21.9.17

Kimdir bizə dost, kimdir düşmən?

Bu yoldaş Aleksandr Dugindir. Sadə arayış verim ki, bu şəxs Putinin, Rusiyanın fikir atası sayılır. ABŞ və ümumən qərb dünyası barədə nəzəri, ideoloji tezisləri Rusiya hakim dairələri üçün bu düzüb qoşur. Biz o tezislərin nə qədər düz-səhv olduöğun müzakirə etməyəcəyik, sözümüz başqadır.
Bizim rəsmi qəzetlər, müəllif hüquqların gizlətsə də, bir qayda olaraq, Duginin anti-qərb tezislərindən istifadə edir. Ancaq bir şey var. Dugin onun nəzəriyyəsini necə qiymətləndirməyimizdən asılı olmayaraq, öz ideyasına inanan adamdır. O, ORT önündə də, BBC, "NYTimes" önündə də Qərb, liberal demokratiya, Avrasiyaçılıq barədə eyni sözləri deyir, eyni emosional tövrü nümayiş etdirir. Məsələn, 4-5 ay olar, onun "BBC"-nin müxbiri ilə müsahibənin 2-3-cü dəqiqəsində sözü çəpləşdir, durdu onu tərk elədir. Dedi ki, siz öz demokratiya anlayışınızla məni sıxışdıra, mühakimə edə bilməzsiniz və s. Bəs Duginin təqlidçisi olan bizimkilər? Tipik nümunə İlham Əliyevin özü. Məktəblilərin önünə çıxır Qərbdə ksenofobiyadan danışır, rəsmi qəzetlərində ABŞ hökuməti müxtəlif formalarda alçaldılır və s. Amma elə ki, tənqid tənə ünvanı olan yerlərə bizim rəhbərin ayağı dəyir, bah-bah-bah, məlum olur, qardaş yalan imiş, həmin ölkə bizə candan da əzizmiş. "Vikiliks" sənədləri yayılanda biz bunun ibrətlik nümunələrin gördük. İlham Əliyev dalda demək olar, bütün qonşularımız əleyhinə danışmışdı: Rusiya, İran, Gürcüstan hətta Türkiyə barədə. Ancaq, elə ki o ölkələrlə, o ölkələri təmsil edən şəxslərlə dövlət başçısı üz-üzə gəlir, onda işin rəngi dəyişir; dost, strateji tərəfdaş oluruq. Bunun adı müdrik, analoqsuz siyasətdirsə, o "siyasət kitabı”n görünür biz oxumadan bu dünyadan köçəsi olacağıq.

"Dost dar gündə bilinər"

Ardıcıl olaraq başıma belə işlər gəlir; bilirsiz ki, qardaşım Murad Adilov şərlənib, türmədədir, mən də ölkədən kənarda. Belə bir hal istəməsəm də məni ara-sıra dostlarıma, yoldaşlarıma möhtac qalıram. Onlardan müxtəlif xahişlər edəsi oluram.
Son vaxtlar bu gözəl insanlardan o ən elementar xahişlərdən ustalıqla o qədər yayınmalar görürəm ki, pərişan olmamaq əldə deyil.
Bu an Natiq Adilov dedi ki, ey Kəlilə, dərdimi izah eləmək üçün gəl sənə "kənd müəlliminin qəzet alma mükülü"ndən söz açım. Kəlilə dedi, o necə olur?
***
Bir kəndiçimiz var (Allah ondan bu dünyada da o dünyada da razı qalsın), rayon mərkəzinə hər gün yolu düşən adamdı. Mən kənddə müəllim işləyəndə, hər gün ona pul yollayar (səhər obaşdan getdiyindən özünü görə bilmirdim), xahiş edərdim ki, gələndə mənə "Azadlıq" qəzeti alsın. Bir gün keçir, iki gün keçir üçüncü gün qəzet gəlib mənə yetişirdi. Yaxud 3-cü gün xəbər göndərirdi ki, qəzeti qoymuşam filankəsgilə, gedib götürərsən. O gözəl insana necə başa sala bilərdim ki, gündəlik qəzet bal, qənd, duz deyil ki, onu bu gün yox, sabah, yaxud biri gün işlətsən də fərq etməyə... Gündəlik qəzeti həmin gün oxumadın, o sabahı gün 75 faiz keyfiyyətin itirir. Amma mən bunu izah eləyə bilməzdim, ona görə talenin kəc gərdişi ilə barışmışdım. Bu günün söhbətin eləmirəm sizə, 2000-ci ildən danışıram. Mübarək internetin evlərimizə, telefonlarımıza qonmadğı vaxtlardan.
***
Kəlilə və facebookdaşlar əlbəttə soruşcaq ki, bu qəzetlə siftə yazdığının nə əlaqəsi? Birbaşa üzvü əlaqə var.
Doğrudur, bəzi dostların, yoldaşların adi bir xahişin qabağından ağlagəlməz bəhanələrlə qaçıb gizləndiyini (saymışam 3 nəfər deyib ki, filan gün sənin xahişin üçün gedəndə həbs oldum, 7-i yoxa çıxıb hələ də axtarırıq, 4-nün ailə üzvləri ağır əməliyyata düşüb və s) görmək, səni aldatdığını görmək çox ağırdır. Fəqət bundan da müsibəti var.
Fərz et, elə şey xahiş edirsən ki, onu etməyin son tarixi o qəzetdə olduğu kimi, sabah, yaxud biri gündü. Dost, yoldaş isə onu uzadır, uzadır edir 5 gün sonra. Onda da içində qalırsan kəsilə-kəsilə. Adam işi görüb, bir söz demək ayıb olar, amma elə görüb ki, daha o işin bəhrəsindən də danışmaq olmaz.
***
Dostlar, sizdən edilən xahişləri bəzən o qədər yubadırsınız ki, mənim İlham Əliyevin humanstliyi barədə qara fikirlərim dağılmağa başlayır. Öz-özümə deyirəm ki, tutaq ki əziz dostum Mikayıl zindandakı doğma qardaşımla bağlı elementar işi görməyi bu qədər ləngidirsə, bəlkə İlham Əliyev də elə Murad Adilovu tutdurandan 5-6 gün sonra buraxmaq fikrində olub, lakin regionda və ölkəmizdə gedən çoxsaylı, mürəkkəb proseslər, ailə qayğıları bu işi ona unutdurur... Adamın yadından çıxır. Adam sadəcə əfv üçün macal tapmır.
Bu qeydlər bəlkə də yersiz idi. Ancaq mən ürəyimlə danışmaqdansa bura yazıb sakitləşməyi üstün bildim. Belə eləməyin gözəl insanlar!
PS. Söz verib sözün müxtəlif səbəbdən (obyekytiv subyektiv) səbəbdən tuta bilməyən dostlar, yoldaşlardan xahiş edirəm bəraət ruhunda nəsə yazmasın. Narahat olmayın, o qədər çoxsunuz ki, heç kim bilməyəcək ki, bunları kimi nəzərdə tutub yazmışam

15.9.17

Düşmən ocaq başında?

 Yaxud Lapşini kim döyüb

Əvvəlcə, nabələd oxucular üçün kiçik arayış.
Bu il fevralda Lapşin adlı bir bloqçu Belarusda həbs edilib Azərbaycana gətirildi. O, dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirlirdi.
Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Buna baxmayaraq, o, 2016-cı ilin iyun ayında Azərbaycana Ukrayna pasportu ilə bir daha daxil olub və bu dəfəki səfər barədə bloqunda yazıb.
***İndi keçək əsas məsələyə. Bloqçu Lapşin bir neçə gün əvvəl qəfildən, qəribə formada əfv edildi. Qəribəlik onda idi ki, bir qayda olaraq əfv fərmanları əlamətdar günlərdə verilir və adətən bir yox, azı 50 nəfər bu fərmana düşür. Düzdü, prosedur kimi burda qüsur yoxdur. Lakin, razılaşaq ki, bu fərman da elə belə, sırf prosedur naminə ortaya çıxmayıb. İndi deyirlər, bunu İsrail təkid edib. Ola bilər. Ancaq görün təzyiq, təkid hansı formada olub ki, Əliyev "bir az gözləyin qabaqdan bayramlar gəlir, onda buraxaram" da deyə bilməyib.
***Əfvdən dərhal sonra dövriyyəyə xəbər buraxdılar ki, bir gün əvvəl  Lapşinin türmədə intihara təşəbbüs göstərib, lakin sayıq nadzorlar onu ölümün cəngindən qurtarıb. Lapşinin əfv olması, intihara əl atması barədə şəxs olaraq kim danışsa yaxşıdır? Fuad Ələsgərov!
Danışdı deyəndə ki, danışmayıb, özü bir müsahibə düzəldib, “Azərtac” vasitəsi ilə yayıdırdı. Fuad Ələsgərov uzun illərdir, siyasi məhbusların sayının artmasında xüsusi “zəhməti” olan şəxs kimi tanınır və onun Lapşinə görə müsahibə yazması az sonra toxunacağımız məqama görə ayrıca diqqətə layiqdir.
***
Yeri gəlmişkən, Fuad müəllim müsahibəsin belə özünə müraciətlə yazmışdı: ”Hörmətli Fuad müəllim...” Açığı, bu yeni təzahürdü, bizim bir çox məmurlar özü-özündən müsahibə alır, amma birinci dəfədir görürdüm ki, adam özünə “hörmətli filankəs” deyə xitab eləsin.
Başqaları xəsislik edib belə lütfkar ifadələri adama qiymayanda insan özünə bu kimi sözləri deyə bilər. Buna “özünəinam təmrinləri” deyirlər. Ancaq belə şeyi publika önündə yox, təklikdə etmək lazımdır. Mövzudan uzaqlaşmayaq.
***
Azadlığa çıxan Lapşin indi İsraildədir. Ora çatar-çatmaz sensasion sayılacaq bir bloq yazısı ilə çıxış etdi (məqalə ilə burdan tanış ol http://bit.ly/2vZhX6v). Məqalədə Lapşin intihara təşəbbüs göstərməsi ilə bağlı rəsmi ittihamları yalanlayır. Deyir əksinə, onu türmədə qara maskalılar öldürmək istəyiblər.
Sitat: “İnanıram ki, qatillər ya qorxurdular, ya da məqsədləri daha çox Əliyevin Azərbaycandakı hakimiyyətini gözdən salmağa yönəlmişdi. Mənim Bakı həbsxanasındakı ölümüm prezident Əliyevin ən yaxın dairəsindən bir sıra insanlara faydalı olardı. O adamlar ki, onun artıq istirahətə getmək vaxtının çatdığına inanırlar”.
Lapşin nə qədər düz, səhv deyir bunu biz bilmərik. Ancaq bu andan gözümə İlham Əliyevin “könüllü” məddahları ictimai rəydə növbəti illuziya ilə boğmaq üçün dövriyyəyə aatdığı fikirlər dəydi. Təxminən belə deyirlər: “Bax görürsünüzmü, hakimiyyətin içində İlham Əliyevi istəməyən, xüsusən Rusiyaya bağlı insanlar var. Onlar belə-belə xatakar işlər görüb prezidenti gözdən salmaq istəyirlər. Ancaq prezident də məsələdən xəbər tutan kimi tədbir görür”.
Bu və buna oxşar fikirləri ortalığa atanlar gərək çox ehtiyatlı olsunlar. Qaş düzəldilən yerdə gözün çıxma ehtimalı var.
Birincisi: Lapşinin dedikləri də, onun dediklərini İlham Əliyevin xeyrinə yozanlar da doğru deyirlərsə, demək Azərbaycan hakimiyyində fəlakətli bir durum var.
Bu o deməkdir ki, 
hakimiyyətin daxilində beynəlxalq diqqətdə olan əcnəbi jurnalisti qapalı türməyə girib şil-küt etməyə cəsarət edən şəxs, qüvvə var! Özü də işə bax, o adamlar İlham Əliyevi “təqayüdə yola salmaq” fikirindədilər. Daha irəli getsək, bu qüvvə (şəxs) gizlin deyil, ən azı Lapşin hadisəsindən sonra gizlin deyil. İlham Əliyev onu tanıyır. Tanıyır, amma cəzalandıra bilmir (bu günlərdə hansısa məmurun cəzalandığını eşitməmişik). Qorxunc bir hekayət!
İndi isə Lapşinin dediklərindən yola çıxıb versiyalar qura bilərik.
İlham Əliyevin iradəsindən kənar Lapşini türmədə kim cəzalandıra bilər? Bu suala cavab tapmazdan əvvəl, xatırlatmalıyıq ki, türmə “20 yanvar” dairəsi deyil ki, kimsə kefi istəyən vaxt ora gedib kimləsə haqq hesab çəksin. Bizim praktikada türməyə qanunsuz girişlər əlbəttə, olub. Bunların hamısı da əsasən köhnə MTN vasitəsi ilə edilib. 
Eldar Mahmudov hakimiyyətdən aldığı mandat hesabına öz tabeliyində olmayan cəzaçəkmə müəssisələrində, izolyatorlarda məhkumlara cəza verə, onları müxtəlif çirkin işlərə cəlb edə bilib. Eldarın xələfi Mədət Quliyevdir. Onun siyasi ambisiyası gözə dəymir, hakim ailəyə bağlılığı da hələ ki şübhə doğurmur, ona görə Lapşinin versiya üzrə onun nəsə planlaşdırdığı demək çətindir.
Bəs Fuad Əlsəgərov?! Ələsgərovun siyasi ambisiyası var. Hətta bir aralar ona bağlı şəxslər əl altından onu post əliyev dövrünün Saakaşvilisi kimi təbliğat tezisləri yayırdılar. Ələsgərovun yuxarıda xatırladığımız müsahibəsin bütün sadalananları gözdən keçirdikdən sonra adamın barmağını dişləməyə məcbur edir. 
Ancaq, Fuad Ələsgərovun bu cür skandal addım ataması üçün hakimiyyət daxilində qarşıdurma bizim təsəvvür elədiyimizdən də .iddətli olmalıdır. Hətta o səviyyədə ki, əlahəzrətin müqəddaratının həl olunması "bu gün sabahlıq" iş sayılsın.

Qalır, “türmə” naziri Fikrət Məmmədov. Türmə üzərində sərəncam vermə hüququ olan şəxs Firkət Məmmədovdur. Onun icazəsi, marağı olmadan türməyə adam heç doğmasına corab keçirə bilməz, onda qala girib kimisə döyəsən. İş burasındadı ki, Məmmədov da İlham müəllimin qan qohumudur. Lapşinin versiyasını İlham Əliyevin xeyrinə yozanlar, nəzərlərin Fikrət Məmmədova dikildiyindən xəbərdardılarmı?
***
Bütün bunlar hamısı versiyalardı və onlar hakimiyyət Lapşinin döyülmədiyi barədə təkzibolunmaz, inandırıcı dəlilləri ortaya qoyana qədər yaşamağa haqq edir.
Lapşinin türmədə, adını çəkmək istəmədiyim şəxsin göstərişi ilə döüylməsi, gəlin razılaşaq ki, ən ağılabatan versiya olardı. Amma nə qədər can yiyəsi o adı çəkmir, biz niyə çəkib özümüzü pis edirik 😉



9.9.17

Prezidentin saytında nə görsəm yaxşıdır?

Dünən çox möhtəbər bir diplomat qonaq dövlət başçısı İlham Əliyevlə görüşüb. Gecə rəsmi xəbərləri oxuyanda, açıq deyim, çox dilxor oldum. Ona görə ki, prezidentin saytından belə çıxırdı ki, qonaq- ATƏT Parlament Assambleyasının sədri cənab Kristin Muttonen ölkəmizlə bağlı dünyanı və azərbaycanlıları narahat edən məsələləri "unudub" yersiz "şən maarifçilik" edib. (Görüş barədə xəbərdən skrini aşağıda yerləşdirirəm)
Məlum məqalədən sitat
Lakin, bu gün sağ olsun, "Azadlıq" qəzeti üzə çıxarıb ki, görüşdə çox ciddi mətləblərə toxunulub. Sadəcə söhbətin məğzi təhrif edilərək ictimaiyyətə təqdim edilib. (Həmin məqaləni buranı vur oxu)
İndi sual yaranır. Prezidentin mətbuat xidmətinin o forma informasiya yayması nəyə xidmət edir? Bununla tutaq ki, azərbaycanın sadə əhalisinin başın qatdınız, nolsun. Bunun nə əhəmiyyəti?
Birincisi, sadə əhali üçün o görüşün heç bir diqqətçəkən yanı yoxdur.
Belə informasiyalara həssas təbəqəni isə bu sayaq primitiv metodlarla uzun müddətəlik aldatmaq olmur. Uzağı bir gün çəkir. Necə ki, indi baş verdi. Qarşı tərəf açıqlama yaydı ki, görüşdə nələrdən danışılıb, onlar nə deyib, dövlət başçısı nə cavab verib.
Hə, o başqa məsələ ki, biz prezident.az saytındakı bu xəbəri "arzuların təsviri" kimi qəbul edə bilərik. Yəni, məhşur məsəldə deyildiyi kimi, siz nə çalırsınız çalın, mən heyvagülü oynayacam.

Trampı aciz qoyan suallar

"3 milyard dollarlıq" zərbə hakimiyyət üçün betər tutarlı olub. Novruz Məmmədovun təbirincə desək, beynəlxalq mediada gedən məqalələr hakim düşərgənin ideoloqlarını da pis "havalandırmayıb".
Rəsmi açıqlamalarda, məqalələrdə 3 milyard dollarlıq korrupsiyaya verilən cavablar, son dərəcə isterikliyi ilə fərqlənir. Hakimiyyət belə skandallardan həmişə "müdrikcəsinə susmaqla" çıxardı, bu dəfə şeytan onları yoldan azdırıb, danışırlar, amma hər belə danışıq, açıqlama aydın səmada qəhqəhə ildırımları çaxdırır.
Aşağıdakı abzaslara lütfən, diqqət edin.
Bir: D.Tramp ABŞ prezidentidir. Seçildiyi gündən, bu günə qədər ABŞ mediası ilə müharibə şəraitindədir. Onun ABŞ-ın ən nüfuzlu qəzeti- "Vaşiqnton Post”u tviterində "yalançı" adlandırması lap təzə söhbətdir.
İki: "Azərbaycan" qəzeti Milli Məclisin rəsmi qəzetidir.

"Azərbaycan"dakı məlum məqalədən
Bu gün "Azərbaycan"da hakimiyyət əməllicə ağlaşma qurubTrampa xitab edib ki, ey bivəfa, o bizə yolladığın şəfqət dolu məktublar nədi, bu "Vaşiqnton Post"da yazdırdıqların nədi?
Prezident D.Trampı xeyli məzəmmət olunub ki, bəs sən seçiləndən sonra demişdin, Obamanın Azərbaycanla korladığı əlaqələri bərpa edəcəksən, ABŞ-ı haqq yoluna qaytaracaqsan, eləysə, "nədir bu eybucilər"?!
Yəqin, Allah Trampa çox lütflər bəxş eləsə də bizim "milli" qəzetləri oxuyub feyz almağı rəva bilməyib. Ona görə Tramp "Azərbaycan"ın şedevrindən bixəbər qalacaq.
Ancaq bir anlıq möcüzə baş versəydi və haqqında danışdığımız məqalə ilə təmas qursaydı, bu cənab xeyli dilxor olardı. Təmiz azərbaycanca "tvit atardı" ki, keçəl əlac bilsə öz başına edər. Yaxud, "Azərbaycan"çılara ismariş yollayardı ki, bunların ağızını yummağı mən sizdən çox istəyirəm, çəmin bilirsinizsə, gəlin köməkləşib edək; amma bəri başdan bilin ki, bizdə, nə cibə nəşə atıb tutma var, nə də jurnalisti "xuliqan" adlandırıb həbs eləmək.





Vəkil də belə iş görər?

Yalçın İmanovu kim tanımırsa, mütləq onu tanımağa çalışsın. Çünki, çox eşidirik, hamı şikayətlənir "axıniyə bizim ölkədə yalançılar, əclaflıq edənlər, mərifətsizlər, oğrular hər yanı götürüb, yaxşı adamlar yoxdur". Yaxşı adamlar var, özü də lap yaxşı. Amma biz bəzən tənbəllik, bəzən isə öz "işimizə yaradığı" üçün onları qiymətləndirmirik, axtarışına çıxmırıq.
Yalçın bax, o cür insanlardandır. Dürüst, mərd, peşəkar, insansevər.
***
Yalçın bəy vəkildir. Ən çətin işlərə olduqca məsuliyyətli, həssaslıqla can yandırır. Özü də qarşılıq güdmədən. Peşə kodeksinə və yüksək mənəvi meyarlara onun nə qədər bağlı olduğuna birbaşa şahidlik etmiş adamam. Başağrısı deyilsə yazım.
Qardaşım Muradı tutmuşdular. "Bandotdel"də saxlanılırdı. Muradın işgəncəyə məruz qalması barədə əlimizdə çoxlu informasiya vardı. Yalçını da vəkil seçmişdik. Ancaq, elə o işgəncə faktının ört-basdır edilməsi üçün "Bandotdel" qanunsuz olaraq vəkilin Muradla görüşməsinə imkan vermirdi. İki-üç gün birgə getdik ora, hər dəfə eyni bəhanə ilə görüşə imkan vermədilər. Axırda, təklif gəldi.
Təklif belə idi: vəkili görüşə buraxırıq, bir şərtlə. Görüşsün, amma çıxıb deməsin ki, işgəncə olub.
Yalçın bu təklifdən olduqca pərt olmuşdu. Sanki, onu təhqir etmişdilər.
O, hirs-pərişanlıq qarışıq hisslə mənə baxıb dedi:
- Bəy, incimə, mən bunu özümə rəva bilmərəm. Mənim əxlaqıma ziddir. İnsan desin ki, məni döyüblər, işgəncə veriblər, mən də çıxıb deyim ki, belə şey olmayıb?!
O çətin günlərdə bu dilxor hadisə mənim üçün nə qədər uca amalarla dolu bir hadisəyə çevirildi, bunu bir özüm bilirəm. Yalçının timsalına əsl insan kəşf edirdim. Əlbəttə, onu uzun illərdən bəri tanıyırdım. Özünə də demişən, zarafata salıb, inanmayıb: Mən onu "Azadlıq" qəzetinin 90-ci illərdə son dərəcə ağır siyasi söhbətlərlə dolu səhifələri arasında hazırladığı birsəhifəlik özünəməxsus məqalələrdən fərq etmiş adamlardanam. Ancaq qəzet səhifələrində, kitabda çox insan qəhrəman təsiri bağışlaya bilir, həyat isə bir ayrı cürədir.  O söz necə idi?  Qardaşın necə adamdı, deyir yoldaşlıq eləməmişəm. İndi qardaşımın məşəqqətli günləri məni Yalçına yoldaş etmişdi və mən onun söz və əməli bötüvlüyünə şahidlik edirdim.
Çox fərəhləndim. Ona təşəkkür elədim, dedim, başqa cür davransaydın inciyərdim, sən düz yoldasan. 
***
Məqsədim Yalçın İmanovu bəy tərifinə tutumaq deyil. Başımıza açılan oyunları anlatmaq üçün Yalçın indi bir vəsilədir. Bu gün oxudum ki, onu cəzalandırmaq istəyirlər. Özü də “qanun çərçivəsində”!
Nə baş verib?
Sən demə, bu Yalçın bəyimiz bizim son dərəcə humanist, qarışqanı belə tapdalamayan hüquq-mühafizə sistemimizin antik dövrə xas olan qəddar, əzazil obrazın yaratmağa təşəbbüs göstəribmiş. Bəli, inanın zarafat eləmirəm. Türmə “nazir”lərindən biri götürüb elə bu cür məktub yazıb vəkilər kollegiyasından xahiş edib ki (ətraflı burdan oxu https://www.azadliq.info/201904.html), biz bütün günü məhbusların üstünə qonan milçəkləri qovan, gecə onların üstün açıq qalanda yorğanların sahmanlayan adamlarıq, amma vəkil götürüb mətbuata açıqlama verir ki, biz məhbusları döyürük, onları “çarmıxa çəkirik” və s.
Bilənlər bilir, bilməyənlər üçün qısa xatırlatma edək ki, Nardaranda törədilən qətlyamdan sonra həbs olunan Müsəlman Birliyi Hərəkatının üzvlərinə saxlanma yerlərində olmazın dəhşətli işgəncələri verilib. Bu haqda onlar özləri məhkəmədə təfsilatı ilə danışıblar. Daha sonra isə onlara cəzaçəkmə yerlərində də qeyri-insanı rəftar tətbiq olunub, bu haqda məhbusların yaxınları mətbuata məlumat verib. Yəni, ortada heç bir gizli sirrin yayılması filan yoxdur. Yalçın İmanov da bir vəkil kimi öhdəsinə düşəni edib. “Qobustan” türməsində müdafiə elədiyi Abbas Hüseynin ona dediklərini mediaya çıxarıb. Bundan sonrası (yəni deyilənlərin düz, səhv olması) məhkəmənin və əlaqədar təşkilatların işdirir.  Məhkəmələlərin də kəramətinə biz hamımız bələdik. Məhkəmələrimiz məhkəmə oslaydı, birincisi bu qədər çox günhasız adam, o cümlədən Hacı Tale Bağırzadə ilə birgə tutulanlar türmədə olmazdı, Yalçın İmanovun o açıqlaması da təbii səbəbdən heç olmazdı. 
İkincisi, deyəsən mühacirətdə olmağın ilk fəsadlarını büruzə verməyə başlayıb, ölkə gündəmin yaxşı tuta, təhlil edə bilmirəm. Axı mən oralarda olanda Azərbaycanda səlahiyyət sahiblərinin tabeçiliyində olanlara (məhkumları hələ bir yana qoyuram) işgəncə tətbiq eləmələri, onları hər fürsətdə alçatma cəhdləri bir üstün qabiliyyət sayılırdı, indi nə dəyişib. Artıq, belə şeylərdə adlarının hallanmasında hiddətlənirlər?! Nə maraqlı!
***
Yalçının və onun kimi adamların bu formada cəzlandırılmasına təşəbbüs göstərilməsi, mənim yadıma Pazolinin lənətlik “Sadonun 120 günü” filmini salır. Biz dəyərli oxucularımızla bir dəfə bu barədə söhbətləşmişdik.
Filmin mövzusu belədir ki, özünü yüksək elitadan sayan, hər gün klassik musiqi, poeziya nümunələri dinləyən, səliqəli geyinən, aristokrat ədalarla bir-birləri ilə ünsiyyət quran bir qrup şəxs qalada onlarla günahsız adamı əsir saxlayır. Bu əsrlərin başına isə sözlə yazmağa çətinlik çəkdiyim haqq-hesabları gətirir.  Təkrar edirəm, sözlə yaza bilmədiyim.
İndi bizimkilər də o cür edir.  Klassik musiqi festivalları keçirir, dünya mədəni irsinin himayədarlarlığına iddia edirlər, o biri yandan da günahsız insanların dərisin soyur, gözün çıxarır və ən pisi: deyirlər ki, öldürdüyümüz, əzidiyimiz adamlar heç ufuldamasınlar da. Bu da azlıq edir, tələb edirlər ki, əzilənlərin ufuldamamağı yetmir, onu görənlər, şahidlik edənlər də lal-kar olsun! Çox eybəcər! Ancaq, “Sado” əbədi olmayacaq, o da bir gün bitəcək. Pərdələr enəcək və biz o zaman, o murdar səhnələr önündə lal qalmayan yalçınkimilərlə fəxr edəcik, vicdanımıza təskinlik verəcəyik ki, heç də hər şey bitməyibmiş.