Siyasətin XANIMI


("Azadlıq" qəzeti, 7 noyabr 2006 tarixdə çıxan məqaləm)

Korrupsiyanı və siyasi mədəniyyətsizliyi rədd edən xanım siyasətçinin mənəvi portretinə əlavə

Lalə Şövkətin yubileyi münasibətilə


Xəsisliyə dərin nifrətim olsa da, bir məsələdə bu xəstəlik məndən də yan ötməyib; Insanlara, özəlliklə siyasi səhnədəkilərə tərifli sözlər deməyə həmişə xəsislik etmişəm. Baxmayaraq ki, onların arasında həqiqətən ən gözəl sözlərə layiq olanları var və olacaq. Bu mövzuda ehtiyatlılığımın əslində ciddi səbəbləri də boldu. Siyasi səhnəmizin son dövrlər həddən artıq sürüşkən olması, bu gün çiyin-çiyinə dayanıb bərabər mübarizə apardığın adamın sabah məddahlar xorunda ən uca səslə oxuması istər istəməz ifrat etiyatlılıq diqtə edir. Necə deyərlər, "istisi ağzımı elə yandırıb ki, soyuğunu da piləyə -piləyə içirəm".

Ancaq 2005 seçkilərindən sonra bu konuda fikirlərimdə dəyişiklik yaranıb. Hesab edirəm, cəsarətli, mərd, mübariz insanlar məqamı gələn bütün hallarda gözəl sözlərə layiq bilinməlidir. Onsuz da bu qəbildən olanların sözdən savayı az qazancı var.

***

Bu qədər uzun girişdən sonra oxucularım yəqin ki, kimisə tərif yağışına tutmaq fikirində olduğumu düşünəcək. Xeyr, sadəcə Azərbaycanın siyasi səhnəsində ləyaqətli bir simadan-Milli Birlik Hərakatının lideri Lalə Şövkət Hacıyevadan yazmaq istədim. Əslində, yazıyla tanışlıq zamanı hər kəs əmin olacaq ki, bu günkü anlamda başa düşülən tərif elementləri yox səviyyəsindədir.

Biz onu tanıyana qədər, o, bir insan ömrü qədər ömür yaşamışdı


Azərbaycanın siyasi alanında azsaylı olsa da qadın siyasilər var. Düşünürəm, "Lalə Şövkət Hacıyeva son 20 ildə Azərbaycanda ən yüksək rəhbər postu tutan və bu gün də ən populyar olan xanım siyasətçidir" deməyim onları qıcıqlandırmaz. Onu Azərbaycanın geniş ictimayyəti dövlət katibi kimi vəzifəyə təyin edildikdən sonra tanısa da Lalə xanımın bu dönəmədək xeyli siyasi kapitalı olub. Qısa olaraq onun bioqrafiyasına nəzər yetirsək görərik ki, bu vəzifəyədək o, 37 yaşında doktorluq dissertasiyasını müdafiə edərək o zaman RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilib;
-1991-ci ildə RSFSR-nin baş naziri I. Silayev tərəfindən rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb olunub;
-Lalə Şövkət RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatçıları Assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Eko-Fəlsəfə Fondunun Rəyasət Heyətinin üzvü olub;
- Fəlsəfə və hüquq doktoru fəxri adına layiq görülüb;
- 1991-ci ildə SSRI-nin paytaxtı Moskvada Şevardnadze, Yakovlev, Sobçak, Brazauskas və başqa tanınmış demokratlarla birgə "SSRI-də Demokratik Islahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olmuş və "Azərbaycan Respublikasında Demokratik Islahatlar və Insan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq Ictimai-siyasi Hərəkat yaratmışdır. Bu Hərəkat Azərbaycan Respublikasının Moskvada SSRI Ədliyyə Nazirliyində rəsmən qeydə alınan ilk ictimai- siyasi təşkilatı olmuşdur.



Heydər Əliyev onu necə xarakterizə etmişdi?

Lalə Şövkət Hacıyeva Azərbaycana Heydər Əliyevin dəvəti ilə gəldi. Hakimiyyətinin ilk aylarında Əliyev Rusiyanın "Sobesednik" qəzetinin müxbirinə geniş müsahibə verərək bir neçə məqamla yanaşı L.Hacıyeva ilə tanışlığından da danışıb. Yeri gəlmişkən, bu müsahibədə Əliyev üçün səciyyəvi olmayan bir cəhəti sezdim. Öz kadrlarını demək olar heç zaman tərifləməyən mərhum Əliyev dövlət katibi haqda xoş sözlər söyləməkdən çəkinmir.

***

"Müxbir: - Siz belə qəşəng, qətiyyətli son dərəcə geniş məlumata malik dövlət katibi Lalə Şövkət Hacıyevanı necə tapdınız? O ki, möcüzədir!

H.Əliyev: - 1990-cı ilin yanvarında Qorbaçovun fərmanı ilə Bakıya qoşun yeridilərək dinc sakinlər güllə- baran edildiyi gündə tanış olmuşuq. Yanvarda mən etiraz mitinqində iştirak edirdim. Onda mənə çoxları yaxınlaşırdı. O da yaxınlaşdı və biz söhbət etdik. Onun barışmazlığı və siz deyən kimi genış məlumata malik olması diqqətimdən yayınmadı. Belə qadınlar yadda qalırlar. Bir gün onun gərəkli olduğunu hiss etdikdə isə Bakıya işə dəvət etdim".

***

Qısa məlumat kimi bir məqamı da diqqətinizə çatdırmağı özümə borc bilirəm. Hər zaman Əliyevin 20 yanvar hadisələrinə münasibətini insanlara nümayiş etdirmək üçün onun Moskvada verdiyi bir açıqlama göstərilir. Hakimiyyətin necə qərəzli olduğu elə bu kadrlardan da sezilir; Çoxları yəqin ki, xəbərsizdir: həmin o kadrlarda Lalə Şövkət düz Əliyevin sağ tərəfində oturub. Az.TV və başqaları nədənsə hesab edirlər ki, montaj vasitəsiylə L.Ş.Hacıyevanı o kadrlarla silməklə tarixdə də nəsə dəyişmək olar.

Bir fakt da maraqlıdır. Heydər Əliyevin yenidən formalaşdırdığı komanda üzvləri arasında porfessor Lalə Şövkət yeganə adam idi ki, keçmiş kompartiya kadrlarından deyildi. Onun qısa müddətli rəhbər vəzifəsində bu amil aşkar görünürdü. Əliyevin obrazının pik nöqtədə olduğu dönəmlərdə L.Ş.Hacıyevanın siması qətiyyən itməmişdi. Onun döyüş bölgələrinə səfərləri, əhalinin sosial hüquqlarının qorunmasıyla bağlı (Heydər Əliyevin də iştirakçı olduğu ərzaq məhsullarının bahalaşmasını ideoloji-siyasi baxımdan vətəndaşlara "izah" etməyə həsr edilən müşavirədə onun tutduğu qətiyyətli mövqeyi indi çoxları xatırlayır) atdığı addımlar xanım rəhbərə əhali arasında özəl simpatiya yaradırdı.


"Mədəniyyətsizliyin parlaq təcəssümü olan yaxın ətrafınızla birgə işləyə bilmərəm"

Lalə Şövkət vəzifəyə gərək olduğu vaxt gəldiyi kimi bu hakimiyyətin xalqa gərəksizliyini duyduğu anda da getməyi bacardı. Vəzifəyə təyin edilməsindən 5 ay 7 gün keçəndən sonra, o, dövlət başçısı H.Əliyevə istefa barədə ərizəsini təqdim etdi:

"Azərbaycan Respublikasının Prezidenti H.Əliyevə

ƏRIZƏ

Hörmətli Heydər Əlirza oğlu!
Bugünkü iqtidarda korrupsiyanın, səriştəsizliyin və mədəniyyətsizliyin parlaq təcəssümü olan yaxın ətrafınızla bundan sonra birgə işləməyim qeyri-mümkün olduğuna görə, xahiş edirəm, məni Dövlət katibi vəzifəsindən azad edəsiniz.

...Mən Azərbaycanın yeni tarixində, onun dirçəlişində, tərəqqisində Sizin adınıza və xüsusi xilaskar rolunuza böyük ümid bəsləyirdim. Nəticələrini yaxın zamanda görəcəyiniz səhvlərdən Sizi qorumaq cəhdlərim hədərmiş.

Adınıza hörmət edərək, Sizin haqqınızda mövqeyimi dəyişməyi özümə rəva bilmərəm. Mənim vicdanım Allah qarşısında, öz xalqımın qarşısında, tarix qarşısında və Sizin qarşınızda tam pakdır.

Hormətlə: Lalə Şövkət, 14.12.93"



Bu addımıyla da Lalə xanım ilk cığır açmış oldu: o, Əliyev komandasında öz ərizəsiyə istefa verən, həm də sistemdə olan nöqsanları göstərən ilk oldu. Sonralar da bu avtoritar hakimiyyətdən "vurulanlar", istefa verənlər az olmadı, lakin əminliklə demək olar ki, Lalə Şövkət xanım Əliyev komandasından ayrılaraq müxalifətə və etirazçı xalqa inteqrasiya edən ən səmimi şəxs olaraq qalır. 1998-ci ildən başlayan etiraz aksiyalarında onu Elçibəylə, Əli Kərimliylə, Isa Qəmbərlə çiyin-çiyinə addımlayan görən çox az insan xanım Hacıyevanın səmimiyyətinə şübhə edirdi. Bəli, Heydər Əliyevə müəyyən insanların rəğbətinin güclənməsində onun rolunu inkar etmək olmaz. Ancaq istefa ərizəsindən də göründüyü kimi, xanım Hacıyevanın Heydər Əliyevə dəstəyi çoxlarında olduğu kimi sərvəttoplama, tamah məqsədi güdməyibmiş. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra dəyərli bir kadrı H.Əliyev belə asanlıqla itirmək istəməyərək Lalə xanıma Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verdi və onu, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin etdi. Lakin, L.Hacıyeva bu vəzifədən də imtina etdi və 8 aydan çox prezidentin fərmanı qüvvədə qaldığına baxmayaraq vəzifənin icrasına başlamadı.


"Siyasətdə kişilər və qadınlar olmur, kişilər və nakişilər olur!"

Lalə Şövkət şəxsiyyətində ən mühüm cizgini, şöbhəsiz, 2005-ci ilin parlament seçkiləri yaratdı. Öncə "YES" blokunda təmsil olunan L.Şövkət blokun prinsipial mövqe sərgiləmədiyini görüb oradan uzaqlaşdı. Istisna hal kimi "Azadıq"bloku tərəddüd etmədən onun namizəd olduğu dairədə namizəd irəli sürmədi və Lalə xanımı dəstəkləmək barədə qərar qəbul etdi. Uğurla qalib gələn L.Şövkət azərbaycanlılar üçün əsl örnək göstərdi. O, parlament seçkilərinin total saxtalaşdırıldığını bəyan edərək rəsmən öz halal mandatından imtina etdi. Özəlliklə "Azadlıq"blokundan namizədliyi verilən, lakin mandatdan immtina etmək barədə iradə nümayiş etdirməyənlərlə müqayisədə xanım Hacıyevanın addımı onun imicinə xeyli üstünlüklər yazdı. Bu addımdan sonra cəmiyyət və müxalif qəzetlərin onun haqqında xarakteristika kimi daha çox işlətdiyi söz KIŞI ADAM-oldu. Düşünürəm ki, Lalə Şövkət qadınlar üçün yüksək dəyər kimi işlədilən KIŞI ADAM sözünü artıq adiləşdirib. O, xanımlıq statusuna yeni keyfiyyət verdi. Sübut etdi ki, xanım olaraq da cəsarətli və prinsipial olmaq mümkündür, cins fərqi həyatda eləcə də siyasətdə ləyaqətli yer qazanmaq üçün heç bir önəm daşımır. Zatən 1998-ci ildə müxalifətin "motodrom "meydanında keçirdiyi ilk aksiyada da demişdi: "siyasətdə kişi və qadın yox, kişilik və nakişilik var". Beləliklə, bu gün bütün etdiklərinə rəğmən Lalə Şövkət Hacıyeva KIŞI ADAM deyil, əsl XANIM olduğunu göstərən və müəyyən edən şəxsdir.


***

Lalə xanım ixtisasca həkimdir. Maraqlı həyat yaşamış bu insanın 2 dəfə klinik ölüm keçırdiyini lap bu yaxınlarda öyrənmişəm. Ölüm labüddür, insanın iradəsindən asılı deyil. Ancaq necə yaşamaq məsələsini Tanrı insanın öz ixtiyarına buraxıb. Düşünürəm ki, Lalə xanım öhdəsinə buraxılan "necə yaşamalı" məsələsini mükəmməl şəkildə həll edib. O, həm də inanclıdır. Və hər gün səhərlər etdiyi maraqlı bir duası var. Bu yazımı Lalə xanımın gözəl duasına AMIN deməklə bitirmək ən uyğunu:" Mən hər səhərimi ibadətlə başlayıram:

Allaha dua edirəm ki, islahı mümkün olanı islah etmək üçün mənə qüvvət versin; Islahı mümkün olmayana dözmək üçün mənə səbr versin və mümkün olanı mümkün olmayandan fərqləndirmək üçün mənə müdriklik versin!