15.10.17

Azər Həsrət mənfur rejimə meydan oxurkən

Aşağıda oxuyacağının məqalə 2003-cü ilin  28 oktyabrında "Azadlıq" qəzetində dərc edilib. Məqalənin müəllifi bu gün "tayfa telekanalizasiya"larında ikrah doğrucu çıxışları ilə seçilən Azər Həsrətdir. Qeyd edək ki, bir zamanlar İlham Əliyev və komandasını "it, küçük" deyib təhqir edən cənab Həsrət qəfil mövqe dəyişikliyi edəb hakimiyyət tərəfə adladı və hazırda "öz çınını bəyənməyərək" təhqirləri bir zaman biryerdə olduğu yoldaşlarına yağdırır. Lakin, aşağıdakı qədim mətni oxuyanda belə anlaşılır ki, Azər Həsrətin "tayfa telekanalizasiya"larında elədiyi o çıxışlar ürəyinin səsin ifadə etmir, o qəsdən belə çıxışlar edir ki insanlarda hakim rejimə qarşı antipatiya doğursun, vətəndaşlar hər gün əvvəlkindən daha çox rejimin dəyişməsi üçün səfərbər olsun. Çünki, cənab Həsrət məqaləsində çox böyük əminliklə bizi inandırır ki, bir müxalifətçinin, cəbhəçinin, müsavatçının yapçılaşması mümkün deyil. Oxuyaq.
 MÜXALİFƏTÇİLƏRİN YAP-ÇILAŞMASI
    Hakimiyyətin 15 oktyabr prezident seçkilərini total saxtalaşdırmasından sonra yaşananlar xeyli sual doğurur. Məsələn, Bakıda törədilən iğtişaşların gerçək təşkilatçılarının kim olması hələ də bəziləri üçün qaranlıqdır. Düzdür, bir sıra insanlar çəkinmədən iddia edir ki, bu iğtişaş müxalifətə qarşı hakimiyyətin iri çaplı təxribatı idi. Üstəlik dillərdə dolaşanlara görə, okyabrın 15-i axşam və 16-sında mülki geyimli öyrədilmiş adamların nümayişçilərin arasına girib öncə "İsa bəy!" qışqırması, bir az sonra isə polislərlə əlbir olub adamların tutulmasında iştirakı müşahidə edilib.
    Hətta o da deyilir ki, şahidlər eyni avtobusdan polislərlə birlikdə əlində daş, dəyənək olan mülki geyimli təxribatçıların da düşdüyünü görüblər. Bu cür faktlar baş verən süni qarşıdurmanın məhz hakimiyyətin ssenarisi əsasında həyata keçirildiyini deməyə əsas verir. Belə misalları artırıb məsələni daha dərindən araşdırmaq da olar. Ancaq işimiz bunda deyil, başqa məsələdədir. Bu da tayfa telekanallarının efirindən bizə sırınan müsavatçıların YAP-laşması səhnələridir.
    Bir qayda olaraq belə səhnələrdə bəzi müsavatçılar bu partiyaya üzv olmalarından peşman olduqlarını deyir. Burada diqqəti çəkən əsas məqamlardan biri həmin adamların öz peşmançılıqlarını dilə gətirərkən kənar təsir altında olduqlarını gizlədə bilməmələridir. Hətta göstərilən kadrlardan birində zalda oturan adamların hamısının özlərini kameradan gizlətməsi açıq-aydın müşahidə edilirdi. Bu adamlar hansısa rayonda Müsavat Partiyasının üzvləri imiş və indi o partiyadan çıxırlarmış. Ən adi və ucqar bir rayona aid olan kadrlara inansaq, Müsavatın yüz minlərlə üzvünün olduğu qənaətinə gəlmək olar. Çünki dünənə kimi hakimiyyət iddia edirdi ki, Müsavatın və başqa müxalifət partiyalarının cəmisi beş-on nəfər üzvü var. İndi isə bəlli olur ki, bu partiyaların hansısa ucqar rayonda belə yüzlərlə, bəzən də minlərlə üzvü var və onlar öz partiyalarından çıxıb YAP-a üz tutublar. Elə maraq doğuran da budur, müsavatçıların YAP-çılaşması. Bunu ki, tayfa telekanalları (Zamin Hacı demişkən "telekanalizasiyaları") iddia edir ki, guya müsavatçı dönüb YAP-çı oldu, adamın inandıqlarına şübhə etməsi gəlir. Bu, mümkün olacaq şey deyil. Gerçək Müsavatçı heç zaman dönüb YAP-çı ola bilməz! Ümumiyyətlə, isə bu günümüzdə gerçək müxalifətçi dönüb YAP-çı ola bilməz! Məsələn, inanmıram ki, AXCP üzvü olan bir kəs öz partiyasını YAP-a, öndəri Əli Kərimlini isə İlham Əliyevə dəyişsin! Ola bilər ki, AXCP-nin bir üzvü partiyanın siyasəti ilə razılaşmayıb ondan uzaqlaşsın. Ancaq bu adam gedib YAP-a üzv olmaz. Eləcə də adamların Müsavatdan çıxması mümkündür. Yenə də bunun yerinə YAP-a üz tutmalarında bir məntiq yoxdur. Biz öncəki illərdə də görmüşük ki, müxtəlif səbəblərdən həm AXCP-dən, həm də Müsavatdan çıxan gerçək müxalifətçilər eyni ideologiyanın daşıyıcısı olan müxalifət partiyasına keçib. Məsələn, AXCP-dən Müsavata və əksinə. İndi kimsə iddia edə bilməz ki, gerçək hərəkatçılardan hər hansı biri bu vaxtadək AXCP və Müsavatı buraxıb YAP-a keçib. Elə isə nə oldu ki, adamlar dünənədək əleyhində mübarizə apardıqları YAP-a üzv olmaq fikrinə düşdülər? Deməli, burada izaha ehtiyacı olan bir məqam var. Bu da ondan ibarətdir ki, adamların müxalifət partiyalarından YAP-a keçmə səhnələri TV tamaşalarından başqa bir şey deyil. Məsələn, elə o zala zorla doldurulub müxalifətdən YAP-a keçdiyi iddia edilənlərin demək olar ki, nəinki müxalifət partiyalarına, ümumiyyətlə, siyasətə dəxli yoxdur. Yaxud da dəxli olan varsa belə, həmin adamlar tayfa hakimiyyətinin işgəncə maşınının qorxusu altında bu addımı atırlar. Bunu onların üzündən oxumaq heç də çətin deyil. Ancaq bir şeyi hər kəs bilməlidir ki, bu adamlardan heç zaman YAP-çı düzəltmək mümkün olmayacaq. Hətta hansısa zorakılıqlardan qurtulmaq naminə Müsavatdan YAP-a "keçənlər" varsa belə, onlar qəlbən yenə də öz ideologiyalarına sadiq qalacaq və YAP-çı olmayacaq.
    Müsavatçının, cəbhəçinin YAP-çı olması qətiyyən mümkün deyil! Bu, təkcə bir səbəbdən mümkün deyil: hər iki müxalifət partiyasında təmsil olunan insanları bir araya gətirən onların məhz YAP-ın antimilli, antiinsani və rüşvətxor hakimiyyətinə qarşı mübarizə istəyi olub. Müxalifətçilər ölkədə qanunların işləməsini, insan ləyaqətinə hörmət qoyulmasını arzu etdiklərindən bu rejimə qarşı mübarizəyə qol qoyublar. Yəni onların heç biri heç zaman inanmayıb ki, YAP hakimiyyətini hansısa bir formada islah edib qanunlar çərçivəsinə salmaq olar. Bunun belə olduğunu görmək üçün heç bir araşdırma aparmağa ehtiyac yoxdur. Bir ölkədə ki, ibtidai sinif şagirdlərindən rüşvət alına, o ölkəni idarə edənləri islah etmək olarmı? Yox, təbii. Bax, buna görə də adamlar YAP-a qarşı barışmaz mövqedən çıxış edirlər. Belə olan surətdə bir müsavatçının, bir cəbhəçinin dönüb əleyhində mübarizə apardığı partiyaya keçməsi mümkündürmü? Cavabını verməyə ehtiyac duymuruq.
    Hərəkat adamlarının xarakteri elədir ki, onları nə pulla, nə qorxutmaqla, nə də ki, hər hansı başqa üsulla ələ almaq olar. Əgər bu adamlar on il Heydər Əliyevə dözməyi bacarıblarsa, bundan sonra da dözəcəklər. Ancaq öz əqidələrindən dönən deyillər. Qaldı ki, TV kanallarda danışdırılan "müxalifətçilərə", onların bəziləri köhnə simalardır. Bəzilərini isə heç kim tanımır. Yəni bunların nə zamansa hansısa formada müxalifətçiliyə dəxli olduğunu təsdiq edən nə bir adam, nə bir fakt mövcuddur. Sadəcə olaraq, bu yolla müxalifət güclərini ruhdan salmaq, insanları mənən sındırmaq istəyirlər. Ancaq bir şeyi unudurlar ki, millətin öndə gələnləri bundan da pis günləri atlata bilib. Bu da bir sınaqdır və həmişə olduğu kimi gerçək müxalifətçilər bundan da üzüağ çıxacaq.