30.5.17

Kimə inanaq?

O günlərdə hökumətin öz telejurnalisti rus nazirə Qarabağla bağlı bir sual verdi. Rusun xoşuna gəlmədiyi üçün həmin jurnalisti dərhal və hörmətsizcəsinə işdən qovladılar. Bunu heç kim unutmayıb.
Belə bir şəraitdə ölkəmizdə fəaliyyət göstərən rus təbliğat maşını- "sputnik" saytı əcəb bir məqalə ilə ("Bizə atılan daşlardan bina tikəcəyik") çıxış edib. Müəllif, Ülkər  Abdullayeva xanım yazıb ki, bəs deməzsizmi, biz bu sayt vasitəsi ilə Azərbaycan həqiqətlərin dünyaya çatdırırıq 😄
Lap başda verdiyim nümunə bariz formada göstərir ki, bizim jurnalistlər ( hökumətin təsir dairəsində olanlar) heç öz nəşrlərində, saytlarında, tvlərində istəsələr belə Azərbaycan həqiqətlərindən bəhs edə bilməzlər. Bu cəsarətdə bulunanlara müqəddəs "tərk et" komandası verilir. Hansı sadəlövh inanar ki, Azərbaycan hakimiyyətinin qadağan elədiyi şeyi Putin rejimi bizimkilə lütf edəcək?!
Məlum məqalə bir ecazkar məqamla da tanışlığıma vəsilə oldu. Bir də nə görsəm yaxşıdı? Müxəlif nəşrlərdə hökumətdaxili sirrli rusiyapərəst qüvvələri tənqdi etməklə neçə-neçə meşə zolağının qırılıb səhraya dönməsinə səbəb olan mühərrir eyni şövqlə indi "sputnik"də qərb dairələrini asıb kəsir 😄
Və sonda… Azərbaycanlı müxbirin “Biz ölkəmizin həqiqətlərini “Sputnik” vasitəsilə dünyaya yayırıq” fikrinə, ən tutarlı cavab bü gün (29 may) prezident  Makrondan gəldi. O həmkarı Putinlə görüşdən sonrakı brifinqdə eynən belə dedi: “Sputnik” yalan xəbərlər yaymaqla məşğuldur.
Bunu da əlavə edim ki, E. Makron hələ namizəd olarkən, adıçəkilən saytın qərəzli, birtərəfli və yalan məqalələrinə görə onu  öz seçki qərargahına buraxdırmamışdı.

27.5.17

Onun qibtə ediləcək məqamı

Qorxuram sözlərim aşırı pafoslu görünə, amma ziyanı yoxdu, yazıram. Əminəm, bu gün Azərbaycanda iki nəfər gecəni rahat yatacaqsa, onlardan biri bu gün (26 may) haqqında ədalətsizcəsinə, vicdansızcasına həbs hökmü verilən Gözəl Bayramlıdır. Ona görə yox ki, bəzi arsızların dediyi kimi, “Azərbaycan türmələri Avropa standartlarına uyğun komforta malikdir”…
Bəs niyə?
Ona görə ki, tanıyanlar bilir, şahiddilər – Gözəl xanım dinc bənddə deyildi. O, çoxlarının daşıya bilmədiyi bir məsuliyyəti, yükü özünə yükləmişdi. Siyasi məhbusların halı, onların ailəsi Gözəl xanım üçün həmişə bir ciddi pərişanlıq mənbəyi olub. Yay-qış, cəbhəçi, qeyri-cəbhəçi demədən əksər məhbuslarımızın dili-sözü olub, onlardan yazıb, məhkəmələrini boş qoymayıb. Son dərəcə psixoloji cəhətdən ağır olan məhbus ailələri ilə görüş onun üçün bir ayin halın almışdı.

Bu ailələrin daimi qonaqları siyahısında ilk başda şəksiz Gözəl xanım dayanıb. Hamını dinləyib, hamıya təskinlik, dayaq, ümidgah olub! Bütün cari problemlər, şəxsi qayğılar, təşkilatı işlər və s. onu bu ayindən heç zaman yayındırmayıb.
İndi o, böyük səbr, əsəb, vaxt, enerji tələb edən bütün bu ağır işlərdən uzaqlaşdırılıb. Məsuliyyəti azalıb. O indi dar hücrəsində ürəyi ilə həmsöhbətdir. Və yəqin ki, vicdanı qarşısında hesabat verərək deyir: “Mən bu ölkənin azadlıq və firavanlıq yurduna dönməsi üçün əlimdən gələn hər şeyi etdim! Hər şeyi!”. Bu hesabat hər insana nəsib olmayan, heç bir malın-pulun verməyəcəyi mənəvi komfortdur. Xoş bunu yaşayanların və bu məqamı dərk edənlərin halına.
Bizə təskinlik verən isə bu ola bilər – Gözəl xanım və onunla birgə günahsız məhbəsdə qalanların, eləcə də əsir Azərbaycanımızın azadlığı üçün nəsə edəcəyimizə əhd edək!

Gözəl xanımın həbsi, şərlənməsinin məntiqi belədi: hakimiyyət deyir ki, adımı sizə qoyacam, sizi də yana-yana. Amma bihudədi. Min belə həbs həyata keçirsələr də, insanlarımız oğrunun da, yalançının da, saxtakarın da, dürüst, ədalətli olanların da kimliyini qəşəng bilir. Deyəcəksiniz, nolsun bilir? Bilməyi bu qədər kiçiltməyək. Hər işin başında, siftəsində “bilmək” dayanır. İndi əsas vəzifələrdən biri “Gözəl xanımın işini” bilənlərin bilməyənlərə çatdırması, deməsi, yazmasıdır.

25.5.17

Fironun qulları və Gözəl xanım

Hadisələrin sonrakı gedişatı necə olacaq bilmirəm, ancaq bu sətrlər yazılanda hal-qəziyyə belə idi ki, Gürcüstan Azərbaycan sərhədində Gözəl xanım Bayramlını bizim (bizimmi) hüquq-mühafizə işçiləri saxlayıb.  İki saatdır əldə elədiyimiz bircə informasiya var; xanımın sumkasına “nəsə atıblar”.
Olsun bir azdan bu nəsə nəşəyə dönsün, nüvə başlığına, yaxud da heç nəyə. Gözəl xanımı buraxsınlar və qırımızıca desinlər ki, “nə? Gözəl Bayramlı? Saxlanmaq?...axı burdan heç elə adam da keçməyib”. Mümkündü. İllərdir belə qırmızı yalanlar dövlət siyasətini müəyyən edən adamların dilərində iqrar edilir.
Hadisənin bu hissəsi bizim üçün maraqlı deyil. Bəndənizi bu xoş olmayan xəbər çıxandan bir sual giriftar edir. Çalışıram, gedin bu cəbhəçi xanımı şərləyin əmrin yerinə yetirənlərin psixoloji hallarıdır. Görəsən, bu və buna bənzər şərləmə əməliyyatların yerinə yetirənlər ilk təklifdəcə ağalarına“ləbbeyk” deyirlər, yoxsa, nəm-nüm edənləri də olur? Olana oxşamır. Bu isə özün vətəndaş sayan hər kəs üçün təhlükə və ürəklərimizi qəm edən haldır. Elə o əməliyyatçıların özü üçün də. Neyçün? 
Biz yazılı və şifahi ədəbiyyatdan Firon obrazı ilə tanışıq. Firon bəziləri bir nəfər, bir kimlik saysalar da o özünü allahlığa iddialı sayan Misir padşahlarının ümumiləşmiş adıdı. Günümüzdə
Firon qəddarlığın, zülm və ədalətsizliyin simvolu sayılır. Tövratda heç diqqəti cəlb etməyən, amma mənim üçün hədsiz maraqlı gələn bir nöqtə var Fironla bağlı.
Tövrat (Çıxış bölümü) yazır ki, Musa Allahla ilk təmasa çıxandan sonra tapşırıq alır ki, gedib Fironla görüşsün və məzlum israillilərin Misirdən çıxmasına icazə alsın. Musa deyilən kimi də edir.
Ancaq Firon bundan qəzəblənir, hər dəfə müxtəlif inadkarlıqla maneçilik törədir ki israillilər Misirdən 3 günlük çıxıb Allaha qurbanların kəssinlər. Lakin, Musa peyğəmbər də əl çəkmir, hər dəfə bu xahişi edir. Belə olanda Firon sərəncam verir ki, məsəlçün dünənə qədər israillilər gündə 8 saat işləyirdisə, indən belə 18 saat işləyəcək, dünənkinə nisbətə sabah 2-3 qat çox kərpic kəsəcək.
Belə də olur. İş adına işgəncə artır. Bu zaman görün nə olur, ilginc bir şey.
İsrailli iş icraçıları birbaşa Fironun hüzuruna şikayətə gəlib deyirlər: “ Niyə qullarınla belə davranırsan? Qullarına saman vermirlər, amma “kərpic kəsin” deyirlər. Təqsir sənin adamlarındadır, döyülənsə bizik”.
Bütün müqayisələr qüsurludur deyirlər, mənim gətirdiyim də istisna deyil. Bununla yanaşı mən Tövratın bu hekayəti ilə milli Fironun (hesablamışam, bizdə təxminən 5 firon var) əmr qulları arasında oxşarlıq görürəm.
Fironlarımız keçmişdəki kolleqalarına hədsiz bənzəyir. Xüsusən iddialarında, ambisiya və zülmkarlıqlarında. Ancaq onların qulların müqayisə edəndə, bir az qəliz vəziyyət yaranır. Yuxarıdakı nümunədə gördük. Fironun qulbaşıları heç olmaya özlərində cəsarət tapıb, əmr və tapşırıqların əndazəni aşdığını deyə bilir, hətta daha irəli gedib “təqsir sənin özündədir” bəyanatın verə bilir. Özü də Fironla üzbəüz. Onu da biləsiniz ki, bu haqq sözü dediyinə görə Firon o qulbaşların dərhal nə başın üzüb (rahatca üzə bilərdi, ATƏT-in, ABŞ səfirliyinin olmadığı uzaq keçmişdən danışırıq), nə də cinlərinə nəşə atıb.
Hesablayın, quldarlıqdan üzü bəri nə qədər zaman keçib. Ancaq quldarlıq quruluş kimi süqut eləsə də şüurlarda hələ də hökm edir. Daha kəskin, daha ciddi formada. Yoxsa, bu nə deməkdi ki, Gözəl xanımı, yaxud onun kimi tərtəmiz ictimai-siyasi fəalları qıpqırımızı şərləmək əmiri alan adamlar o işin dalıyca niyə qaça-qaça getsinlər ki?
Məni bu dəqiqə, inanın Gözəl xanımdan çox bu insanların halı qəmləndirir. Gözəl xanım mərd və cəsur qadındı. Bu vaxta qədər həbs də görüb, polis vəhşiliyi ilə də üzləşib, nə sərt polemikalardan da keçib. Yenə həbs edərlərsə, bu qarşı tərəfin alnına yapışan daha bir lənət damğasından başqa bir şey olmayacaq. Bəs, vətəni, xalqı üçün qorxmadan, həyatını riskə ataraq mübarizə edən Gözəlləri şərləyənlər? Onlar heç olmaya qul olduqlarının fərqinə tezliklə varacaqlarmı? Barı Gözəl xanımın bu qəziyyəsi bu baxımdan onlar üçün düşərli olaydı.



19.5.17

İranda yeni rəisi-cumhur kim olacaq?

Sabah (19 may) İran prezidentin seçəcək. Seçki əsasən iki şəxs arasıdna gedəcək- hazırkı prezident Həsən Ruhani və İbrahim Rəisi.
Seçki kampaniyası sakit məcarada keçsə də, İranın özünə məxsus mentaliteti və sistemi, eləcə də kampaniya boyunca üzə çıxan xırda görünən atmacalar bizə onu deməyə əsas verir ki, dərin sular altında vəziyyət heç də səthdə görünən kimi deyil.

Sillə təhdidi

Məsələn, yuxarıda göstərdiyim kimi rəvan kampaniyaya baxmayaraq İranın ali dini rəhbəri Ayətullah Xamenei 4-5 gün İmam Hüseyn adına Hərbi və Müdafiə Təlimi Akademiyasının tələbələrinin buraxılış mərasimində seçkilərə toxundu; sekçinin təhlükəsiz şəraitdə keçməsinin vacibliyini vurğulayaraq eynən belə dedi: "Seçkilərin təhlükəsizliyini pozmaq istəyən hər kəs sillə yeyəcək"

Sual yaranır: Seçkinin təhlükəsizliyini kim poza bilər ki?
Ayətullah Xameneinin elə həmin və başqa çıxışlarına baxsaq bu suala cavab tapmaq çətin deyil; ABŞ, İngiltərə yaxud İsrail.
Seçkidə bir qayda olaraq ictimai atmosferi yarışan tərəflər müəyyənləşdirir.  Adıçəkilən qüdrətli dövlətlər də nəsə etmək istəsələr mütləqdir ki, yarışan namizədlərlə koordinasiya etsinlər.
O zaman daha dramatik sual doğur, əcaba İran ali rəhbəri namizədlərin “xarici dairələrlə” əlaqəsinə işarə edir?
Birmənalı cavab vermək çətindi. Amma bu çağa qədər baş verənləri Ali rəhbərlə hazırkı prezident arasında olduqca zərif ziddiyətli məqamları nəzərə alsaq, demək olar ki, Ayətullah Xamenei namizəd Ruhaniyə mesaj ötürür. Bəlkə də, onu “xarici dairələrə” xidmət etməkdə deyil, nəticələr onun ziyanına olacağı təqdirdə kənar təsirlərə uyub ölkədə fitnə çıxarmaq fikirnə düşməkdən çəkindirir. Bir növ profilaktika işi aparır.
Xatırladaq ki, hazırkı prezident İranda şərti olaraq “islahatçılar” adlanan zümrəni təmsil edir.  “İslahatçılar”ın arxasında maliyyə oliqarxiyası dayanır, onlar bu maddi üstünlüklərini mənəvi planda İranın keçmiş prezidenti Rəfsəncanının avtoriteti ilə tarazlaşdırırdılar. Ə.Əkbər Rəfsancani Həsən Ruhaninin və “islahatçı” komandanın fikir babalarından sayılırdı, deyilənə görə o keçmiş xidmətləri və avtoritetinə görə tək-tük adamlardan idi ki, İranın faktiki və şəriksiz rəhbəri Ayətullah Xameneini tənqid edə bilirmiş.
Taleyin qəribə işləri var, bir çox “islahatçı" gizli formada hazırkı ali rəhbərin səhhətində problem olduğun, ondan sonra Ali Kürsüdə kimin oturacağını müəyyən edən şəxsin böyük ölçüdə Haşimi Rəfasancani olacağını müzakirə edərkən, əcəl sonuncunu bu ilin yanvarında alıb apardı.
Lakin, bir müdirikin dediyi kimi dirilər üzərində ölülərin hökmranlığı həmişəki təki indi də var. Elə buna görədir ki, Həsən Ruhaninin təbliğat roliklərində tez-tez H. Rəfsancani ilə birgə kadrları sıx-sıx görmək olurdu.

Buna da bax. İRAN seçkilərində Qadın namizədlər
Müşahidələrə görə H. Ruhanının şansı heç də az deyil. Onun seçkidə qələbəsi qaçılmaz olacaq, bir halda ki, əgər İran dərin dövləti onun barədə neqativ qərar verməyibsə.
Həsən Ruhani sseçki müddətində heç də pis fəaliyyət göstərmədi. Dünyadakı ciddi böhrana rəğmən ölkə iqtisadi baxımdan geriləmədi, əksinə xırda da olsa irəlləyişə nail oldu. “Nüvə anlaşması”, İranın üzərindəki iqtisadi blokadanın əhəmiyyətli hissəsinin ləğvi məhz Ruhaninin hakimiyyətinə müyəssər oldu. Buna baxmayaraq, İran xalqı bütün xalqlara xas olan hövsələsizliyə malikdir, onlar gözləyirdilər ki, Qərblə bir masada oturan, dil tapan kimi sosial həyatlarında əhəmiyyətli dəyişikliyi duya biləcəklər. Bu isə hələ gözlənilən səviyyədə yoxdur, ona görə də bu faktor H. Ruhaninin reytiniqinin əleyhinə işləyir.
Üstəlik, əleyhdarları onu və komandasını İranın “düşmən qüvvələr” önündə yumşaq, güzəşcil siyasət yürüdüb əvəzində heç nə qazanmadığına görə ittiham edirlər. Ayətullah Xameneinin özü də bu xüsusda hökuməti az tənqid və xəbərdar eləməyib. Bütün bunların fonunda prezident seçkisində Həsən Ruhaninin qarşısında İbrahim Rəisinin çıxması bir çoxlarında artıq dəyişiklik barədə “yuxarı səviyyədə” qərar verildiyi təəssüratın doğurub.
İş ondadı ki, keçmiş prokuror İbrahim Rəisi təzəmacal, yəni bir il olmaz Ali Rəhbər tərəfindən şiələrinin səkkizinci imami Rzanın Məşhəd şəhərində ziyarətgahına rəis təyin edilmişdi. Bu ziyarətgahın İran üçün önəmini xüsusi vurğulamağa ehyitac yoxdur. Üstəlik belə bir starateji postun sahibinin ancaq könül işi kimi prezident seçkisinə qatıldığını demək də sahəlövhlük olardı. O, dəqiqdir ki, Ayətullah Xameneidən mənəvi və prosedur baxımından xeyir dua almışdır.

İbrahim Rəisi “mühafizəkar” dairələrin təmsilçisidir. Onun bütün həyatı-təhsilindən tutmuş, iş yerlərinə qədər İranın sərt siyasəti ilə çulğalaşmış formadadır.
İlk baxışda çox neytral təsiri bağışlasa da, Həsən Ruhani lap son açıqlamalarında  belə bir fikir işlətdi: Biz İranın yenidən dünyadan təcrid olunmasına imkan verməyəcəyik”. Bu Ayətullah Xamenei olmaqla, bütün mühafizəkar dairələrin dünya görüşünə ziddir, təndiddir. Çünki, bu fikir həm də o deməkdir ki, dünyanın qapılarını İranınü zünə bağlamasının səbəbi İranın idarəetmə sistemindədir. Halbuki, hazırkı İran ali hakim düşüncəsi bunun tərsidir. Ayətullah Xamenei və onun ardıcıllaran ibarət (bura siyasi mühafizəkarlar da daxildir) heyət hesab edir ki, ölkənin müəyyən elədiyi prinsipial xətt doğrudur, Amerika, İsrail, İngiltərə və s qüvvələr onlara qarşı qərəzli, məkrli plana malikdilər. Belə qüvvələrlə isə yumşaq, kompramisli siyasət aparmaqla nəyəsə nail olmaq özünü aldatmaqdı, İranı ziyana salmaqdır.
Bütün qeyd edilənləri yekunlaşdıraraq, aşağıdakı ehtimalları etmək olar.
Bir: H. Ruhaniyə yenidən şans veriləcək ki, başladığı prosesi sona çatdırsın.  Dünya gücləri ilə razılaşdırılmış siyasət bəhrə verəcəksə nə yaxşı, verməyəcəksə, uzun müddətdir, İranda əsas söz sahibi olmağa can atan “islahatçı” qanadın iflası sürətlənəcək.
İki: İranın müqəddaratına qərar verən güclər H. Ruhani və islahatçıların dövləti sanksiyalar altından çıxmaq üçün nələri etmək mümkün idisə etdiyini, daha bundan artığına nail olmaq müşkillüyü düşüncəsindədirsə, o zaman növbəti prezident şəksizdir ki İbrahim Rəisidir.
Ən dəqiqi isə budur, seçkinin nəticələrindən asılı olmayaraq İran siyasi səhnəsinə yeni ad girir- Rəisi və biz bu adla gələcəkdə tez-tez rastlaşacağıq. Hətta ola bilsin, Ali Rəhbərin seçimində.

13.5.17

Zarafatsız. Avropadan üstün cəhətimiz

Bayaq bir yazı oxudum; qardaşlardan biri xeyli əziyyət çəkib araşdırma aparıb, Azərbaycan həbsxanaları ilə Avropadakıları müqayisə edib.
Üstünlüyü Avropaya verib. Niyə? Nə bilim, guya Avropa türmələrində məhbuslar internetə belə girə bilir, filan. Olsun ki, Avropada türmə elədi, fəqət müqayisə predimetləri səhvdir. Avropa türməsi ilə Azərbaycan türməsi yox, elə Azərbaycan özü müqayisə olunmalıdır.
Çünki, hamımız demirik, Azərbaycan özü boyda həbsxanadır?!
Belə müqayisdə şəksiz ki, Avropa dustaqxanaları bizə uduzacaq; bizim türmədə internetə də girirsən, hələ 3G ilə iphone də işlədirsən.
Avropadan fərqli olaraq, "bizim türmədə" dustaqlar toy edə bilir, avtomobil ala bilir, ayı kəsib yeyə bilir və s.
Gəlin, öz qiymətimizi ucuz tutmayaq.
Yaşasın, ilhamla çiçəklənən doğma yurdumuz!
(2014. Facebook qeydi)

11.5.17

Zülm və Quran

"1917-ci il fevral inqilabı nəticəsində çar taxtdan devrildi. Çar üsul-idarəsinin valiləri, polis xidmətçiləri və başqa bu kimi məmurlar Azərbaycandan qaçdılar. Ölkədə hökumət artıq öz nüfuzunu itirdi.
Azərbaycanda kəndlilər bu anarxiyadan istifadə edərək bəylərin və ağaların təsərrüfatlarını əllərindən aldılar, mülkədarların malikanələrini evlərini yandırıb, talan etdilər, əllərinə keçən ağa və bəyləri öldürdülər. Şamxorda Allahyar bəyin təsərrüfatını və evini kəndlilər əhatəyə alıb yandırmaq istəyərkən, Allahyar bəyin arvadı Quranı əlinə alaraq eyvana çıxmış, Quranı açaraq dua etmiş və kəndlilərə - bizi bu Qurana bağışlayın, - deyə yalvarmışdır.
Amma kəndlilərdən biri əlindəki mauzerlə qadına atəş açmış, güllə Quranı dələrək qadının başını parçalayıb öldürmüşdür. Beləliklə, əsrlərlə zülm və istismara məruz qalmış xalqın aldığı bu intiqam zülm və istismarın dözülməzliyinə parlaq bir misaldır".
(c) Hüseyn Baykara, "Azərbaycan Milli İstiqlal Mücadiləsi"

Yaltaqlıq

Nəsrəddin Tusinin "Ədəbül mütəəllimin" (Tələbənin ədəbi) əsərini oxudum. 
Şeyx yazır ki, yaltaqlıq yolverilməzdir, amma elm öyrənmək naminə müəllimin və tələbə yoldaşının qılığına girə bilərsən

10.5.17

"İlham Əliyev imkan vermir ki, atası dəfn olunsun"

"R.Arifoğlu toplaşanlara müraciet ederek, bir deqiqeliye bayraqları endirib açıq sesverme keçirmeyi teklif etdi. Bir anda “Qelebe” meydanında yüz minlerle el havaya qalxdı, yüz minlerle insan bir ağızdan “İsa bey!” dedi. Rauf bey ise çıxışına davam edirdi: “İsa Qemberi tebrik etmek olar. Seçildi. İndi qalır onun resmileşdirilmesi. Men bilirem ki, burada iştirak eden insanların her biri onlarla, yüzlerle sesi temsil edir. Bununla demek olar ki, Azerbaycanda İsa Qemberin azı 85 faizle prezident seçilmesi temin olunub. Allah-teala etdiyi günahlara göre Heyder Eliyeve çox cezalar verib. Amma onun en böyük cezası İlham Eliyevdir. Allah heç düşmene de bele övlad nesib etmesin. Eger ele bir oğul olmasaydı, o qoca çoxdan rahatlığını tapmışdı. Mehz Allahın cezası olan bu insan imkan vermir ki, atası defn olunsun. Lenet olsun ona. Men beyan edirem, bir neçe gün de keçse, Heyder Eliyevin Azerbaycan torpağında defn olunmaq şansı qalmayacaq. Getirsinler, onu defn etsinler. Biz Azerbaycanın xilası üçün gelirik, qisas üçün gelmirik. Biz Azerbaycanı qurtaracağıq.”
Mənbə: "Yeni Müsavat" qəzetinin 12 oktyabr 2003 sayı
Əlaqədar link: http://musavat.com:80/view.php?d=22304

Prezident aparatı qatığı necə qaraldır?

Bəzən Əliyev rejiminin demokratiyadan və hər cürə mütərəqqi ideyalardan uzaq olduğunu əsaslandıran sanballı məqalələrlə rastlaşıram. Qarışdırmayaq, cari tənqidi məqalələri, açıqlamaları nəzərdə tutmuram.

Elə məqalələri deyirəm ki, onların müqəddəməsində Mesopatomiya, antik Roma mədəniyyəti, ortalarında Kant, Hegel kimi nəhənglər, yekununda isə Milton Friedman, Karl Popper, ölü yerindən  Hayek bardaş qurub oturur. Bu cür məqalələri qətiyyən aşağıgözlə qiymətləndirmirəm. Sadəcə, müəlliflərin özlərinə belə yekə əziyyət verməsinə acıyıram. Allah bizi o qədər qarğ edib ki, İlham Əliyevin Avropa standartlarına uyğun diktator, yaratdığı rejimin isə geridəqalmış, yalan və talana söykəndiyin sübut eləməkdən ötəri özümüzü Babilistana-filana vuraq?
Əlimizin altında faktlar qaynayır. Onlar qalırkən mürdikləri, qədim və müasir sivilzasiyanın fundamental elementlərin narahat etmək rəva deyil. Eləcə də öz bu müəllifin də öz potensialına, kalorisinə qarşı israfla yanaşmasıdır. Ehtiyac yoxdu belə məcaraçılığa.
Rəsmi mətbuat orqanlarına ara-bir göz atmaq kifayətdi ki, yuxarıda göstərdiyim problem istənilən tənqidçi müəllifdən uzaq olsun. Bizim rəsmi mətbuat müxalif yazar üçün mövzusuzluğa qarşı peyvənd kimi bir şeydi.
Bircə nümunə ilə yazdıqlarımı əsaslandırım.
İki faktı xatırlayaq.
Bir: Barak Obama. Yəqin, unutmamısınız, bu qaradərili cənab 2009-cu ilin yanvarından, bu ilin yanvarınadək ABŞ-ın prezidenti olub. İli bir daha vurğulayaq, lazım gələcək; 2009-2017!
İki: "Xalq qəzeti". Bu qəzet Azərbaycan Prezident Aparatının rəsmi nəşr orqanıdı. Rəsmi!
İndi isə 2015-in aprelində "Xalq qəzeti"ndə gedən məqalədən oxuyuruq: ABŞ-da bu gün təhsil sahəsində də ayrı-seçkilik açıq şəkildə özünü büruzə verir.  Bu ölkədə ağdərili irqin daşıyıcılarının hüquqları  daha yüksək səviyyədə qorunur. Bu ölkədə hələ də hesab edirlər ki, “qaradərililər Darvin nəzəriyyəsinin məhsulları”dır.

Göbbels güman ki gorunda qovrulur ki, bu cür qara yalanı yazmaq hünəri gəstərən müəllifdən o zaman niyə məhrum olub. Qaradərili Barak Obamanın Amerikada prezident olduğu bir günlərdə insanlar çox rahatlıqla çayxanada, toyda, yox prezident aparatının rəsmi nəşrində iddia edirlər ki, ABŞ-da irqi ayrı-seçkilik yüksək səviyyədədir.
Bu rəsmi siyasətdir və bu siyasəti aparan adamların aşkar yalançılığı ifşa eləmək üçün xüsusi bacarığa, dərin təhlil məşəqqətlərinə ehtiyac qalmır.
Hərçənd, bəndəniz bu gün də tərəddüd içindədir ki, görəsən ana vətəndə boğazımıza ilişib qalan rejimin xalqa, bəşəriyyətə ziyandan başqa heç nə vermək həvəsində və bacarığında olmadığını sübüt eləməyə, deməyə ehtiyac qalıb, ya yox?!


PS. İl olub 2017, 2015-in yazısı ilə nə işin, soruşacaqsınızsa, cavabım. Heç bir xüsusi işim yoxdu. Rəsmi təbliğat orqanlarındakı məqalələrin aşağı yuxarısı hamısı ilindən, hətta əsrindən asılı olmayaraq xırda istisna ilə eynidir. Bu məqalə də təsadüfən qarşıma çıxıb.


9.5.17

Müsəlman qaçqınlar niyə Azərbaycana gəlmir?


İlham Əliyev və onun "tutuquşu"larının son çağlar tez-tez işlətdiyi bir fikir var. "Qərbdə islamofobiya hökm sürür. Müsəlmanlardan Avropalıların zəhləsi gedir. Elə bu səbəbdən də Azərbaycana qarşı gizli bir qərb düşmənşiliyi var. Qərblilər müsəlman dövlət olan Azərbaycanın inkişafın, qüdrətli bir dövlətə çevirilməsin sinirə bilmir.

Sual yaranır: Belədirsə, nə üçün Yaxın Şərqdəki müharibələrdə əsir-yesir olan Məhəmməd ümməti  Can Azərbaycana yox, onlara yuxarıdan aşağı baxan, donuz əti yeyən kafərlərə pənah aparır?!!
Suriya, İraq qaçqınları bu gün təkcə Avropada deyil. Onlar Rusiya, Ukrayna, Ermənistanda da var. Azərbaycanda isə yoxdu. Bu sadə fakt rəsmi təbliğatın həqiqətdən nə qədər uzaq olduğun göstərmir?
Nə üçün suriyalı, iraqlı qaçqınları qəbul eləmək istəyin ölkə rəsmiləri bir dəfə də dillərinə gətirmir?
Eşitmisiniz heç bu barədə bir kəlmə də olsa nəsə desinlər? Mən eşitməmişəm. Eşitdiyim "qaçqınkom" kolxozunun sədrinin yekəxanalıqla "Azərbaycan qaçqın-köçkün problemini həll etmək barədə öz təcrübəsini öyrətməyə hazırdır" kimi sərsəmlik olub.

Rəsmi "Xalq qəzetin"də dərc edilən məqalədən

7.5.17

İlham Əliyev dünyaya hansı mövzuda müəllimlik etmək fikrindədi?

İlham Əliyevin fərəhlə və dönə-dönə vurğuladığı məqamlardan biri də budur: Azərbaycan yeganə ölkələrdəndi ki, həm Avropa Şurasında, həm də İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur.
Bəli, olunur, amma nə olsun? Bu təmsilçiliyin arxasında nə dayanır?
Avropa Şurası ilə bağlı məsələlər aydındır. Üzv olduğumuz müddətdə bu qurumdan ancaq məzəmmət və tənbeh gördük. Demokratiya, insan hüquq və azadlıqlarının pozulmasına görə AŞ PA-da vaxtaşırı tənbehləndik. Bu tənbehlərdən, tənqidlərdən nəticə çıxarmaq, ölkəmizi Avropa Şurasının bəyan elədiyi dəyərlərə uyğunlaşdırmaq yerinə, fərasət nümayiş etdirik, Avropa Şurasındakı məmurları “özümüzünkülərə” oxşatdıq. Rüşvət, şirnikləndirici vasitələrlə avropalı siyasətçiləri də korladıq, AŞ PA dəhlizlərini “kürü mübadilə zonasına” çevirdik və buna görə dünya mediasının ulduzuna döndük.
İslam Əməkdaşlıq Təşkilatında ölkəmizin hansı nüfuz və səlahiyyət sahibi olması barədə geniş bilgili deyiləm. Ancaq bir faktdan əksər camaatımız kimi, dəqiq məlumatlıyam. O təşkilatdakı səfirimiz Arif Məmmədov “facebook”da cəmi bir xalqa canyandıran status yazdığına görə işdən qovuldu, onun statusunu “like” edən həmkarları da “xalq düşməni” elan edildi.
İndi belə bir təfəkkür və siyasətin sahibi olan adamlar durub dünyaya mədəniyyət, dialoq, dözümlülük mövzusunda dərs keçir. Heyhat!
Ətraflı burdan OXU https://www.azadliq.info/188171.html

"Azərtac"dan Mehriban Əliyevaya qarşı cürətkar addım?

Diqqət
Birinci, biz aşağıdakı videonu izləyirik.  17 saniyədi, narahat olmayın.


Yəqin, nəzərinizdən qaçmadı. Mehriban Əliyeva deyir: "Sizi Azərbaycanda salamlayıram, ölkəmizə, paytaxtımıza xoş gəlmisiniz. Böyük və vacib YIĞINTIDA iştirakınıza görə sizə dərin minnətdarlığımı bildirirəm".
Çoxları kimi mən də yığıntı sözünün mənasını belə başa düşürdüm ki, yığıntı lazımsız, zir-zibilin bir yerdə cəm olmasına verilən addır.
Fikir məni bürüdü. Götürdüm izahlı lüğətə baxdım.
Yanılmamışam. Bu sözün iki çox işlək varinatında izahı mən deyən kimidi. Fotoya bax.


Lakin, fotoda gördüyünüz kimi "İzahlı lüğət"də yığıntının başqa mənası da göstərilib ki, bu Mehriban Əliyevanın dediyi cümlədə xəta kimi qəbul olunmasına imkan vermir. Yəni, ordan burdan gəlib bir yerdə toplanan adamların cəminə yığıntı demək məqbuldu.
Buna baxmayaraq, "Azərtac" adlı dövlət agentliyi tamami ilə özbaşınalıq edərək, vitse prezidentin dilimizin zəngin çalarlarından istifadə edib, leksikamızı zənginləşdirmə cəhdini anındaca boğub. Növbəti bir fotoya diqqət yetirək. Sitat "Azərtac"dandır.
"Azərtac" bütün hədləri aşaraq birinci vitse prezidentin çıxışına da korrektə etmək cürətin özündə tapırsa, yoldaşlar, həqiqətən belə ölkənin üzərində Allah öz rəhmət və bərəkət əlini çəkmişdir demək!
Sən ey savadsız, "Azərtac" redaktoru!
Dövlət sənə o qədər maaş verir, yay-qış istirahəti üçün dünyanın müxtəlif məkanlarından istirahətlər ərmağan edir. Bəs bu nə məsuliyyətsizlik, bu nə yersiz cürətkarlıqdır? Sənə kim ixtiyar verib ki, yığıntı sözünü toplantı ilə əvəzləyəsən? Bu qaş düzəldilən yerdə gözün kor qoulmasıdır.
Vitse Prezidentdə səhv axtarmaq bizim kimi qara ürəkli müxaliflərə düşər, sizə nə olub? Siz heç səhv də tapmamısınız, onun düzün səhv kimi çıxdaş eləmisiniz.
Səbrsizliklə onun intizarındayam ki, Mətbuat Şurasının ən bekar sədri "Azərtac"ın bu məcaraçılığını şiddətli töhmət, yaxud reket fəaliyyəti kimi qiymətləndirsin.












6.5.17

Əliyevin sirli yolları

İlham Əliyevin son çıxışında (05.05.2017 tarixli) bir fikir diqqətimi çəkdi. Deyir: "bizim təşəbbüskarı olduğumuz layihələr bu gün Asiyanı Avropa ilə dəmir yolu vasitəsilə birləşdirir və artıq mənfəət gətirir, eyni zamanda, ölkələr arasında çox vacib əlaqə yaradır".
Bizdən hər hansı dəmir yolu layihəsi gizlin saxlanılmayıbsa İlham müəllim "Bakı- Tbilisi-Qars" xəttini nəzərdə tutur. Lakin, qəribə burasıdır ki, bu xətt 7 ildir istifadəyə verilməli olduğu halda bəxti qara gəlib, heç cür işə düşmür ki, düşmür. Bu il yenə söz verdilər ki ilin axırında xətt istifadəyə veriləcək. Veriləcək, o deməkdir ki, hələ iş gedir, proses davam edir. Belədirsə və təkrar edirəm, geniş ictimaiyyətdən başqa hər hansı dəmir yolu layihəsi gizlin saxlanılmayıbsa, o zaman verilən açıqlama nə deməkdir. İstifadətə verilməyən dəmir yolu necə mənfəət gətirir? Bəlkə, dəmir yolunun kağız üzərində açılışı olub və Cavid Qurbanov hər gün orda eşşəkarabalarla Çindən Macarstana ipək daşıdır?! Niyə də yox, axı bir bu cürə tragikomediyaya bir qədər əvvəl rast gəlmişdik.Hansına? Bax, burdan oxuya bilərsiniz.
Dövlət başçısı səviyyəsində xoşməramlı əfsanələrlə bəslənən xalqımıza genişölçülü səbr arzulayıram.

3.5.17

"Haqq-ədaət zəfər çalımışdır"

Azərbaycan elmi sektorunda bu gün əlamətdar bir tarixi hadisə gerçəkləşib.
Uzun müddətdən sonra Elmlər Akademiyası bağışlanmaz bir səhvini aradan qaldıraraq, respublikamızın görkəmli elm adamı, ictimai xadim Nərgiz Paşayevanı Akademiyanın həqiqi üzvü seçmişdir! Bəli, bəli hər şey seçki ilə, ədaləti qaydada baş verib və heç bir tapşırıq filan bu prosesdə rol oynamayıb. İslam Həmrəylik Oyunlarının astanasında baş verən bu hadisə ekspertlər tərəfində uğur müjdəsi kimi də xarakterizə olunmaqdadır.

Qüdrət neyçün "Şöhrət"siz?

Sonra da deyirlər, azərbaycanlı deputatların zəkası azdı, dünyadakı siyasi prosesləri dərk edə bilmirlər, yaradıcı ruhları yoxdur-filan. Fəqət, həqiqət başqadı. Budur, nümunə Qüdrət!
Jalə şirələri sayəsində vücuda gələn "deputat" ilginc bir təklifdə bulunmuş.
Azərbaycanı "təbəssümlər diyarına" çevirilməsində göstərdiyi bu cür qəhrəman fəaliyyətinə görə Qüdrətə "şöhrət" ordeni düşür. "