30.12.17

Vasif Talıbov və Nuh peyğəmbər

Tam ciddi mənada hesab edirəm ki, Azərbaycan insanı, elmi, ziyalıları hörmətli Vasif Talıbovun fenomenin düzgün, ədalətli və obyektiv qiymətləndirmək imkanında deyil. Gözümüzün qabağında bu insan xarüqələr, möcüzələr yaradır. Biz isə fərqində deyilik.
Siz onun sərəncamına baxın. Adam Nuh peyğəmbərin qəbrini tapmaq barədə göstəriş zad verib, onun məzar başın düzəltdirib.
Eyni zamanda Vasif müəllimin təşəbbüsü ilə Nuh peyğəmbərin gəmisinin Naxçıvanda quruya çıxması elmi (bəli, bəli elmi) surətdə təsdiq olunmuşdu.
Düzdü, indi bəzi ağzıgöyçəklər çıxıb deyəcək ki, bu sərəncam sekülyarlığımıza ziddir, filan. Amma onları boş verək, Vasif müəllimin əməlləri yanında hansısa fəlsəfi, siyasi anlayışlar mənası toz zərrəciyi kimidir.
Vasif müəllim, çox yaşa, çox yarat. Qoy, sizin barmağınız girsin özünü postmodernist adlandıran boşkafalı yazarların gözünə. Sizə baxıb öyrənsinlər mətn yazmaq necə olur.