4.2.15

Uşağın atası odur...

Lamiyə olayında məsələni çox romantikləşdirmədən demək istəyirəm ki, bu qız bir qəhrəmandır. Öz taleyinin, yaşadıqlarının qəhrəmanı. Adam var heç öz həyatında epizodik rola sahib deyil... Onun yerinə hər şeyi başqaları edir. Lamiyə isə öz həyatının baş rol ifaçısıdır. O, tam bir film qəhrəmanıdır, özü də öz həyatını oynaya bilər. Bizim bunu işləyə biləcək ciddi rejissorumuz yoxdur, təəssüf. Bu qızdan dövlət, MTN də yararlana bilər. Elə bilirsiz 15 yaşı olmamış adam öldürmək, həbsdə ola-ola haqqında ikinci cinayət işi açılmaq, orada “krutoy”luq eləmək, gedib istintaq təcridxanasında kiminləsə sevişmək və uşağa qalmaq, hələ bir onu doğmaq hər qadının işidir? Bu gücə, iradəyə sahib olduğuna görə Lamiyədən göz-qulaq olmaq lazımdır və deyirəm ki, o, çox ciddi kadrdır...
Yəni bu qızla bağlı məsələ budur və yerdə qalan şeylərə görə bu qız media üçün heç də maraqlı deyil. Məsələnin mətbuatda gündən-günə belə şişməsi, Milli Məclisdə müzakirə olunmağı, Ombudsmanın arda-arda açıqlamaları, Baş Prokurorluğun araşdırmalara başlaması əslində uşağının bioloji atasının kimliyi ilə bağlı deyil. Bu uşaq həbsxana rəisindən, nəzarətçisindən və ya məhkumların birindən də ola bilər. Burda qeyr-adi heç nə yoxdur. Məsələnin mahiyyəti Penitensiar Xidmətlə bağlıdır. Məhz bu işin belə şişməsi Azərbaycanın nüfuzlu generallarından biri olan Mədət Quliyevin öz xidmətində baş verən hadisəyə heç bir açıqlama verə bilməməsinə görədir. Bizə uşağın bioloji atası lazım deyil axı. Mətbuata bu işlə bağlı normal açıqlama verilməyənə qədər məsuliyyət generalın üzərindədir. Və uşağın atasını heç yerdə axtarmaq lazım deyil. İndiki halda uşağın atası məhz Mədət Quliyevdir. Məcazı atalıq da olsa, cənab general bu məsuliyyətdən qaça bilməz. Nə qədər ki, bir Milli Qəhrəman kimi medianın qarşısına çıxıb hamının başa düşəcəyi şəkildə prosesə aydınlıq gətirməyib, Lamiyənin doğduğuna hamı Mədətin uşağı kimi baxacaq.
Yadıma gəlir ki, Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin olunanda mətbuat çox ümidlə yanaşırdı ona. Deyirdilər ki, qısa müddətdə bu xarakterli general hər şeyi nizam-intizama salacaq. O vaxt mən də “Ya Mədət” adlı bir köşə yazıb müraciət etmişdim ki, sizə o zaman əsl rəis deyərəm ki, bu həbsxanaların qarşısındakı əliyeməkli anaları yığışıdırasız. Nə vaxta kimi Azərbaycanda insanlar həbsxanaya yemək daşıyacaq. Onun bu ağrılı mənzərəni yığışdıracağına çox inanırdım. Bilmirəm neçə il keçib o vaxtdan? Bildiyim odur ki, evlərdə həbxsnaya göndərmək üçün bişirilən yeməklərin altı söndürülməyib...