25.5.17

Fironun qulları və Gözəl xanım

Hadisələrin sonrakı gedişatı necə olacaq bilmirəm, ancaq bu sətrlər yazılanda hal-qəziyyə belə idi ki, Gürcüstan Azərbaycan sərhədində Gözəl xanım Bayramlını bizim (bizimmi) hüquq-mühafizə işçiləri saxlayıb.  İki saatdır əldə elədiyimiz bircə informasiya var; xanımın sumkasına “nəsə atıblar”.
Olsun bir azdan bu nəsə nəşəyə dönsün, nüvə başlığına, yaxud da heç nəyə. Gözəl xanımı buraxsınlar və qırımızıca desinlər ki, “nə? Gözəl Bayramlı? Saxlanmaq?...axı burdan heç elə adam da keçməyib”. Mümkündü. İllərdir belə qırmızı yalanlar dövlət siyasətini müəyyən edən adamların dilərində iqrar edilir.
Hadisənin bu hissəsi bizim üçün maraqlı deyil. Bəndənizi bu xoş olmayan xəbər çıxandan bir sual giriftar edir. Çalışıram, gedin bu cəbhəçi xanımı şərləyin əmrin yerinə yetirənlərin psixoloji hallarıdır. Görəsən, bu və buna bənzər şərləmə əməliyyatların yerinə yetirənlər ilk təklifdəcə ağalarına“ləbbeyk” deyirlər, yoxsa, nəm-nüm edənləri də olur? Olana oxşamır. Bu isə özün vətəndaş sayan hər kəs üçün təhlükə və ürəklərimizi qəm edən haldır. Elə o əməliyyatçıların özü üçün də. Neyçün? 
Biz yazılı və şifahi ədəbiyyatdan Firon obrazı ilə tanışıq. Firon bəziləri bir nəfər, bir kimlik saysalar da o özünü allahlığa iddialı sayan Misir padşahlarının ümumiləşmiş adıdı. Günümüzdə
Firon qəddarlığın, zülm və ədalətsizliyin simvolu sayılır. Tövratda heç diqqəti cəlb etməyən, amma mənim üçün hədsiz maraqlı gələn bir nöqtə var Fironla bağlı.
Tövrat (Çıxış bölümü) yazır ki, Musa Allahla ilk təmasa çıxandan sonra tapşırıq alır ki, gedib Fironla görüşsün və məzlum israillilərin Misirdən çıxmasına icazə alsın. Musa deyilən kimi də edir.
Ancaq Firon bundan qəzəblənir, hər dəfə müxtəlif inadkarlıqla maneçilik törədir ki israillilər Misirdən 3 günlük çıxıb Allaha qurbanların kəssinlər. Lakin, Musa peyğəmbər də əl çəkmir, hər dəfə bu xahişi edir. Belə olanda Firon sərəncam verir ki, məsəlçün dünənə qədər israillilər gündə 8 saat işləyirdisə, indən belə 18 saat işləyəcək, dünənkinə nisbətə sabah 2-3 qat çox kərpic kəsəcək.
Belə də olur. İş adına işgəncə artır. Bu zaman görün nə olur, ilginc bir şey.
İsrailli iş icraçıları birbaşa Fironun hüzuruna şikayətə gəlib deyirlər: “ Niyə qullarınla belə davranırsan? Qullarına saman vermirlər, amma “kərpic kəsin” deyirlər. Təqsir sənin adamlarındadır, döyülənsə bizik”.
Bütün müqayisələr qüsurludur deyirlər, mənim gətirdiyim də istisna deyil. Bununla yanaşı mən Tövratın bu hekayəti ilə milli Fironun (hesablamışam, bizdə təxminən 5 firon var) əmr qulları arasında oxşarlıq görürəm.
Fironlarımız keçmişdəki kolleqalarına hədsiz bənzəyir. Xüsusən iddialarında, ambisiya və zülmkarlıqlarında. Ancaq onların qulların müqayisə edəndə, bir az qəliz vəziyyət yaranır. Yuxarıdakı nümunədə gördük. Fironun qulbaşıları heç olmaya özlərində cəsarət tapıb, əmr və tapşırıqların əndazəni aşdığını deyə bilir, hətta daha irəli gedib “təqsir sənin özündədir” bəyanatın verə bilir. Özü də Fironla üzbəüz. Onu da biləsiniz ki, bu haqq sözü dediyinə görə Firon o qulbaşların dərhal nə başın üzüb (rahatca üzə bilərdi, ATƏT-in, ABŞ səfirliyinin olmadığı uzaq keçmişdən danışırıq), nə də cinlərinə nəşə atıb.
Hesablayın, quldarlıqdan üzü bəri nə qədər zaman keçib. Ancaq quldarlıq quruluş kimi süqut eləsə də şüurlarda hələ də hökm edir. Daha kəskin, daha ciddi formada. Yoxsa, bu nə deməkdi ki, Gözəl xanımı, yaxud onun kimi tərtəmiz ictimai-siyasi fəalları qıpqırımızı şərləmək əmiri alan adamlar o işin dalıyca niyə qaça-qaça getsinlər ki?
Məni bu dəqiqə, inanın Gözəl xanımdan çox bu insanların halı qəmləndirir. Gözəl xanım mərd və cəsur qadındı. Bu vaxta qədər həbs də görüb, polis vəhşiliyi ilə də üzləşib, nə sərt polemikalardan da keçib. Yenə həbs edərlərsə, bu qarşı tərəfin alnına yapışan daha bir lənət damğasından başqa bir şey olmayacaq. Bəs, vətəni, xalqı üçün qorxmadan, həyatını riskə ataraq mübarizə edən Gözəlləri şərləyənlər? Onlar heç olmaya qul olduqlarının fərqinə tezliklə varacaqlarmı? Barı Gözəl xanımın bu qəziyyəsi bu baxımdan onlar üçün düşərli olaydı.