19.6.17

İlham Əliyev üçün xoşbəxtlik düsturları

“Varlılar da ağlayır”. Cənubi Amerika öz teleserialları ilə təzə-təzə ölkəmizə ayaq açanda göstərilən seriallardan birinin adı belə idi. Bir çox şəkkaklar inkar etsə də, varlılar doğrudan da ağlayır. Yəni, bu sadəcə film adı deyil. Varlıların saysız bəxtsizliyi, ürək parçalayan həyat hekayətləri var. Axşam oturdum, qabağıma bir kağız-qələm qoyub araşdırma apardım. Araşdırma mövzum bir sadə sual ətrafındaydı: Bizim ölkənin bir nömrəli varlısı Ilham müəllimin bəxtsizliyi nədir, hansılardır? Uzun və qara bir siyahı alındı. Az qaldı dərddən ürəyim dayansın. Sadalayım.
Onun bəxti olsaydı, qədim Roma imperiyası zamanında doğular və azman bir quldar kimi həyata vəsiqə qazanardı. Minlərlə qulu hüzurunda əmrə müntəzir saxlayar, könlü istəyəndə onları minər, çapar, anqırdar, kişnədər, mələdər. Həftə sonu qladiator döyüşləri təşkil edib adrenalini yüksəldər, məğlub olan qladiatorların qaraciyəri, ürəyini çıxartdırıb onlardan zəngin kolleksiya yaradardı.
Ilham müəllimin şansı, bəxti güclü olsaydı, məsələn, Koroğlunun dəlilərindən biri kimi dünyaya gələrdi. Bəh-bəh, necə gözəl olardı. Nə iqtisadiyyatı düşün, nə müxalifət qəzetlərinin yazısından qanın qaralsın, sıra dağlar, gen dərələr, Koroğlu sazdan çalsın, sən də basdığın karvandan qarət etdiyin sərvətləri pay-püş et...
Lap qədimləri belə düşündüm. Ilham müəllimin də biganə qalmadığı siyasi rəhbərlərdən biri “insan yoxdursa, problem də yoxdur” demiş. Nə xoşbəxtlik olardı, əlahəzrət təkamül prosesində formalaşan ilk insan olardı... Külli kainatda bir sənsən, bir də ana təbiət. Yer kürəsinin tək və analoqsuz sahibisən, ətrafında da bir adam və deməli, bir problem belə yox. Bax, buna deyərdim, 100 faizlik xoşbəxtlik.
Ilham müəllim uca Himalayın ətəyində bir Quru da ola bilərdi. Quru Hinduizmdə müqəddəs Vedaları təlim edən ustaddır. Niyə Quru dedim, izah edəcəyəm. Bizim üçün sirr deyil ki, əlahəzrət onun qabağında söz deyənləri, onun işlətdiyi fikri şübhə altına salanları sevmir. Bu cür situasiyaya düşmək, bir sözlə, onluq deyil. O xoşlayır ki, dediyi hər söz şəkk-şühbəsiz, azacıq belə təftiş olunmadan qəbul edilsin, həyatda tətbiq olunsun. Quru postu bu istəkdə olanlar üçün ən münasib deyilmi?
Hinduizmin əsas prinsiplərindəndir: Tələbə Vedanı Qurunun ayaqları altında oturaraq öyrənməli, qətiyyən və qətiyyən onun dediklərinə şübhə etməməlidir. Bu təlimə görə Quruya şübhə etmək, öz atanın kimliyinə şühbə etmək kimi ayıbdır. Indi razılaşırsınızmı, Ilham müəllim Quru olsaydı necə xoşbəxt olardı?
Sizə deyim ki, Quru olsaydı, Ilham müəllim orqanizmə ziyanlı olan ət kimi qidalardan da uzaq olacaqdı. Bu isə ona xolesterolsuz, təzyiqsiz, ürək qüsurlarından xali orqanizm bəxş edəcəkdi...
Nəhayət, Ilham müəllimin bəxti güclü olsaydı, o, Azərbaycanda preizdent olmazdı. Bir ölkədə ki, Bədrəddin Quliyev adlı insan partiya sədri, əhəd abıyev adlı məxluqsa deputatdır, orda prezidentliyin nə zövqü-səfası? Hələ sənin bütün çabalarına baxmayaraq ağızını yummağı bacarmadığın müxalifətin varsa, işlər rəvan ola bilməz.
Amma bəxti gətirmiş o adamdır ki, o, Arfikanın hansısa adını bilmədiyim ölkəsində rəhbərdir. Və kefi istəyəndə müxalifətçiləri doğrayıb soyuducuya yığa bilir, ən əziz qonaqlarına müxtəlif əzalardan dolma və kotlet bişirtdirib ziyafət düzəldir.
Eh... talesizlik, onu seçmək nə bizlik, nə də Ilham müəllimlikdir - necə deyərlər, kader utansın...
("Azadlıq" qəzetindəki 20 may 2010 tarixdəki məqaləm)