"Elm və həyat"

Yaxud Heydər Əliyev ətrafında təmərküzləşmə
Deyirlər ki, qədimdə cəmi bir elm, fənn olub-fəlsəfə. Sonra insanların müşahidə və bilikləri artdıqca, müstəqil elmlər formalaşaraq fəlsəfədən ayrılıb. Fəlsəfədən o qədər elm doğdu ki, bir ara dedilər daha onun missiyası başa çatıb. Ayrı-ayrı elmlər var və onlar həyatın müxtəlif problemləri ilə məşğul olacaq.
İndi düzü bilmirəm elmdə o müzakirələr hansı səviyyədədir, ancaq müşahidə elədiyim bir maraqlı hal var. Elmlər öz ata yurduna dönməkdədilər. Geridönüş baş verir.
Necə?
Məsələn, 2 il əvvəl orta məktəblərdə "Astronomiya" fənnin ləğv elədilər. Səbəbin soruşanda, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov dedi: "Bu fənn “Həyat bilgisi” dərsliyində öz əksini tapıb. Dərs yükü ağır olduğundan astronomiya fənninin ayrıca tədrisinə ehtiyac qalmır".
Bir ay əvvəl isə eşitdim ki, bu dəfə "Həyat bilgisi" gedir işinin dalıyca. Onu da tədrisdən yığışdırılar. Yəqin, indi hər iki fənni, "Cəbr və analizin başlanğıcı" fənnin üstünə yığıblar.
Bir azdan bu fənnin də tədrisdən yığışdırılmasına şübhəm yoxdur. Beləliklə, dərdləri, fənnləri bir-bir ləğv edib, axırda onları bir elmdə cəmləyəcəklər- "Heydər Əliyev fənni". Yaxud, "Əliyev irsi".
Bunun üçün son illərdə kifayət qədər bazar da yaranıb. Zarafat deyil, bizim ölkədə "Heydər Əliyev və heyvandalıq" adında elmi kitab dərc olub. Gələcəyimiz parlaqdı. Gələcək nəsilə paxıllığım tutur. Bizi nə qədər mənasız kitab və fənnlərlə yorurdular. Kitab və elm bir olmalıdır. Üzümüz oradır. Zatən ulularımız da böylə demiş: "Bir olalım, iri olalım, diri olalım".