21.4.17

Vəkil Yalçın İmanovun Muradla bağlı qeydləri

Sabah Murad Adilovun məhkəməsidir. Murad siyasi məhbusdur, AXCP-nin üzvüdür, Natiq Adilov-un qardaşıdır. İki dəfə - 13 və 15 apreldə onun məhkəməsi təxirə salınıb. Amma bu nəyəsə ümid verirmi? Yox. Hakimi siyasət əvvəlki kimi cəbhəçilərə münasibətdə buz kimi soyuq və təmkinlidir. Bilənlər bilir, bilməyənlər və tarix üçün xatırladım: Murada qarşı cinayət işi saxta, heç bir hüquqi əsası olmayan və çox kobud, çirkli prosessual pozuntularla aparılan kağız qalağından başqa bir şey deyil. A-dan Z-yə kimi bütün sübutlar qanunsuz yollarla əldə edilib.
Nümunələr: Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçıları Muradın yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndindəki 4 otaqlı, 2 aynabəndli mənzilin yalnız 1 otağında axtarış və götürmə aparıblar. Məhkəmədə sual verdim: Niyə yalnız 1 otaqda? Dedilər “bizə lazım olanı həmin otaqda tapdıq və bununla da kifayətləndik”. 
Sual verdim: Bəlkə o biri otaqlarda, aynabənddə, həyətyanı sahədə də narkotik vasitə vardı, niyə baxış keçirmədiz? Cavab təbii ki yoxdur.
Murad şəxsi axtarışa tutulan kimi dərhal deyil, əlləri qandallandıqdan və polis maşınına otuzdurulub 1-2 km. aparıldıqdan sonra məruz qalıb. Murad şübhəli şəxs kimi tutma protokolu tərtib edilmədən şəxsi axtarışa məruz qalıb (vəkillər bilir ki, belədə əldə edilmiş sübutlar ittihamın qanuni həlli üçün istifadə edilə bilməz)
Baxış keçirmə və götürmə haqda protokola, həmin tədbirin iştirakçısı olmamış vəkil (onu siz də tanıyın - Səxavət Məmmədli) qol çəkib, müdafiə etdiyi şəxsin üzərinə atılmış narkotik vasitənin “yerləşdirilməsinə” hal şahidliyi edib.
Murad Sabirabad RPŞ-də bir saata yaxın işgəncəyə məruz qalıb və bu işgəncənin izləri ilə bağlı müdafiənin əldə etdiyi sübut cinayət işinin materiallarında nə vaxtsa bəxtinin açılacağını və layiq olduğu hüquqi qiyməti alacağını gözləyir.
Hal şahidi Narkoloji Mərkəzdə qeydiyyatdadır, narkotik vasitələrin satış məqsədilə qanunsuz dövriyyəsinə (Cinayət Məcəlləsinin 234.2-ci maddəsi) görə məhkum edilub və qısa bir zamanda şübhəli şəkildə azadlığa çıxıb. Hal şahidlərinin ifadələri polis əməkdaşlarının ifadələri ilə sözbəsöz eynidir.
Muradın üzərinə baxış keçirilməsiylə mənzilinə baxış keçirilmə arasındakı zaman fərqi 2 saata yaxındır, halbuki, əməliyyat məlumatına əsasən əməliyyatçıların cəld və adekvat davranması tələb olunurdu. Əməliyyatçıların heç bir izahatı yoxdur, bizim izahat isə odur ki, Murad üzərinə atılan maddənin ona aid olmadığını işgəncə altında da etiraf etməyib və bundan sonra “indi sənin evinə gedib, bundan ordan da çıxararıq”.
Onlarla belə pozuntunu saya bilərəm.
Avqust ayında Muradın həbsinin 2 ili tamam olur. Adamın əllərinin qabarı bu iki illlik həbs dövründə də getməyib, təsərrrüfatda işləməkdən, zəhmətdən. Şirvan Apellyasiya Məhkəməsinin qabağına 3 körpə uşağı gəlmişdi. Zala da buraxmadılar, soyuqda gömgöy göyərmişdilər körpələr...
Ədalət varsa, o hardadır? Yoxdursa, bəs onda bu məhkəmə adlı instrumental teatr(lar)ın səbəb(lər)i nədir? Və bir də adamın nəticəsini bildiyi prosesdə iştrakından cansıxıcı nə ola bilər?!