17.6.17

Prezidentin bacısı ilə dəlisov bir konfliktim barədə

Heydər Əliyevin bacısı-Rəfiqə Əliyeva mənin müəllimim idi. BDU-da. Analitik kimyadan seminar aparırdı. İndicə xəbər tutdum ki xanım vəfat edib. Bu gün qırxı imiş.
Dövlət Agentliyi mərasim barədə belə bir cümlə işlədib.
"Akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verib". Güman edirəm ki, agentlik bunu bizdə olan ənənəyə əsasən (ölünün dalıyca danışmazlar) işlədib. Çünki, düzün demək gərəkdirsə, olsun ki xanım kimya elminin inkişafına nəsə töhfə verib, amma biz tələbə olaraq o lütfdən məhrum olmuşuq.
Bəlkə də, mərhumə bizi adam yerinə qoymurdu deyə, elmin cövhərlərin bizə göstərməyə gərək bilmirdi. Bizim dərs prosesimiz belə keçirdi: Müəllimə bir qayda olaraq, 2-3 dərsdən bir auditoriyaya təşrif buyururdu. Onda da, dərsin əhəmiyyətli hissəsi onun hüzuruna səcdəyə gələnləri qarşılamağa gedərdi. Müəllimlər, müəllimələr bizim üçün ayrılan vaxtı öz şəxsi -təsərrüfat qayğılarını, bəziləri isə yaltaqlıq ehtiyacını qarşılamaq üçün istifadə edirdi. Allah tərəfi, bu prosesdən tələbələr də məmnun idi. Axı vəsfi kimya uşaq-muşaq işi deyil, belə işgəncədən biz xilas olmuşduq.
Mənim "bəxtim" lap gətirdi. Yüngülvari xuliqanlıq üstündə (tamami ilə qeyri-siyasi) mərhumə məni auditoriyadan qovdu və dedi ki "dəli olmamağın barədə arayış gətirməyincə səni dərsə buraxmayacam". Mən də heç bu işin dalıyca getmədim. Öz ağılımın təsdiqini azərbaycanlı həkimlərə ehtibar edəcək qədər çıldırmamışdım.
Xülasə. Vədə tamam oldu. Mürəkkəb və mənim üçün konflik mənbəyinə dönən fənndən zaçot vaxtı yetişmişdi. Zaçotu götürən Dəmir (deyəsən Qəmbərov) adlı müəllim idi. Təbii ki, mənə məqbul yazılmadı. Amma tale mənə bu dəfə də çox dramatik formada şans tanıdı.
Bir gün eşitdik ki, bu Dəmir müəllimin ad günündə balıqdan zəhərlənmə olub və qadın müəllimələrdən biri fani dünyaya əlvida deyib. Mən də jurnalist!
Bu dəfə zaçot da yox, imtahanı Dəmir müəllimdən mən götürəsi oldum. Dedim, ey hörmətli müəllim, niyə camaatın balasın bədbəxt etməklə məşğulsan?
Dəmir müəllim muma döndü, pilə kimi oldu. Dedi, oğul, vəziyyət çox çətindi. Mərhumə müəllimin ailəsi ilə zor anlar yaşayıram. Bəlkə, sən o qələmini saxlayasan?! Yazacaqsan, aləm lap qarışacaq. Etməgil!
Dedim, müəllim, mən yazmasam da, bunu kimsə yazacaq, yaxşısı budur sən özünü İlham Mirzəyevin verlişindəki kimi ifadə elə mən də onları sədəf kimi töküm qəzet səhifələrinə. Belə də elədik. Təbii, Dəmir müəllim həmən də daşı ətəyindən töküb qiymətimi yazdı.
Beləliklə mən bir böyük qurban hesabına düçar olduğum, mənasız və böyük intiriqadan, eləcə də, o qorxulu arayışı almaq məşəqqətindən xilas oldum.
Yeri gəlmişkən, Dəmir müəllim də nakam ölüb gedib.
Allah bütün ölülərlə əməllərinə adekvat formada rəftar eləsin. Amin.