ABŞ-ın ad gününə

Bu gün-4 iyul ABŞ-ın ad günüdür. Mən səmimiyyətlə amerikalı dostları, yoldaşları təbrik edirəm. Amma bu təbrikin xitab olunduğu auditoriyasını geniş də saymaq olar. Axı bu gündən tək amerikalılar deyil, bəşəriyyətin demokratiya, qanunun aliliyi uğurunda mübarizə aparan hər kəsə pay düşür. 

 ***

ABŞ himnində deyildiyi kimi, bu ölkə doğrudan da azad və cəsur insanların ölkəsidi. Yaxud, İranlı dostumun dediyi kimi: " Marg bar Amrika (farscadan tərcümədə, “Amerikaya ölüm!”) şüarı səsləndirənlər belə Amerikada olmaq istəyir".

***

 4 iyul ABŞ-ın İngiltərədən müstəqillik qazandığı gün olsa da, bir çox amerikalılar hesab edir ki, ABŞ ingilis beyninın, zəkasının məhsuludur. Daha konkretləşdirsək, bu günkü Amerika ingiltərəli mütəfəkkir Con Lokkun ideyaları üzərində bərqərar olan quruluş sayılır. Sizlər kimi mən də bu ölkənin inkişafının qaranlıq səbəblərini, sirrini axtarmışam, bu yöndə çox sayda yazılar oxumuşam. İcmalım belədir: ABŞ-ı ABŞ edən azadlıq, cəsarət və yeniliyə dəhşətli can atmadı.

"New brand" (yeni marka) sözü burda gözləri civə kimi qaynadır. İnsanlar yenilik axtarmağa həvəslidilər, yenilik üçün hamı pul xərcləmyə, alqış etməyə hazırdılar. “Nə isə et, qoy lap o qədər faydalı olmasın, təki yenilik olsun, "new brand" olsun” düşüncəsi insanları hər yerdə ətalətdən qaçmağa təşfiq edir. Bu isə hər gün bu ölkəyə yeni uğurlar qazandırır.

 ***

 Mən xüsusən bizin dini cameənin Amerikaya xoş olmayan münasibətindən haliyəm və bunu başa da düşürəm. Bunun üçün ciddi əsaslar da olmuş deyil, amerkan siyasətçilərinin öz açıqlamalarında da belə şeylər yer alıb. Amma mən çox vaxt görmüşəm ki, dindarlar arasında anti-amerkançılıq əksərən qulaqdandolma fikirlərə söykənir. Əminliklə deyə bilərəm: ABŞ bəlkə də müsəlmanların öz dini əqidəsinə sədaqət göstərərək, halallığı, iffəti rahatlıqla qoruya bilərək yaşayacağı ən rahat ölkələrdəndi.

Hansı biriniz istəyir, mübahisə edək: Əhalisinin dini baxışı 90 faizə yaxın olan Azərbaycanda halalzadə yaşamaq it zülmüdür, bəzən heç mümkün də deyil. Halalca müslim həyatı yaşamaq istəsə də, azərbaycanlı ağır sosial-iqtisadi səbəbdən işıqdan oğurluğa əl atacaq, qaz sayğacın qurdalayacaq, vergidən yayınacaq və s. Beləliklə harama girəcək. Camaatımızı buna görə çıx qınamıram da, çünki sistem əyridir.

Fəqət, Amerikada sizi heç bir belə ağır sınaq imtahan edə bilməz. Düz yaşamaq, halal olmaq istəyən üçün burda yol duppədüzdü.

***

Söz çoxdu, bayramda isə uzunçuluq eləməzlər. Təbriklər ABŞ, o sevdiyiniz mahnınln nəqarətinə mən də qoşuluram “God bless America!