Ana içeriğe atla

Murad Ədilova "tikilən torba"nın və dərzinin çürüklüyü haqda hüquqi rəy



MÜDAFİƏ ÇIXIŞI
I. İttiham:
Hüquqlarını müdafiə etdiyim Ədilov Murad Güləhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. İttihamın məzmununa görə, “Ədilov Murad Güləhməd oğlu tamah niyyəti ilə və satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 1 bükümdə küllü miqdarda 113,17 qram çəkidə narkotik vasitə olan həşiş qətranı və 1 bükümdə küllü miqdarda 663,93 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşımaqla saxlamış, bu narkotik vasitədən 1 bükümünü yəni 660,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində yerləşən evində yataq otağında olan döşəkcənin altında gizlədərək saxlamış, qalan 3,93 qram narkotik vasitə olan qurudulmuş marixuananı kibrit qutusuna qablaşdırmaqla və 1 bükümdə olan 113,17 qram narkotik vasitə olan həşiş qətranını isə üzərində saxlamaqla daşımışdır”.
İttihama görə “Murad Ədilovun qanunsuz olaraq küllü miqdarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə (bundan sonra BNMİ) daxil olmuş məlumatla əlaqədar həmin idarənin əməkdaşlarının Sabirabad Rayon Polis Şöbəsinin (bundan sonra RPŞ) əməkdaşları ilə birgə 11 avqust 2014-cü il tarixdə keçirmiş olduqları əməliyyat-axtarış tədbiri zamanı saat 17.10 radələrində Murad Ədilov Bakı-Bəhramtəpə magistral yolunun üzərində yerləşən Sabirabad rayonu Xəlfəli kəndinin girəcəyində saxlanılıb üzərinə baxış keçirilərkən əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində qablaşdırılmış, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 3,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, şalvarının sol arxa cibindən 1 ədəd şəffaf selofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı küllü miqdarda - 113,17 qram çəkidə narkotik vasitə həşiş qətranı, kirayədə yaşadığı Sabirabad rayonu Xəlfəli kəndində yerləşən mənzilinə baxış aparılarkən otaqda yerləşən çarpayıda olan döşəyin altından 1 ədəd sellofan bükülüdə satış məqsədilə əldə edib saxladığı küllü miqdarda - 660,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür”.
Aşağıdakı dəlillərə əsasən Murad Ədilova qarşı irəli sürülmüş ittihamı təkzib edir və məhkəmədən onun barəsində əməlində cinayət tərkibi olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət hökmü çıxarılmasını xahiş edirəm.


II. Məhkləməyəqədərki icraat pozuntuları:
M.Ədilovun ittiham olunduğu cinayət işi üzrə məhkəməyəqədərki icraat çoxlu sayda kobud qanun pozuntuları ilə həyata keçirilib. Belə ki:
1. DİN BNMİ-nin baş əməliyyat müvəkkili Tərlanov Elman Zöhrab oğlu tərəfindən qəbul edilmiş Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 avqust 2014-cü il tarixli Qərardan aydın olur ki, Ədilov Murad Güləhməd oğlu müəyyən olunduğu təqdirdə zərurət yaranarsa onun yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilsin (sözügedən Qərarın 2-ci bəndi).
Ancaq bu qərarda nəzərdə tutulmamasına baxmayaraq, 11 avqust 2014-cü ildə M.Ədilov saxlanarkən onun üzərinə baxış keçirilib, şübhəli şəxs kimi tutma prototokolu olmadan şəxsi axtarışa məruz qalıb.
Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 sayı Qərarının 28-ci bəndində deyilir ki,  Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. 
Cinayət işinin materiallarından görünür ki, Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında Qərar 11 avqust 2014-cü il tarixdə qəbul edilib (DİN BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elman Tərlanov tərəfindən) – Cild 1, i.v.16. Qərarda saat göstərilməsə də, Qərarın məzmunundan aydın olur ki, Qərar M.Ədilovun üzərinə və mənzilinə baxış keçirldikdən sonra kompyuterdə tərtib edilib. 
Halbuki, Əməliyyat tədbirinin keçrilməsi və maddi sübutun götürülməsi barədə 17.55-18.15-də tərtib olunduğu qeyd edilən Protkolda yazılır ki, “saxlanan şəxs M.G.Ədilov və hal şahidləri Sabirabad RPŞ-yə dəvət edildilər. Oraya gəldikdən sonra M.G.Ədilov şübhəli şəxs qismində tutuldu və müvafiq qaydada dəvət olunmuş müdafiəçinin iştirakı ilə hazırki protokol tərtib olundu”.
M.Ədilovun Sabirabad rayonu Xəlfəli kəndində yerləşən mənzilində baxış keçirmə və götürmə haqqına Protokolda tərtib edilməyə başlanma saatı 19.20, bitmə tarixi isə 20.00 qeyd edilmişdir.
Bir sənəddə M.Ədilovun şübhəli şəxs qismində tutulması faktının onun üzərinə baxış keçrilməsindən və Sabirabad RPŞ-yə gətirildikdən dərhal sonra, digər sənəddə isə üzərinə və mənzilinə baxış keçrilməsindən sonra baş verdiyi qeyd edilir.
2. Azərbaycan Respublikası DİN BNMİ-nin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Tərlanov Elman Zöhrab oğlu tərəfindən qəbul edilmiş Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 avqust 2014-cü il tarixli Qərardan məlum olur ki, bu qərarın qəbul edilməsinə əsas Murad Ədilovun mütəmadi olaraq narkotik vasitə olan həşişin və marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat olub. Ancaq bu məlumatın necə əldə edildiyi və yaxud da müəyyən olunduğu, məlumatın hansı mənbəyə istinad etdiyi, necə yoxlanıla biləcəyi qaranlıq qalır.
Məhkəmə baxışında müdafiə tərəfi əməliyyat məlumatı verən şəxsin (şəxslərin) müəyyən edilərək şahid qismində məhkəməyə çağırılması, DİN BNMİ-nin 2014-cü il üzrə əməliyyat məlumatlarının qeydiyyatı kitabının məhkəməyə gətirilib tədqiq edilməsinə dair vəsatət versə də, həmin vəsatət qismən təmin edildi. Məhkəmənin qəbul etdiyi qərara əsasən BNMİ-yə sorğu göndərilməli və İdarənin 2014-cü ilə dair əməliyyat məlumatlarının qeydiyyatı kitabından çıxarış məhkəməyə təqdim olunmalıdır.
Ancaq DİN BNMİ-nin məhkəməyə göndərdiyi cavab məktubunda yalnızca sözlə 11 avqust 2014-cü ildə BNMİ-yə M.Ədilovla bağlı əməliyyat məlumatının daxil olduğu bildirildi.
Nəticədə həmin məlumatın mənşəyini müəyyənləşdirmək mümkün olmadı, aydın olmadı ki, 11 avqust 2014-cü ildə BNMİ-yə belə bir məlumat daxil olub və yaxud da daxil olmayıb.
Bu isə o deməkdir ki, sözügedən məlumat mənbəyi-mənşəyi məlum olmayan və hər hansı yolla yoxlanıla bilinməyən məlumat olduğundan sübut kimi qəbul edilə bilməz.
Azərbaycan Respublikası CPM-in 137-ci maddəsində deyilir ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
AR CPM-in 125.2.9-cu maddəsinə əsasən məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
Həmin Məcəllənin 144-cü maddəsində deyilir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir.
3. Murad Ədilovun üzərinə baxış saxlandığı yerdə və saxlandıqdan dərhal sonra deyil, təxminən 1-1.5 km. kənarda keçirilib. M.Ədilov təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdi ki, avqustun 11-i günorta saatlarında çöldən yonca toxumu yığıb gətirmək üçün kəndlisi Əzizov Cavid Bəybala oğluna zəng edib, ona məxsus “Qazel” markalı maşınla ona kömək etməsini xahiş edib. Saat təxminən 16.30 radələrində Cavid maşını ilə gəlib və kəndin içərisindən keçən kanalın üstündə onun maşınına minib. Təxminən bir kilometr gedəndən sonra “Qazel”in qarşısını bir neçə avtomobil kəsib, maşındakı mülki geyimli şəxslər düşərək “Qazel”i saxlamağı tələb edib, Cavid maşını saxlayan kimi mülki geyimli şəxslər onlara hücum edib, onu zorla “Qazel”dən düşürərək, dərhal əllərinə qandal vurub, zorla gəldikləri maşınlardan birinə - “Jiqulu” markalı maşına əyləşdirib, dərhal da Sabirabad rayonu istiqamətində hərəkət ediblər. Yolda maşında olarkən yanındakı - sağ və sol tərəfdən əyləşmiş mülki geyimli şəxslər cibinə girərək, ora nəsə yerləşdirib, Bakı-Bəhramtəpə magistral yolunun “Qarayevka dəmir pereyezdi” adlanan yerdə maşını saxlayaraq, onu maşından düşürüb, ondan cibində nə varsa boşaltmağı tələb ediblər, o isə sağ yan cibindən LD markalı siqaret qutusunu, siqareti yandırmaq üçün bir ədəd kibrit qutusunu, şalvarının sol arxa cibindən isə bir ədəd şəffaf sellofan bükümü çıxarıb, ancaq həmin bükümün ona məxsus olmadığını, kibrit qutusunun içərisində isə ancaq kibrit dənələrinin olduğunu bildirib, mülki geyimlilər kibrit qutusunun icərisində və şəffaf sellofan bükümdə narkotik vasitənin olmasını ona deyiblər.
Məhkəmədə müdafiə tərəfinin şahidi qismində ifadə vermiş şahid Əzizov Cavid Bəybala oğlu M.Ədilov saxlanarkən onun yanında olduğunu, həmin vaxt Muradın üzərinə baxış keçirilmədiyini, saxlanan kimi dərhal onun qollarının arxadan burulduğunu və “Jiquli” markalı avtomobilə oturulduğunu və dərhal da həmin avtomobilin oranı tərk etdiyini bildirdi.
4. Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 11 avqust 2014-cü il tarixli Protokol, həmin əməliyyat tədbirində iştirak etməmiş şəxs tərəfindən imzalanıb. Belə ki, cinayət işinin materiallarından və eləcə də sözügedən protokolun məzmunundan məlum olur ki, M.Ədilov saxlanarkən və onun üzərinə baxış keçirilərkən Sabirabad rayonunda müstəqil vəkillik fəaliyyəti ilə məşğul olan vəkil Məmmədli Səxavət Rəşid oğlu həmin tədbirin iştirakçısı olmayıb, yalnız protokol Sabirabad RPŞ-nin inzibati binasında tərtib edilərkən ora dəvət edilib, ancaq buna baxmayaraq, yəni prosessual hərəkətin aparılmasında iştirakçı olmamasına baxmayaraq, protokola imza atıb.
Bu hal, yəni vəkilin baxış keçirilməsi və götürmədə iştirak etməməsi faktı məhkəmə iclasında ifadə vermiş ittiham tərəfinin şahid ifadələri, təqsirləndirilən şəxsin ifadəsi tərəfindən bir daha təsdiq edildi.
Halbuki, Azərbaycan Respublikası CPM-in 51.5-ci maddəsinin məzmununa görə, protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxslər tərəfindən imzalana, imzalamaqdan imtina etdikdə isə, bu barədə protokolda müvafiq qeyd aparıla bilər.
5. Baxış istintaq hərəkəti buna səlahiyyəti olmayan şəxs tərəfindən həyata keçirilib. Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 11 avqust 2014-cü il tarixli Protokoldan görünür ki, Tərlanov Elman Zöhrab oğlu DİN BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkilidir, polis polkovnik- leytenantıdır.
Azərbaycan Respublikası CPM-in 86.4.2-ci maddəsinə əsasən o cümlədən baxış istintaq hərkətini aparmaq təhqiqatçının hüquqları sırasına aiddir.
Tərlanov Elman Zöhrab oğlu isə təhqiqatçı deyildir və yaxud da həmin vaxt ona təhqiqatçı səlahiyyətinin həvalə edilməsi ilə bağlı hər hansı bir əmr də yoxdur.
Belə olan halda isə, o səlahiyyəti olmadığı halda baxış istintaq hərəkəti həyata keçirmişdir.

6. Mənzildə baxış keçirmə və götürmə haqqında 11 avqust 2014-cü il tarixli Protokol buna səlahiyyəti olmayan şəxs - əməliyyat müvəkkili olan DİN BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Tərlanov Elman Zöhrab oğlu tərəfindən həyata keçirilib.
Halbuki, Azərbaycan Respublikası CPM-in 236.1-ci maddəsinin tələbinə əsasən baxışın müstəntiq tərəfindən aparılması nəzərədə tutulub.
Azərbaycan Respublikası CPM-in 125.2.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
7. Murad Ədilovun Sabirabad rayonu Xəlfəli kəndində yerləşən mənzilində baxış və götürmə məhkəmə qərarı olmadan həyata keçirilib.
Azərbaycan Respublikası CPM-in 17.2-ci maddəsində deyilir ki, Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, orada axtarış və mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında məcburi həyata keçirilir.
Həmin Məcəllənin 177.3.1-ci maddəsinin tələbinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb olunur.
AR CPM-in 243.3-cü maddəsinə əsasən təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər:
243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini;
243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizlədildiyini;
243.3.3 yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını;
243.3.4. yaşayış yerində insanın həyat və səhhəti üçün real təhlükə olduğunu.
AR CPM-in 243.4-cü maddəsində deyilir ki, Bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəlllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir.
M.Ədilovun mənzilində məhkəmənin qərarı olmadan axtarış və götürmənin aparılması üçün cinayət prosesssual qanunvericilikdə nəzərdə tutulmuş bu 4 əsasın heç biri mövcud olmayıb. Ancaq buna baxmayaraq, müdafiə etdiyim şəxsin mənzilində baxış və götürmə mıəhkəmənin qərarı olmadan, üstəlikdə buna səlahiyyət olmayan şəxs – yəni əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş və əsaslandırılmamış qərar əsasında həyata keçirilib.
8. Baxış və götürmədə həmin vaxt şübhəli şəxs statusunda olan M.Ədilovun müdafiəçisinin iştirakı təmin edilməyib. Baxmayaraq ki, Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 11 avqust 2014-cü il tarixli axşam saat 17.55-18.15 radələrində tərtib edilmiş Protokoldan məlum olur ki, M.Ədilov müdafiəçi ilə təmin edilib. Ancaq müdafiəçinin M.Ədilovun yaşadığı mənzildə keçirilən və saat 19.20 və 20.00 radələrində tərtib olunduğu göstərilən baxış keçirmə və götürmədə hansı səbəbdən iştrakının təmin edilmədiyi qaranlıq olaraq qalır.
Halbuki, Azərbaycan Respublikası CPM-in 236.3-cü maddəsində deyilir ki, Baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında azı 2 (iki) hal şahidi iştirak edir.
9. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 avqust 2014-cü il tarixli Qərarda M.Ədilovun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi nəzərdə tutulub. Ancaq buna baxmayaraq, baxış 4 otaqlı, 2 aynabəndli mənzilin yalnız bir otağında həyata keçirilib, digər otaqlara və həyətyani sahəyə baxış keçirilməyib.
Məhkəmə baxışında ifadə vermiş ittiham tərəfinin əməliyyat-axtarış tədbirini həyata keçrimiş polis əməkdaşları ifadələrində nəyə görə mənzilin yalnız bir otağında baxış keçirilməsi ilə kifayətləndiklərini və digər 3 otağa, aynabəndlərə və o cümlədən həyətyanı sahəyə baxış keçirilmədiyini heç cür izah edə bilmədilər, yalnız “Murad Ədilovun anası Muradın yatdığı otağı göstərdi, biz də ora baxmaqla kifayətləndik”- şəklində cavab verdilər.
İstintaq təcrübəsində belə bir hal, yəni narkotik vasitələri saxlamaqda şübhəli bilinən şəxsin yaşadığı mənzilin yalnız bir otağına baxış keçrilməsi və digər otaqlara və həyətyanı sahəyə baxış keçrilməməsi güman ki nadir nümunədir.
10. Ədilova Tahirə Talıb qızı və Ədilova Təravət Tofiq qızının 11 avqust 2014-cü il tarixli izahatları və Ədilova Tahirə Talıb qızının eyni tarixli mənzildə baxış keçrilməsinə etirazı olmaması barədə ərizəsi polis əməkdaşlarının diqtəsi ilə, psixi təsir və hədə-qorxu altında yazdırılıb və sənədlərə imza atdırılıb.
Bunu həmin şəxslər 08 noyabr 2014-cü il tarixdə istintaqa verdikləri ifadələrində (Cild 1, i.v. 206-210 və Cild 1, i.v. 212-216), eləcə də əlavə şahid qismində məhkəmədə verdikləri ifadələrində bir daha təsdiq etdilər.
Müdafiə tərəfinin şahidləri olan Ədilov Xalid İbrahiməjdər oğluAdilov Xaqani Fizuli oğlu da məhkəmədə verdikləri ifadələrində Tahirə Ədilova və Təravət Ədilovanın 11 avqust 2014-cü il tarixli izahatları polisin diqtəsi ilə yazdıqlarını, əks təqdirdə Murad Ədilovun həyat yoldaşı Təravət Ədilovanın Sabirabad RPŞ-yə aparılacağı və orda rüsvay ediləcəyi ilə təhdid olunduğunu bildirdilər.
Azərbaycan Respublikası CPM-in 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
11. Əməliyyat tədbirini həyata keçirmiş polis əməkdaşları iş üzrə maraqlı tərəf olduğundan şahid ola bilməzlər.
M.Ədilova istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsini təsdiq edən şahid ifadələrinin hamısı təqsirləndirilən şəxsin üzərində və onun mənzilində əməliyyat-axtarış tədbiri və istintaq hərəkəti aparmış DİN BNMİ-nin və Sabirabad RPŞ-nin polis əməkdaşlarının (Tərlanov Elman Zöhrab oğlu, İmanov Pərviz Nüsrət oğlu, Kazımov Azər Əzizağa oğlu – hamısı DİN BNMİ-nin əməkdaşlarıdır -, Sultanov Rauf Qalamirzə oğlu və Şəbəndiyev Vüsal Müzəffər oğlu – Sabirabad RPŞ-nin əməkdaşları) onlardan asılılığı heç bir şübhə doğurmayan hal şahidlərinin (Atakişiyev Elçin Ataxan oğlu və Ağayev Vəlhəd Rafiq oğlu) ifadələridir. Həmin polis əməkdaşları və hal şahidlərinin istintaq və məhkəməyə verdikləri ifadələr şablon, məzmunca bir-birini təkrarlayan, klişe ifadələr olmaqla, peşəkar polis zabiti tərəfindən tərtib edilmişdir.
M.Ədilovun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirmiş polis əməkdaşları cinayət işi üzrə tərəf olduqlarından onların ifadələri mötəbər hesab edilə və həmin ifadələrə sübut kimi istinad edilə bilməz.
Hal şahidlərinə gəlincə isə, həm onların ifadələrinin polis əməkdaşlarının ifadələrini sözbəsöz təkrarlaması, həm də hal şahidlərinin məhkəmə prosesi və ondan kənardakı davranışları, məhkəməyə polis əməkdaşlarının maşınında gəlmələri, nahar və çay fasilələrində polis əməkdaşları ilə birlikdə olmaları, məhkəmədən sonra polislərin avtomobilində geri qayıtmaları və daima onların müşayiəti altında olmaları onu deməyə əsas verir ki, Vəlhəd Ağayev və Elçin Atakişiyev polis əməkdaşlarından asılı vəziyyətdədir və onlarla qeyri-rəsmi əməkdaşlıq edirlər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 07 may 2015-ci il tarixli № 19/51-2408 saylı müdafiə tərəfinin sorğuya cavab məktubunda qeyd edilir ki, Ağayev Vəlhəd Rafiq oğlu Respublika Mərkəzində qeydiyyatda yoxdur. 21.05.1972-ci il təvəllüdlü, Şirvan şəhəri, Vidadi küçəsi, ev 62 ünvanında qeydiyyatda olan Atakişiyev Elçin Ataxan oğlu isə “tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya” diaqnozu ilə Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır.
Hal şahidinin narkoman kimi qeydiyyatda olması faktı onun polislə qeyri-rəsmi əməkdaşlıq etməsinin və ondan asılı olmasının təsdiqidir.
Halbuki, Azərbaycan Respublikası CPM-in 94.1-ci maddəsində deyilir ki, Cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər.
Həmin Məcəllənin 95.2.4-cü maddəsinin tələbinə əsasən “...öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi şahid qismində çağırıla və dindirilə bilməz”.
İttiham tərəfi israrla DİN BNMİ-nin baş əməliyyat müvəkkili Tərlanov Elman Zöhrab oğlunun təhqiqatçı vəzifəsini həyata keçridiyini iddia edir. Əgər belədirsə, o da bu iş üzrə şahid ola bilməzdi.
Vəkil Yalçın İmanov
12. Hətta, M.Ədilovun üzərinə və yaşadığı mənzilə atılmış narkotik vasitənin ona məxsus olduğu barədə qondarma və saxta iddianı qəbul etsək belə, onun satış niyyətinin nədə ifadə olunması aydın deyil.
Əvvəla, narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması bütün hallarda satış məqsədinin olması demək deyil. İkincisi isə Murad Ədilovun narkotik vasitələrlə gizli ticarətini - satış məqsədinin olmasını təsdiq edən hər hansı sübut növü yoxdur. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Əfəndiyev Hacı Məmməd oğlu tərəfindən qəbul edilmiş Sübutların qiymətləndirilməsi haqqında 13 dekabr 2014-cü il tarixli Qərarda (Cild 1, i.v. 301-313) deyilir ki, (Cild 1, i.v.310) “Cinayət işi üzrə istintaq zamanı görülmüş istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, Murad Ədilovun küllü miqadarda narkotik vasitə olan qurudulmuş marixuana və həşiş qətranını əldə etmiş olduğu mənbəni müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar narkotik vasitənin mənbəyinə görə cinayət işi ayrıca icraata ayrılmalıdır. Murad Ədilov barəsində olan cinayət işinin istintaqı tamamlandığından, həmin cinayət işindən narkotik vasitənin mənbəyinə görə cinayət işinin ayrılması heç bir maneçilik törətmədiyindən 141900307 №-li cinayət işindən narkotik vasitənin mənbəyinə görə Azərbaycan Respublikasi CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmalı və ayrıca icraata qəbul edilməlidir”.
Əvvəla, qərarın 10-cu bəndində (Cild 1, i.v. 312) ayrılmış cinayət işinə hansı nömrənin verilməsi barədə hər hansı qeyd yoxdur. Digər tərəfdən, cinayət işinin AR CM-nin 234.4.3 (küllü miqdarda) maddəsi ilə ayrılması sual doğurur, yəni bu zaman gözlənilən cinayət qanunu norması 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə) olmalı idi.
Ümumiyyətlə isə ayrılmış cinayət işinin sonrakı istintaqının aparılıb-aparılmaması, hazırda istintaqın hansı mərhələdə olması, hansı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirlməsi barədə hər hansı bir məlumat yoxdur.
Halbuki, AR CPM-in 211.7-ci maddəsində deyilir ki, başqa cinayət işinin ayrılması və onun gələcək istiqaməti barədə cinayət işi üzrə ilkin icraatda iştirak etmiş təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi, habelə qanuni mənafeləri ilə əlaqəli olduqda zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri məlumatlandırılır.
Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 sayı Qərarında deyilir ki, məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilsin. (Qərarın 1-ci bəndi)
Həmin Qərarın 9-cu bəndində deyilir kİ, təqsirkarın  narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Yəni, narkotik vasitələrinin şəxsi istehlak miqdarından çox olması satış məqsədinin mövcudluğu hesab edilə bilməz və bu cür yanaşma tamamilə yanlışdır.
İstintaq və məhkəmə təcrünəsindəki bu qüsurlu praktika əksərən çoxlu sayda məhkəmə səhvləri ilə nəticlənir.
Narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq olması işin digər halları ilə məcmu halında araşdırıldıqdan sonra qiymətləndiurilməli və əmlin tövsifinə əsas olamlıdır.
IV. Əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsdirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz
Murad Ədilov ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir və bu ittihamı özünün (Murad Ədilov müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür, həmin partiyanın Gənclər Təşkilatının təsisçilərindən biridir) və daha çox isə qardaşı, AXCP Mətbuat Xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin yazarı, “Azərbaycan Saatı” verilişinin əməkdaşı və “Facebook” sosial şəbəkəsində mövcud siyasi hakimiyyəti sərt tənqidi statusları ilə tanınan Ədilov Natiq Güləhməd oğlunun ictimai-siyasi və jurnalist fəaliyyəti ilə əlaqələndirir.
M.Ədilov məhkəmə baxışında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Sabirabad RPŞ-nin Cinayət-Axtarış Bölməsinin (CAB) rəisi Vüsal Şəbəndiyevin otağında təxminən bir saata yaxın döyülərkən Sabirabad RPŞ-nin rəis müvaini Əlifağa Kazımov və CAB rəisi Vüsal Şəbəndiyevin onu Natiq Ədilova görə həbs etdiklərini üzünə dediklərini bildirdi.
İşin istintaqını aparan orqanın müstəsna şəkildə qərəzli və qeyri-obyektiv olduğuna bundan gözəl nümunə ola bilərmi?
M.Ədilov 11 avqust 2014-cü ildə həbs edilməmişdən öncə üç gün ərzində Natiq Ədilov və onun ailəsi barədə hakimiyyətə yaxın qəzetlər, saytlar və televizayada qarayaxma kampaniyası aparılmış, məzmunca eyni olan yazılar çap edilmiş, tirajlanmışdır. Həmin qarayaxma kampaniyasında Natiq Ədilov və onun ailəsi barəsində açıq təhqirlər, böhtan və şantaj xarakterli materiallar yer alır. Təqdim edilmiş yazılarda, yazıların tonunda Natiq Ədilov hədələnir, onun barəsində “ölçü götürməyin zəruriliyi” qeyd edilir.
2013-cü ilin dekabr ayının 3-də isə Murad Ədilovun qardaşı Natiq Ədilov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmış, İdarədə onu həmin vaxt Bakının polis rəisi olan Rafiq Abbasov və paytaxt prokuroru Əziz Seyidov qəbul etmişdirlər. Onlar Natiq Ədliova mətbuatda və sosial şəbəkələrdəki çıxışlarına görə xəbərdarlıq etmişdirlər. Həmin xəbərdarlıq mətnində deyilir ki, Natiq Ədilov mətbuatda və sosial şəbəkələrdə “ölkənin dinamik inkişafına, həyat səviyyəsinin yaxşılaşmasına, iqtisadi qüdrətinin güclənməsinə xidmət edən islahatların mahiyyətini və əsl gerçəkliklərini əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər səsləndirib və görüntülər yerləşdirib”.
Xəbərdarlığa görə, Natiq Ədilovun məqsədi “iqtisadi sahədə həyata keçirilən tədbirlərin üzərinə kölgə salmaq və ictimai rəyi çaşdırmaq” olub. Xəbərdarlıqda daha sonra bildirilir ki, Natiq Ədilov gələcəkdə “bu xarakterli əməllərini” davam etdirsə, onun barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək:
Həmin xəbərdarlığın linkini təqdim edirəm:
Məlumat üçün deyim ki, Murad Ədilov 11 avqust 2014-cü ildə həbs edildikdən sonra Natiq Ədilov və ailəsi barədə qarayaxma kampaniyası dayandırılmışdır. Həmin materiallar və xəbərdarlıq mətninin cinayət işinin materiallarına əlavə edilib, sənədlərin elan edilıməsi və tədqiqi mərhələsində elan olunub, tədiqi edilməsinə dair müdafiə tərəfinin vəsatəti məhkəmə tərəfindən təmin edilmədi.
Murad Ədilov narkotik vasitənin onun üzərinə və yaşadığı mənzilə əməliyyat-axtarış tədbirini həyata keçirmiş polis əməkdaşları tərəfindən atıldığını bildirir. Yəni, onun təqsirliliyinə dair sübutlar bazasının polisin müdaxiləsi ilə yaradıldığını, sübutların onların həqiqi məzmununa uyğun olmadığını, habelə əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda onun barəsində qanunsuz və əsassız ittiham irəli sürüldüyünü bildirir.
Oxşar vəziyyətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətə görə məhkum olunmuş Qriqoriy Arkadyeviç Vanyanın Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də məhkəmələrin, o cümlədən işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Prezidiumunun işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir (qərarın 40-cı bəndi).
Şərh edilən məsələyə Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda isə qeyd olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz.
Başqa sözlə, əməliyyat-axtarış tədbiri provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırlmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir.
Polis əməkdaşları məhkəmədə şahid qismində dindirilərkən onlarda əməliyyatadək M.Ədilovun narkotiklərin satışı ilə məşğul olmasına dair məlumatların olduğunu bildirsələr də, həmin ifadələr müəyyənlikdən uzaq olub, heç bir konkret hala əsaslanmadığından, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə sözügedən sübutları M.Ədilovun polis əməliyyatınadək də (yəni polisin müdaxiləsi olmadan) narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsinə dəlalət edən əsaslar kimi nəzərdən keçirmək olmaz.
(Bu haqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində №2 2013-ci il sayında dərc edilmiş Bərdə Rayon Məhkəməsinin 25 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məmmədov Cahid Asif oğlunun (Hökmdən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2012-ci il tarixli qərarı ilə təmin edilməmişdir) kassasiya şikayətində geniş bəhs olunur).
M.Ədilov Siyasi Məhbusların Vahid Siyahısını hazırlayan İşçi Qrupu tərəfindən siyasi məhbus elan olunub.
Bu haqda daha ətraflı bu linkdə tanış olmaq olar: http://www.azadliq.org/content/article/27002486.html
Avropa Şurası Baş Katibin təşəbbüsü ilə müstəqil ekspertlərin işləyib hazırladığı siyasi məhbus anlayışının müəyyən edilməsi kriteriyalarından biri də a) azadlıqdan məhrumetmənin AİHK və onun protokolları ilə təminat verilən əsas hüquqlardan birinin, o sıradan fikir, vicdan, din, ifadə, informasiya əldə etmə və yayma, yığıncaq və birləşmə azadlıqlarının polzulması ilə təyin edilməsidir.
Ötən il bir sıra azərbaycalı siyasi məhbuslarla birlikdə M.Ədilov Norveç Helsinki Komitəsi tərəfindən Andrey Saxarov Azadlıq Mükafatı ilə təltif edilib.
Bu haqda daha ətraflı bu linklədə tanış olmaq olar:
http://musavat.com/news/siyaset/saxarov-mukafati-siyasi-mehbuslara-teqdim-edildi_227470.html (“Saxarov mükafatı siyasi məhbuslara təqdim edildi”).
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) III bəndinə əsasən Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Konstitusiyanın 54-cü maddəsinin (Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ) I bəndində deyilir ki, Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyəti və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.

Konstitusiyanın 57-ci maddəsinin (Müraciət etmək hüququ) II bəndində deyilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
Konstitusiyanın 58-ci maddəsinin (Birləşmək hüququ) II bəndinə əsasən hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

Konstitusiyanın 71-ci maddəsinin (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı)I bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Azərbaycan Respublikasının yurisdiksiyasında olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin tələbinə əsasən (Ayrı-seçkiliyin qadağan olunması) Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
Konvensiyanın 9-cu maddəsi fikir, vicdan və din azadlığını, 11-ci maddəsi yığıncaqlar və birləşmək azadlığını nəzərdə tutur.
Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinin tələbinə görə cinayət-prosessual qanunvericliyi həmçinin ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət pörosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın.
Həmin Məcəllənin 11.2-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir.


V. Konvensiyanın 3-cü maddəsinin pozuntusu


M.Ədilov həm istintaqda, həm də məhkəmə baxışında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində 11 avqust 2014-cü ildə saxlandıqdan sonra Sabirabad RPŞ-nin Cinayət-Axtarış Bölməsinin (CAB) rəisi Vüsal Şəbəndiyevin otağında 5-7 nəfər polis əməkdaşı tərəfindən cibinə atılmış narkotik vasitənin ona məxsus olması barədə etirafedici izahat verməyə məcbur edildiyini, bundan imtina etdiyi üçün həmin şəxslər tərəfindən bir saata yaxın döyüldüyünü, sol bud nahiyəsindən və kürək hissəsindən xəsarət aldığını, mənəvi-psixi təzyiqlərə məruz qaldığını bildirdi.
İstintaq dövründə müdafiə tərəfi M.Ədilovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə təminat verilən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozuntusu ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında şikayət vermiş, ancaq həmin məhkəmənin (hakim Hüseynov Turqay Oqtay oğlu) 03 sentyabr 2014-cü il tarixli İş № 6 (005) -39/2014 saylı qərarı ilə şikayət təmin edilməmişdir.
Şikayətin təmin edilməməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Babayev Qədim Xalid oğlu) 11 sentyabr 2014-cü il tarixli İş № 6 (103)-100/14 saylı qərarı ilə təmin edilməmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nun İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin prokuroru, ədliyyə müşaviri Fərrux Babayev M.Ədilovun döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 avqust 2014-cü il tarixli İş № 4 (005)-630/2014 saylı Məlumatını (hakim Abdulov Rəşad Məhərrəm oğlu) araşdıraraq 02 oktyabr 2014-cü il tarixli “Cinayət işinin başlanmasının rədd eedilməsi haqqında” Qərar qəbul etmişdir.
Həmin qərardan müdafiə tərəfi məhkəmə nəzarəti qaydasında şikayət vermişdir.
Səbail rayon Məhkəməsi 16 yanvar 2015-ci il tarixli, İş № 6 (009)-04/2015 saylı qərari ilə ilə şikayəti təmin etməmişdir (hakim Əliyeva Aytən Heydər qızı).
Şikayətin təmin edilməməsindən verilmiş apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2015-ci il tarixli, İş № 6 (103)-16/15 saylı qərarı ilə rədd edilmişdir (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu).
Hər iki məhkəmə şikayəti təmin etməməyi bu motivlə əsaslandırmışdır ki, Ədilov Murad Güləhməd oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən də hər iki məhkəmə hesab etmişdir ki, müdafiə tərəfinin şikayətində göstərdiyi hallar LACM tərəfindən araşdırıla bilər.
Müdafiə tərəfinin istintaq dövründə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Bakı İstintaq Təcridxanasına M.Ədilovun müvəqqəti saxlanma yerinə və təcridxanaya daxil olarakən üzərində xəsarət izlərinin olub-olmaması ilə bağlı ünvanlanmış sorğularına cavab verilməmişdir. Məhkəmədə müdafiə tərəfi bununla bağlı vəsatət vermiş və məhkəmə hər iki quruma sorğu ünvanlamışdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidovun və tibbi sanitar hissəsinin rəisi, tibb xidməti mayoru Qurban Hüseynovun imzası ilə məhkəməyə daxil olmuş 17.02.2015-ci il tarixli, №17/381365 saylı sorğuya cavab məktubunda deyilir ki, Ədilov Murad Güləhməd oğlu 15.08.2014-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı həbs olunmuş şəxs M.G.Ədilovun bədəninə ümumi baxış keçirilərkən, onun sol budunun orta 1/3-nün arxa-içəri səthində, kənarları sarıya çalan bənövşəyi rəngli iri qançır aşkar edilmişdir.
Bunun əksinə olaraq isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimovun imzası ilə məhkəməyə daxil olmuş 25.02.2015-ci il tarixli № 007-2019-1215 saylı sorğuya cavab məktubunda qeyd edilir ki, Ədilov Murad Güləhməd oğlu 12.08.2014-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun bədəni üzərində xəsatət izlərinin olması müəyyən edilməmişdir.
M.Ədilovun döyülməsi onun özünün ifadələri, Bakı İstintaq Təcridxanasının sorğuya cavab məktubu ilə tam təsdiqini tapır.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin (şərəf və ləyaqətin müdafiəsi hüququ) III bəndində deyilir ki, Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsasən Heç kəs işgəncəyə, qeyri-qanuni və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.
AR CPM-in 15.2.1-ci maddəsinə əsasən Cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək qadağandır.
Beləliklə:


Göründüyü kimi, məhkəmə iclasında sübutların araşdırılması zamanı M.Ədilova qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmadı, başqa sözlə, ittiham sübuta yetrilmədi və bu səbəbdən də onun barəsində bəraət hökmü çıxarılmalı, eyni zamanda onun işgəncəyə, qeyri-qanuni və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququnun pozuntusu tanınmalı və DİN BNMİ-nin və Sabirabad RPŞ-nin əməkdaşlarının barəsində xüsusi qərar çıxarılmalıdır.
Hörmətli Məhkəmə Kollegiyası!
Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə görə, yal­nız tö­rət­di­yi ic­ti­mai təh­lü­kə­li əmə­lə (hə­rə­kət və ya hə­rə­kət­siz­li­yə) və onun nə­ti­cə­lə­ri­nə gö­rə təq­si­ri mü­əy­yən olun­muş şəxs ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb edi­lə və cə­za­lan­dı­rı­la bi­lər. Şəxs təq­sir­siz ola­raq vur­du­ğu zə­rə­rə gö­rə ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb olu­na bil­məz.
AR CPM-in 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.
Həmin Məcəllənin 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.
AR CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir.
Həmin Məcəllənin 33.1 və 33.2-ci maddələrində deyilir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.
Cinayət mühakimə icraatı həyata keçirlərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.
CPM-in 338.1.2-ci maddəsində deyilir ki, ...məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəflərinə məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir.
Həmin Məcəllənin 340.3-cü maddəsinə əsasən cinayət prosesinin tərəfləri öz çıxışlarında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş sübutlara istinad edə bilməzlər.
CPM-in 349.3-cü maddəsində deyilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.
349.4. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
349.5. Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir:
349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda;
349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə;
349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.
Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.
350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.
CPM-in 42.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
Göstərilənləri nəzərə alaraq və AR CPM-in 42.1.2, 15.2.1 və 355-ci maddələrini əsas tutaraq Məhkəmədən
Xahiş edirəm:


1. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Ədilov Murad Güləhməd oğlu barəsində əməlində cinayət tərkibi olmadığına görə bəraət hökmü çıxarılsın;
2. Ədilov Murad Güləhməd oğlunun işgəncəyə, qeyri-qanuni və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququnun pozuntusu tanınsın.
3. Ədilov Murad Güləhməd oğlunun üzərinə və yaşadığı mənzilə narkotik vasitə atmış, Murad Ədilovu Sabirabad RPŞ-də bir saat müddətində döymüş, Tahirə Ədilova və Təravət Ədilovaya hədə-qorxu və təhdid altında izahat və ərizə yazdırmış DİN BNMİ-nin və Sabirabad RPŞ-nin əməkdaşları barəsində xüsusi qərar çıxarılsın.



Müdafiəçi: Yalçın İmanov ( 14. 05. 2015)

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Bəs deyirdilər, o hər şeyi bilir?!

Heydər Əliyevin rus jurnalistlərlə görüşündən :)
G e n n a d i  M a l t s e v: ...Sırtıqlıq kimi qəbul etməyin, bizə lütfkarlıqla bağışlanmış «Aforizmlər və müdrik kəlamlar» kitabınıza avtoqraf yazardınızmı?
H e y d ə r  Ə l i y e v: Bu kitab sizdə haradandır? Mən onu görməmişəm.
G e n n a d i  M a l t s e v: Bizdəki bu kitab rus və ingilis dillərindədir. Çox maraqlı kitabdır. Bəzi fikirlər biz jurnalistlərin unvanınadır.
H e y d ə r  Ə l i y e v: Mən bu kitabı görməmişəm.
G e n n a d i  M a l t s e v: Heydər Əliyeviç, axı, Sizin aforizmlərinizdir, Siz sadəcə olaraq, bu nəşri görməmisiniz.
H e y d ə r  Ə l i y e v: Yox, mən bu kitabı görməmiıəm.
G e n n a d i  M a l t s e v : Belə bir lətifə yadınızdadırmı, Leonid Ġliç Suslovdan soruşur: «Kiçik torpağ»ıoxumusanmı?». Suslov isə deyir: «Xeyr. Amma Pelşe oxuyub, deyir, maraqlı kitabdır».
H e y d ə r  Ə l i y e v: Yox, düzgün müqayisə deyil