28.7.17

Nazim Hikməti hirsləndirən azərbaycanlı

Dahi türk şairi ilə son söhbət edən qadının yazdığı kitabı oxumayanlar üçün məqalə…
“Çox əzablıdır
 Xəzinə olub, gizli qalmaq!
Xəzinə olub, xarabalıqlarda unudulmaq!”
Doktor Əli Şəritəinin bu sözlərini Nazim Hikmətin sonuncu həyat yoldaşı, saçları saman sarısı Vera Tulyakova Hikmətin “Nazimlə son söhbət” memuarını oxuyanda ah çəkərək xatırladım.
Niyə?
Ona görə yox ki, Nazim Hikmət bir xəzinədir, unudulub-filan. Xeyr, Nazimi Azərbaycanda oxuyanlar olub, yenə var. Hətta olmasa belə, bu, o böyük şair üçün itki deyil, dünya onu tanıyır. “Burada xəzinə olub, xarabalıqda unudulmaq” deyəndə, ancaq məlum kitabı nəzərdə tuturam.
Bəli, o kitab xarabalıqda deyil, bəlkə də şəhərin ən gözəl kitab mağazalarında, kitabxana rəflərindədir. Nə olsun, ətraf ondan xəbərsizdi. Ola bilsin, çox kobud və dəqiq olmayan ümumiləşmə elədim. Ancaq bu fikrə düşməyim müəyyən araşdırmaya söykənir. Kitab oxuyan, ədəbiyyat, Nazim sevgisi olan neçə dost-yoldaşdan bu memuar barədə soruşdum. Xəbərsiz olduqlarını dedilər. Kitabı isə “Qanun” nəşriyyatı Azərbaycan dilində bir ildən çoxdu min tirajla çıxarıb.
Mən indi özümə sual verməkdəyəm: 8 manata satışı olan bu kitabın cəmi 10-nun pulu ilə normal bir təqdimat edib,ÿPR-ını qurmaq olmazdımı? Yoxsa, mənim qayğım əbəsdir, reklamsız, təqdimatsız da bu qiymətli kitab oxucuya çatıb, satılıb qurtarıb? Təki belə olsun…
Bu yazı, “Nazim Hikmətlə son söhbət”dən xəbərsizlər üçün qələmə alınır. O kitabı oxumusunuzsa, daha bu məqaləyə vaxt itirməyə dəyməz. Oxumamısınızsa, bu məqalədən sonra qərar verərsiniz ki, bu memuarı axtarmağa dəyər, yoxsa yox. Onu mütləq nəzərə almalısınız ki, bu məqalə, hətta çox mükəmməl formada alınsa belə, kitabla müqayisədə dəryada damladı.
***
Axırıcı dəfə sonsuz həzlə Həmidə Cavanşirin öz həyat yoldaşı Mirzə Cəlil barədə xatirələrini oxumuşdum (qarışdırmayın, bu, Sovet zamanı ixtisarla çıxan kitab deyil, iki il əvvəl Mehriban Vəzirin redaktəsi ilə tam halda nəşr olunan “Xatirələr”di). Vera Tulyakovanın Həmidə xanımı üstələdiyini yazsam, yəqin, məni anti-millilikdə ittiham etməyəcəksiniz. Vera Tulyakovanın memuarında biz Nazim Hikmətin ictimai-siyasi tərəflərilə yanaşı, sevgisini, məhəbbətini də görürük. Müəllif ayrı-ayrı xırda detallarla Nazimin şəxsiyyətini təsvir edir. Həmidə xanımın memuarında isə ictimai-siyasi hadisələrin fonunda Mirzə Cəlil çox görünməz olub.
***
Kitabın müqəddiməsində Veranın qeydi var. O bildirir ki, bu memuarı Nazimin ölümündən dərhal sonra – 1963-1965-ci illərdə yazıb.ÿMüqəddimənin altından isə 1977-ci il tarixi qoyulub. Internetdən tam dəqiqləşdirə bilmədiyim məlumata görə isə kitab ilk dəfə 2007-ci ildə işıq üzü görüb. Yəni, Veranın ölümündən 6 il sonra…
Kitabın yazılma tarixi mənə bir az şübhəli gəlir.ÿOna görə ki, onun sətirləri arasından zərrə qədər də Sovet qayda-qanununun iyi gəlmir. Sovet dövlətinin nə olduğunu bilən adam, heç şübhəsiz, bu kitabı oxuyanda heyrətlənməlidir, yəni, o dövrdə belə şeyləri yazmaq nədi, düşünmək olardımı? Hər halda, gəlin, xoşgörülü olaq və səmimi qəlbdən düşünək ki, böyük Nazimin həyat yoldaşı da onun kimi standartlara sığmayan təfəkkür sahibi olub və bu xanımın qeydləri Sovet Ittifaqı dağılandan sonra yeni dövrün tələblərinə uyğunlaşdırılmayıb.
***
Vaxt gedir, keçək xatirələrə.
Nazim SSRI-yə dönüşündən az sonra bir dəfə Yazıçılar Ittifaqından çaşqın halda qayıdır. Veraya deyir ki, belə bir adamı tanımır – Sofiya Vasilyevna? Çünki şairlər ona şikayətlənirmiş ki, həyatlarında olan fitnə-fəsadların çoxu bu adla bağlıdır. Vera gülə-gülə deyir ki, a kişi, bu, ziyalıların konspirasiya üçün Sovet Ittifaqına qoyduqları addır.
***
Kitabda ədəbi dələduzlar barədə də maraqlı xatirələr var. Rəssam Abramov barədə Vera yazır ki, o, Naziminÿ türmə həyatını təsvir edən bir rəsm çəkir: boz barmaqlıqda, qara fonda dustaq Nazim! Çəkir və bunu yaxşı qiymətə Nazimə sata bildiyindən, rəssam fürsətcillik edir. Hər dəfə o, Nazimə bir rəsmini təklif edir və satır. Rəsmlər isə toyuq yumurtası kimi eyni olur, bircə ad fərqli, məsələn belə: “Beloyanis həbsxanada”; “Patris Lumumba həbsxanada” və s. Nazim Hikmət bu əsərləri alır, amma diqqət ayırmadan üzü divara söykəyirmiş…
Bir dəfə lap maraqlı hadisə olur. Bir nəfər evə gəlir və Nazimdən soruşur: “Siz Dostoyevskini oxuyursunuz?”
“Bəli” cavabından sonra dələduz elə özünün Dostoyevski olduğunu deyir və ”Cinayət və cəza”nın davamını yazmaq üçün ondan pul istəyir. Nazim ona ÿ25-lik verəndə adam özünü həyasızlığın zirvəsinə qaldırır: “Hə, 25 manat!Bəşəriyyətin yetişdirdiyi ən böyük dahiyə iyirmi 25 manat?”
Onda Nazim “bağışlayın, amma siz sıradan bir yazıçının yanına gəlmisiniz” deyib, dələduzu yola salır.
***
Biz mütləq memuarda azərbaycanlı yazarlarla bağlı olan hissəyə də diqqət ayırmalıyıq. Əvvəla, onu demək lazımdır ki, Sovetlər pul, qonorar baxımından Nazimə korluq verməyiblər. Düzdü, axır-axırda Vera kasıbçılıqdan bir az gileylənir. Bu, xüsusən o vaxta düşür ki, Nazimin siyasi kənaraçıxmaları rəhbərliyin xoşuna gəlmir. Amma kitab özü şahidlik edir ki, Nazim maddi təminat baxımından müstəsna hüquqa sahib olub, şəxsi həkimi, sürücüsü, kurortlar, aylarla davam edən ölkədaxili və xarici səfərlər, ziyafətlər… O, hətta arvadı üçün əlaltından satılan və daha çox namenklaturanın istifadə etdiyi malların satıldığı yerlərə də baş çəkirmiş. Nazim, bizim sözlə desək, pulunun düşməni olub. Həyat yoldaşı yazır ki, onun dünyanın dörd bir yanı ilə danışdığı telefon danışıqlarının qəbzlərini ödəməsi elə bir dünya olurmuş. Elə buna görə də o, bir dəfə 1960-cı ildə “Volqa” alarkən belə bir məktub yazır: “Üç qardaşımdan: Süleyman Rüstəm, Mehdi Hüseyn və Rəsul Rzadan maşın almaq üçün mənə pul vermələrini xahiş edirəm. Borc qaytarılana qədər ölməyəcəyimə söz verirəm”.
Amma bu məktubdan təqribən iki il sonra Nazim Mehdi Hüseynə bərk qəzəblənir. Səbəb isə azərbaycanlı yazarın anlaşılmaz simicliyi olur. O, Türkiyəyə gedəndə Nazimdən oradan ona nə alıb gətirməsini soruşur. Nazim açıqca deyir. Mehdi Hüseyn də alıb gətirir. Nazim onlara bir-bir baxır və hər birini gördükcə uşaq kimi sevinir. Mehdi Hüseyn isə onları Nazimin əlindən alır və deyir ki, incimə, çox adama söz vermişəm, sən birini seç, qalanlarını aparmalıyam. Nazim sarsılır, hamısını qaytarır. Sonra isə siyasi söhbətdə söz güləşməsi edib, acığını başqa formada Mehdi Hüseynin üstünə tökür.
Nazimin “oğlum” adlandırdığı Əkbər Babayevlə bağlı xatirələri də zəngin formada kitaba düşüb. Belə görünür ki, o, Əkbərlə ata-oğuldan daha çox dost olub, yaxşı zarafatlar ediblər. Məsələn, o zaman telefonla 100 yığıb saatı öyrənirsənmiş. Saatı da əlbəttə ki, robot deyirmiş. Əkrəm isə bunu Nazimə qəsdən ayrı cür başa saldığından, şair hər dəfə saatı öyrənəndən sonra robota bol-bol təşəkkür edirmiş. Ancaq Nazim də borclu qalmırmış, bir dəfə o, xaricdən Əkrəmə konserv qutusunda adi su gətirir, hədiyyə kimi…
***
Memuarın ən sarsıdıcı hissəsi Maksim Qorki ilə bağlıdır. Nazim heyrətlənirmiş ki, necə olur, proletariyyatın bu cür ağıllı yazarı insanların əzilməsinə necə göz yumub? Amma onun arvadı ilə Nazimin söhbətində bəlli olur ki, Qorki repressiyalar önündə tam gücsüz qalıb, özü də həmin o əzilənlərlə birgə mənən ölmüş kimi biri olub.
Bir hadisə də Sokolov adlı keçmiş məhbusun dilindən memuara düşüb. O, Nazimə deyirmiş ki, bir dəfə əks-inqilabçıları, uşaqları gəmi ilə başqa bir şəhərə aparırmışlar. M.Qorki də bu gəmidə olduğundan dustaqları başqa yerə doldururlar, yazıçının ətrafına isə 20-30 yaltaq dustaq yerləşdirilir. Onlar yazıçını inandırırlar ki, dustaqlıqda günləri çox xoş keçir. Tam vidalaşma ərəfəsində bir uşaq çıxıb deyir ki, ağsaqqal, onlara inanma, yalan deyirlər, bizə zülm edirlər. Qorki uşağı ayrı otağa salıb dinləyir və ağlayır. O, gedəndə zəmanət alır ki, nə dustaqlara, nə də bu uşağa bir kimsə əl vurmayacaq…
Lakin, o, azca aralanan kimi dustaqların gözü qarşısında uşaq güllələnir. M.Qorki bunu bilir, amma heç nə edə bilmir.
***
Kitabda Sovet dövründə absurd səbəbdən yazıçıların qara siyahıya düşməsi və oradan çıxmasına dair parlaq örnəklər də var. Məsələn, yazıçı Erenburqa hər yerdə “qırmızı işıq” yandırılır, yazıları çap olunmur, qonorarsız qalır. Bir gün isə o, hər yerdə çap olunma xəbərini alır. Onun üzərindən qadağanın necə götürülməsinə isə indi ancaq gülmək olar. Bu barədə kitabdan oxuyuruq:
“Erenburq:
– Bu yaxınlarda səfirliklərin birində qəbuldaydım, Xruşşov mənə yaxınlaşdı. Biz yarım saat kənarda sakit-sakit söhbətləşdik.
Nazim:
– Memuarlarınız haqqında? (o, bu memuarlara görə qəzəbə gəlibmiş)
Erenburq:
– Yox, xəstəlikdən. O, məndən hansı pəhrizi saxladığımı soruşdu, mən də ondan. Bizim ədəbi alçaqlardan biri isə ikimizin mehriban danışdığını görüb və bürokratik nöqteyi-nəzərdən yozub. Səhər mənə nəşriyyatdan zəng edib, kitabımın çapa imzalandığı xəbərini verdilər”.
***
ə tam şahidlik etsəniz, siz şairin Stalinə nifrət və qəzəbini, amma onun qızı ilə yeyib-içdiyini, hədsiz qısqanclığını, Veranı necə qaçırdığını, sovet danosbazlarının ona elədiyi sitəmləri, ömrü boyu yaşadığı Türkiyə həsrətini, o, öləndən sonra arvadı Veraya “Nazimə xəyanət et” tövsiyəsini kimin verdiyini, şairin nədən damarlarında erməni qanı gəzdirmək istədiyini, paxlavaya möhkəm bağlılığını, həbsxana xatirələrini və başqa son dərəcə maraqlı hadisələri, halları öyrənərsiniz.

22.7.17

Heydər Əliyevin cinayətləri

Qeyd: oxuduğunuz məqalənin müəllifi ötən illərdə İlham Əliyev tərəfindən "Əməkdar jurnalist" adına layiq görülüb, keçən gün isə (21 iyuk 2016) havayı mənzillə təltif edilib. Dəyərli yazarımıza yeni odasında mutluluklar diləriz.

18.7.17

ANS-in "gecə quşları" Heydər Əliyevə qarşı

Heydər Əliyevin 2000-ci ildə keçirdiyi müşavirədəki çıxışından
"Dünən deyirlər ki, keçən gecə ANS kanalı bir neçə saat film verirmiş. Başa düşmürəm. Qanun hamı üçün qanundur. Özəl olmaq o demək deyil ki, sən dövlətin qanununu pozasan. Nə ixtiyarın var? Deyirlər ki, bunların özlərinin elektrik stansiyası var. Tutaq ki, elektrik stansiyan var. Amma sən o verilişi verəndə şəhərdəki həmin o «gecə quşları»,- gecə saat 2-3-ə qədər sizin verdiyiniz bəzi filmlərə maraq göstərirlər,- axı televizorları işlədirlər. Televizorları işlədəndə də enerji gedir".

Cəbhəçiliyin mütəəssir edici tərəfi haqda

Bu gün qəlbimizi fərəhlər dolduran bir hadisədən danışmaq istəyirəm. Siftə, sizi dəvət edirəm Gozel Bayramlinın, İlham Ilham Huseynlinin profilinə baxasınız. Bu gün Cəbhə rəhbərliyi bütün AXCP üzvü olan məhbuslarımızın ailəsinə baş çəkib bayramlaşdı.
Belə baxanda adi hadisədir, eləmi?
Amma siz "belə baxmayın". Siz bu hadisəyə siyasi məhbusların, onların ailə üzvülərinin, bu ailələrinin qohum qardaşının gözü ilə baxın.
Gözəl xanım, AXCP RH üzvü İradə Nərmanla Muradın ailəsinə baş çəkərkən
Məsələn, konkret olaraq, öz ailəmizi nümunə verəcəm. Sabirabada bu yayın cırhacırında qonaq getmək, razılaşın ki, Qaxa, Antaliyaya getməkdən çox -çox cəsrətli, fədakar addımdı 
Amma təkcə iqlim çətinliyi deyil ki.
Siyasi məhbus ailələrinin gözündə, dilində bir yığın ifadə olunan, olunmayan suallar olur. Ürək istəyir onların qabağında dayanmağa. Çox yaşadıq belə halları.
Başqa bir önəmli cəhət də var, o mahnıda necə deyilir: sevgilini sınama, sınayırsan qınama. İndi bu alçaq və qəddar rejim biz istəməsək də bizi sevdiklərimizlə çox sınağa çəkdi. Elə sevdiklərimiz də bizlə. Çox təəssüflə deməliyik ki, qınamasaq belə bu ağır sınaqda qohum-qardaşın, siyasətə aid olmayan dostların hamısı salamat çıxa bilmir. Siyasi məhbusun ailəsi bir anda vakkuma düşür. Qohumlar, tanışlar, dostlar yolların bir az o biri məhəllədən salırlar. Mən nə qədər belə adamlar itirdim...
Belə bir məqamda isə daha üstün və xalis dostluq özün Xızır Nəbi kimi yetirir. Bu əqidədaşlardı! Allaha çox şükürlər olsun ki, biz bu sarıdan yarıyanlardanıq. İstər mənim həbsim zamanı (2003), istər qardaşım Muradın həbsi zamanı cəbhəçiləri həmişə "bir addım öndə" görmüşük. Belə çətin anlarda AXCP həmişə üzvlərini mütəəssir tməyi bacarıb. Məhdud imkanlara rəğmən həmişə siyasi məhbus ailələri bu təşkilat üçün başlıca mövzu olub. Siyasi məhbuslarımız həmişə sızıldayan yaramızdı. Bu işi quranlara, icra edənlərə, zəhmət çəkənlərə vəfa borcumuzdu ki, "sağ ol" deyək.
Yaşasın Xalq Cəbhəsi!
Cəbhəçi olmayan dostlar, siz də siyasi məhbusları unutmayın. Onlar bunu haqq etmir.

Bu qeydləri, ötən ilin elə bu günü-17 iyulda Facebookda yazmışam. Dəyişən bir odur ki, Gözəl xanım da şərlənərək həbsə alınıb. Cəbhəçilər isə yenə eyni ritm və əzmlə mübarizələrin, canıyananlıqların davam etdirir.

16.7.17

Xalq Cəbhəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün, 16 iyunda növbədi quruluş günün qeyd edir. Fürsəti qaçırmadan bu köşəni oxuyan, oxumayan bütün cəbhəçiləri, bu adın ülviyyətini qoruyan, ucaldan insanları təbrik edirəm!
AXCP bizim siyasi tarixin çox ciddi elementidir, məni tərəfkeşlikdə ittiham etməsəniz, hətta deyərdim bazisidir. Bunu bir dəfə yazmışam, yenə təkrarda qüsur görmürəm: Xalq Cəbhəsi yeganə təşkilatdır ki, onunla bağlı hər bir ailənin danışa biləcəyi özəl bir hekayəti var, özü də müsbət mənada.
Xalq Cəbhəsi yarandığı gündən üzü bəri ağır mübarizə yolu keçən, bir gün də susmayan bir təşkilatdır. Mübarizə əhval-ruhiyyəsinin sönük olduğu günlərdə də, təslimçilik ovqatının bütün cəmiyyəti ilfic etdiyi vaxtlarda da bu təşkilat bir an belə, tənəffüsə çıxmayıb. Bunun bariz nümunəsi ilin bütün vaxtlarında bu partiyadan siyasi məhbusların olmasıdır.
Xalq Cəbhəsinə uzun illər olmazın iftiraları atıldı, böhtanlara tuş gəldi, xalqın etimadını bu təşkilatla bağlı sındırmağa çalışdılar. Bunlar boşuna getdi, “yel qayadan nə aparar ki” yazmıram. Çünki bu qaya təkcə yellə qarşılaşmırdı ki… Onun sinəsinə çox külünglər, baltalar saplanırdı. Ancaq AXCP-nin mətin duruşu bu zərbələrdən daha əzəmətli, cazibədar görünüş aldı. Eynən qaya parçası sinəsinə döyülən külünglərdən sonra gözəl bir heykələ, abidəyə çevrildiyi kimi
Bütün bənzətmələr kimi qaya-dağ bənzətməsi də qüsurludur. O baxımdan ki, Xalq Cəbhəsi bu gün heykəl kimi donuq, hərəkətsiz təşkilat deyil. Əksinə, bütün ölkə boyunca həyata keçirilən heykəlləşmə, bütpərəstlik siyasətinə qarşı aktiv siyasət aparır.
Jurnalist fəaliyyətim dövründə cəbhənin necə böyük fenomen olduğuna praktik olaraq şahid oldum. Birincisi, ölkənin (hətta dünyanın) harasına gedirsən get, cəbhəylə tanışlığın varsa, səni nabələdlik təhlükəsi gözləmir; azca səs salmağın kifayətdir ki, cəbhəçilər səni qarşılasın, əziz qonaqları etsin, səfərlə bağlı bütün ağla gələn və gəlməyən problemlərini çözsün.
Cəbhəçiləri tanımağın bir vacib üstünlüyü də var. Biz jurnalistlər ölkədəki problemləri öz adı ilə çağıran, cəsurcasına danışan müsahib tapmaqda həmişə əziyyət çəkmişik. Qabaqlar bu lap çətin idi, indilərdə qorxu adamların canından çıxdığından, danışanlar çoxalır. Hə, bax, o çətin günlərdə bir cəbhəçi tapmaq kifayət edirdi ki, necə deyərlər, xalqın ürəyindən tikan çıxaran formada problemləri dilə gətirsin, danışsın, susanların fəryadı olsun!
Biz bir dəfə sizinlə doktor Əli Şəriətinin “4 zindan”ı barədə danışmışdıq. “4 zindan” nədir? Təbiət, tarix, cəmiyyət və nəfs. Əli Şəriəti yazır ki, insanın həyatda məqsədi bu dörd zindandan qurtarmaq və beləliklə, özü-özünü yenidən inşa etməkdir! Çox iddialı çıxsa da, mən cəbhəçiləri özlərini yenidən inşa etmiş adamlar kimi görürəm. Bu insanlar özlərini doğrudan da zindandan azad ediblər. Belə tip insan üçün Əliyevlərin zindanı oyuncaqdır, evcikdir. Necə ki, bunu hələ sıravi cəbhəçi olduğu vaxtlarda Səbail məhkəməsində mühakimə olunan Babək Həsənov dedi. Qarabağın qanlı döyüşlərini, qəlpələrini, mühasirəni və morqu görən Babəkə prokuror 3 il iş istəyəndə o, belə də dedi: “Bu, mənə qorxudacaq yox, gülməyimə səbəb olacaq cəzadır”.
Xalq Cəbhəsi belə nümunələrlə doludur. Bu partiyada 19 yaşında həbsə girib mərd-mərdanə hakimiyyətə sonacan meydan oxuyan Cabbar Savalanlı nümunəsi var. Həmçinin pirani yaşında həbsxana divarlarına düşüb indiyədək mübarizədən dönməyən Məşədi Vaqif nümunəsi də…
Müəllif olaraq nümunələrə keçməklə işimi çətinə saldığımın fərqindəyəm. Çünki Xalq Cəbhəsi həyatın ən müxtəlif sahələrində nümunə olan insanların təşkilatıdır.
Xalq Cəbhəsi fərdlər olaraq deyil, həm də bir qurum kimi özünü yenidən inşa edən partiyadır. Obrazlı desək, o, Səməndər quşu kimi yanıb, özünün külündən yaranıb. Etiraf edək ki, Azərbaycanda bu ağır mərhələni Xalq Cəbhəsi kimi keçən, yenilənən ikinci bir partiya yoxdur.
Eləcə də, ölkəmizdə Xalq Cəbhəsi kimi 7 ildir qərargahsız qala-qala, siyasi arenanın ən ciddi tədbirlərini keçirməyi bacaran ikinci biri yoxdur!
Heç sədrinin 8 ildir ölkədən çıxışına imkan verilməyən ikinci bir partiya da yoxdur! Yeri gəlmişkən, AXCP-nin birinci sədri də 4 il faktiki ev dustaqlığında yaşayıb.
Qadın üzvləri belə, həbsxana həyatı görən partiyadır, Xalq Cəbhəsi!
Icəzəli-icazəsiz aksiyalarda fədakarlığı, qorxmaz mübarizliyi ilə seçilənlərin partiyasıdır AXCP!
Ali qurumlarında, partiyanın sükanını əlində saxlayanların arasında keçmişi, bu günü ilə bağlı zərrə qədər kölgəli məqam buraxmayan partiyadır AXCP!
AXCP-nin bugünkü görkəm və fəaliyyətində sədr Əli Kərimlinin danılmaz rolu var. “Onun sayəsində partiya bu günlərə yetişib” desək, yəqin ki, yanılmarıq. Əli Kərimlinin səbatlı və düzgün siyasəti nəticəsində, fikir verirsinizsə, Xalq Cəbhəsinin bu gün siyasi meydanda hakimiyyətdən başqa heç kimlə problemi yoxdur. Bu, çox ciddi amildir: birincisi, hədəfdən yayınmırsan; ikincisi, qüvvəni lazımsız yerə xərcləyib əlavə cəbhə açmağa şans vermirsən.
Deyirlər ki, düzgün diaqnoz xəstəliyi sağaltmağın 70 faizidir. Bu baxımdan əsas hədəf kimi rejim, lap konkret, onun birinci şəxsi Ilham Əliyevi seçməklə AXCP ölkə üçün dəqiq diaqnoz qoyub. Heç kim dana bilməz ki, bu partiyanın üzvlərinin Ilham Əliyevin siyasi sima olaraq, leksikondan adının silinməməsində böyük rolu var. Bəziləri “iqtidar”, “hökumət”, “yuxarı eşelon” kimi ümumi sözlərlə tənqid edəndə, biz cəbhəçilərin dilindən həmişə “Ilham Əliyev” adını eşitdik. O da danılmazdır ki, bu, birbaşa Əli Kərimlidən sirayət edən hal oldu.
Sonda… Ad günü üçün münasib olmasa da, bəziləri Xalq Cəbhəsində şəxsiyyətə pərəstişin olduğunu pünhan şəkildə də olsa, deyir. Bir əks-arqument yazım, qaneedici sayılmasa, gələn yazılarda davam edək. Şəxsiyyətə pərəstişin ən vacib elementlərindən biri portretlərdir. Nasist Almaniyasından üzü bəri bütün avtoritarlar fotoları ilə gözləri yağır etməklə, həm də şüuraltıları zəbt etmək istəyib. Siz diqqət edin və yaddaşınızı vərəqləyin: Xalq Cəbhəsinin qəsb olunan qərargahında Əli Kərimlinin fotosunu görmüşdünüzmü? Bəs hər hansı rayon qərargahlarında onun portreti varmı?
Bu, sizi şoka salmasın, Əli Kərimlinin sədrliyi ilə keçirilən heç bir qurultayda belə, onun portreti olmayıb.
Cəbhəçiləri gözləyən bütün döyüşlərdə qələbə arzusu ilə…

(Bu məqaləm "Azadlıq" qəzetinin 15 iyul 2013-cü il tarixli sayında "Xalq Cəbhəsinin sirri" başlığı ilə dərc olunub)

5.7.17

Elçibəyin Bəxtiyar Vəhabzadəyə hiddətlənməyi

1998-ci il idi.
Hakimiyyət o vaxt da “Azadlıq” radiosunun yayımına problem yaratmışdı. Buna etiraz olaraq, bir qrup müxalif gənc aclıq aksiyası keçirirdi.
Aclıq aksiyasının urvatdan düşməyən vaxtları idi. Geniş ictimai rezonans yaranmışdı. Hakimiyyət aksiyadan çətin duruma düşmüşdü. Vəziyyət tələb edirdi ki, aksiya hansı yolla olursa olsun, dayansın. Belə bir ərəfədə Bəxtiyar Vahabzadə çıxıb gənclərə aksiyanı dayandırmaq haqda çağırış etmişdi. Bax, bu hadisədən çox az sonra ömrümdə ilk dəfəydi ki, Əbülfəz Elçibəyin bərk əsəbiləşdiyin gördüm.
Bəy universitet cəbhəçilərilə görüşürdü, zal tədbiri idi. Söz aclığa və məlum çıxışa gələndə Əbülfəz bəy sərt dillə Bəxtiyar Vahabzadəni tənqid etdi və maraqlı bir fikir işlətdi. Maksimum çalışacam ki, təhrif etmədən yazım: “Indi Bəxtiyar timsah kimi göz yaşı tökür, çağırış edir. Gənclər niyə beləsini eşitməlidir? Mən deyirəm ki, eşitməməlidir. Bilirsiniz, Bəxtiyar tək deyil, indi çoxları belə edir: demokratiyaya, azadlığa aid bir-iki şey yazıb sandığa atırlar, sonra da gedib hökumətə yarınırlar. Belə adamlar o sandıqda saxladıqlarına arxayındılar ki, sabah vəziyyət dəyişəndə onları göstərib desinlər, ”bax, belə-belə işlər görmüşük”. Bu keçməz. Bəxtiyar gənclərə çağırış etməmişdən əvvəl problemi yaradanlara sözünü desin”.
Bu uzun qeyd-xatirəyə ona görə ehtiyac duydum ki, seçki ərəfəsi bəzi buqələmunlar “sandıq ədəbiyyatı” ilə insanları çaşdırmaq istəyir. Bəziləri vaxtilə Elçibəylə foto çəkdiriblər, Heydər Əliyevin zəif düşən vaxtlarında rejim əleyhinə bir-iki yazı yazıblar, indi isə hakimiyyət mətbuatında oturublar, işləri də müxalifəti gözdən salmaq, müxalifətin öndə gedən isimlərinə böhtan atmaqdı. Belələrini dindirən kimi, Bəy deyən o “sandıqları” işə düşür. Ay “mən filan vaxt hökumətdən yazanda sən heç yox idin; mənim onda yazdıqlarımı çəksən, səndən ağır gələr”…
Keçməz belə şeylər, qardaşım, keçməz. Birincisi, əlbəttə, şərəfli keçmiş ehtiram duyulası hadisədir. Heç kimin keçmiş xidmətləri danılmır. Əksinə, keçmişdə müxalifətçi, indi isə nala-mıxa vuranlar başa düşməlidir ki, onlara yönələn ictimai qınaq əslində, onların keçmişinə hörmətdən irəli gəlir. Niyə anlamırsız ki, əslində, insanlar sizin keçmişinizi uca tutur, oradan yuvarlanmanızı qəbul etmək istəmir və buna görə tənqid olunursunuz.
Ikincisi, bu vacib bir sualdır: keçmişdə yazmısan, sağ ol, bəs indi niyə yazmırsan? Axı bu qələm elə şeydir ki, illər onun xeyrinə işləyir. Getdikcə insan daha peşəkar yazmağı öyrənir, yeni vərdişlər əxz edir.
Bəs niyə qələminizi dincə qoymusunuz? Allaha xatir, heç siz qələminizi dincə də qoymamısınız axı… Elə bir ucdan Milli Şuranı, cəmiyyətdə yenidən dirçələn anti-rejim təşəbbüslərini baltalayırsınız, ruh düşkünlüyü yayırsınız. Ən pisi də odur ki, bunu müxalifət libasına bürünərək, müxalifət təəssübkeşi kimi görünərək edirsiniz. Halbuki, dövran, zəmanə indi əli qələm tutan hər kəsdən gerçək ziyalı mövqeyi tələb edir, xalqı taqətdən salan, onun ləyaqətini puç edən, insanlarımızda şücaət duyğularını məhv edən hakimiyyətin ifşa, onun yaramaz əməllərinin tənqid olunmasını istəyir.
Dünyanın harasına baxırsınız, baxın, jurnalistin əsas işi tənqiddir, hökumətin yuxusunu ərşə çəkməkdir. Yoxsa, bəziləri elə sanır ki, müxalifət daxilində bir pürçüm tapıb onunla midillənmək qəhrəmanlıqdır, buna görə oxucu ona hörmət də bəsləməlidir. Bu olmayacaq, ya pəhriz saxlayın, ya da tutma yeyin.
( "Azadlıq" qəzetinin 13 avqust 2013 sayındakı "Bilirsən mən o vaxt nələr eləmişəm" adlı məqaləm)

Amerika!



Bu gün (04 iyul) ABŞ-da İstiqlal Bəyannaməsi imzaladığı gündür, bayramdır. İlk başdan ABŞ-da yaşayan bu günün haqqın verən dostlarımı təbrik edirəm.
İstiqlal Bəyannaməsi çox möhtəşəm sənəddir, şübhə eləmirəm ki, Amerikaya müxtəlif səbəbdən ən neqativ münasibət göstərənləri də bu sənəd ehtizaza gətirmək gücündədir.
Bu sənəd dünyanın çox bədbəxt cəmiyyətləri, çarəsizlik içində baş yoran ictimai fikir sahibləri üçün mayak rolun oynayıb, oynamaqdadır.
Amerika böyük dövlətdir, dövlətlər birliyidir (Bizim dildə ştat deyilən, şey- state elə dövlət deməkdir. Ona görə türklərin ABŞ-a Birləşik Dövlətlər deməsi, daha uyğun gəlir). Hər ştatın özünə görə qanunları, qaydaları, çox fərqli infrastrukturu, təbiəti var (təməl qanunlar vahiddir, buna söz yox). Bu baxımdan, həmişə ABŞ barədə ümumiləşdirici fikirlər söyləyəndə ehtiyatlı olmaq lazımdı, belə də kobud səhv etmə ehtimalınız böyükdür.
ABŞ-a "imkanlar və azadlıqlar" ölkəsi deyirlər. Dəqiq təsvirdir. Bura onların himnində əks olan "cəsur adamların torpağı" da əlavə edilməlidir. Amerikanlar çox çalışqan, açıq fikirli, yeniliyə aşırı ac camaatdır. Tənqidə layiq cəhətləri varmı. N qədər. Amerikanların başqalarından fərqi ondadır ki, tənqidi yönlərin gizlətmirlər, onlar barədə özləri hamıdan gur danışar. Təkcə, bu faktı xatırlatmaq yerinə düşər ki, ən böyük anti-amerikan və anti-qlobalist alim Noam Xomiski ABŞ-da məşhur universitetdə dərs keçir (Xomiski bir il olmaz euronews müsahibəsində açıq mətnlə "ABŞ quldur dövlətdir" demişdi). Nə əcəbsə, hələ cibindən xatalı şeylər də tapılmayıb.
Bizim dostlarımızın anti-amerikan damarı tutanda "onlar yerli xalqı qırıb ora sahib olublar" deyirlər. Bu faktdırmı. Faktdır.
Bəs ABŞ-ın dünyanın müxtəlif yerlərində ordusunu müharibəyə cəlb etməsi, dinc insanların ölümünə bais olması? Bəli, bəli bunlar da faktdır. Özləri də danmırlar. Lakin, bir şey var. ABŞ bu tənqidi cəhətlərin, təkrar edirəm, amerikanlar özləri daha sərt formada tənqid edə bilir. Başqa bir yandan, ürək ağırısı ilə desək də, bu dünyanın acı reallığıdır. Siz tarixin istənilən mərhələsin götürün: hansı bir qüdrətli dövlətin təməlində, qan, qada, istila olmayıb? Hətta, müqəddəs sayılan dövlətlərdə belə olubdu. Ancaq onlardan Amerikanın başlıca və əhəmiyyətli fərqi ondan ibarətdir ki, ABŞ öz daxilində hüququn aliliyini mümkün olan ən yüksək səviyyəyə çatdırıb. Bu gün normal amerkanlının heç biri özünü ölkə başçısından əskik saymır. Özünü tam hüquqlu, azad amerikalı sayır. Biz ancaq onu arzulaya bilərik ki, ABŞ daxilində olan bu harmonik, qanuna və ədalətə əsaslanan yanaşma onun xarici siyasətinə də təcəlla etsin.
Mən ABŞ-da 3 ay yaşamışam. Düzü ora gedənə qədər, Qorkinin " Sarı Şeytan" əsərinin təsiri altında idim. O əsəri oxuyanlar bilir, çox amansızdı. Qorki ki Qorki. Bizim yazarların sözü ilə desək, ABŞ yıxıb sürüyüb. Mənim səhvim ondan ibarət idi ki, əsərin yazıldığı tarixi və ondan üzü bəri keçən zamanı nəzərə almamışdım. Praktika onları mənə aydınlatdı. Sizə də nəsib olsun.
Ancaq, bu gün də ABŞ polisi barədə qəlbimdə düyünə çevirilən bir hekayət var. Bayram günü bunu xatırlamaq yerinə düşməsə də. Qorkidən sonra, ABŞ barədə qəzəbli düşüncələrim Maykl Ceksonun Ameikan polisində başına gətirdikərin izləyərkən yarandı. Ona doğrudan da polisdə qeyri-insani davranıblar, zülm ediblər. Hələ də bilmirəm o vəhşiliyi edən polislər sonra cəzalanıb ya yox.
Xülasə, uzunçuluq edirəm. ABŞ-da olmaq əsgərlikdə olmaq kimi bir şeydir. Danış ha danış, xatirələri bitməz.
Ad günün mübarək, ABŞ