Vaxtdan uca, puldan balaca

Yamaqlı paltarla cəmiyyətdə dolaşan və istedadı, biliyi heç kimdə şübhə doğurmayan müdrik Sokratla xanımı Ksantippa arasında günlərin birində konflikt yaranır. Qadın başı ensklopediya olan Sokratı məzəmmət edir. Ona təxminən bu günkü ifadələrlə desək, belə deyir: “Niyə gedib televiziyaya Yeni Afina Partiyasına keçməyin barədə bəyanat vermirsən? Yəni, sənin Gülhüseyn “Əhmədov” qədər də qabiliyyətin çatmır ki, “Xalq qəzeti”ndə ümumafina lideri haqqında bir səhfəlik yazı verəsən? Axı, bunu etsən, bizim firavanlığımız çox asan yolla təmin olunar". Sokrat acı-acı gülür və qadınıyla aşağıdakı dialoqa girir.
-Ksantippa, biz, qadınlarda hansı ilahi keyfiyyəti daha çox qiymətləndiririk?
-Yəqin ki, onun gözəlliyini,-deyə arvadı cavab verdi.
-Bəs kişidə?
-Elə bilirəm ki, dərrakəni...
-Indi isə de görüm: Allahın ona bəxş etdiyi ən başlıca hədiyyəni, öz gözəlliyini pula satan qadına biz nə ad veririk?
-Pozğun qadın! Daha nə ad vermək olar ki!
-Onda de görüm: öz ağlını pula satan kişini biz pozğun qadına bərabər tutmaqda haqlı deyilikmi?
Qadın susur və yazılanlara görə müdiri bu mövzuda bir daha narahat etmir.
***
Srağagün Gülüstan sarayında dövlət başçısı Ilham Əliyevin həyat və yaradıcılığına həsr olunmuş böyük bir tədbir keçirildi. Xeyli çıxışlar edildi. Təbii olaraq, Gülüstanın uca tavanları altında səslənən fikirlərin reallıq və səmimiyyət göstəricisini müəyyən etmək üçün heç bir indikatora etiyac yox idi. Çıxışlar başdan- başa şişirdilmiş və təbliğat xarakterliydi. Tədbirə həsr edilən verilişi və orada Gültəkin Hacıyeva, Bahar Muradova, Bəxtiyar Sadıqov və başqalarının bir növ adətkərda olduqları çıxışları, bəlkə də, əvvəlkilər təki dinləmədən sadəcə televiziyanın xırda pult diyməsini basmaqla gözdən itirmək olardı. Ancaq natiqlər arasında Rəfael Hüseynovun olması bu tədbirə köşə səviyyəsində də olsa reaksiya vermək gərəyi yaratdı. Baxanlar şahiddi, yazıçı- deputat Hüseynov Ilham Əliyev dühasından necə şövqlə danışırdı. Onun gözlərində sonsuz sevinc, nitqindəsə həməşəkindən də rəvanlıq duyulurdu. Rəfael müəllim Azərbaycan ədəbi dilindəki bütün gözəl sözləri qəpik-qəpik edib oğul və ata Əliyevlərin ayağı altına sərdi. Yeri gəlmişkən, mənim ona artıq yox olan simpatiyamın rüşeymləri üzünü görmədiyim halda radioda apardığı verlişdə eşitdiyim səsinə yaranmışdı. Dünənki çıxışı dinləyə-dinləyə fikirləşirdim “avazın superdir, oxuduğunsa Quran deyil”.
R.Hüseynov qələm, söz adamıdır. Onun “Vaxtdan uca”, “Min ikinci gecə” əsərləri hələ də kitab dolabının yuxarı rəflərindədir. Onun 1998-ci illərdə “Azadlıq” qəzetində hər həftə dərc olunan səhfəlik yazıları da köhnə arxivimdədir. Bu gün R.Hüseynov deputat stasusundadır. O, hətta Azərbaycanı Avropa Şurası kimi qurumlarda təmsil edən 5-6 şəxsdən biridir.
***
Sokrata Allahdan rəhmət diləyərək Hüseynovun evimizdə olan kitablarıyla necə davranmaq barədə fikirləşırəm. Bir məsələdə tam qərarlıyam. Heyf o kitablara verdiyim pula.. Gör, əziyyətlə qazandığımız qəpik- quruşlar kimlərə qismət olur?

(Bu məqaləm 2007-ci ilin mayında "Azadlıq" qəzetində dərc olunub)