9.10.17

Basatın Təpəgözü öldürdüyü boy haqqında

Bayaq televizoru youtuba qoyub yatmışdım, ayıldım ki, "Dədə Qorqud" dastanı barədə cizgi filmi gedir. Konkret desək, başlıqdakı boya dair.
***
İlk dəfə idi görürdüm, 2003-də çəkilibmiş. Maraqla izlədim. Yaradıcılıq məhsulu kimi bərbad idi, bununla işim yoxdur. Ancaq bir yerdə məni fikir götürdü. Azı 4-5 dəfə oxumağıma baxmayaraq, bu momenti heç zaman tutmamışdım ( "Dədə Qorqud" hər kəsin oxuması vacib olan kitablardandı. Son dərəcə gözəl, son dərəcə maraqlı bir mirasdır, qədrin bilək).
***
Demək, orda bir yer var, Təpəgözün necə dünyaya gəldiyini göstərir. Çoban bir pərini tutur, üstnünə yapıncısın atır. Sonra pəri uçub gedir, gedəndə də deyir ki, ağsaqqal bax, bir il sonra gələrsən əmanətini götürərsən, amma bil ki, özünü də Oğuz elini də zibilə saldın. Bundan sonra Təpəgöz dünyaya gəlir. Cizgi filmidir, prosesin bu formada təfərrüata varmadan verilməsi başa düşüləndi. Maraq məni çəkdi ki, bəs görən bu zorakılıq səhnəsi kitabın özündə necə əks olub.
Açdım kitabı (dili müasirləşdirilmiş variantı) baxdım. Yazır: " Çoban yapıncısını üzərlərinə atdı. Pəri qızın birin tutdu. Tamah salıb, qucaqladı". Vəssalam.
Gözüm bu hissədən su içmədi. O dəqiqə hiss olunurdu ki, nəsə alayarımçılıq var. Bu iş "qucaqlamaq"dan o tərəflik işdi axı. Qədim kitab həmin səhnəni bu qədər senzura olunmuş formada verə bilməz!
***
Odur ki, "Dədə Qorqud"un orjinalına əl atdım. Hə, bax bu başqa məsələ. Görün nə yazır: "Çoban kəpənəgini üzərlərinə atdı. Pəri qızının birin tutdı. Tamah edüb, dərhal cima eylədi".
Cima ərəbcədən gəlir, cəm olmaq, birləşmək deməkdir, eyni zamanda bu söz cinsi yaxınlığı ifadə edir.
***
Yəni, pəri mifik obraz olsa da "Dədə Qorqud"da onun hamilə qalmasının izahi mifik yolla-qucaqlamala veriməyib. Qucaqlaşmaqla hamiləlik yaranmaz, bunu bizim tərcümanlar niyə belə edib anlamıram. Bədii mətnlərin başına bu sayaq oyun gətirmə doğru deyil. Əsərlərə və oxuculara hörmətlə yanaşın.
Guya o yeri orjinala oxşar müasirləşdirsələr abır-həyamız aradan gedəcək?
***
Dəxlisiz olsa da bunu da yazım ki, "Albaniya taixi" əsərinin yeni nəşrindən Məhəmməd Peyğəmbərin ünvanına deyilən tənqidlərin hamısı başboy çıxarılıb.
***
Pəri ilə çobanın izdivacından Təpəgözün doğulmasında mən bir simvolika da gördüm. Sanki, ulu babalarımız işarət eləyir ki, hər kəs öz tayın tapsın, pəriyə çobanın yaxınlığında Təpəgöz yaranar.
"Bibliya"da da buna oxşar tərsə rəvayət var. Yazırlar ki, Nuhun vaxtında mələklər yerdəki göyçək qızlara tamah salırlar. Gəlib onlarla evlənib tərəyirlər. Bu izdivaclardan da ipə sapa yatmayan nəhəng adamlar əmələ gəlir, onlar da yer üzərində fitnə fəsad törədirlər. Allah onların kökün Nuhun tufanı ilə kəsir.