21.9.17

"Dost dar gündə bilinər"

Ardıcıl olaraq başıma belə işlər gəlir; bilirsiz ki, qardaşım Murad Adilov şərlənib, türmədədir, mən də ölkədən kənarda. Belə bir hal istəməsəm də məni ara-sıra dostlarıma, yoldaşlarıma möhtac qalıram. Onlardan müxtəlif xahişlər edəsi oluram.
Son vaxtlar bu gözəl insanlardan o ən elementar xahişlərdən ustalıqla o qədər yayınmalar görürəm ki, pərişan olmamaq əldə deyil.
Bu an Natiq Adilov dedi ki, ey Kəlilə, dərdimi izah eləmək üçün gəl sənə "kənd müəlliminin qəzet alma mükülü"ndən söz açım. Kəlilə dedi, o necə olur?
***
Bir kəndiçimiz var (Allah ondan bu dünyada da o dünyada da razı qalsın), rayon mərkəzinə hər gün yolu düşən adamdı. Mən kənddə müəllim işləyəndə, hər gün ona pul yollayar (səhər obaşdan getdiyindən özünü görə bilmirdim), xahiş edərdim ki, gələndə mənə "Azadlıq" qəzeti alsın. Bir gün keçir, iki gün keçir üçüncü gün qəzet gəlib mənə yetişirdi. Yaxud 3-cü gün xəbər göndərirdi ki, qəzeti qoymuşam filankəsgilə, gedib götürərsən. O gözəl insana necə başa sala bilərdim ki, gündəlik qəzet bal, qənd, duz deyil ki, onu bu gün yox, sabah, yaxud biri gün işlətsən də fərq etməyə... Gündəlik qəzeti həmin gün oxumadın, o sabahı gün 75 faiz keyfiyyətin itirir. Amma mən bunu izah eləyə bilməzdim, ona görə talenin kəc gərdişi ilə barışmışdım. Bu günün söhbətin eləmirəm sizə, 2000-ci ildən danışıram. Mübarək internetin evlərimizə, telefonlarımıza qonmadğı vaxtlardan.
***
Kəlilə və facebookdaşlar əlbəttə soruşcaq ki, bu qəzetlə siftə yazdığının nə əlaqəsi? Birbaşa üzvü əlaqə var.
Doğrudur, bəzi dostların, yoldaşların adi bir xahişin qabağından ağlagəlməz bəhanələrlə qaçıb gizləndiyini (saymışam 3 nəfər deyib ki, filan gün sənin xahişin üçün gedəndə həbs oldum, 7-i yoxa çıxıb hələ də axtarırıq, 4-nün ailə üzvləri ağır əməliyyata düşüb və s) görmək, səni aldatdığını görmək çox ağırdır. Fəqət bundan da müsibəti var.
Fərz et, elə şey xahiş edirsən ki, onu etməyin son tarixi o qəzetdə olduğu kimi, sabah, yaxud biri gündü. Dost, yoldaş isə onu uzadır, uzadır edir 5 gün sonra. Onda da içində qalırsan kəsilə-kəsilə. Adam işi görüb, bir söz demək ayıb olar, amma elə görüb ki, daha o işin bəhrəsindən də danışmaq olmaz.
***
Dostlar, sizdən edilən xahişləri bəzən o qədər yubadırsınız ki, mənim İlham Əliyevin humanstliyi barədə qara fikirlərim dağılmağa başlayır. Öz-özümə deyirəm ki, tutaq ki əziz dostum Mikayıl zindandakı doğma qardaşımla bağlı elementar işi görməyi bu qədər ləngidirsə, bəlkə İlham Əliyev də elə Murad Adilovu tutdurandan 5-6 gün sonra buraxmaq fikrində olub, lakin regionda və ölkəmizdə gedən çoxsaylı, mürəkkəb proseslər, ailə qayğıları bu işi ona unutdurur... Adamın yadından çıxır. Adam sadəcə əfv üçün macal tapmır.
Bu qeydlər bəlkə də yersiz idi. Ancaq mən ürəyimlə danışmaqdansa bura yazıb sakitləşməyi üstün bildim. Belə eləməyin gözəl insanlar!
PS. Söz verib sözün müxtəlif səbəbdən (obyekytiv subyektiv) səbəbdən tuta bilməyən dostlar, yoldaşlardan xahiş edirəm bəraət ruhunda nəsə yazmasın. Narahat olmayın, o qədər çoxsunuz ki, heç kim bilməyəcək ki, bunları kimi nəzərdə tutub yazmışam