29.10.17

MTN-nin öldürdüyü kimlər idi?

O gün MTN video yaymışdı ki, bəs mitinqi partlatmaq istəyən terroçuları zərərsizləşdiriblər. Dəlil kimi videolar da yaymışdılar. Həmin video bir çox sual və şübhələr doğurur.
Birinci şübhə: Azərbaycanda hətta istənilən sahə müvəkilindən soruşa bilərsiniz, onlar "radikal dindarlar"ları təqib etmədə, izləmədə daim bir ciddi problemlə üzləşdiklərindən şikayətlənirlər. Onlar telefondan ən zəruri hallarda istifadə edir, hansısa önəmli informasiya da olanda onu açıq tekstlə deyil, ərəbcə, kodlaşdırılmış halda deyirlər.
Dediyim adamlar hələ terrorçu filan deyillər haa, sadəcə hökumətdən xoşları gəlməyən təkfir camaatından söhbət gedir. 
Biz belə bir mənzərənin şahidi ikən MTN götürüb "terrorçu təkfirçilərin" vatsapla bir-biri ilə oranı dağıdaq, buranı partladaq, Mədət müəllimin velsopetinin təkərinə də "zırpaket" yapşdıraq deməsin, yazmasın yayır 
Kefsiniz vallah. Amma sizin belə şən zarafatlarınız xalqımıza, dövlətimizə baha başa gəlir.
(digər versiyaları burdan oxu)

İŞİD və Azərbaycan hakimiyyəti

25 okytabrda MTN-nin terrorçu deyib öldürdüyü 3 nəfərlə bağlı yaydığı açıqlamada belə bir fikir vardı.
Yazmışdılar ki, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul ediblər. Respublikamızın hüdudlarından kənarda n qədər dini ekstremist terror təşkilatı var. Öldürülən şəxslər onların hansına biət edib?
MTN-nin yaydığı videolardakı "votsap" yazışmalarına inansaq onlar İŞİDçı olub. Hə, belə belə işlər. İŞİDçı öldürmüsünüzsə, deyin İŞİDçı öldürmüşük. Bunu niyə gizli saxlayırsız ki? Deyirsiniz, İŞİD hirslənər?İŞİD-dan qorxursunuzsa, bu başqa məsələ, sizi başa düşmək olar. Amma o qədər sadəlövhsünüz ki, siz deməsəniz İŞİD ölən militanlarından xəbər tutmayacağına inanırsınız? Bu nə qeyri-ciddilikdir?Açığı, mənim üçün məlum deyil, Azərbaycan hakimiyyəti İŞİD-dan betər qorxurur, yoxsa, ona gizlin simpatiya bəsləyir. Bu qeyri-müəyyənliyim ona görədir ki bu çağacan İŞİD dəryaları dolduracaq qədər baş kəsib, qan töküb, amma Azərbaycanı idarə edənlərinin dilindən (başda İlham Əliyev olmaqla) İŞİD-ın adını çəkərək onun əleyhinə yönələn bircə kəlmə də bəyanat eşitməmişik. Cəmi bir dəfə rus müxbir sual verəndə İlham Əliyev İŞİD-ın adın çəkib. Onda da təxminən belə deyib ki, bunlar hamısı Amerikanın oyunlarıdır.

26.10.17

"O sözü deyəni tutub yeyirlər!"

Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramı-filan, bəsməkan...
Bilirsiniz, mən Avropanı bəyənirəm, bu heç ancaq, bu şərq tərəfdaşlığı söhbətləri ilə camaatımıza demokratiya, azadlıq kimi ülvi dəyərləri sevdirə bilmərik, bunu bacarmayacağıq. Belə söhbətlərlə ancaq qrant dəllaları qarınların doyuzdura bilər.
Sizə bir söz deyim: 2005-ci il deputat seçkisi idi. Mən "Azadlıq" blokunun Sabirabadda səlahiyyətli nümayəndəsi idim. Bizim dairədədənnamizədliyin vermişdik.
Sabirabadın ucqar bir kəndində təbliğat görüşü edirdik. Xeyli adam vardı. Xaliq bəy babat çıxış elədi, azadlıq, demokratiya, özgürlük filan...
Bir ağsaqqal çıxışın sonunda üznü bizə tutub dedi: Oğlum mən səni diqətlə dinlədim. Zəhmətinə hayfım gəlir. Ay balam, nə demokratiya, burda o sözü deyənləri tutub yeyirlər. Bura hələ sovet quruluşu gəlib çıxmayıb sənsə başlamısan demokratiya...
İkinci görüş bir türk kəndində oldu. Xaliq bəy, Məhəmməd Şəhriyardan gözəl bir şeir dedi. Ağsaqqalın biri dolumsandı. Lap önə gəlib onun əlindən tutub dedi: Bala, o kişi sağdır?
Yəni demək istəyirəm ki, xalqın sarı siminə toxunan sözlər işlətmək lazımdır
(2013-cü ilə aid facebook qeydi)

25.10.17

Hüseyn Cavid barədə İNANILMAZ faktlar


1918-ci ilin martı. H.Cavid qaldığı Təbriz hotelinin 70 sakini ile başıpozuq ermenilere esir dusur.
Əsirleri indiki “Opera” teatrina getirirler. Yolda onlarin 60-i gullelenir. Qalan 10 nefer 1 hefteden sonra azad buraxilir.
***
Cavidin qardasi qizi Şefiqe Ferhad Resulov adli bir neferde erde olur. ferhad Goranboyda prokuror olur. Bir gun onu Mircəfər Bagirov yanina cagirir.
Otaqda var gel eden Bagirov qefilden ona uca sesle: sen niye xalq dusmeninin qardasi qizi ile evlenmisen sorusur.
Adam ozunden asili olmayaraq: evlenmemisem, qacirmisam. İcaze verin gedib boşayim, yoldas Bagirov- deyir.
Bu zaman bagirov sorusur: usaqdan zaddan ne var.
Adam: 1 oglum- var deyir.
Bagirov onda onun boynun dalina yavasca vurub deyir: bes usaq nece olsun?
Adami rahat buraxir
***
Cavid repressiya olunsa da onun qardaşının kürəkəni Farhad uzun iller prokurorluqda calisib.
Cavidin qardaşı oglu Şamil Naxcivanda Nazirler Kabinetinde mesul vezifede işləyirdi.
Tahir Rəsizade Lenkeranda subtropik bitkiler texnikomunun direktoruydu
***
Abbas Gulmemmedov. Bu şəxs Cavidin bacisi oglu olub.1942-ci ildr ozu yazdigi bioqrafiyada gosterir: 1937-ci ilin iyununda Cavid efendinin hebsinden 1 ay sonra onu "Kommunist" qezetinin bas redaktorunun tercume meseleleri uzre komekcisi teyin edirler.
38-de "Azerneşr"de tercumeci redakror, 40-da radiokomitenin xarici verilişler redaksiyasinin baş redaktoru qoyurlar
***
Bu hele son deyil.
Abbasin qardaşı Kazim Ankarada SSRİ sefirliyinde, Qarsda SSRİ konsulluğunda calisib. 1928-ci ilde intihar edib
***
1942-ci il. SSRİ muharibededir. Cavid xalq düşmeni kimi mehkum edilib və artıq həyatda deyil. Buna baxmayaraq, uzeyir beyin bir zengi bes edir ki Cavidin qizi Turan xanim ideoloji bir yere- radio komitesine işe goturulsun. Bax belə.
***
Huseyn Cavidin qizi Turan xanim haci zeynalabddinin qizi sara xanimla refiqe olub.
Turan xanim Saranin ölumune marksist oldugunu ve rusa ere getdiyini deyir.
***
Huseyn Cavid atasi ile iki il meclislerde mersiyye deyib



24.10.17

Ziya Məmmədov, İsa Məsihin və müxalifətin əzabları

2 aprel 2011-ci ildə “İctimai Palata” Bakının mərkəzində razılaşdırılmamış aksiya keçirdi. Mübaliğəsiz demək olar ki, 2005-dən sonra bu ən səs-küylü aksiya idi. Hakimiyyət kphnə şakərinə sadiq qalıb aksiyaçılardan təxminən, 15-in “kütləvi iğtişaş” yaratmaqda günahlandırıb həbsə atdı. Tutulanlara qarşı mülki qayda da qaldırılmışdı. İddiaçılardan biri o zamankı nəqliyyat naziri Ziya Məmmədovun “Transgeyt” adlı avtobus şirkəti idi. İddianın məzmunu belə idi ki, 2 saat davam edən aksiya, onların iş rejimində problem yaranıb və beləliklə onlar 1650 manat civarında ziyana düşüblər. Bəndəniz həm o aksiyanın təşkilində, keçirilməsind, həm də məhkəmələrində fəal iştirak edənlərdəndi. Ona görə “Transqeyt”in bu iddiası o zaman məni çox hiddətləndirmişdi. O zaman şikrətinin təmsilçisi kimi məhkəməyə səliqəli bir gənc xanım çıxırdı. Məhkəmə reportajlarıma obyektivliyə xələl gəlməsin deyə (prosedən hazırladığım məqalənin BİRİNİ BURANI VUR OXU) qəzəbimi tökə bilməsəm də, proses zamanı, sonra facebookdakı dost siyahımdan olan o xanım nümayəndəni çoxlu məzəmmətə tuş edirdim. Əlbəttə, o gənc nümayəndə dili ilə açıq iqrar eləməsə də, bütün reaksiyaları, maneraları, hətta sükutları ilə deyirdi: Natiq, siz düzsünüz, düz! Amma mən sizi indiki halımla müdafiə edə bilmirəm. Lakin, bu insanın kükrəyən etirazını sakitləşdircək şeylər deyildi. Xüsusən, dəmir barmaqlıqlar arasında Qarabağda canını qoyan cəbhəçi Babək Həsənlini, Məhəmməd Məcidlini görüb, bu yandan da “Transgeyt”in nümayəndəsinin onlara pul davası açdığın eşidəndə. O adamlar ki, Azərbaycanın xilası üçün canlarını veriblər, 2 apreldə də onlar bütün Azərbaycana ədalətin, qanunun gəlməsi üçün küçələrə çıxıblar. “İncil”də İsa peyğəmbərin çarmıxa aparılma səhnəsi var. Yazılır ki, İsanın edama aparanda xilas etmək istədiyi insanlar ona məzxərəyə edir, başına tikandan çələng hörüb qoyur, onu kötəkləyir, üzünə tüpürürdülər. Bizim o məhbus dostlarımız peyğəmbər olmasa da, İsa Məsihin həmin kədərli anını nisbətən az dramatizmlə yaşayrıdılar. İndi “2 aprel”ə görə həbs olanlar hamısı azadlıqdadır. Onların bir qismi Avropa Məhkəməsindən prosesi udub, hökuməti cərmələdir, bəzisi də bu gözləntidədir, bu gün sabah onlarln da qərarı açılacaq. Belə bir şəraitdə nə oxusam yaxşıdır? Eh həyat, sənin nə əcaib senarilərin varmış. Oxuyaq: “Şirkətimizin 517 “Daewoo” avtobusu vardı. Binəqədi, Albalı, Zığ və Zirə qəsəbələrində icarə əsasında qarajları vardı. Hər qarajda təmir sahəsi avto-yuma mövcud idi. Hər avtobusda 2 sürücü olmaqla, təqribən 1200-ə yaxın adam işləyirdi. Bunların üzərinə texniki heyəti, idarə işçilərinin gələndə 2000 yaxın adam edirdi. 2015 -ci ildə nələr baş verdisə nəqliyyat departamenti şirkəti acınacaqlı formada gözüm çıxdıya salınmağa başlandı. Halbuki avtobuslar yeni gələndə prezident çıxışlarında bizim avtobuslara geniş şərait yaradılmasına göstəriş verimişdi. “Transgeyt” həm də bütün dövlət tədbirlərində-“Eurovison”, “Avropa oyunları”nda nümunəvi avtobus və sürücü heyəti ilə yüksək səviyyədə iştirak etmişdir. “Avropa oyunları”ndan sonra şirkətin xəttləri nəqliyyat departamenti tərəfindən alınaraq avtobusları “Transgeytin”kindən bərbad vəziyyətdə olan avtobuslara, bəzi xəttlər isə “Bakubus”a verilərək 15-20 günün içində bağlandı. 2000 nəfər beləcə bekarlığa düçar oldu”. Bütün bu oxuduqlarınızı yazan “Transgeyt”də işləmiş bir sürücü vətəndaşımızdı. O bütün bunları yazıb və əlavə edib ki, o və yoldaşları Milli Şuranın “28 oktyabr mitinqi”nə qoşulacaqlar. Mən deyə bilmərəm, bu sıravi sürücünün işini itirənə qədər mövqeyi müxalifətə, mitinqlərə necə olub. Hər halda onlar işsiz qalmalarına bais olan ünvanı heç olmaya indi düzgün təsbit ediblər. Bu yaxşı haldı, ümid edək ki, öz haqları bərpa olandan sonra bu yoldaşlar, başqalarının da hüquq və azadlıqlar uğurunda mübarizəsinə biganə qalmayacaq. Bütün bunlar bir yana, başdakı xatirat və sonra “Transgeyt”in müsibəti tutuşduranda, görəsən indi Ziya Məmmədovda və onun indi kürüsüdə oturan həmkarlarında hansı hiss, həyacanı doğurur? Görəsən, onlar az da olsa hər belə əhvalatlardan sonra dərk edirlərmi “taleyini zalım rejimə bağlayanların gec tez rüsvay olacaq” (İfadə Henri Toronundur). Naxçıvanın MTN-nin bir rəhbəri vardı, o günlərdə tutdular. Yumşaq desək, çox keyfiyyətsiz, qaniçən adam idi, müxalifətin, jurnalistlərin, azad fikirli insanların qənimi, zülmkarın yekəsi idi. Onu çox alçaldığı formada tutdular, tutulmamışdan bir neçə gün qabaq vəkili vasitəsi ilə dünənə qədər əzdiyi mediaya göz yaşlarının müşayəti ilə müraciət elədi ki, onun ciyarin sökürlər, imdada yetişin! (Nazir deyir ki onun üzünə tüpürüblər BURANI VUR VİDEONU İZLƏ )İndi gələn xəbərlərə görə “müəllimin” başına türmədə...lənət şeytana, heç nə, başına daha betər işlər gətirirlər. Ancaq, kimdi onun harayına yetən? Müstəqil qəzetlər onun kimilərin sayəsində məhv olub gedib, ikincisi, bir üz qoymayıb ki, heç olmaya azadlığın qoruyan internet resursları ondan neytral xəbərlər versin, dostlarından da ki danışmağa dəyməz. Kürsüdə qazandığınız dostlar sizin dostlarınız deyil, kürsünün dostlarıdır, siz də onu tərk edəndə adi haldı ki, həmin dostlar da sizi tərk edir. Xülasə, əlinizdə səlahiyyət olanda çalışın gözünüz ayağınızın altı ilə yanaşı bir az da burunuzdan o tərəfi görsün ki, haqq-ədaləti tapdalamayasınız, sizin görmədiyiniz vacib işləri-azadlıq, qanunun aliliyi, demokratiya üçün çalışan insanlara hörmət bəsləyin.
Etməyə də bilərsiniz, can sizin cəhənnəm Tanrının.

Oğru arvadın mitinqlə nə əlaqəsi varmış?

Bir dəfə telefonum itirmişdi. İtən kimi xəbər tutdum. Zəng etdim, adam götürdü. Dedi sabah görüşərik, verərəm. Amma, sabah tamah ona güc gəldi. Gizləndi, telefonu da söndürdü. Şikayət elədim. İp ucu kimi dedim ki, itəndən sonra telefonla danışmışam.
Aylar ötdü, polisdən səs çıxmadı. Bir gün baxdım ki, itən nömrəm aktiv oldu. Dərhal zəng vurdum. Gənc oğlan idi. Uzun söhbət elədik. Başınızı ağrıtmayım, mövzumuz onsuz uzundur, adam sözünün xülasəsi bu oldu ki, açıl başımdan, zəhləmi tökmə.
Sonra “işi” araşdıran polisə zəng vurdum ki, hərif işilib, gör neynirsən. Ancaq, polis naşılığı ucbatından əməliyyat qurub adamı tuta bilmədi. Səhəri nömrəyə zəng də çatmırdı.
Yenə də özüm. Cəld şirkətə gedib, həmin itən nömrəmlə hara ilə danışılıb onun siyahısın aldım. Gətirib verdim müstəntiqə. Dedim buyur, bundan sonra da adamı tapa bilməsən, bu dəfə sənə qarı iddia qaldıracam.
2 saat keçmədi, zəng gəldi ki, müəllim, buyur metropolitendəki polis idarəsinə (telefon metroda itmişdi). İdarəyə girər-girməz bir çəlimsiz, çox zavallı qadın rəsmən ayaqlarıma döşəndi. Pis bir vəziyyət əmələ gəlmişdi. Çaşıb qalmışam, arvad özün öldürür, deyir məni çevir uşaqlarının başına. Al bu telefonun, bu da pul.
İndi bu xanımı sakitləşdirib söhbət eləmək olmur ki, bəs bu nə işdi başımıza gətirirsən? Bir kəlmə ağzımı açıram, bu qışqırıb ağlayır, özün öldürür.
Birdən telefona gözüm sataşdı ki, axı bu heç mənim telefonum deyil..
Dedim, dəyərli ziyalımız! Hər şey bir yana, axı bu heç mənimki deyil. Arvad bu dəfə fəryadın lap üst səviyyəsinə ulaşdı. Göz yaşı sel kimi səpələnirdi. Dedi ki, bala, and ola Allaha, mən bunu tapmışam.
Mən telefon itəndən təxminən 7-8 dəqiqə həmin nömrəyə zəng etmişdim. Buna görə bir anlıq düşündüm ki, İlahi, bəlkə Azərbaycanda elə mahir oğrular peyda olub ki, bahalı telefon oğurlayıb, onun üstündəki nömrəni köhnə, ucuz telefona qoyub yerə tullayırlar ki iz itsin, başqaları qurban getsin. Belə bir fantastik ideya ona görə ağlıma gəldi ki, qadın məni, müstəntiqi, polis rəisin də göz yaşları, fəryadları ilə ram edib, özünə inandırmışdı.
Hə, bu ara yada salım ki, mənimlə ikinci dəfə danışan arvadın əsgərlikdə olan oğlu imiş. Ağıla bax. 3 manatlıq nömrəni də qənimət biliblər 
Belə bir situasiyada sən nə edərdim, əziz oxucu? Heç nə, adam qalır, belə. Hamımız bir-birimizə baxdıq. Birdən evrika!
Dedim, yoldaş müstəntiq bir dənə o kağız var haa, mobil şirkətdən almısan, ona baxa bilərsən? Dedi, əlbəttə, nə məsələdi?
Dedim, bax görək bu axırıncı dəfə mənlə danışarkən, zəng hansı "imei kod"lu cihazdan edilib. Dedi tutaq ki, "xyz". Dedim, ölənlərin rəhmət, indi bir dənə bax ki həmin kod telefon itənə edilən zənglərdəki kodla eynidir? Dedi, bəli. Məsələ, aydın oldu. Xanımı ifşa eləmişdim. Tağı müəllim demişkən, burcutmağa yer qalmamışdı. Fəqət!
İndi gəl bunu xanıma başa sal. Adam bilmir imey kod nədir? Necə başa salmaq olar ki, ay bacı bax, bu rəqəm sübut edir ki, yalan danışrısan. Yoldaş Ədilovun telefonuna şəxsi mənafeyin naminə qanunsuz olaraq tamah salıb onun şəxsi əmlakın özününküləşdiribsən. Biz deyirik imey kod, arvad deyir, Allah haqqı, balam canı...Biz deyirik şirkətdən təqdim olunan arayışda qeyd edilib ki, filan bəsməkan, arvad deyir, ayaqlarınız altında ölüm, elə deyil belədi. Xanımın arada pauzasın basıb deyirik ki, ay bacı, telefonun başına nəd aş salmısan de, çıxaq gedək işimizin dalıyca. Sən də rahat ol, biz də. Qorxma, adam tutan filan yoxdur. Kimə deyirsən.
Bu an Azərbaycan polisinin möcüzəvi məharəti işə düşdü. Rəis əlin stola vurub qışqırdı: Ayə, Məzahir, davay, bunu aparın məhkəməyə 1 aylıq yollayın türməyə!
Val o dəqiqə dəyişdi, o dəqiqə. Həmsöhbətimiz, zərif cinsin nümayəndəsi başladı hadisə necə, nə cür olub detallı danışmağa. Qalanı, qalsın.
Sözüm nədi? Biz Azərbaycanı qəsb edən qüvvələrlə çox zaman "imey kod", başqa bu cür müraciətlərlə, istinadlarla danışırıq, onları qanuna, bəşəri dəyərlərə hörmətə səsləyirik, deyirik yoldaşlar, ölkəmizin imicin korlamayın, qoşulduğumuz beynəlxalq konvensiyalar əməl edin, bəzilərimiz deyir ki məşhər günü Malik sizin ciyərinizdən basdırma bişirəcək və s.
Amma mənfur rejim üçün bu söhbətlər hamısı anlaşılmazdır. Bütün xalqdan ayrı düşən, saxta korrupsiner rejimlər belədir. Bax belə rejimlərə vəziyyəti başa salmaq üçün, o polis rəisinin əlin stola vurduğu kimi bir işlər görmək lazımdır. Elə iş ki, avtoritar rejim bilsin ki, nə var, nə yox, nə xəta edib, hansı səhvlərin yiyəsidir və onları düzəltməsə onu hansı cəza gözləyir. Bax, o iş kütləvi aksiyalardır, mitinqlərdir.
Avtoritar rejimləri kütləvi etiraz aksiyaları kimi cilovlayan, islah edən vasitələr çox azdır. Odur ki qarşıdan 28 oktyabrda Milli Şuranın növbəti dinc aksiyası gəlir. Oxuyun, düşünün, yazdıqlarımda məntiq gördünüzsə, o mitinqə biganə qalmayın.

21.10.17

"Fransada müsəlman olmaq daha asandır, nəinki Azərbaycanda"

"Demokratik qərb ölkələrində halallıqla yaşamaq daha asandır. Nəinki bizim ölkədə. Çünki burada halal yolla qazanmaq imkanı var, səni yalan, oğurluq, mərdimazarlıq kimi naqis əməllərə həvəsləndirən, təhrik edən amillər bizdəkindən çox-çox azdır".
Günel Mövluda "Azadlıq" radiosu üçün verdiyim müsahibənin tamamın BURANI VUR OXU

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var.
Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib.
Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödənilməsinə köməklik etməyi xahiş etdi. Onlar görmək istədikləri işi, yəni hicab qadağası və Hacı Taleh Bağırovun tutulmasına etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qapısını yandırmaq istədiklərini bildirdilər. Məni iki gecə “bandotdel”də saxladılar. Dindirilmə zamanı olduğu kimi ifadə verdim. Mənə təzyiq edib istəyirdilər mən deyim ki, guya Hacı Taleh Bağırov onlara deyib ki, məni tutsalar ajiotaj salarsız. Səhhətimin və psixoloji durumumun pis olmasından təzyiqlərə dözə bilmədim. Onlar məndən istədikləri ifadəni aldılar. Hətta ifadəm D.İ.N.-yi arxiv idarəsi tərəfindən lentə də alındı. Artıq mən altı aydır əzab çəkirəm, ona görə də bu yazını yazmaq qərarına gəldim. Qoy o idarənin rəhbərliyi və işçiləri Allah qarşısında cavab versinlər. Görün bunlar Hacı Talehdən necə qorxurlar ki, onu mühakimə etmək üçün nəyə desən gedirlər. Əfsuslar olsun ki, mən də onların ambisiyalarının qurbanı oldum. Hacıcan, səni and verirəm Uca Allaha, səni and verirəm Muhəmməd və Ali-Muhəmmədə (s) məni bağışla. İmam Hüseyn (ə) xatirinə məni halal et. Mən sənin qədrini bilmədim. Qardaşlar, sizin də hamınızdan üzr istəyirəm. Hacı Talehə sahib çıxın. Xalqımızın bu cür qorxmadan Haqq sözünü bəyan edən oğullara çox ehtiyacı var. Ey əziz qardaşlar, əlbir olun, yoxsa mənim kimisinin başının yedikləri kimi sizin də başınızı tək-tək yeyəcəklər. Bir daha bildirirəm ki, mən tərəfindən, ələxsus video görüntüdə olan ifadə yalandır. Ümid edirəm ki, bu yazımın kiməsə xeyiri olacaq. Allah c.c. bütün qardaşları bu zalımların şərindən qorusun. Bütün bunlara etiraz olaraq mən sizi tərk edirəm. Xahiş edirəm məni qınamayın. Mən bu yazını bəzi qapılara çatdıracam. Əgər qorxmasalar lazım olan yerdə açıqlayarlar. Salam olsun bütün qardaşlara. Allahın rəhməti və bərəkəti olsun üzərinizə. Əgər mümkünsə mənim üçün Allahdan bağışlanma diləyin.
Zindanlarda olan qardaşlara azadlıq! Allahın salamı olsun Muhəmmədə (s) və ali Muhəmmədə. Allahın lənəti olsun onların və İslamın düşmənlərinə.
Mən bu yazının doğruluğunu öz imzamla təsdiq edərm.
Seyidov K.N.
25.09.2013”.

18.10.17

Sərdar Cəlaloğlunun yeni icadı

ADP sədri yoldaş Sərdar Cəlaloğlu "Nobel" mükafatı iddiasındadır. Burda pis bir şey yoxdur, ancaq, hiss olunur ki, "Nobel" ona yox, başqalarına nəsib olduqca, Sərdar bəy elmi intizamın gücləndirmək yerinə, atını minib tərsə çapır.
Məsələn, bayaq onun Əvəz Zeynallıya verdiyi müsahibəyə baxıram. Özünün ölkə və dünya çapında fəal siyasətçi olduğunu sübut etmək üçün Sərdar Cəlaloğlu dedi ki.. Yaxşısı budu özün dinləyək, balaca videodu
Dinlədinizmi? Ola bilər sizin googledə reytinqi necə müəyyən etməklə bağlı bilgiləriniz azdı, ona görə Sərdar bəyin dediklərindən bir şey başa düşməyəsiniz, yaxud da ona inanıb deyəsiniz "əhsən"!
Problem ondadır ki, Sərdar Cəlaloğlu özünün fəal siyasətçiliyin tamami ilə havadan götürülən "faktla" əsaslandırmaq istəyir.
Birincisi, Müsavat partiyasının yaydığı (yayıb, yaymadığı və nə zaman yaydığı şübhəlidir), həmin məqalənin etibarlığına biz hardan əmin olmalıyıq? Müsavat partiyası, yaxud bir başqa partiya cəmiyyət üçün etalon ola bilməz axı.
İkincisi və ən mühümu. Googlenin belə bir xidməti doğrudan da var.  Mən indi onun da sizə linkini lap sonda təqdim edəcəm, özünüz girib Sərdar bəyin də, digər siyasətçilərimizin də reytinqini orda yoxlayacaqsınız. Googlenin bəhs etdiyimiz reytinqi sizin adınızın axtarış sistemində nə qədər axtarışa verildiyini göstərir, başqa heç nəyi. Sərdar bəyi məyus edərək deməliyik ki, onun adı axtarış siyasısında heç nə favorit deyil. Əli Kərimli, Sərdar Cəlaloğlu, Arif Haclı və İsa Qəmbrin adını sistemə daxil edib nəticələrə baxanda asanca görünür ki, son bir ildə google axtarış sistemində ən çox axtarılan, oxucuları maraqlandıran AXCP sədri Əli Kərimli olub.
Məlum qrafiki görçək və incələmək üçün BURANI VUR
Xülasə, ümidvaram ki, Sərdar Cəlaloğlu yuxarıda səsləndirdiyi fikirləri ictimaiyyəti aldatmaq üçün belə deməyib. Sadəcə özü hardansa qulağına çatan həmin əfsanəyə ciddi formada inanıb. Olan şeydi, dahilərdə belə problemlər olur, məsələn, bildiyimiz kimi Nyüton ana və bala pişik üçün evinin qapısında iki deşik açmışdı, böyük və kiçik. Halbuki böyük deşikdən bala pişik də keçə bilərdi.


16.10.17

Avara söhbətlər

“Avara” adlı köhnə bir hind filmi var. Sovet vaxtı çox məşhur olub. Filmdə bir momeneti dəqiqləşdirmək istəsəm də, onu tam gözdən keçirməyə hövsələm çatmırdı. Belə anda sizin kimi mən də “dosta zəng” xidmətindən istifadə elədim.
Fizika-riyaziyyat müəllimi, can qardaşım Sahib Rüstəmliyə üz tutdum. Soruşdum, müəllim “Avara”ya baxmısan. Dedi, "20 dəfə" və bu mübaliğə deyildi. Sonra mənə lazım olan momenti soruşdum, tapança kimi onun da cavabladı.
Bu müqəddimə idi, mətləbə keçək. “Avara” filminin Sovet Azərbaycanında nə qədər populyar olduğun fizika-riyaziyyat müəlliminin dediyi “20” rəqəmi bizə nümayiş etdirməlidir. Gəlin, yada salaq ki, riyaziyyatçılar, fiziklər əksərən baş beyninin sol payı daha inkişaf etmiş, sağ yarım kürəsi isə nisbətdə zəif qalan insanlardır. Bu isə o deməkdir ki, belə adamlar xəyalpərəstlikdən, romantikadan, xüləs emosionallıqdan uzaqdılar (buna görədir ki əksər riyaziyyat müəllimlərimiz bizə qəddar, quru, əzazil şəxsiyyət təsiri bağışlayıb). İndi hesablayın, riyaziyyatçı “Avara”ya 20 dəfə baxıbsa, APİ-nin dil-ədəbiyyat fakültəsinin məzunları o filmi yəqin, 80 dəfə gözdən keçiriblər, əzbərləyiblər. Onun çox baxılmasından narahatammı? Xeyr, qətiyyən. Lakin, bir nigaranlığım var. Mənə elə gəlir ki, bizim insanlar o filmin əsas mesajın tuta bilməyiblər. Çox arzu edirəm ki, qənayətim səhv olsun, səhvdirsə, tez mənə xəbər verin toxdayım.
Hansı mesajı nəzərdə tuturam? Baxanlar bilir, o film “oğrunun oğlu oğru, hakimin oğlu hakim olar” ehkamın darmadağın etmək üçün çəkilib. Bu Hindistanın lap qədimlərdən gələn bəlasıdır. Adına “kasta sistemi” deyilir. Həmin sistem insanları dörd qrupa bölürdü-brəhmənlər (ali təbəqə ruhanilər, şahlar və s), kşatrilər (cəngavərlər, döyüşmülər), vaişalar (tacirlər) və şudralar (qara camaat, nökərlər). Bu amansız sistemə görə, tuttaq ki siz bir Nyüton zəkası ilə şudra ailədə doğulsanız da, heç kim sizə imkan verməyəcəkdi ki, elm alib, brəhmən qrupunda yer alasınız. Kasta bölgüsü qan qrupu kimi bir şey idi, ömürü boyu dəyişmək olmazdı. İnsanın gələcək həyatı doğluşu kastasına görə müəyyənləşirdi. Bu əclaf qaydanı dəyişmək üçün hindlilər çox əziyyət çəkdilər, qurban verdilər və aradan apardılar (düzdü, indi atavizim kimi bu hallara orda rast gəlinir). Sovet sistemi də ideya olaraq, sinifsiz cəmiyyət tərəfdarı idi, bütün insanların mənşəsindən asılı olmayaraq bərabər və qardaş olması elan edilmişdi.

Ancaq, mənim yadıma qəfil düşdü, axı sovet irsi ilə öyünən, “Avara” kimi filmləri əzbər bilən nə qədər insanımız sidqi dildən “oğrunun oğlu oğru olar” (yaxud kişinin oğlu kişi olar və s) ehkamına bu gün də inanır. Bu çox dəhşətli vəziyyətdir. Elə bizim bu cür düşündüyümüzə görədir ki, prezident oğlunu prezident “qoyur”, şeyxülislan şeyx, hakimin oğlu hakim olur, bizim kimi binəsiblər də binəsib olaraq qalır. Kimlər ki, “oğrunun oğlu oğru, “şirin oğlu şir” ehkamına səcdə edirsə, bir söz demirəm, o adamlar Ramil Usubovun sabah nəvəsinə general rütbəsi verib Ucara polis rəisi göndərəndə “belə də iş olar” deyib gileylənməsin. Razılaşdıqmı?

15.10.17

Azər Həsrət mənfur rejimə meydan oxurkən

Aşağıda oxuyacağının məqalə 2003-cü ilin  28 oktyabrında "Azadlıq" qəzetində dərc edilib. Məqalənin müəllifi bu gün "tayfa telekanalizasiya"larında ikrah doğrucu çıxışları ilə seçilən Azər Həsrətdir. Qeyd edək ki, bir zamanlar İlham Əliyev və komandasını "it, küçük" deyib təhqir edən cənab Həsrət qəfil mövqe dəyişikliyi edəb hakimiyyət tərəfə adladı və hazırda "öz çınını bəyənməyərək" təhqirləri bir zaman biryerdə olduğu yoldaşlarına yağdırır. Lakin, aşağıdakı qədim mətni oxuyanda belə anlaşılır ki, Azər Həsrətin "tayfa telekanalizasiya"larında elədiyi o çıxışlar ürəyinin səsin ifadə etmir, o qəsdən belə çıxışlar edir ki insanlarda hakim rejimə qarşı antipatiya doğursun, vətəndaşlar hər gün əvvəlkindən daha çox rejimin dəyişməsi üçün səfərbər olsun. Çünki, cənab Həsrət məqaləsində çox böyük əminliklə bizi inandırır ki, bir müxalifətçinin, cəbhəçinin, müsavatçının yapçılaşması mümkün deyil. Oxuyaq.
 MÜXALİFƏTÇİLƏRİN YAP-ÇILAŞMASI
    Hakimiyyətin 15 oktyabr prezident seçkilərini total saxtalaşdırmasından sonra yaşananlar xeyli sual doğurur. Məsələn, Bakıda törədilən iğtişaşların gerçək təşkilatçılarının kim olması hələ də bəziləri üçün qaranlıqdır. Düzdür, bir sıra insanlar çəkinmədən iddia edir ki, bu iğtişaş müxalifətə qarşı hakimiyyətin iri çaplı təxribatı idi. Üstəlik dillərdə dolaşanlara görə, okyabrın 15-i axşam və 16-sında mülki geyimli öyrədilmiş adamların nümayişçilərin arasına girib öncə "İsa bəy!" qışqırması, bir az sonra isə polislərlə əlbir olub adamların tutulmasında iştirakı müşahidə edilib.
    Hətta o da deyilir ki, şahidlər eyni avtobusdan polislərlə birlikdə əlində daş, dəyənək olan mülki geyimli təxribatçıların da düşdüyünü görüblər. Bu cür faktlar baş verən süni qarşıdurmanın məhz hakimiyyətin ssenarisi əsasında həyata keçirildiyini deməyə əsas verir. Belə misalları artırıb məsələni daha dərindən araşdırmaq da olar. Ancaq işimiz bunda deyil, başqa məsələdədir. Bu da tayfa telekanallarının efirindən bizə sırınan müsavatçıların YAP-laşması səhnələridir.
    Bir qayda olaraq belə səhnələrdə bəzi müsavatçılar bu partiyaya üzv olmalarından peşman olduqlarını deyir. Burada diqqəti çəkən əsas məqamlardan biri həmin adamların öz peşmançılıqlarını dilə gətirərkən kənar təsir altında olduqlarını gizlədə bilməmələridir. Hətta göstərilən kadrlardan birində zalda oturan adamların hamısının özlərini kameradan gizlətməsi açıq-aydın müşahidə edilirdi. Bu adamlar hansısa rayonda Müsavat Partiyasının üzvləri imiş və indi o partiyadan çıxırlarmış. Ən adi və ucqar bir rayona aid olan kadrlara inansaq, Müsavatın yüz minlərlə üzvünün olduğu qənaətinə gəlmək olar. Çünki dünənə kimi hakimiyyət iddia edirdi ki, Müsavatın və başqa müxalifət partiyalarının cəmisi beş-on nəfər üzvü var. İndi isə bəlli olur ki, bu partiyaların hansısa ucqar rayonda belə yüzlərlə, bəzən də minlərlə üzvü var və onlar öz partiyalarından çıxıb YAP-a üz tutublar. Elə maraq doğuran da budur, müsavatçıların YAP-çılaşması. Bunu ki, tayfa telekanalları (Zamin Hacı demişkən "telekanalizasiyaları") iddia edir ki, guya müsavatçı dönüb YAP-çı oldu, adamın inandıqlarına şübhə etməsi gəlir. Bu, mümkün olacaq şey deyil. Gerçək Müsavatçı heç zaman dönüb YAP-çı ola bilməz! Ümumiyyətlə, isə bu günümüzdə gerçək müxalifətçi dönüb YAP-çı ola bilməz! Məsələn, inanmıram ki, AXCP üzvü olan bir kəs öz partiyasını YAP-a, öndəri Əli Kərimlini isə İlham Əliyevə dəyişsin! Ola bilər ki, AXCP-nin bir üzvü partiyanın siyasəti ilə razılaşmayıb ondan uzaqlaşsın. Ancaq bu adam gedib YAP-a üzv olmaz. Eləcə də adamların Müsavatdan çıxması mümkündür. Yenə də bunun yerinə YAP-a üz tutmalarında bir məntiq yoxdur. Biz öncəki illərdə də görmüşük ki, müxtəlif səbəblərdən həm AXCP-dən, həm də Müsavatdan çıxan gerçək müxalifətçilər eyni ideologiyanın daşıyıcısı olan müxalifət partiyasına keçib. Məsələn, AXCP-dən Müsavata və əksinə. İndi kimsə iddia edə bilməz ki, gerçək hərəkatçılardan hər hansı biri bu vaxtadək AXCP və Müsavatı buraxıb YAP-a keçib. Elə isə nə oldu ki, adamlar dünənədək əleyhində mübarizə apardıqları YAP-a üzv olmaq fikrinə düşdülər? Deməli, burada izaha ehtiyacı olan bir məqam var. Bu da ondan ibarətdir ki, adamların müxalifət partiyalarından YAP-a keçmə səhnələri TV tamaşalarından başqa bir şey deyil. Məsələn, elə o zala zorla doldurulub müxalifətdən YAP-a keçdiyi iddia edilənlərin demək olar ki, nəinki müxalifət partiyalarına, ümumiyyətlə, siyasətə dəxli yoxdur. Yaxud da dəxli olan varsa belə, həmin adamlar tayfa hakimiyyətinin işgəncə maşınının qorxusu altında bu addımı atırlar. Bunu onların üzündən oxumaq heç də çətin deyil. Ancaq bir şeyi hər kəs bilməlidir ki, bu adamlardan heç zaman YAP-çı düzəltmək mümkün olmayacaq. Hətta hansısa zorakılıqlardan qurtulmaq naminə Müsavatdan YAP-a "keçənlər" varsa belə, onlar qəlbən yenə də öz ideologiyalarına sadiq qalacaq və YAP-çı olmayacaq.
    Müsavatçının, cəbhəçinin YAP-çı olması qətiyyən mümkün deyil! Bu, təkcə bir səbəbdən mümkün deyil: hər iki müxalifət partiyasında təmsil olunan insanları bir araya gətirən onların məhz YAP-ın antimilli, antiinsani və rüşvətxor hakimiyyətinə qarşı mübarizə istəyi olub. Müxalifətçilər ölkədə qanunların işləməsini, insan ləyaqətinə hörmət qoyulmasını arzu etdiklərindən bu rejimə qarşı mübarizəyə qol qoyublar. Yəni onların heç biri heç zaman inanmayıb ki, YAP hakimiyyətini hansısa bir formada islah edib qanunlar çərçivəsinə salmaq olar. Bunun belə olduğunu görmək üçün heç bir araşdırma aparmağa ehtiyac yoxdur. Bir ölkədə ki, ibtidai sinif şagirdlərindən rüşvət alına, o ölkəni idarə edənləri islah etmək olarmı? Yox, təbii. Bax, buna görə də adamlar YAP-a qarşı barışmaz mövqedən çıxış edirlər. Belə olan surətdə bir müsavatçının, bir cəbhəçinin dönüb əleyhində mübarizə apardığı partiyaya keçməsi mümkündürmü? Cavabını verməyə ehtiyac duymuruq.
    Hərəkat adamlarının xarakteri elədir ki, onları nə pulla, nə qorxutmaqla, nə də ki, hər hansı başqa üsulla ələ almaq olar. Əgər bu adamlar on il Heydər Əliyevə dözməyi bacarıblarsa, bundan sonra da dözəcəklər. Ancaq öz əqidələrindən dönən deyillər. Qaldı ki, TV kanallarda danışdırılan "müxalifətçilərə", onların bəziləri köhnə simalardır. Bəzilərini isə heç kim tanımır. Yəni bunların nə zamansa hansısa formada müxalifətçiliyə dəxli olduğunu təsdiq edən nə bir adam, nə bir fakt mövcuddur. Sadəcə olaraq, bu yolla müxalifət güclərini ruhdan salmaq, insanları mənən sındırmaq istəyirlər. Ancaq bir şeyi unudurlar ki, millətin öndə gələnləri bundan da pis günləri atlata bilib. Bu da bir sınaqdır və həmişə olduğu kimi gerçək müxalifətçilər bundan da üzüağ çıxacaq.

14.10.17

Mitinqdə adambaşına nə qədər pul paylanacaq?

Deyirlər, bir ağzıdualı, bütün ömürün xeyir işlərə, zəhmətə sərf edən kişi varmış. Amma adam hədsiz kasıb imiş.
Bir gün yoxsulluğundan təngə gələn o şəxs Tanrıya üz tutur. Çox təsirli formada şikayətlənir ki, nə üçün ona kömək etmir, axı yoxsulluq onu tam əldən salıb.
Kişi hər gün bir nazik körpüdən keçirmiş. Allah onu mükafatlandırmaq qərarın verir və beləcə həmin körpünün üstünə bir kisə qızıl atır.
Kişi nə edir? Körpüyə çatanda deyir, illərdir bu körpüdən istifadə edirəm, bu gün yoxlayım görüm gözü yumlu onu adlaya bilirəmmmi? Arxası da məlum.
Əziz dost,  "Məhsul" meydanında ("İnşaatçılar" metrosunun yanı) müxalifətin mitinqi var. Bu mitinq bax o yuxarıda göstərdiyim "qızıl kisəsi" kimi bir şeydir. Gözünü aç, mitinqə qatıl.
Bəsdir, taeleyindən gileyləndin. Dəyişiklik məhz sənin addımlarından, gözü açıqlığından asılıdır. Ayağa dur və o meydana get. Get öz haqqını tələb et, maddi mənəvi sərvətlərimzi talayıb bizi yoxsul buraxanlara sözünü de!

Dəhşət səhnəsi

https://wlstorage.net/file/complains-from-azerbaijani-muslims.pdf

9.10.17

Basatın Təpəgözü öldürdüyü boy haqqında

Bayaq televizoru youtuba qoyub yatmışdım, ayıldım ki, "Dədə Qorqud" dastanı barədə cizgi filmi gedir. Konkret desək, başlıqdakı boya dair.
***
İlk dəfə idi görürdüm, 2003-də çəkilibmiş. Maraqla izlədim. Yaradıcılıq məhsulu kimi bərbad idi, bununla işim yoxdur. Ancaq bir yerdə məni fikir götürdü. Azı 4-5 dəfə oxumağıma baxmayaraq, bu momenti heç zaman tutmamışdım ( "Dədə Qorqud" hər kəsin oxuması vacib olan kitablardandı. Son dərəcə gözəl, son dərəcə maraqlı bir mirasdır, qədrin bilək).
***
Demək, orda bir yer var, Təpəgözün necə dünyaya gəldiyini göstərir. Çoban bir pərini tutur, üstnünə yapıncısın atır. Sonra pəri uçub gedir, gedəndə də deyir ki, ağsaqqal bax, bir il sonra gələrsən əmanətini götürərsən, amma bil ki, özünü də Oğuz elini də zibilə saldın. Bundan sonra Təpəgöz dünyaya gəlir. Cizgi filmidir, prosesin bu formada təfərrüata varmadan verilməsi başa düşüləndi. Maraq məni çəkdi ki, bəs görən bu zorakılıq səhnəsi kitabın özündə necə əks olub.
Açdım kitabı (dili müasirləşdirilmiş variantı) baxdım. Yazır: " Çoban yapıncısını üzərlərinə atdı. Pəri qızın birin tutdu. Tamah salıb, qucaqladı". Vəssalam.
Gözüm bu hissədən su içmədi. O dəqiqə hiss olunurdu ki, nəsə alayarımçılıq var. Bu iş "qucaqlamaq"dan o tərəflik işdi axı. Qədim kitab həmin səhnəni bu qədər senzura olunmuş formada verə bilməz!
***
Odur ki, "Dədə Qorqud"un orjinalına əl atdım. Hə, bax bu başqa məsələ. Görün nə yazır: "Çoban kəpənəgini üzərlərinə atdı. Pəri qızının birin tutdı. Tamah edüb, dərhal cima eylədi".
Cima ərəbcədən gəlir, cəm olmaq, birləşmək deməkdir, eyni zamanda bu söz cinsi yaxınlığı ifadə edir.
***
Yəni, pəri mifik obraz olsa da "Dədə Qorqud"da onun hamilə qalmasının izahi mifik yolla-qucaqlamala veriməyib. Qucaqlaşmaqla hamiləlik yaranmaz, bunu bizim tərcümanlar niyə belə edib anlamıram. Bədii mətnlərin başına bu sayaq oyun gətirmə doğru deyil. Əsərlərə və oxuculara hörmətlə yanaşın.
Guya o yeri orjinala oxşar müasirləşdirsələr abır-həyamız aradan gedəcək?
***
Dəxlisiz olsa da bunu da yazım ki, "Albaniya taixi" əsərinin yeni nəşrindən Məhəmməd Peyğəmbərin ünvanına deyilən tənqidlərin hamısı başboy çıxarılıb.
***
Pəri ilə çobanın izdivacından Təpəgözün doğulmasında mən bir simvolika da gördüm. Sanki, ulu babalarımız işarət eləyir ki, hər kəs öz tayın tapsın, pəriyə çobanın yaxınlığında Təpəgöz yaranar.
"Bibliya"da da buna oxşar tərsə rəvayət var. Yazırlar ki, Nuhun vaxtında mələklər yerdəki göyçək qızlara tamah salırlar. Gəlib onlarla evlənib tərəyirlər. Bu izdivaclardan da ipə sapa yatmayan nəhəng adamlar əmələ gəlir, onlar da yer üzərində fitnə fəsad törədirlər. Allah onların kökün Nuhun tufanı ilə kəsir.

8.10.17

Mitinqdə adam yemək

Belə bir agentlik var-APA. Hakim rejimin digər media orqanları ilə müqayisədə normaldır (APA azad media deyil, öz səngər yoldaşları ilə müqayisədə normal yazmışam-bunun fərqinə varın).
Buna baxmayaraq, ötən gün Milli Şuranın mitinqi barədə APA-nin oxucularına təqdim etdiyi fotonu yuxarıda görürsünüz.
Gəlin sual qoyaq: bu foto obyektiv realllığı, dünənki mitinqi ifadə edirmi? Xeyr, qətiyyən.
Bəlkə fotonun altında "mitinq başlamazdan əvvəl" qeydi qoyulub? Xeyr, o da edilməyib.
Demək, bu fəaliyyəti ilə APA şər-şəbədə polis bülleteni dərc edən məcmüadən başqa bir şey deyil.
Müzakirəyə təqdim etmək istədiyim fikirsə, heç də apa ilə bağlı deyil. Apa sadəcə bizim öz düşüncəmizi formalaşdırmaq üçün vəsilədir, vasitədir.
Fikir verin, bunlar bilə-bilə ki, mitinqin həqiqətən necə keçməsini, orda iştirakçı sayını göstərən videolar, fotolar yüksək səviyyədə paylaşılacaq və beləliklə onların mitinqdən əvvəl çəkdikləri fotonun reallığı əks etdirmədiyi bilinəcək, yenə bunu edirlər. Aydındımı?
Bir anlıq düşünün, bizim əlimizdə apakimilərin yalanını ifşa edəcək vasitələr (məsələn, facebook, youtube, fotolar, videolar və s) olmasa, bunlar hansı yalanları xalqa yedirtmək qanacağındadılar?! Təsəvvür edirsizmi, xalqımız, ölkəmiz necə təhlükəli, necə qorxulu və ikrah doğuran yalanmı və talançıların əlində girova çevirilib?!
Tam əminliklə deyirəm ki, alternativ təbliğat imkanları olmasa, bunlar yazar ki, müxalifət mitinq elədi, ora 10-15 nəfər gəlmişdi, mitinq ərəfəsi adamlar tutuşdular, sonra 8 nəfər qalanları "Allahu əkbər" deyib öldürdü. Ölən adamların dərisin soyub, orda ocaqda bişirib yedilər. Sümükləri ilə də ərazini çirkləndirib getdilər.
Bax, bunlara görə bizə azad media hava-su kimi lazımdı. Bu təhlükədən qurtarmağımız üçünsə "yalan və talan"a qarşı aksiyalar davamlı və artan xətlə getməlidir.

Mitinqi necə gözdən salmaq olar?

Dünən mitinqdən sonra bir yoldaş deyir ki, televiziyalarda, sosial şəbəkələrdə hakimiyyətin apardığı anti-təbliğat kampaniyasının nəticəsi "nol" oldu.
Yəni, özlərin öldürdülər, min bir böhtana, yalana əl atdılar, polisi köməyə çağırdılar, amma nə fayda xalq meydana dolub sözün dedi. Düz gözlərinin içinə rejimi yalana və talana qurşanmaqda ittiham olundu.
Mən dedim ki, dostum, bir az haqlısan, bir az haqsız.
Haqlısan o mənada ki, doğrudan da hakim rejimin öz təbliğat vasitələrində qaldırdığı tozanağın faydası olmadı.
Haqsızsan o mənada ki, bu faydasızlıq qətiyyən mənfur rejimin təbliğatçılarının qeyri-peşəkarlığına görə deyil. Heç bir peşəkar təpədən dırnağa cinayətə, yalana qurşanmış qüvvəni təmizə çıxarmaq, ona haqq qazandırmaq gücündə deyil.
Düzü müdafiə eləməyə nə var ki? Düzü, haqqı müdafiə etmək üçün bəzəkli, təmtaraqlı, çoxgedişli mətnlər düşünməyə ehtiyac yoxdur. Sadə formada deyirsən "qatıq ağdır", qarşındakı da deyir, "elədir, ölənlərin rəhmət".
İş dolaşığa onda düşür ki, sənə deyirlər, çıx qatığın qara olduğun sübut elə, əsaslandır. Özü də bu tapşırığı o adama verirlər ki, qatığın ağ olduğuna o, hamıdan çox inanır.
Xüləs, mövcud ictimai-siyasi problemlər fonunda ən istedadlı, bacarıqlı adam mitinq əleyhinə təbliğat qura bilməz. Mitinqin təbliğatçısı ayrı-ayrı şəxslərdən çox obyektiv şərtlərdir. Ölkədə hökm sürək ədalətsizlikdir, korrupsiya mühütidir, bərbad dolanışıq səviyyəsidir, səhiyyənin, təhsilin, işsizliyin, talançı kreditlərin insanları canlarından bezdirməsidir. Bunların qarşısında Rauf Arifoğluna lap 18 əlavə medal ver, nə yazıb mitinqi gözdən sala bilər ki?
Bizim kənddə bir əhvalat danışılır. Uşaq ac imiş, anasından yemək istəyirmiş. Ananın başı başqa işə qarışdığında uşağın “yemək istəyirəm” tələbin qulaq ardına vururmuş. Uşaq bir də yemək istəyəndə anası deyir: Ay bala, bir az gözlə, dırmaş o ağaca alçadan ye. Uşağın “kəllə qapağı atır” və o dillərə düşən cümləsin işlədir: “ay zalımın balası, alçadan yemək olar?”
Bax indi, hakimiyyət və onun təmsilçiləri “yemək istəyən” etirazçılara alça təklif edirlər. Hətta alça da yox, alçanın fotosun.
Etiraz aksiyalarının ən təsirli əks təbliğatı mitinqin qətnaməsində göstərilən tələbləri, qaldırılan problemləri həll etməkdən başqa bir şey deyil. Oğurlamayın, xalqa dolanışıq imkanı yaradın, insanlara ləyaqətlə yaşamaq üçün şərait qurun, hüquq və azadlıqlara hörmət qoyun, bununla da iş bitsin.


4.10.17

İlqar Məmmədovla bağlı iki düşündürücü sual


REAL sədri İlqar bəy haqda qoyduğum sualın cavabı bəllidi: hakimiyyət onu xoşlamadığından, daha çox başqaların qorxutmaq üçün günahsız yerə həbs edib. İlqar bəylə bağlı Avropa Məhkəmsinin bir müsbət qərarı da var. Göstərilir ki onun barəsində çıxarılan həbs qətimkan tədbiri qərəzlidir. Buna görə hökumət cəzalanıb da.
Yada salım ki, İlqar bəy siyasi çevrəmizdə Qərbin mütərəqqi kəsimi ilə ən sıx təması olanlardandı. Üstəgəl adam neçə ildi Avropa Şurasının "Yay məktəbi"nə ölkəmizdə direktorluq edirdi.
Onu tanıyanlar onun günahsızlığına da əmindilər və buna görə də İ. Məmmədova azadlıq tələb edirlər. Fəqət, azadlıq hələ yoxdu.
Bunları Trotskinin kitabında bir informasiyanı oxuyarkən xatırladım. Diqqət edək.
1936. Stalinin zirvədə olduğu zamanlar. Qılıncının önü də kəsir, arxası da.
və bu adı unutmayın- Viktor Serj Kibalçiç. Gəncliyində anarxist olan Serj 20-ci ilin ortalarında həbs edilir və 1928-də azad olunur.
1933-də yenə həbs edilir. Sol ziyalıların Fransada keçirdiyi etiraz kampaniyası nəticəsində o 1936-da azad edilir və elə həmin il də ölkədən çıxmağına icazə verilir.
Mənzərə alınırmı gözünüz önündə? Belə çıxır, indi biz Stalindən də qəddar tirana urcah olmuşuq, ya da o vaxt dünya ziyalıları indikindən ötkəm və sözü eşidilən olub!

1.10.17

Əliyev hakimiyyətindən nə üçün tezcə canımızı qurtarmalıyıq?

Əliyev hakimiyyətindən nə üçün tezcə canımızı qurtarmalıyıq?
İlham Əliyevlə görüşən bu cənabın adı Tyorborn Yaqlanddır. O, Avropa Şurasının baş katibidir. Siyasətlə maraqlananlara cənab Yaqlandın necə təmiz siyasətçi, hətta dövrümüzə xas olmayan idealistliyi çoxdan bəllidir. Onun olduqca vicdanlı, mədəni, demokratik şəxs olmasını Azərbaycanın sərsəm hakimiyyət təbliğatçılarından başqa yadıma gəlmir kimsə mübahisələndirsin. Görün, bu insanlar (Azərbaycanı idarə edənlər) böhtançılıq, şərbazlığı hara qədər qaldırıblar ki, Yaqland ona qarşı Azərbaycan hakimiyyətinin apardığı qara təbliğata qarşı dünən belə bir bəyanat yayıb: Avropa Şurasının bütün tarixi boyu onun baş katibinə qarşı belə qarayaxma kampaniyası olmayıb! (Məlum açıqlamanı burdan oxu http://bit.ly/2yBaT0Q ) Təsəvvür edirsinizmi? Bunlar Yaqland kimi təmkinli, kübar insanı da öz axmaq, vulqar, səviyyəsiz qara kampaniyaları ilə hövsələdən çıxartdılar. Mən indi Yaqlandın təəssübün çəkmirəm. Nəyimə lazımdır? Məni öz dərdimiz düşündürür. Bir anlıq fikirləşin, bizi görün necə adamlar idarə edir? Dünyanın ən sağlam insanların belə ləkələyən, onlara analoqsuz böhtanlar atan insanlar sabah desə ki, qatıq ağdır, onların sözü şübhəyə alınar, alınmaz? Bu cür böhtançı, yalançı, qərəzli insanlar ölkəmizin Qarabağ və başqa ciddi problemlərinin həllində necə etibarlı söz sahibləri ola bilər? Heç cür. Bax buna görə biz deyəndə ki, bu hakimiyyət "anti-milli hakimiyyətdir", bəziləri deyir ki, kiminsə damarında qanı yoxlayırsınız. Xeyr, anti-millilik heç də damarında hansısa qanın axması deyil, davranışdır, təmsilçisi olduğun ölkəyə, xalqa zərbə vurmaqdır. Ona görə, bu qəbilədən nə qədər tez canımız qurtarsa Azərbaycan xalqının, dövlətinin həyatı gücünü o qədər tez artırmış olacaq.