19.6.17

"Heydər baba, min yaşa"!- Amansız təklif

Tutaq ki, siz orta məktəbdə direktor əvəzisiniz və əvəzləmədən təngə gəlib direktor olmağa qərar vermisiniz. Istəyinizi reallaşdırmaq üçün Azərbaycanda apaydın iki yoldan birini seçməlisiniz: ya yaşadığınız rayonun təhsil şöbəsi müdirini görməli, ya lap yuxarılardan bir dayday tapıb ona əhəmiyyətli adamlara zəng etdirməyə məcbursunuz.
Uzun illərdir Azərbaycan bu qayda ilə idarə olunaraq çiçəklənən diyara, analoqsuz ölkəyə çevrilmişdir. Lakin, lap qədimlərdən bəllidir ki, bütün cəmiyyətlər bəzən elə başqalarının tapdadığı yolla getməkdən imtina edən, özünə təzə cığır açan insanlar yetişdirmək qüdrətindədir. Onlardan birini, mən onu novator adlandırardım, sizə təqdim etmək fikrindəyəm.
Arzuman Əliyev - Masallı rayon Qızılağac kəndindəki 2 saylı orta məktəbin direktor əvəzidir. Təbiidir ki, əməlisaleh müsəlman kimi Arzuman müəllimin də ürəyi direktor olmaq təşnəsiylə qovrulub yanır, amma yuxarıda qeyd etdiyim kimi, tapdanmış yolla yürümək istəmir.
Istedadına, uzun illərdən bəri topladığı pedaqoji bilik və bacarığa güvənən qocaman müəllim analoqu olmayan metodla direktorluq kürsüsünü ələ keçirmək astanasındadır. O, bu işi “Ədalət və Həqiqət” qəzetində (22 may, 2010) çap etdirdiyi 5 bəndlik şeirlə aşıracaq. Şeirin bədii məzmunu haqqında peşəkar ədəbiyyatçılar qərar verər, mənimki müəllimin şeirdə toxunduğu siyasi və ictimai əhəmiyyət kəsb edən fikirlərlədir.
Şeir “Heydər baba, min yaşa” adlanır. Yəqin, heç kimə qaranlıq qalmadı ki, şeir 2003-cü ildə əbədiyyətə qovuşan keçmiş dövlət başçısı Heydər Əliyevə həsr edilib.
Göründüyü kimi, qocaman müəllim təbiətə qarşı üsyan qaldırıb, inqilabi iddiada bulunub. Insandan 1000 il yaşamaq tələb etməyin özgə anlamı yoxdur. 7 il öncə fani dünyadan köç etmiş birindən bunu istəmək isə insanın ya yumor hissinin ifratlığından, ya da təbiət, cəmiyyət qanunlarını vecinə almamasından, onlarla hesablaşmamasından xəbər verir.
Mən bir insan görürəm, millətimin başında,
Uca bir dağa bənzər, yetmişaltı yaşında,
O, gül-çiçək bitirəcək vətənimin daşında,
Millətim üçün yaşa, Heydər baba, yüz yaşa.
Diqqətli oxucular sezdi ki, şerin başlığı ilə ilk beyt arasında bir təzad var. Başlıqda ulu öndərdən min il yaşamaq tələb edildiyi halda, şair-müəllim sanki təbiətlə kompromisə gedərək tələbini 10 vahid azaldıb yüzlə kifayətlənib.
Birinci bənddən o da görünür ki, bu şeir mərhum dövlət başçısının 76 yaşında yazılıb. 12 ildən sonra o şeiri ilk dəfə çap etməklə qocaman müəllim həm öz çevikliyini, həm də yaradıcılığının necə aktual olduğunu nümayiş etdirib.
...xalqımın ürəyidir, qəlbində vuran ürək
Xoşbəxt sabahlar üçün, biz bu qəlbdə birləşək.
Millətim üçün yaşa, Heydər baba, min yaşa.
Diqqətli oxucular sezdi ki, ikinci bənddə şair-müəllim yenidən min il yaşamaq tələbini səsləndirir, əfsuslar olsun ki, yerimiz az olduğundan təqdim edə bilməyəcəyim sonuncu bənddə o, yenidən Heydər baba üçün yüz il ömür diləyir.
Şairlərin hərdəmxəyal olması məşhuri-cahandır, amma taleyüklü və kifayət qədər ciddi siyasi mövzuda hörmətli müəllimin yüz, min arasında vurnuxması, qeyri-korrekt mövqe nümayiş etdirməsi, sabitqədəm olmaması acı təəssüf doğurur. Adam oturub nə istəyini dəqiqləşdirər, ondan sonra qələmə sarılar da... Yoxsa bir bənddə yüz, o biri bənddə min istəyəndə adam Əli aşından da olur, Vəli aşından da...
Birinci bəndlə ikinci arasında uyuşmamazlıq daha fəlakətli siyasi səhv sayılmalıdır. Diqqət yetirin, ikinci bənddə H.Əliyev ürəyə, birincidə isə dağa bənzədilir. Şairin təqdimatından belə çıxır ki, H.Əliyev daşlaşmış ürəkdir. Qocaman müəllim kələfin ucunu itirərək həm də yazır ki, bu daşlamış ürək müştərək (xalq və Heydər Əliyevin) ürəkdir. Sivil dünya insanın şəxsi həyatına qarışmağı qadağan etdiyi bir zamanda Arzuman müəllimin 9 milyon vətəndaşın anatomik orqanlarına müdaxilə etməsi, onlar haqqında qərar verməsi siyasi təhlilçilərin şərhindən kənarda qalmamalıdır.
Nəsə, heyf, yer bitir, söz verirəm ki, qocaman istedadın yaradıcılığına növbəti yazılarımın birində qayıtmağa çalışacağam. Ümidvaram ki, ölkənin təhsil ictimaiyyəti də şair-müəllimin şeirinə biganə qalmayacaq.
("Azadlıq" qəzetindəki 28 may 2010 tarixli məqaləm)