2.6.17

Tarixə, yoxsa şaha ethiram?

Deputat Rəbiyyət xanım Aslanova Şərin böyük müdafiəçilərindən biridir. Deputatdır, parlamentdə insan haqları komissiyasına rəhbərlik edir. Parlamentin son iclaslarında bu xanım Azərbaycan tarixinə ehtiram göstərməklə bağlı elə bir fikir işlədib ki, adam naşı olsa, gedib ətəyində namaz qılar.
Deputat Aslanova həmkarı Nəsib Nəsiblinin Quba xanını xəyanətkarlıqda suçlamasına cavab olaraq, onu keçmişi baltalamaqda günahlandırıb.
“Keçmişə kölgə salırıq, ona qiymət verməyi bacarmırıq.
Azərbaycanın hər bir xanı, şahı bu dövlət üçün çalışıb. Amma onların nə qəbirləri var, nə də yadigarları",- bunlar Rəbiyyət xanımın sözləridir. Bunu da əlavə edim ki, deputat Aslanova Bakıda qüdrətli sərkərdələrin heykəllərinin azlığından da şikayətlənib.
Rəbiyyət xanımın yuxarıdakı çıxışı ilə tanış olandan sonra tam arxayınam ki, o, məsələn, günlərin birində qalxıb, şəxsən məni ABŞ-Iraq müharibəsini törətməkdə, Kürün daşmasında, Eynulla Fətullayevi türməyə salmaqda ittiham edə bilər. Bu situasiya tam gözləniləndir.
Axı “keçmişə qiymət verməyi bacarmırıq” deyən adamdan başqa nə gözləyəsən? Kimdir keçmişə kölgə salan? Rəbiyyət xanım bilmirmi ki, müdafiəsində durduğu hakimiyyət Azərbaycanda keçmişi, bu günü və gələcəyi 1969-cu ildən hesablayır?
Heydər Əliyevin ilk dəfə Azərbaycanda hakimiyyətə yiyələndiyi 1969-cu il bizim ölkədə tarixin başlanğıcı sayılır. Ondan əvvəl Azərbaycanda sanki daş dövrü də olmayıb.
Azca keçsin, görəcəksiniz, tarixçi Yaqub Mahmudlu Azıx mağarasından tapılan neandertalın çənəsinin də hansısa YAP-çıya məxsus olduğunu yazacaq.
Keçmişə kölgə salmaq olmaz, doğrudur, bəs bu günə olarmı? Azərbaycanın ən parlaq şəxsiyyətlərini, bu dövlətin formalaşmasında baş verən ən ciddi hadisələri ört-basdır edən sizin hakimiyyət deyilmi?
Ötən həftə Beyləqanda Rəsulzadənin abidəsini torpağın altından tapdılar. Bunu yad planetdən gələnlər etməmişdi.
2000-ci ildən BDU-da Rəsulzadənin büstü yoxa çıxıb. Bu abidəni də yox edənlər “tarixə ehtiramla yanaşan” yapistlərdi.
“Azərbaycanın hər bir xanı, şahı bu dövlət üçün çalışıb” - nə gözəl səslənir deyilmi?.. Bu fikri Azərbaycanda yorulmadan bərqərar olmasına çalışılan monarxiyanın aktivinə hesablanan cümlə kimi qiymətləndirirəm. Yoxsa, bu necə məntiqdir: şahlar, xanlar Azərbaycan üçün çalışıb, amma şah və xanlardan sonra bu dövlətə rəhbərlik edənlərin hamısı xain və xalq düşmənidir?
Bilməyənlər üçün xatırladaq: Rəbiyyət xanımın vəkilliyini etdiyi hakimiyyət Azərbaycanın müstəqillik aktını imzalayan birinci prezident Ayaz Mütəllibovu Bakıya dönməyə qoymayan hakimiyyətdir.
Bu, Azərbaycan Xalq Cümhuriyyəti qurucularına həqarətlə yanaşan bir hakimiyyətdir. Rəsulzadənin adı keçən hər nə varsa, onu silib atmağa hazır olan bir hakimiyyətdir. Azərbaycan torpaqları uğrunda döyüşən insanları həbslərə dolduran, yenidən müstəqilliyini qazanmasında iştirakçı və təşkilatçı olanları sındıran, əzən onlara aqressiya göstərən hakimiyyətdir.
Başa düşürəm ki, heç kimə danışmağı qadağan etmək olmaz. Rəbiyyət xanıma da eləcə. Amma nə edəsən ki, hər danışılan sözü də eşidib boşa ötürmək olmur. Indiki kimi...
("Azadlıq" qəzetinin 2010-06-02  sayındakı məqaləm)