8.10.17

Mitinqi necə gözdən salmaq olar?

Dünən mitinqdən sonra bir yoldaş deyir ki, televiziyalarda, sosial şəbəkələrdə hakimiyyətin apardığı anti-təbliğat kampaniyasının nəticəsi "nol" oldu.
Yəni, özlərin öldürdülər, min bir böhtana, yalana əl atdılar, polisi köməyə çağırdılar, amma nə fayda xalq meydana dolub sözün dedi. Düz gözlərinin içinə rejimi yalana və talana qurşanmaqda ittiham olundu.
Mən dedim ki, dostum, bir az haqlısan, bir az haqsız.
Haqlısan o mənada ki, doğrudan da hakim rejimin öz təbliğat vasitələrində qaldırdığı tozanağın faydası olmadı.
Haqsızsan o mənada ki, bu faydasızlıq qətiyyən mənfur rejimin təbliğatçılarının qeyri-peşəkarlığına görə deyil. Heç bir peşəkar təpədən dırnağa cinayətə, yalana qurşanmış qüvvəni təmizə çıxarmaq, ona haqq qazandırmaq gücündə deyil.
Düzü müdafiə eləməyə nə var ki? Düzü, haqqı müdafiə etmək üçün bəzəkli, təmtaraqlı, çoxgedişli mətnlər düşünməyə ehtiyac yoxdur. Sadə formada deyirsən "qatıq ağdır", qarşındakı da deyir, "elədir, ölənlərin rəhmət".
İş dolaşığa onda düşür ki, sənə deyirlər, çıx qatığın qara olduğun sübut elə, əsaslandır. Özü də bu tapşırığı o adama verirlər ki, qatığın ağ olduğuna o, hamıdan çox inanır.
Xüləs, mövcud ictimai-siyasi problemlər fonunda ən istedadlı, bacarıqlı adam mitinq əleyhinə təbliğat qura bilməz. Mitinqin təbliğatçısı ayrı-ayrı şəxslərdən çox obyektiv şərtlərdir. Ölkədə hökm sürək ədalətsizlikdir, korrupsiya mühütidir, bərbad dolanışıq səviyyəsidir, səhiyyənin, təhsilin, işsizliyin, talançı kreditlərin insanları canlarından bezdirməsidir. Bunların qarşısında Rauf Arifoğluna lap 18 əlavə medal ver, nə yazıb mitinqi gözdən sala bilər ki?
Bizim kənddə bir əhvalat danışılır. Uşaq ac imiş, anasından yemək istəyirmiş. Ananın başı başqa işə qarışdığında uşağın “yemək istəyirəm” tələbin qulaq ardına vururmuş. Uşaq bir də yemək istəyəndə anası deyir: Ay bala, bir az gözlə, dırmaş o ağaca alçadan ye. Uşağın “kəllə qapağı atır” və o dillərə düşən cümləsin işlədir: “ay zalımın balası, alçadan yemək olar?”
Bax indi, hakimiyyət və onun təmsilçiləri “yemək istəyən” etirazçılara alça təklif edirlər. Hətta alça da yox, alçanın fotosun.
Etiraz aksiyalarının ən təsirli əks təbliğatı mitinqin qətnaməsində göstərilən tələbləri, qaldırılan problemləri həll etməkdən başqa bir şey deyil. Oğurlamayın, xalqa dolanışıq imkanı yaradın, insanlara ləyaqətlə yaşamaq üçün şərait qurun, hüquq və azadlıqlara hörmət qoyun, bununla da iş bitsin.