16.7.17

Xalq Cəbhəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün, 16 iyunda növbədi quruluş günün qeyd edir. Fürsəti qaçırmadan bu köşəni oxuyan, oxumayan bütün cəbhəçiləri, bu adın ülviyyətini qoruyan, ucaldan insanları təbrik edirəm!
AXCP bizim siyasi tarixin çox ciddi elementidir, məni tərəfkeşlikdə ittiham etməsəniz, hətta deyərdim bazisidir. Bunu bir dəfə yazmışam, yenə təkrarda qüsur görmürəm: Xalq Cəbhəsi yeganə təşkilatdır ki, onunla bağlı hər bir ailənin danışa biləcəyi özəl bir hekayəti var, özü də müsbət mənada.
Xalq Cəbhəsi yarandığı gündən üzü bəri ağır mübarizə yolu keçən, bir gün də susmayan bir təşkilatdır. Mübarizə əhval-ruhiyyəsinin sönük olduğu günlərdə də, təslimçilik ovqatının bütün cəmiyyəti ilfic etdiyi vaxtlarda da bu təşkilat bir an belə, tənəffüsə çıxmayıb. Bunun bariz nümunəsi ilin bütün vaxtlarında bu partiyadan siyasi məhbusların olmasıdır.
Xalq Cəbhəsinə uzun illər olmazın iftiraları atıldı, böhtanlara tuş gəldi, xalqın etimadını bu təşkilatla bağlı sındırmağa çalışdılar. Bunlar boşuna getdi, “yel qayadan nə aparar ki” yazmıram. Çünki bu qaya təkcə yellə qarşılaşmırdı ki… Onun sinəsinə çox külünglər, baltalar saplanırdı. Ancaq AXCP-nin mətin duruşu bu zərbələrdən daha əzəmətli, cazibədar görünüş aldı. Eynən qaya parçası sinəsinə döyülən külünglərdən sonra gözəl bir heykələ, abidəyə çevrildiyi kimi
Bütün bənzətmələr kimi qaya-dağ bənzətməsi də qüsurludur. O baxımdan ki, Xalq Cəbhəsi bu gün heykəl kimi donuq, hərəkətsiz təşkilat deyil. Əksinə, bütün ölkə boyunca həyata keçirilən heykəlləşmə, bütpərəstlik siyasətinə qarşı aktiv siyasət aparır.
Jurnalist fəaliyyətim dövründə cəbhənin necə böyük fenomen olduğuna praktik olaraq şahid oldum. Birincisi, ölkənin (hətta dünyanın) harasına gedirsən get, cəbhəylə tanışlığın varsa, səni nabələdlik təhlükəsi gözləmir; azca səs salmağın kifayətdir ki, cəbhəçilər səni qarşılasın, əziz qonaqları etsin, səfərlə bağlı bütün ağla gələn və gəlməyən problemlərini çözsün.
Cəbhəçiləri tanımağın bir vacib üstünlüyü də var. Biz jurnalistlər ölkədəki problemləri öz adı ilə çağıran, cəsurcasına danışan müsahib tapmaqda həmişə əziyyət çəkmişik. Qabaqlar bu lap çətin idi, indilərdə qorxu adamların canından çıxdığından, danışanlar çoxalır. Hə, bax, o çətin günlərdə bir cəbhəçi tapmaq kifayət edirdi ki, necə deyərlər, xalqın ürəyindən tikan çıxaran formada problemləri dilə gətirsin, danışsın, susanların fəryadı olsun!
Biz bir dəfə sizinlə doktor Əli Şəriətinin “4 zindan”ı barədə danışmışdıq. “4 zindan” nədir? Təbiət, tarix, cəmiyyət və nəfs. Əli Şəriəti yazır ki, insanın həyatda məqsədi bu dörd zindandan qurtarmaq və beləliklə, özü-özünü yenidən inşa etməkdir! Çox iddialı çıxsa da, mən cəbhəçiləri özlərini yenidən inşa etmiş adamlar kimi görürəm. Bu insanlar özlərini doğrudan da zindandan azad ediblər. Belə tip insan üçün Əliyevlərin zindanı oyuncaqdır, evcikdir. Necə ki, bunu hələ sıravi cəbhəçi olduğu vaxtlarda Səbail məhkəməsində mühakimə olunan Babək Həsənov dedi. Qarabağın qanlı döyüşlərini, qəlpələrini, mühasirəni və morqu görən Babəkə prokuror 3 il iş istəyəndə o, belə də dedi: “Bu, mənə qorxudacaq yox, gülməyimə səbəb olacaq cəzadır”.
Xalq Cəbhəsi belə nümunələrlə doludur. Bu partiyada 19 yaşında həbsə girib mərd-mərdanə hakimiyyətə sonacan meydan oxuyan Cabbar Savalanlı nümunəsi var. Həmçinin pirani yaşında həbsxana divarlarına düşüb indiyədək mübarizədən dönməyən Məşədi Vaqif nümunəsi də…
Müəllif olaraq nümunələrə keçməklə işimi çətinə saldığımın fərqindəyəm. Çünki Xalq Cəbhəsi həyatın ən müxtəlif sahələrində nümunə olan insanların təşkilatıdır.
Xalq Cəbhəsi fərdlər olaraq deyil, həm də bir qurum kimi özünü yenidən inşa edən partiyadır. Obrazlı desək, o, Səməndər quşu kimi yanıb, özünün külündən yaranıb. Etiraf edək ki, Azərbaycanda bu ağır mərhələni Xalq Cəbhəsi kimi keçən, yenilənən ikinci bir partiya yoxdur.
Eləcə də, ölkəmizdə Xalq Cəbhəsi kimi 7 ildir qərargahsız qala-qala, siyasi arenanın ən ciddi tədbirlərini keçirməyi bacaran ikinci biri yoxdur!
Heç sədrinin 8 ildir ölkədən çıxışına imkan verilməyən ikinci bir partiya da yoxdur! Yeri gəlmişkən, AXCP-nin birinci sədri də 4 il faktiki ev dustaqlığında yaşayıb.
Qadın üzvləri belə, həbsxana həyatı görən partiyadır, Xalq Cəbhəsi!
Icəzəli-icazəsiz aksiyalarda fədakarlığı, qorxmaz mübarizliyi ilə seçilənlərin partiyasıdır AXCP!
Ali qurumlarında, partiyanın sükanını əlində saxlayanların arasında keçmişi, bu günü ilə bağlı zərrə qədər kölgəli məqam buraxmayan partiyadır AXCP!
AXCP-nin bugünkü görkəm və fəaliyyətində sədr Əli Kərimlinin danılmaz rolu var. “Onun sayəsində partiya bu günlərə yetişib” desək, yəqin ki, yanılmarıq. Əli Kərimlinin səbatlı və düzgün siyasəti nəticəsində, fikir verirsinizsə, Xalq Cəbhəsinin bu gün siyasi meydanda hakimiyyətdən başqa heç kimlə problemi yoxdur. Bu, çox ciddi amildir: birincisi, hədəfdən yayınmırsan; ikincisi, qüvvəni lazımsız yerə xərcləyib əlavə cəbhə açmağa şans vermirsən.
Deyirlər ki, düzgün diaqnoz xəstəliyi sağaltmağın 70 faizidir. Bu baxımdan əsas hədəf kimi rejim, lap konkret, onun birinci şəxsi Ilham Əliyevi seçməklə AXCP ölkə üçün dəqiq diaqnoz qoyub. Heç kim dana bilməz ki, bu partiyanın üzvlərinin Ilham Əliyevin siyasi sima olaraq, leksikondan adının silinməməsində böyük rolu var. Bəziləri “iqtidar”, “hökumət”, “yuxarı eşelon” kimi ümumi sözlərlə tənqid edəndə, biz cəbhəçilərin dilindən həmişə “Ilham Əliyev” adını eşitdik. O da danılmazdır ki, bu, birbaşa Əli Kərimlidən sirayət edən hal oldu.
Sonda… Ad günü üçün münasib olmasa da, bəziləri Xalq Cəbhəsində şəxsiyyətə pərəstişin olduğunu pünhan şəkildə də olsa, deyir. Bir əks-arqument yazım, qaneedici sayılmasa, gələn yazılarda davam edək. Şəxsiyyətə pərəstişin ən vacib elementlərindən biri portretlərdir. Nasist Almaniyasından üzü bəri bütün avtoritarlar fotoları ilə gözləri yağır etməklə, həm də şüuraltıları zəbt etmək istəyib. Siz diqqət edin və yaddaşınızı vərəqləyin: Xalq Cəbhəsinin qəsb olunan qərargahında Əli Kərimlinin fotosunu görmüşdünüzmü? Bəs hər hansı rayon qərargahlarında onun portreti varmı?
Bu, sizi şoka salmasın, Əli Kərimlinin sədrliyi ilə keçirilən heç bir qurultayda belə, onun portreti olmayıb.
Cəbhəçiləri gözləyən bütün döyüşlərdə qələbə arzusu ilə…

(Bu məqaləm "Azadlıq" qəzetinin 15 iyul 2013-cü il tarixli sayında "Xalq Cəbhəsinin sirri" başlığı ilə dərc olunub)