28.7.17

Nazim Hikməti hirsləndirən azərbaycanlı

Dahi türk şairi ilə son söhbət edən qadının yazdığı kitabı oxumayanlar üçün məqalə…
“Çox əzablıdır
 Xəzinə olub, gizli qalmaq!
Xəzinə olub, xarabalıqlarda unudulmaq!”
Doktor Əli Şəritəinin bu sözlərini Nazim Hikmətin sonuncu həyat yoldaşı, saçları saman sarısı Vera Tulyakova Hikmətin “Nazimlə son söhbət” memuarını oxuyanda ah çəkərək xatırladım.
Niyə?
Ona görə yox ki, Nazim Hikmət bir xəzinədir, unudulub-filan. Xeyr, Nazimi Azərbaycanda oxuyanlar olub, yenə var. Hətta olmasa belə, bu, o böyük şair üçün itki deyil, dünya onu tanıyır. “Burada xəzinə olub, xarabalıqda unudulmaq” deyəndə, ancaq məlum kitabı nəzərdə tuturam.
Bəli, o kitab xarabalıqda deyil, bəlkə də şəhərin ən gözəl kitab mağazalarında, kitabxana rəflərindədir. Nə olsun, ətraf ondan xəbərsizdi. Ola bilsin, çox kobud və dəqiq olmayan ümumiləşmə elədim. Ancaq bu fikrə düşməyim müəyyən araşdırmaya söykənir. Kitab oxuyan, ədəbiyyat, Nazim sevgisi olan neçə dost-yoldaşdan bu memuar barədə soruşdum. Xəbərsiz olduqlarını dedilər. Kitabı isə “Qanun” nəşriyyatı Azərbaycan dilində bir ildən çoxdu min tirajla çıxarıb.
Mən indi özümə sual verməkdəyəm: 8 manata satışı olan bu kitabın cəmi 10-nun pulu ilə normal bir təqdimat edib,ÿPR-ını qurmaq olmazdımı? Yoxsa, mənim qayğım əbəsdir, reklamsız, təqdimatsız da bu qiymətli kitab oxucuya çatıb, satılıb qurtarıb? Təki belə olsun…
Bu yazı, “Nazim Hikmətlə son söhbət”dən xəbərsizlər üçün qələmə alınır. O kitabı oxumusunuzsa, daha bu məqaləyə vaxt itirməyə dəyməz. Oxumamısınızsa, bu məqalədən sonra qərar verərsiniz ki, bu memuarı axtarmağa dəyər, yoxsa yox. Onu mütləq nəzərə almalısınız ki, bu məqalə, hətta çox mükəmməl formada alınsa belə, kitabla müqayisədə dəryada damladı.
***
Axırıcı dəfə sonsuz həzlə Həmidə Cavanşirin öz həyat yoldaşı Mirzə Cəlil barədə xatirələrini oxumuşdum (qarışdırmayın, bu, Sovet zamanı ixtisarla çıxan kitab deyil, iki il əvvəl Mehriban Vəzirin redaktəsi ilə tam halda nəşr olunan “Xatirələr”di). Vera Tulyakovanın Həmidə xanımı üstələdiyini yazsam, yəqin, məni anti-millilikdə ittiham etməyəcəksiniz. Vera Tulyakovanın memuarında biz Nazim Hikmətin ictimai-siyasi tərəflərilə yanaşı, sevgisini, məhəbbətini də görürük. Müəllif ayrı-ayrı xırda detallarla Nazimin şəxsiyyətini təsvir edir. Həmidə xanımın memuarında isə ictimai-siyasi hadisələrin fonunda Mirzə Cəlil çox görünməz olub.
***
Kitabın müqəddiməsində Veranın qeydi var. O bildirir ki, bu memuarı Nazimin ölümündən dərhal sonra – 1963-1965-ci illərdə yazıb.ÿMüqəddimənin altından isə 1977-ci il tarixi qoyulub. Internetdən tam dəqiqləşdirə bilmədiyim məlumata görə isə kitab ilk dəfə 2007-ci ildə işıq üzü görüb. Yəni, Veranın ölümündən 6 il sonra…
Kitabın yazılma tarixi mənə bir az şübhəli gəlir.ÿOna görə ki, onun sətirləri arasından zərrə qədər də Sovet qayda-qanununun iyi gəlmir. Sovet dövlətinin nə olduğunu bilən adam, heç şübhəsiz, bu kitabı oxuyanda heyrətlənməlidir, yəni, o dövrdə belə şeyləri yazmaq nədi, düşünmək olardımı? Hər halda, gəlin, xoşgörülü olaq və səmimi qəlbdən düşünək ki, böyük Nazimin həyat yoldaşı da onun kimi standartlara sığmayan təfəkkür sahibi olub və bu xanımın qeydləri Sovet Ittifaqı dağılandan sonra yeni dövrün tələblərinə uyğunlaşdırılmayıb.
***
Vaxt gedir, keçək xatirələrə.
Nazim SSRI-yə dönüşündən az sonra bir dəfə Yazıçılar Ittifaqından çaşqın halda qayıdır. Veraya deyir ki, belə bir adamı tanımır – Sofiya Vasilyevna? Çünki şairlər ona şikayətlənirmiş ki, həyatlarında olan fitnə-fəsadların çoxu bu adla bağlıdır. Vera gülə-gülə deyir ki, a kişi, bu, ziyalıların konspirasiya üçün Sovet Ittifaqına qoyduqları addır.
***
Kitabda ədəbi dələduzlar barədə də maraqlı xatirələr var. Rəssam Abramov barədə Vera yazır ki, o, Naziminÿ türmə həyatını təsvir edən bir rəsm çəkir: boz barmaqlıqda, qara fonda dustaq Nazim! Çəkir və bunu yaxşı qiymətə Nazimə sata bildiyindən, rəssam fürsətcillik edir. Hər dəfə o, Nazimə bir rəsmini təklif edir və satır. Rəsmlər isə toyuq yumurtası kimi eyni olur, bircə ad fərqli, məsələn belə: “Beloyanis həbsxanada”; “Patris Lumumba həbsxanada” və s. Nazim Hikmət bu əsərləri alır, amma diqqət ayırmadan üzü divara söykəyirmiş…
Bir dəfə lap maraqlı hadisə olur. Bir nəfər evə gəlir və Nazimdən soruşur: “Siz Dostoyevskini oxuyursunuz?”
“Bəli” cavabından sonra dələduz elə özünün Dostoyevski olduğunu deyir və ”Cinayət və cəza”nın davamını yazmaq üçün ondan pul istəyir. Nazim ona ÿ25-lik verəndə adam özünü həyasızlığın zirvəsinə qaldırır: “Hə, 25 manat!Bəşəriyyətin yetişdirdiyi ən böyük dahiyə iyirmi 25 manat?”
Onda Nazim “bağışlayın, amma siz sıradan bir yazıçının yanına gəlmisiniz” deyib, dələduzu yola salır.
***
Biz mütləq memuarda azərbaycanlı yazarlarla bağlı olan hissəyə də diqqət ayırmalıyıq. Əvvəla, onu demək lazımdır ki, Sovetlər pul, qonorar baxımından Nazimə korluq verməyiblər. Düzdü, axır-axırda Vera kasıbçılıqdan bir az gileylənir. Bu, xüsusən o vaxta düşür ki, Nazimin siyasi kənaraçıxmaları rəhbərliyin xoşuna gəlmir. Amma kitab özü şahidlik edir ki, Nazim maddi təminat baxımından müstəsna hüquqa sahib olub, şəxsi həkimi, sürücüsü, kurortlar, aylarla davam edən ölkədaxili və xarici səfərlər, ziyafətlər… O, hətta arvadı üçün əlaltından satılan və daha çox namenklaturanın istifadə etdiyi malların satıldığı yerlərə də baş çəkirmiş. Nazim, bizim sözlə desək, pulunun düşməni olub. Həyat yoldaşı yazır ki, onun dünyanın dörd bir yanı ilə danışdığı telefon danışıqlarının qəbzlərini ödəməsi elə bir dünya olurmuş. Elə buna görə də o, bir dəfə 1960-cı ildə “Volqa” alarkən belə bir məktub yazır: “Üç qardaşımdan: Süleyman Rüstəm, Mehdi Hüseyn və Rəsul Rzadan maşın almaq üçün mənə pul vermələrini xahiş edirəm. Borc qaytarılana qədər ölməyəcəyimə söz verirəm”.
Amma bu məktubdan təqribən iki il sonra Nazim Mehdi Hüseynə bərk qəzəblənir. Səbəb isə azərbaycanlı yazarın anlaşılmaz simicliyi olur. O, Türkiyəyə gedəndə Nazimdən oradan ona nə alıb gətirməsini soruşur. Nazim açıqca deyir. Mehdi Hüseyn də alıb gətirir. Nazim onlara bir-bir baxır və hər birini gördükcə uşaq kimi sevinir. Mehdi Hüseyn isə onları Nazimin əlindən alır və deyir ki, incimə, çox adama söz vermişəm, sən birini seç, qalanlarını aparmalıyam. Nazim sarsılır, hamısını qaytarır. Sonra isə siyasi söhbətdə söz güləşməsi edib, acığını başqa formada Mehdi Hüseynin üstünə tökür.
Nazimin “oğlum” adlandırdığı Əkbər Babayevlə bağlı xatirələri də zəngin formada kitaba düşüb. Belə görünür ki, o, Əkbərlə ata-oğuldan daha çox dost olub, yaxşı zarafatlar ediblər. Məsələn, o zaman telefonla 100 yığıb saatı öyrənirsənmiş. Saatı da əlbəttə ki, robot deyirmiş. Əkrəm isə bunu Nazimə qəsdən ayrı cür başa saldığından, şair hər dəfə saatı öyrənəndən sonra robota bol-bol təşəkkür edirmiş. Ancaq Nazim də borclu qalmırmış, bir dəfə o, xaricdən Əkrəmə konserv qutusunda adi su gətirir, hədiyyə kimi…
***
Memuarın ən sarsıdıcı hissəsi Maksim Qorki ilə bağlıdır. Nazim heyrətlənirmiş ki, necə olur, proletariyyatın bu cür ağıllı yazarı insanların əzilməsinə necə göz yumub? Amma onun arvadı ilə Nazimin söhbətində bəlli olur ki, Qorki repressiyalar önündə tam gücsüz qalıb, özü də həmin o əzilənlərlə birgə mənən ölmüş kimi biri olub.
Bir hadisə də Sokolov adlı keçmiş məhbusun dilindən memuara düşüb. O, Nazimə deyirmiş ki, bir dəfə əks-inqilabçıları, uşaqları gəmi ilə başqa bir şəhərə aparırmışlar. M.Qorki də bu gəmidə olduğundan dustaqları başqa yerə doldururlar, yazıçının ətrafına isə 20-30 yaltaq dustaq yerləşdirilir. Onlar yazıçını inandırırlar ki, dustaqlıqda günləri çox xoş keçir. Tam vidalaşma ərəfəsində bir uşaq çıxıb deyir ki, ağsaqqal, onlara inanma, yalan deyirlər, bizə zülm edirlər. Qorki uşağı ayrı otağa salıb dinləyir və ağlayır. O, gedəndə zəmanət alır ki, nə dustaqlara, nə də bu uşağa bir kimsə əl vurmayacaq…
Lakin, o, azca aralanan kimi dustaqların gözü qarşısında uşaq güllələnir. M.Qorki bunu bilir, amma heç nə edə bilmir.
***
Kitabda Sovet dövründə absurd səbəbdən yazıçıların qara siyahıya düşməsi və oradan çıxmasına dair parlaq örnəklər də var. Məsələn, yazıçı Erenburqa hər yerdə “qırmızı işıq” yandırılır, yazıları çap olunmur, qonorarsız qalır. Bir gün isə o, hər yerdə çap olunma xəbərini alır. Onun üzərindən qadağanın necə götürülməsinə isə indi ancaq gülmək olar. Bu barədə kitabdan oxuyuruq:
“Erenburq:
– Bu yaxınlarda səfirliklərin birində qəbuldaydım, Xruşşov mənə yaxınlaşdı. Biz yarım saat kənarda sakit-sakit söhbətləşdik.
Nazim:
– Memuarlarınız haqqında? (o, bu memuarlara görə qəzəbə gəlibmiş)
Erenburq:
– Yox, xəstəlikdən. O, məndən hansı pəhrizi saxladığımı soruşdu, mən də ondan. Bizim ədəbi alçaqlardan biri isə ikimizin mehriban danışdığını görüb və bürokratik nöqteyi-nəzərdən yozub. Səhər mənə nəşriyyatdan zəng edib, kitabımın çapa imzalandığı xəbərini verdilər”.
***
ə tam şahidlik etsəniz, siz şairin Stalinə nifrət və qəzəbini, amma onun qızı ilə yeyib-içdiyini, hədsiz qısqanclığını, Veranı necə qaçırdığını, sovet danosbazlarının ona elədiyi sitəmləri, ömrü boyu yaşadığı Türkiyə həsrətini, o, öləndən sonra arvadı Veraya “Nazimə xəyanət et” tövsiyəsini kimin verdiyini, şairin nədən damarlarında erməni qanı gəzdirmək istədiyini, paxlavaya möhkəm bağlılığını, həbsxana xatirələrini və başqa son dərəcə maraqlı hadisələri, halları öyrənərsiniz.