Əfv niyə olmadı?

Yoldaşların beynində belə sual dolaşır ki, bu il qibleyi aləm neyçün əfv vermədi.
Bunun səbəbi aydındır.
Bildiyimiz kimi cənab prezident çox humanistdir. Ondan olsa hər həftə əfv verər. Bu onun xeyirinədir. Hakimiyyət neftdən çox, bizim siyasi məhbuslardan xeyir görüb (siyasi mənada). Hər əfvdən sonra dünyanın dürlü-dürlü ölkə və təkilatlarından, cənabın ünvanına təşəkkür məktubları gələr, onun humanist addımı alqışlanır, qəlbləri fərhlə doldurur.
Lakin, bu proses təkcə prezidentdən asılı deyil. Çox təəssüf ki, bizim siyasi məhbuslar özlərini layiqincə aparıb, prezidentimizin nüfuzunun qalxmasına imkan yaratmırlar.
Mən düşünürəm, qəsdən belə edirlər. Odur, bayaq oxuyuram ki, məhkəmə AXCP sədrinin müşaviri Məmməd İbrahimi ha çalışıb azad eləsin, alınmayıb. Heç demə, Məmməd bəy kalonda yerin səliqə ilə yığışdırmırmış, ərazində təmizlik işi aparmaq üçün əlinə bir dəfə də süpürgə almayıbmış.
O birisilər də elədir. Onlar qəsdən belə intizamsızlıq edirlər ki, cənab prezident fakt qarşısında qalıb onları azad eləməsin və nəticədə dövlətimizin cahanşumul imicinə zərbə dəysin. Vallah, buna İlham Əliyevdi dözür, biz olsa dözmərik.