəniş göstərmə və s) danışır.
Şübhə etirəm ki, o zaman sadaladığım əməlləri edənlər çox olub. Problem isə başqadır. O cənab və cənabələr ("dövləti dağıtmısınız" ritorikası müəlliflərinə) sual vermək lazımdır: ağsaqqal, ağbirçək barıtın elə bir atımlıq idi, 93-dən bəri niyə lal olmusan?
Əslinə, bu hal o adamların çərənçiliyi ilə yanaşı bir şeyi də sübut edir: bütün qüsurlarına rəğmən o yıxılan hakimiyyət bizlərə ən fundamental azadlıqlar olan fikir, söz, etiraz etmək azadlğın bəxş etmişdi! 
Bunlar isə düşünən, zəkası olan insan üçün çox qiymətli sərvətlərdi.

12.3.18

Diqqət mərkəzində qadındır

(Kədər haqqında qeydlər)
İş belədir ki, bizi təsirləndirən ən ciddi əbədiyyat, film nümunələrinin mərkəzi mövzusu kədərdi, qəmdir. Bayaq, Zamin Vəzir Hacı bəy bir film paylaşmışdı, afişasına baxdım ki "Kann" mükafatı qazanıb. Soruşdum ki, bu filmdə depressiya notları ilə doludur? Dedi, hə. 
"Hə" cavabı təəccüblü olmadı, çünki mən müşahidə eləmişəm, sanki "Kann"da filmlər yox, qüssələr, dərdlər yarışır.
Bizim çox sevdiyimiz "Heydər babaya salam" şeirində bir yeri unutmamısınız?
"Heydərbaba, kəndin gunu batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan cıxıb qaş-goz atanda
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə coxlu qəmu qüssə de".
Qissə farscada nağıl deməkdir. Fikir ver, şair deyir bizdən uşaqlara nağıl danış, amma nağılmızda qəm qüssəni bol elə. Bu dərin və baş ağrıdan bir mövzudur.
Kədər, qəm, melonxoliya təbii hisslərdir və mən də onları özümə məhrəm bilirəm. Belə filmlər, kitablar mənə doğma gəlir. Lakin və lakin mən bu mövzuda hədsiz diqqətliliyin tərəfdarıyam. Bu gün pessimizm çox aqressiv formada təbliğ olunur, sənət əsərlərində də ondan sui istifadə cəhdləri hədsizdir. Belə yanaşma ilə ən elementar problemləri faciəyə dönüdərirlər. Bu xüsusən, mübarizə aparan adamlar üçün yolverilməzdir. Çox təəssüf ki, dəqiq xatırlaya bilmədim, ancaq Leninin pessimist mədəniyyətlə bağlı parlaq bir fikir vardı (kimin yadındadısa şərhə yazsın). Təxminən, belə yadımda qalıb ki, ağlayıb, sızlayan sənət əsərinə alüdəçilik inqilabi hissləri kütəldir.
Mən razıyam ki, nə rejissorların, nə insanların əksəriyyətinin inqlabçı olmaq fikiri yoxdur. Bu belədir. Lakin, dövrümüz elə məzmun alıb ki, indi simanı qoruyaraq yaşamaq özü bir inqilabı hərəkata dönüb. Odur ki, mən yaradıcı dostlarımı şairin sözü ilə desək "bizi həyata səsləyən" mətnlər, süjetlər yaratmağa səsləyirəm.
Söhbət heç də bayağı, basmaqəlb, yalançı optimizmdən getmir. Bir nümunə verməklə, çıxışımı tamamlayım.
Məsələn, bu film "Dünən, bu gün və sabah".
Bu filmdə nələr yoxdu? Mən heyran oldum. Bizim cəmiyyəti bu gün narahat edən, ona əzab verən hər şey!
-Talançı bank kreditləri.
- Yoxsul ailə.
- Əfv fərmanı (bu çox maraqlıdır)
- Meşşanlıq
- Yüngü həyat tərzi yaşayanların yüksək materiya barədə danışması və s.
Rejissor bunların hamısın bu filmdə göstərib. Hamısın. Ancaq, bütün bu problemləri elə xoş atmosferdə, elə qəribə optimist tonda verir ki, adam məəttəl qalır. Nə hırıltı var, nə ağlaşma.
Başlığa dönürəm. Haqqında danışdığım film 3 ayrı filmindən ərsə gəlib. Onları birləşdirən isə hər bir filmdə qadının mərkəzi rolda çıxış etməsidir. Birincidə, zəhmətkeş, alverçi qadın, ikincidə meşşan bir varlı qadın, üçüncüdə fahişə qadın. Film 1963-cü ildə çəkilib. Bizim üçün bu gün də aktualdır. Sizin üçün xüsusi əhəmiyyət daşıyırsa iki şey də deyim. "Oskar" mükafatlı filmdə Sofia Lorenlə, Marçello Mastroiani oynayıb. Baxın, peşiman olmazsınız. Mən isə indi sözü musiqiyə verirərəm: Məni aldada bilməzsən.
(2017-ci ildəki facebook qedylərimdəndir)

11.3.18

Ziqmund Freyd: mən fərx edirəm ki azərbaycanlıyam!

İqtibasla Freydin "Musa və təktanrılıq" əsərində daha ətraflı tanış ola bilərsiniz

10.3.18

Erməni Raya necə "talış İlhamə" oldu?

2001-ci ilin əvvəlində ordudaydım. O zaman bilmirəm necə oldusa, Ermənistan tərəfdən yayımlanan azərbaycanca radio veriliş tapdım. Hər gün bir saat yayım edirdi. Təbii ki təbliğat xarakterli gop küy. Amma bu proqramın aparıcılarından olan bir xanımın səsi mənə əcaib doğma gəlirdi. Hərbi xidmət bitdi, o radio tam yadımdan çıxdığı vaxt, bir gün internetdə gəzişəndə online erməni radiosnu (ictimai radio) tapdım, yenə azərbaycanca. Lənət şeytana o arvad yenə də burdaydı. O linki hətta bir neçə dostuma da yolladım ki, bizim diktorlar da kaş azərbaycancanı bu erməni kimi şirin danışaydı... Sonra bu radionu da unutudum...
Və bu gün görün başıma nə gəldi?
Bildiyiniz kimi bir müddətdir, separatçı mövqe tutan bir talış tv internetdə yayımdadır. Çoxları kimi mənim də beynimdə bu tv ilə bağlı fikir vardı ki, bu Rusiyadan yayımlanır. Talış Milli televiziyası adlı bu bədnam proqram talışca verilişlər hazırlayr, amma gördüm türkçə də bir link var. Dedim elə fürsətdir, çoxdan istəyirdim görüm bunlar nədən danışır? İlahi, birdən qulağıma həmin o səs gəldi. Fikriim başqa yerdə idi, gözümü ekrana çevirdim, ağyaylıqlı bir qadın idi. Amma adı İlhamə Cəfərzadə!!
Bu qədər təsadüf ola bilərmi? Yoxsa, bu o ermənidir?
Dərhal araşdırmağa başladım. Məlum oldu ki, "İlhamə"ni tanıyan yoxdur. Araşdırma bir az da dərinləşəndə, gümanım doğruldu. "İlhamə" erməni çıxdı. Bu əsl adı böyük ehtimalla Raya Babayeva olan həmin o radio işçısıymış.
Fikir məni götürdü; bu arvad hansı cəhəti ilə "talış cəfakeşlərin" cəlb edib ki onu Rusiyaya aparıb müxbir ediblər? Bəyəm o boyda Rusiyada efirə çıxartmağa talış yoxdumu? Heyhat! Fil qulağındaymışam. Az sonra müəyyən elədim ki, "Talış Milli Televiziyası" Rusiyadan yox, elə birbaşa İravandan ərsə gələrək yayımlanır. Bura qədərin oxuyub yorulmadınızsa davam edək. Bu hadisədən çıxan dərslər.
1. Nə gözəl ki, demək Azərbaycan hökumətinin anti-demokratik, nifaq və fitnə törədən siyasətinə baxmayaraq hələ də millətlərarası problem ölkədə yoxdu. Olsaydı, erməni Rayanı "talışlaşdırıb" efirə çıxatmağa ehtiyac qalmazdı.
2. Hər kəs diqqətli olmalıdır. Bu kimi çirkin hiylələr heç bir halda talış qardaşlarımıza ən yüngül formada da qınaqa və davranışa səbəb olmamalıdır. Aşkardır ki, bu proqram talışların yox ermənilərin marağının ifadəsi üçün icad olunub.
3. Talışların və başqa etniklərimizin efir hüququ var, onu əziyyət çəkib Azərbaycan dövləti təşkil eləməlidir ki, it-qurd bu boşluqdan istifadə edib xalqlarımız arasında xoşagəlməz mühit formalaşdırmağa çalışmasın.

1.3.18

"Oğru" qardaşımıza məktub


Dəyərli dostum, Seymur!
Novruz gəlib qapını kəsdirib, amma sən hələ də zindandasan. 4-cü ildir artıq. Belə başa düşürəm,  səni oralarda çox istəyirlər, ona görə buraxmırlar, özün də ki, allah bilir nə fırıldağın var, türmənin qapısın çırpıb çıxmaq istəmirsən. Əzizim, sən özünü inqilabçı sayırsansa, nəzərinə çatdırım ki, dirsəklənib türmədə günləri ötüşdürmək heç inqilabçıya yaraşan məziyyət də deyil. Rəhmətliyin nəvəsi, heç Rus Çarına güllə atan dekabristlər türmədə bu qədər oturmadı, sənə nə olub, nə görmüsən orda?!
Sənin və o biri dostlarımın bu inadkarlığı ucbatından indi mən çalışıram sizlərlə-dost-qardaşlarımla bilavasitə rabitə qurum: sizlərə məktub yazım, bəzən obrazlarınızı canlandırıb xəyalən söhbət edim. Başıma gətirdiniziniz oyuna bax da, belə "söhbətlərdən" dəli olsam, babalım boyunuza.
Seymur, yaxınlarda bir qəribə video yayılmışdı. Abırlı-başlı adam təəssüratı doğuran bir nəfər  qəbiristanlıqda bir başdaşı önündə dayanıb ona xitab edirdi. Deyirdi ki, "pulumu yeyib çıxıb getmisən, indi mən qalmışam belə çar-naçar. Ona görə xahiş edirəm, balalarının, qardaşlarının yuxuna gir onlara denən ki mənim borcumu qaytarsınlar".
“Xahiş edirəm”i elə ürəkdən, səmimi deyirdi ki, mat qalmışdım. Bir yandan da az qalırdım gülməkdən alt çənəmi zədələyim. İndi mən o pulu əldən çıxıb, ciyəri kabab olan vətəndaşımız kimi az qalıram, Gözəl xanımdan, səndən, Asifdən, Fuadlardan, Muraddan, Məmməddən xahiş edim ki, yuxuma gəlin, bir görək nə var, nə yox (başıma gətirdiyiniz oyuna bax, adam bu halında əməllicə utanır).  Əlbəttə, mən yuxuya inanmıram, ancaq səni yuxuda görməyə də qətiyyən etirazım yoxdur. Nəyi pisdir, təəssüratdır da. Ancaq, inanın bundan məhrumam, deyəsən, cəmi 2-3 dəfə belə hadisə olub. Nəsə, yuxu, mürgü vaxtı deyil, oyanaq, başqa deyəcəklərim var.

Seymur, deməli bir neçə ildir əcəb bir idrakı zövq-səfa içindəyəm. Bilmirəm, bu beyinimdə hansısa "jetonun düşməsi"nə görədir, yoxsa yaş müsbət planda öz işini görür. Nədən gedir söhbət?

 İndi bir sıra kitablara, filmlərə təzədən baxıram. Özü də onların heç də hamısın xüsusi olaraq seçmirəm, o məşhur frazadakı kimi "sovet sənayesi nə istehsal edir, içirəm"-yəni, nə əlimə, kefimə düşdü, baxıram, oxuyuram (intizamı oxu vərdişi üçün bu nə qədər sui-qəsd sayılsa da) və gözüm önündə açılan mənzərədən sərməst oluram, heyrət edirəm, çox əcaib bir şey. Mən indi təfsilatlara enməkdən zövq alıram, xırdalıqlarda ilişib saatlarla qalıram. Qabaqlar belə deyildi. Qədim zamanlarda mən çalışardım, oxuduqlarımın, izlədiklərimin (biz burda daha çox bədii ədəbiyyatdan, filmlərdən danışırıq) skletin, “karkazın” tapım, mənimsəyim bəsimdi. Bəlkə də, bu mənim formalaşmağımda böyük iz qoyan riyaziyyatın xoşagəlməz bir tövhəsidir. Bu artıq ara söhbəti deyil, bilirsən ki, biologiyanın bizə öyrətdiyinə görə riyaziyyat, fizika və s dəqiq fənnlər baş beyinin sol yarım kürəsindən kurasiya olunur, humanitar məsələlər, poeziya, emosiyalar isə sağdan. Sağ lazımınca inkişaf etmirsə, adamın sosiallaşma keyfiyyətləri, o cümlədən şairlərin sözü ilə desək, ülvi hisslər sahibi olması müşkül məsələ dönür. Təsadüfü deyil, görünür məhz bu detala görə, möhtəbər bir araşdırmadan oxumuşdum ki, təkfirçi radikal qüvvələrin sıralarında döyüşən təhsillilər arasında dəqiq fənn məzunları, İT mütəxəssiləri, mühəndislər və s daha çoxdur. Uzatmayım bu xüsusatları, demək istəyirəm ki, həyat getdikcə daha cəlbedici, maraqlı olur, dostum. Özü də adam görəndə ki, sənə rahatlıq bəxş edən, cəlb edən, stiumul verən şeylər heç də əlçatmaz deyil, dörd bir yanında, stolunun üstündə, fləşkartında, rəfindədir dünyanın nizamına bütün murdarlıqlara, yaramazlığa baxmayaraq heyran qala, onun qarşısında səcdəyə düşməyə bilmirsən. 
Bir məqamdan dərin təsssüf keçirirəm ki, erkən gənclikdə acgözlüklə oxuduğum o kitabları kaş ki oxumaz olaydım. Çünki, indi təzə nəzərlə onları oxuyanda deyirəm ki, məgər mən bu kitabları oxumuşam? Məgər, mən onlardan nəsə anlamışam, mətnin "damara düşmüşəm ki?” İtirilmiş vaxt, enerji kimi gəlir mənə o mütaliyələr. Sanki, onları mən "quş qoymaq" xatirinə, Seymur və ya digəri məsələn Şoloxovdan söz açanda... "hə də, "Sakit Don"u, "İnsanın taleyin" yazan?...oxumuşam, oxumuşam"- demək üçün mütaliyə eləmişdim. Ancaq bir təsəllim var ki, bəlkə səmərəsiz saydığım o mütaliyələr, seyrlər olmasaydı idraki təkamülün hazırkı səviyyəsinə çatmaq mümkün olmazdı. Nə fikirdəsən bu mövzuda, ağlına batırmı?
Əziz dostum, bu günlərdə adı başına bəla olan Əli Şəriətinin "İnsan" kitabından miflər və dinlərdə insanın üsyanına dair yazdığı araşdırmanı oxuyurdum. Bir cümlə məni tutdu. Sənətkar mükəmməl formada Şeytanla Protemeyi eyniləşdirib, təhlil edirdi (sən kafaya bax, hardan hara bağ atıb). Ən maraqlısı isə o deyil, budur: deyir ki, Zevsin Protemey üçün əsas nəzərdə tutduğu işgəncə heç də onun günün altında günəşdən yandırıb qaxac eləmək, sinəsin dəmirlə deşmək, ciyarını quşlara yedirdib fiziki əzab vermək deyildi. Bəs nə idi, qardaş?! Yazır ki, onu tənhalıq, yalnızlıq duyğusunun altında əzmək.
Təkcə bu cümlə, məni götürdü apardı "Zəncirlənmiş Prometey"in yanına.  Esxilin yazdığı bu faciə 58 səhifədir. Mən onu gecə saat 2-dən səhər 6 qədər oxudum. 4 saat! Normalda, onu bir saata oxumaq mümkündür. Ancaq, məndə alınmadı. Sən də yoxlayarsan. Yox, bu qəliz əsər olduğu üçün deyildi, qətiyyən müaliğə eləmirəm,  az qala hər sətir məni “tormoz”u basmağa vadar edirdi, fikrə aparırdı, hər sətir.  Bundan qabaq dediyim söhbətdi, bu əsərin təkrar oxunması deyildi, tamami ilə yeni bir mətn oxumaq, yeni tanışlıq, yeni mənzərələrin seyrinə dalmaq idi. Siftə-siftə başladım əsərin xoşuma gələn yerlərin qeyd etməyə. Sonra gördüm ki yox canım, bu bihudə işdir, çünki "Zəncirlənmiş Prometey"in altın cızlayamayacağı bir misrası belə yoxdur.
Biz Prometeyin hekayəti ilə orta məktəbdən tanışıq. Dünyanın gəliş gedişindən ortabab baş çıxaran kimə sorsan, həmin əsatirin süjetin sənə danışar. Biz hətta bir az qabağa gedib, Məhəmməd Əmin Rəsulzadənin öz əsərində Azərbaycanı Prometeylə tutuşdurub, ona siyasi məzmun verməsindən də xəbərdarıq (Qafqaz dağlarına qandallanmış və ciyarı Rus gerbindəki ikibaşlı qartalla dağlanan Azərbaycan-Protemey). Bütün bunlara baxmayaraq, dostum, səndən şiddətlə, israrla xahiş edirəm, götür o dramı oxu. Oxu, oxu, oxu. Elə ilk səhifədə, heyrət edəcəksən ki, yahu, bu əsər haqda bizim bildiklərimiz 10 ballıq şkalada uzaqbaşı 0,1 imiş ki!
Seymur, bu əsər təxminən 2500 il bundan qabaq yazılıb. 2500 il bundan qabaq yazılan bu dramın necə diri qalmasına heyrətlənməmək olmur. Yəqin, xəbərdarsan; ana vətənimizdə son vaxtlar "yeni söz, yenilik" azarında, intizarına mübtəla olan xeyli məcaraçı peyda olub. Müxalifət olaraq biz də arada belə ərköyün qınaqlara tuş gəlirik ki, guya Azərbaycanda hakimiyyətin dəyişikliyin baş verməməsinin kökündə mübarizədə "yeni söz, yeni fikir" olmamasıdır. Mən, hər dəfə belə sözləri, müzakirələri görəndə dərin bir qüssəyə dalıram. Çözə bilmirəm ki, görəsən bu adamlar üçün yeni söz, yeni fikir nədir? Doğrudanmı, bu adamlar həqiqətən yeni fikir eşitməyə tamarzıdılar və onun intizarındadılar? Başqa bir dərd odur ki, bəzilərinə də elə gəlir, yeni fikir, yeni söz ortaya qoymaq, selfi elemək qədər asan söhbətdir. 

Esxili məlum dramın oxuyanda Tövratda yazılan "geniş səma altında heç nə təzə deyil; ən yeni söz lap çoxdan unudulan köhnə sözdür" kəlamı məni bir daha sükuta çəkdi. Adam bir az da dilxor olur ki, bu söz-fikir nəmənə şeydir, onun yenisin demək, yaratmaq bu qədər niyə çətin olub?


Seymur, mən o dramı oxuyanda onu simvolizimdən çıxarmaq üçün yüngülvari bir üsul işlətdim: Protemeyin yerinə səni qoydum. Düzdü, deyəcəksən heç yeridir, bu qədər şişirtməyə nə hacət? Amma əsəri oxuyanda sən də belə bir ekspriment elə gör alınır, alınmır, yerinə düşür, ya düşmür. İndi, səni fikir götürəcək ki, bəs Şeytan hara, qəhrəmanlıq simvolu saydığımız Protemey hara?! Kəlləni bir işlət, izah asandır. Adı başına bəla olan Əli Şəriəti deyir ki, biz insan olaraq, mahiyyətimizə görə Şeytana borcluyuq. Çünki, ilk yaradılışda Allah insanı təlatümlərdən uzaq, təfəkkürdən yoxsul yaratmışdı: idraka pisi-yaxşını götür qoy etməyə, seçim etməyə imkan qoymamışdı, buna Adəmin ehtiyacı da yox idi. Məhz Şeytanın əməyi nəticəsində Adəm insan oldu. Təbiətdən, ot, ağac olmaqdan uzaqlaşdı, yeni bir mahiyyət qazandı. Şeytan özünü odlara yandırmaq hesabına da olsa insan üçün bunu etdi.
Gəlirik, Protemeyin əzablarına. Doğrudan da nə bu əsərdə, nə onun haqda mövcud digər 3 əsatirdə Protemeyin zəncirə vururlarkən, qartallar sinəsin dirdərkən, başqa fiziki məşəqqətlərə tuş gələrkən elə bir naləsin görmürük, şikayətləndiyin müşahidə etmirik. Amma ona əzab verən şeyi tənhalıq, tərkedilmişlik olduğu əsərdə çox qabarıq duyulur. Qəribədir, Protemey adının mənası öncəgörəndir və o adına uyğun olaraq bilirdi ki, o zəncirlənmiş qayalıqdan azad olacaq, Zevs özü onun qarşısında səhvin etiraf edəcək, onu azadlığa buraxacaq amma fikir ver o qədər uzağı görməsinə baxmayraq Protemeyin bilmədiyi şeylər də vardı və bu ona əzab verirdi. Nələr? 
O unudulduğundan, insanlara od, ziya, zülmətdən çıxış, çoxlu sənətlər öyrətməsinə baxmayaraq elə düşünürdü ki, adamlar daha onu yad etmirlər, hərə öz kefində damağındadı. Fəqət reallıq belə deyildi. Onun yanına sonra təşrif buyuran ilahələr də bütün bəşərin bu qəhrəman üçün göz yaşı tökdüklərin deyir.
İndi əziz qardaşım, o soyuq divarlar arasında “ömrümü şam kimi yolunda yandırdığım oxucular, insanlar məni lal-kar kimi tərk etdi” kimi düşüncələrə qapılırsansa, öz yalnızlığında pərişansansa, səhv edirsən. Bütün dostların səni ən nəcib hisslərlə xatırlayır, yad edir, arzulayır.
Dostum, o əsərdən azı 40 qeyd götürmüşəm, dəhşətli paralellər var. Sadəcə hamısın bura yazsam, maraqsız olar. Amma anons edim ki, orda sənin bu zindan həyatının bütün mərhələlri əcaib bir oxşarlıqla əksini tapıb. Oxu onu dostum, oxu. O əsər sənə məlhəm kimi təsir göstərməsə, nə deyirsən, mənə de.
Qısa bir iqtibas verim, daha sağollaşaq. Bu əsərin o yeridir ki, kinli və qəzəbli Zevs biznes, praqmatizm ilahəsi Hermesi yollayır Protemeyin yanına ki, onu dilə tutsun, yola gətirsin, dilindən etiraf və əfv ərizəsi alıb azadlığa buraxsın. Protemey rədd edir.
Hermes:    Belə dikbaşlığınla qazandıqların budur:
Zəncir, əzab, inilti yenə nədir bu qürur?
Protemey: Bil ki, bu əzablarımı, bu sonsuz işgəncəmi
                  Dəyişmərəm xidmətə, aciz müti qul kimi

Hermes:  Atam Zevsin bir sadiq carçısı olmaqdansa
                   Daş qayaya qul olmaq, səncə yaxşıdır bəlkə?

Protemey:  Sevirəm bədxahı sözlə acılamaqdan
Hermes:    Sən bəlalar içində görünür zövq alırsan?
Protemey:  Bəli, zövq alıram mən, istəyim budur ancaq
Düşmənlərim də belə zövq alsın nazlanaraq
Bil bütün allahlara nifrət bəsləyirəm mən,
Onlar xoşlanmır mənim, xeyirxah işlərimdən

Mənim ürəyim doludur. Gələn söhbətimizdə davam edərik. Səndən cavab gözləyirəm. Ya çıx çölə, ya məktub yaz. Sağlıqla qal. 
Seymur Həzi kimdi? Bu linkin üstündən vur bax VİDEO
(Bu qeydlər keçən həftə Seymur Həziyə məktub kimi yazılıb türməyə göndərilib)

17.2.18

İlham Əliyevin "ziyalı" vəkilinin naləsi

Zavallı azərbaycan ziyalısı.
Hakimiyyətə söz deməyə hünəri yoxdur, həyatı lənətləyir.
Ay qardaş, həyatın nə günahı var. O öz ahəngi ilə davam edir. Onun içinə sənin bütün vücudunla səcdə elədiyin hakimiyyət çələng qoyub.
Qeyd: statusu yazan şəxs İlham Əliyevə seçkidə vəkillik edən şəxsdir. Bu gün də hakimiyyətin ali kürsüsündə oturanlardan söz açılanda fərəhdən gözü yaşayır.

Elçibəyi nə üçün devirdilər? (amansız FAKT)



Seçmələr məşhur qafqazşünas Tomas de Vaalın "Qarabağ" kitabındandır

Firəngiz Mütəllimova üzün niyə yumur?

yuxarıdakı fikirlər aşağıdakı kitabdan götürülüb

Ziyalı kimdir?

Hər elmi olan ziyalı deyil, ziyalı olan biri isə elmli olmaya bilər".
Elmli şəxs gerçəklikləri kəşf edər, ziyalı isə həqiqətləri göstərər.
Elmli deyər "bu belədir", ziyalı isə "bu belə olmamalıdır, bu cür olmalıdır" deyər.
Elmli yolu tapmaq üçün çıraq icad edər, ziyalı isə yolu göstərər, yola çağırar və yolun apardığı yeri göstərər. 
Elmli qabaqcıl və sayılan adam olduğuna görə bəzi hallarda zülmə alət ola bilər, amma ziyalı tutduğu yol baxımından harda olsa zülməti və zülmü inkar edəcək.
Çünki elm gücdür, ziyalılıq isə işıq".
Ziyalının öz dövründə məsuliyyəti (peyğəmbər olmadığı halda) cəmiyyətinə "peyğəmbərlik" etmək, xalq kütlələrinin donub qapanmış qulaqlarını qurtuluşa səsləmək, doğru yolu göstərmək, ölgün cəmiyyətdə hərəkətə öndərlik etmək, hərəkətsiz bir cəmiyyətdə yeni bir iman atəşini alovlandırmaqdır.
Dr. Əli Şəriəti.

5.1.18

Elm və həyat (Heydər)

Deyirlər ki, qədimdə cəmi bir elm, fənn olub-fəlsəfə. Sonra insanların müşahidə və bilikləri artdıqca, müstəqil elmlər formalaşaraq fəlsəfədən ayrılıb. Fəlsəfədən o qədər elm doğdu ki, bir ara dedilər daha onun missiyası başa çatıb. Ayrı-ayrı elmlər var və onlar həyatın müxtəlif problemləri ilə məşğul olacaq.
İndi düzü bilmirəm elmdə o müzakirələr hansı səviyyədədir, ancaq müşahidə elədiyim bir maraqlı hal var. Elmlər öz ata yurduna dönməkdədilər. Geridönüş baş verir.
Necə?
Məsələn, 2 il əvvəl orta məktəblərdə "Astronomiya" fənnin ləğv elədilər. Səbəbin soruşanda, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov dedi: "Bu fənn “Həyat bilgisi” dərsliyində öz əksini tapıb. Dərs yükü ağır olduğundan astronomiya fənninin ayrıca tədrisinə ehtiyac qalmır".
Bir ay əvvəl isə eşitdim ki, bu dəfə "Həyat bilgisi" gedir işinin dalıyca. Onu da tədrisdən yığışdırılar. Yəqin, indi hər iki fənni, "Cəbr və analizin başlanğıcı" fənnin üstünə yığıblar.
Bir azdan bu fənnin də tədrisdən yığışdırılmasına şübhəm yoxdur. Beləliklə, dərdləri, fənnləri bir-bir ləğv edib, axırda onları bir elmdə cəmləyəcəklər- "Heydər Əliyev fənni". Yaxud, "Əliyev irsi".
Bunun üçün son illərdə kifayət qədər bazar da yaranıb. Zarafat deyil, bizim ölkədə "Heydər Əliyev və heyvandalıq" adında elmi kitab dərc olub. Gələcəyimiz parlaqdı. Gələcək nəsilə paxıllığım tutur. Bizi nə qədər mənasız kitab və fənnlərlə yorurdular. Kitab və elm bir olmalıdır. Üzümüz oradır. Zatən bulularımız böylə demiş. "Bir olalım, iri olalım, diri olalım".