Qurban Məmmədovun əzabları

“Şərin vəkilinə” vəkillik hansı zərurətdən doğdu?
“Əsəblərinizi sakitləşdirə” bildinizmi? məqaləni (“ Azadlıq” qəzeti, 6 iyun) məqaləsini dostu, qardaşı adlandırdığı bəndənizə həsr edən Qurban bəy başlığa çıxardığı sualı hələ düşünürsə, bəri başdan yazım, sakitəm Qurban bəy, çox sakit. İkimizdə eyni təmayülü ("inter 5) oxumuşuq və bizə orda ali sinir fəaliyyəti barədə öyrətmişdilər ki, pis şeyə əsəbiləşmək, yaxşı hadisəyə sevinmək anormal deyil, əksinə, bunun olmaması çöçün sayılmalıdı. Şükür, əsəbilərim əclaf hallarla rastlaşanda kükrəyir, xoş bir haldansa dinclik tapır. Yox, Sizin yazı növbəti dəfə məni əsəbiləşdirməyə hesablanmışdısa, alınmadı. Mən ancaq məyusam.
Səmimi olacam, sizin müqəddiməniz kimi vurğulamayacam ki, “cavab haqqım olmasa da”, “bu məqaləni yazmaq istəmirdim". Bu yazı mütləq yazılmalıdır ki, haqq nazil olsun, batil viran. Ara qızışmamış, bixbər oxucular üçün yada salım ki, Qurban bəyin bəhs elədiyimiz məqaləsi mənim “Şərin vəkili və ya şərbaz vəkil” (məqalə burda: http://bit.ly/1eXaBrn) yazıma cavab olaraq ərsə gəlib. Bəs, o niyə? Məqaləmin “qəhrəmanı”, can yiyəsi ki əlhəmdulillah, şil-şikəst deyil, ələxüsus Kürdəxanı türməsində əli-qolu bağlı dustaq deyil, niyə o müdrikcəsinə susur, Qurban bəy isə ona vəkillik edir? Biz bu mübhəm sualların izi ilə gedəcəyik, əziz oxudu. Dərdimiz ağırdı.
Qurban bəyin boğulmağlığı
Türkiyənin çox ustad bir şairi var, Cəmal Sürəyya. Onun sözüdü, deyir ki, "Okyanusta ölmez de insan, gider bir kaşık sevdada boğulur".
Qurban bəy, sizinki də buna bənzədi. İnciməyin. Siz, sovetlərlə, Əliyev rejimi ilə döş-döşə gələn insan kimi gəldini,z bir qaşıq kor sevdada boğuldunuz. Özü də kimin sevgisinə? Qorxaq olduğunu danmadığınız, “atar damardan" məhrum, ən yaxşı halda şərin qabağında dilsiz şeytan olan birinə- Səxavət Məmmədlinin! Dəyərdimi? Rasionallıq deyir, dəyməzdi, amma sevda irrasional şeydi, becah yerə demirlər, ki “eşqin gözü kordu, yaxud Leyliyə Məcnun gözü ilə bax”.
“Bu nə turşu, bu nə pəhriz”
Hərçənd, mən böyük şübhələr içindəyəm ki, Qurban Məmmədov yalnız “dostu, tələbəlik yoldaş”ı üçün o “Lal Hüseyn”i müdafiə eləsin. Mənə vəsvəsə verən şeytanın şərindən pərvərdigara sığınıram, amma bu “vəkilə vəkillik eləməyin arxasında” başqa ciddi səbəblər olduğu şübhəsindəyəm. Qurban bəy mənə dostum, qardaşım deyir, amma bu qaydaya əsasən qardaşı sayılacaq Murad Ədilovun həbsində namərd rol oynayan, vəkilik etikasına tüpürən başqa dostunu müdafiə edir. Qurban bəy, mövqeyinizi dəqiqləşdirin, sizin qardaşınız kimdi? Üç tifili hər gün "ata" deyib ağlayan məhbus Murad, anası bu şərəfsiz şərləmədən xəstəlik tapan Natiq, yoxsa “atar damarı” olmayan Səxavət?
Vəkillə manatın acı tale bənzərliyi
Səxavət barədə Qurban bəyin verdiyi “arayış” indi bəzi partiyaların saxta mühacirlərə satdığı arayışa necə də oxşayır. Həmin “arayış” olduqca süni, reallıqla üzvü bağı olmayan bir şeydi, bunu bütün Sabirabad da bilir, Qurban bəyin özü də.
Hörmətli Qurban bəy Səxavət Məmmədovu “bizə” dost sayır. Mən artıq sizin sarsılmaz dost olduğunuza şübhə eləmirəm bəy, amma lütfən, biz deyən də kimləri nəzərdə tutulur bunu aydınlaşdıraq. Belə başa düşdüm ki, sabirabadalı müxalifətçiləri qəsd edirsiniz. Olsun, amma bunu sübut eləmək üçün Sabirabaddakı ciddi müxalifçilərdən, yaxud möhtərəm, xarakterli kişilərdən beşinin adını yazın mənə, onlar şəhadət versinlər ki Səxavət bu işdə, eləcə də “tok”a verilib min bir işgəncə ilə boyunlarına etmədiyi cinayətləri qoyulan müvəkkillərini keçi qiymətinə satdığı üçün hələ də hörmət sahibi olaraq qalır.
Yoxdur, belə şey bəy. Sizin sözlər keçmiş zamanda doğru ola bilər. Necə ki dünyaya gələn bütün insanlar körpəliklərində məsum, günahsız olurlar, sonra zirzibildən çoxları özünü qoruya bilmir. Səxavət də bir zaman siz deyən kimi dəyərli bəylərdən olub, elə buna görə də qiymətləndirilib Sabirabad AXCP şöbəsinə üzv götürülüb. Sonra isə görünür manatın başına gələn müsibət onun da qədərinə düşüb. Gözəl və başadüşülən o olardı ki, əziz Qurban bəy hüquq-mühafizə orqanlarının stajlı “hal şahid”inə çevirilən dostu Səvavətin devalvasindan əzab çəkəydi, nəinki “lal Hüseyni” ifşa edən “dostu, qardaşı” Natiqin məqaləsindən.
“Hal şahidi”nin buynuzu
Qurban bəy peşəkar hüquqşünasdı və bu bacarığından istifadə edərək məqalənin mahiyyətin kiçildərək yazımda Səxavəti “hal şahidi” kimi göstərməyimə böyük diqqət ayırıb və bütün əsas problemləri gözardı edərək bu “səhvi” qabardıb. Bununla məni haqsız, ədalətsiz elan edir. Qurban bəy, ola bilsin ki işlətdiyim “hal şahidi” ifadəsi “cinayət prosessual məcəllə”nin anlayışları ilə tərs gəlir, amma siz də yaxşı bilirsiniz, mən məhkəmə hökmü, yaxud ittiham yazmamışam. Bu publisistikadır, burda sizin də tez-tez istifadə elədiyiniz təşbehlər, metaforalar nəinki məqbuldu, hətta vacibdi. Əks halda qəzet məqalələri də dönüb olar bizim qanunların dili və üslubu kimi quru, şablon və cansıxıcı. Səxavət ola bilər ki, qanunda göstərilən kimi hal şahidliyi eləməyib, amma bu onun əməlinin yaramazlığını dəyişmir ki.
Min bənanə bir qabahəti yumaq gücündə deyil
Mənim etirazım, əsəbim nəyə idi, bunu yazmışam bir də təkrar edək. Dostunuzun imzası var. O imza atılan mətndə də yazılır ki (daha ətraflı burdan oxuyun http://bit.ly/1AVCBFX) , Muradın üstündən narkotik çıxıb, o narkotikin kimə məxsus olması barədə sualları cavablamayıb (siyasi sifariş və uydurma olduğundan) Səxavət də bu mətnin altına imza qoyub. İndi o və siz israr edirsiniz ki, bu imza Muradın üstündə narkotik çıxdığına görə deyil. Lap, gözəl, kor nə istər, iki göz! Biz də onu tələb edirdik ki, Səxavət gəlsin məhkəməyə desin, ay xalq mən imzanı Muradın ifadə verməkdən imytina etməsinə görə çəkmişəm, narkotik filan görməmişəm. Məhkəməyə gəlmədi, dəfələrlə çağırılsa da. Bəhanə uydurmaq lazım deyil, öz vəkil şərəfini qorumaq üçün adam Sabirabaddan Lənkarana lap piyada da gedərdi. Getmədi, eybi yox yenə də. Bəs mətbuata açıqlama verməyə ona nə mane oldu?
Axı “Azadlıq” qəzeti ona belə bir çağırış eləmişdi! Ona görə bunu eləmədi ki, o səhv və günahkar olduğunu bilirdi və həm də əmin idi ki, “Azadlıq” qəzetində çap olmasından sui istifadə edə biləcək bir dostu Qurban Məmmədov var ki, o Səxavətin yerinə 5 qat güclü məqalə yaza bilər, yazdı da.
Bu “Azadlıq” qəzetinə üsyanımdı
Qurban bəy məni və “Azadlıq” qəzetini şərin vəkilindən üzr istəməyə çağırır ( kül mənim başıma) və şən formada yüngülvari psixoloji hücum edərək işarə edir ki, müəllifinizə niyə imkan veririsiniz ki qardaşından yazıb çap olunma imkanındna sui istifadə edir.
Qurban bəyin Carçı.Azadlıq” qəzetinə iradlarını bölüşürəm, hətta daha şiddətli formada. Niyə? Çünki bu qəzet heç vaxt Muradın müdafiəsinə heç vaxt Qurban bəyin yazdığı həcmdə məqalə həsr eləməyib. Bəli, eləməyib. Amma bir siyasi məhbusun əleyhinə yönələn məqaləyə demokratiya prinsipi ilə yanaşıb qucaq açır. Yoldaşlar, aztv-nin sözü olmasın, bu demokratiya deyil, anarxiyadır, yaxud çürmüş dovğa!
Qurban bəy mənim qardaşım Muradın müdafiəsinə yazı həsr eləməyinə söz atır, canı sağ olsun. Neynəyək, qardaş əqidə dostu olanda gərək onu daha çox müdafiə edəsən. Məncə, bu ayıb deyil, əksinə comərdlikdi! Razılaşaq ki, Murad, təkcə Murad deyil, o heç təkcə Natiq Ədilovun qardaşı da sayılmır, o bizim əzabkeş vicdan məhbsularımızdandı. Onun, zindandakı əzabkeş siyasi məhbuslar- Seymur Həzinin, Asif Yusiflinin, Xədicənin, İntiqam bəyin, nidaçıların Hacı Talehin və başqalarının haqqı var ki, “Azadlıq” qəzeti onlardan hər gün və daha həcmli məqalələr yazsın. Əslində Qurban bəy də keçmiş siyasi məhbus kimi bu işdə öncül olmalıdı. Yoxsa, biz nə görürük? O şərin vəkilinə, vəkillik edir! Nə qədər acı!
“Xəndəy”in o tərəfi və bu tərəfi
Əziz oxucu, Murad Ədilov polisdə amansızlıqla döyülüb, vəhşilər ona hər cür fiziki və mənəvi işgəncə verib. O, bütün bunları mənə çatdırılmasını o “lal hüseyn”dən xahiş edib. “Lal Hüseyn” isə möhtəkirliklə bunu gizlədib. İzah edə bilirəmmi, məncə bu Fizikanın “Optika” bölməsi qədər mürəkkəb olmamalıdır axı? Bu adam işgəncəni gizlədib! Qurban bəy də bu namərdliyi, qanunsuzluğu gözəl istedadı isə ört-basdır etmək istəyir. Bununla da tək Murada deyil, bu bivec vəkilin ümidinə qalan 160 minlik sabirabadlının haqqını tapdalayır, çaşqınlıq yaradır. Beləliklə hər şey aydındı. Biz zərərçəkənik. Qardaşım türmədədir, onu şərləyiblər, fiziki zorakılığa məruz qoyublar, məndn də xəbəriniz var, cəlayi vətənəm. Bu ağır məqamda Qurban bəyi yanımızda görmədik. Əksinə o “xəndəyin o üzündə Əbu Süfyana” qardaş dedi.
Xoş arzularla
Mənim indi bircə arzum var. Kaş pentensiar xidmətin ürəytində rəm olaydı, Qurban bəyin Murada qarşı yazdığ o məqalə çıxan sayımız, türməyə buraxılmayadı. Həmin məqaləni oxuyanda Muradın keçirəcəyi sarsıntını təsəvvür belə eləmək istəmirəm.
Bu ağır yazını gözəl bir şeirlər başladığım kimi elə o ahəngdə də bitirək ki, nisgilli qəlbimiz bir az aram tapsın.
“Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz ğəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq?
Sizdə adət bumudur? Böylə olurmu yarlıq?
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?”
PS. Bu yazını “Azadlıq” qəzeti üçün yazmışam, redaksiya hesab eləsə ki bu müəllif kimi qəzetin imkanlarından sui-istifadə deyil, çapa verməyinə etiraz eləmirəm, hətta təşəkkür edirəm. Bu yazıya hesablanacaq qonarardan da imtina edirəm.