Zülm və Quran

"1917-ci il fevral inqilabı nəticəsində çar taxtdan devrildi. Çar üsul-idarəsinin valiləri, polis xidmətçiləri və başqa bu kimi məmurlar Azərbaycandan qaçdılar. Ölkədə hökumət artıq öz nüfuzunu itirdi.
Azərbaycanda kəndlilər bu anarxiyadan istifadə edərək bəylərin və ağaların təsərrüfatlarını əllərindən aldılar, mülkədarların malikanələrini evlərini yandırıb, talan etdilər, əllərinə keçən ağa və bəyləri öldürdülər. Şamxorda Allahyar bəyin təsərrüfatını və evini kəndlilər əhatəyə alıb yandırmaq istəyərkən, Allahyar bəyin arvadı Quranı əlinə alaraq eyvana çıxmış, Quranı açaraq dua etmiş və kəndlilərə - bizi bu Qurana bağışlayın, - deyə yalvarmışdır.
Amma kəndlilərdən biri əlindəki mauzerlə qadına atəş açmış, güllə Quranı dələrək qadının başını parçalayıb öldürmüşdür. Beləliklə, əsrlərlə zülm və istismara məruz qalmış xalqın aldığı bu intiqam zülm və istismarın dözülməzliyinə parlaq bir misaldır".
(c) Hüseyn Baykara, "Azərbaycan Milli İstiqlal Mücadiləsi"