Dirilən adam

Üç gün əvvəl AzTV  Mir Cəlal Paşayev haqda iki saatlıq veriliş prorektoru Nərgiz Paşayeva, türkoloq alim Tofiq Hacıyev, ilahiyyatçı Vasim Məmmədəliyev, şair Nəriman Həsənzadə, Tofiq Seyidov danışırdı. Danışırdı deyəndə ki, hərə qabiliyyətinin yol verdiyi səviyyədə Mir Cəlalı tərifləyirdi.
Məsələn, Elçin Əfəndiyev uşaqlığından Mir Cəlala "əmi" deyə müraciət etdiyini dedi. Əlavə etdi ki, BDU girəndən sonra adıçəkilən şəxs ona dərs keçəndə “müəllim” “əmi”ni üstələyib.
N.Həsənzadə isə Mir Cəlalı atası kimi qiymətləndirdi.
V. Məmmədəliyev nə danışdığını özü də bilmirdi.
Şəmsizadə isə Azərbaycan əbədiyyatında hekayə canrının dörd ustasının adını belə sıraladı: Mirzə Cəlil, Haqverdiyev, Çəmənzəminli və Mir Cəlal.
Gərgin dramatizmlə müşayiət olunan veriliş bu notlarla bitdi: “Nəhayət işıq qaranlıq üzərində qələbə çaldı”.

İşıq məlum, bəs qaranlıq kimdir

Elə mövzuya da bu sonluqla başlayaq.
Az TV və həmin verilişdə danışanlar, işıq kimi Mir Cəlalı görür, bunu anladıq. Bəs qaranlıq kimdir? Kimin üzərində qələbə çalınıb? Nəyə eyham vururlar?
Əlbəttə, məsələnin siyasi çalarını araşdırsaq, M.Cəlalın keçmiş dövlət başçısı Heydər Əliyevdən sonra yenidən populyarlaşdığını qabartmaqla bəzi həqiqətləri başa düşmək olar.
İndi BDU-da Məmməd Əminin adı, büstü yoxdur, amma Mir Cəlalın barelyefi var.
İndi diplom işlərinə, inşalara Heydər Əliyevlə yanaşı Mir Cəlalın da adı salınır.
Ədibin ad günləri ölkə boyu təmtəraqla qeyd edilir.
Əsərləri yeni və nəfis tərtibatda nəşr olunur və s.

Qalib “bp”, məğlub ədib

 Mir Cəlal haqqında çox bilirəm desəm, sizi aldatmış olaram. Lakin, bütün sovet şagirdləri kimi M.Cəlalın “Bir gəncin manifesti” romanını babat oxuyub, qavramışam. Həmin əsərdə çoxlarının əzbər bildiyi fikir var -“itə ataram, yada satmaram”. Bu bir azərbaycanlı zəhmətkeş qadının imperialist və işğalçı ingilisə xalçasını satmaqdan imtina etdiyi vaxt dediyi sözdür. Gözəldir, amma reallığa dönək. Mir Cəlal müəllimin faciəsi ondadır ki,  nəvə nəticələri çərxi fələklə əlbir olub, onun səmimi qəlbdən qələmə aldığı romanların həyatı gücünü yox etdi. Gerçəklik ondan ibarətdir ki, 2009-cu ildə transmilli ingilis şirkəti "bp" Bakıda oturub neft çıxarır. Bakı nefti nəyinki satılır, bir çox hallarda pay verilir. Bu belə.

                       "Azğın Müsavat hökuməti"

Veriliş o qədər gurultulu oldu ki, kitabxanada çoxdan bəri qatını açmadığım “ Mir Cəlal, seçilmiş əsərləri 1-cilid” kitabına əl atmalı oldum. 1986-cı ildə “Azərnəşir”də 30 min tirajla çıxan kitabın annotasiyasında yazıb: “ Mir Cəlalın “Seçilmiş əsərləri”nin I cildində “Dirilən adam” və “Bir gəncin manifesti” romanları, yaradıcılığının ilk dövrünə aid bəzi hekayələrini verilmişdir. Romanlardan Azərbaycanda müsavat hökumətinin azğınlaşdığı və sovet hakimiyyəti uğurunda mübarizə aparıldığı mürəkkəb dövrün real lövhələri canlandırılmış...” 
Əlavə şərhə ehtiyac olmasa da ürəyimizi boşaldaq.
Faktiki bu gün Azərbaycan Respublikası özünü Müsavatın qurduğu AXC-nin varisi elan edib. Bu gün respublikanın himni, bayrağı AXC-nin yaratdığı simvollardır. Mir Cəlalın da bütün yaradıcılığından onun təmiz əqidəli, mübariz bir beynəmliləçi kommunist olduğu duyulur. Bu gün ədibi yeni obrazda milli, millətçi yazar kimi cəmiyyətə təqdim etmək istəyənlər əslində ona necə böyük zərbə vurduqlarının fərqində deyillər. Onlar Mir Cəlal mövzusunu dalana dirəyirlər. Adamdan soruşarlar bu nə pəhriz, bu nə tutma? AXC hökuməti azğın olubsa niyə ona varislik edirsiniz, olmayıbsa M.Cəlalın yaradıcılığı konyukturadan başqa nədir?

Nazim Hikmətin haqqı yeyildi

Verilişlə bağlı ən ciddi suallarımsa şair Nəriman Həsənzadəyədir. Zəruri informasiya: N. Həsənzadə Mir Cəlal müəllimin övladı Arif Paşayevin rektorluq etdiyi Milli Aviasiya Akademiyasında müəllimdir.
M.Cəlalın atalıq qayğısından boynu bükük halda danışan Həsənzadə evsiz-eşiksiz qaldığını, bundan xəbər tutan ədibin öz ev növbəsini ona verdiyini dedi. Qulaqlarıma inanmadım. O gündən şokdayam. Diqqətli olun, lap yenicə bitirdiyim 2007-ci ildə Atatürk mərkəzinin Qılman İlkinin müəllifliyi ilə dərc etdiyi “Türk yazıçıları Bakıda” kitabında vacib bir hissə ilə sizi tanış etməliyəm. Ağsaqqal Qılman müəllim Nərimana ev verilməsini həmin kitabda tam ayrı cürə təsvir edir. Kitabın 21-ci səhifəsində yazılır ki, 1957- ci ildə Moskvanın Qorki adına ədəbiyyat institutda təhsil alan gənc şairlərdən Nəriman Həsənzadə, Xəlil Rza, İbrahim Kəbirli qatarla Bakıya gələndə birdən Nazim Hikmətin də bu qatarda olduğunu öyrənirlər. Tez onunla görüşüb, tanış olub söhbətə başlayırlar. Nazim onlara deyir ki, öz şeirlərinizi oxuyun, kimin şeirini  bəyənsəm Bakıda onun evinə qonaq gedəcəyəm. Nazim Hikmət Nərimanın şeirini bəyəndiyini deyəndə İbrahim Kəbirli dillənir. 
Sitat: “Nazim müəllim, Nərimanın evi yoxdur. Onda necə olacaq?
- Nasıl, evsiz də insan olurmu? Bu nasıl biçimli şey?
Nərimana müraciətlə: “Bu doğrumu, Nəriman?”
Nəriman çəkinə-çəkinə (bugün olduğu kimi-N.G):
- Bəli, doğrudur, ustad”(səhifə 22).
Dialoqdan sonra Ustad soruşur ki, ev məsələsini Bakıda kim həll edir. Deyirlər ki, qonşu kupedə gedən Bakı Sovetinin sədri Ağamirzə Əhmədov. Nazim onu yanına çağırtdırır, sovet sədri sevinə- sevinə şairin görüşünə gəlir. Nazim şairin evsiz olduğundan şaşırdığını deyir və xahiş edir ki, Əhmədov N. Həsənzadənin ev problemininə yardımçı olsun.
Sitat: “Siz Moskvaya qayıdanadək (Nazim az əvvəl Bakıda cəmi 15 gün qalacağını söyləyib) onu mənzillə təmin edərik.
- Təşəkkür edərim.
Sonra Nazim üzünü Nərimana tutaraq deyir:
- İndi arxayın ola bilərsən. Şəhərin meri dedimi, demək hər şey qaydasında olacaq.
İki gündən sonra yazıçıların plenumunda Nərimanı görən kimi tez soruşur:
- Nasıl oldu?
- Ustad, narahat olmayın, bu yaxınlarda düzələcək, münasib mənzil axtarırlar.
Gənc şair böyük sənətkarın belə qayğıkeşliyinə heyran qalır (yenə həmin kitabda, səhifə 24).

Nəriman Həsənzadəyə suallar

Nəhayət suallar keçirəm.
Nəriman müəllim, Qılman İlkinin yazdıqları düzdürmü?
Düzdürsə, o boyda Nazim Hikmətin haqqını hansı əxlaqa söykənib yeyirsiniz? Burdakılar cəhənnəmə, axı siz dindarsınız, o dünyadakı məşhərdən qorxmursunuz?
Qılman İlkin səhv yazıbsa nə əcəb onları təkzib etmirsiniz?
Yoxsa bir evlə iki “atalıq qayğısı” qazanmaq istəyirsiniz?
Bəlkə sizi iki eviniz var, birini Nazim Hikmət alıb, birini Mir Cəlal verib?
Belədirsə, bəs sizin bu qədər kədərli- kədərli danışmağınız nəyə gərəkdir?
Cavablarınızı gözləyirik.

("Azadlıq" qəzetinin "2 oktyabr 2009" buraxılışındakı məqaləm)