Ana içeriğe atla

Killer Hacı Məmmədovun məhkəməsindən reportaj

Banda başçısı məhkəmə prosesində zərərçəkmişlər və onların nümayəndələrinin suallarını cavablandırarkən əslində, danışmaq istəmədiyi bir sıra məsələləri dilinə gətirməli oldu. (Hər halda, belə görünürdü).

Prosesin əvvəlində təqsirləndirilən şəxslərdən Azər Əliyevin vəkili Tofiq Allahverdiyev banda başçısının bundan əvvəlki məhkəmə iclaslarının birində dediklərinə əsaslanaraq vəsatətlə çıxış etdi. Azər Əliyev Hacı Məmmədovun bacısı oğlu Elçin Əliyevin göstərişilə saxta sürücülük və şəxsiyyət vəsiqələri hazırlamaqda ittiham olunur. Banda başçısı isə həmin ifadəsində bildirmişdi ki, cinayətlərin törədilməsində istifadə edilən saxta sənədlər Üzeyir Hacıbəyov küçəsində (Azərbaycan Dövlət Pedoqoji Universiteti ilə üzbəüz) yerləşən tərcümə mərkəzlərinin birində hazırlanıb. Vəkilin də vəsatəti bundan ibarət idi ki, göstərilən ərazidə bir-birinin yaxınlığında yerləşən tərcümə mərkəzlərindən sorğu vasitəsilə işçilərin siyahısı alınsın və onlar məhkəmədə dindirilsin. Eyni zamanda Hacı Məmmədov və Azər Əliyevi dindirmiş müstəntiq də məhkəmədə ifadə versin.

Lakin məhkəmə vəkilin vəsatətini təmin etmədi. Bundan narazı qalan vəkil vəsatətin təmin olunmamasını məhkəmənin Azər Əliyevin günahsızlığının sübuta yetirilməsində maraqlı olmamasıyla izah etdi. Bu səbəbdən Tofiq Allahverdiyev bütövlükdə məhkəmə tərkibinə etiraz etdi: “Prokurorların bütün vəsatətlərini təmin edirsiz, vəkillərin vəsatətlərini isə rədd edirsiniz. Bu vəsatətin təmin olunmaması müdafiə etdiyim şəxsin hüquqlarının pozulmasıdır. Məhkəmə əvvəlcədən qurulmuş ssenari üzrə aparılır. Elə buna uyğun da hökm çıxarılacaq. Ona görə də bütün məhkəmə tərkibinə etiraz edirəm”.

Vəkillər məhkəmənin dəyişdirilməsini istəyirlər

Vəkillərin əksəriyyəti o fikirlə razılaşdılar ki, məhkəmə ittiham və müdafiə tərəfin vəsatətlərinə münasibətdə fərqli mövqe nümayiş etdirir. Onlar Tofiq Allahverdiyevin vəsatətini əsaslı hesab etsələr də, məhkəmə tərkibinə etirazla razılaşmadılar. Amma həmkarlarından fərqli olaraq Aslan Ismayılov Tofiq Allahverdiyevin fikirlərinə şərik çıxdı: “Məhkəməyə etiraz verilməlidir. Çünki bu müddətdə gördük ki, məhkəmə müstəqil deyil. Elmarın qətlilə bağlı Hacının bir kəlməsindən sonra ona imkan verilmədi ki, danışsın. Məhkəmə işin hərtərəfli, obyektiv araşdırılmasında maraqlı deyil və əvvəlcədən cızılmış kursu məharətlə davam etdirir. Hesab edirəm ki, etiraz qəbul olunmalıdır”.

Etirazla bağlı müşavirə otağından qayıdan məhkəmənin qərarı gözlənildiyi kimi oldu: “Qanunvericilikdə məhkəmə tərkibinə etiraz üçün nəzərdə tutulmuş əsasların heç biri olmadığından etiraz baxılmamış saxlanılsın”.

Hacı Məmmədov sifarişləri də meyitlərin üzərinə atır

Prosesin davamında isə Hacı Məmmədov zərərçəkmişlər və onların nümayəndələrinin suallarını cavablandırdı. Bandanın oğurladığı Elşən Həsənovu maraqlandıran əsas məsələ sifarişin kim tərəfindən verilməsiydi. Banda başçısı da bildirdi ki, onu oğurlamaq təklifi dəstənin sonradan qətlə yetirilən çeçen üzvü Şirxan Albiyevdən gəlib.

Zərərçəkmiş Adil Nəcəfovla Hacı Məmmədov arasındakı sorğu-sual zamanı banda başçısı bildirdi ki, “Azərmebelsənaye” Dövlət Konsernin prezidenti Nazim Paşayev və sürücüsünü oğurlayandan təxminən bir həftə - on gün sonra qətlə yetirilib. Zərərçəkmiş isə deyir ki, oğurluqdan sonra təxminən bir ay müddətində onların ailəsilə məbləğlə bağlı söhbətlər aparılıb:

“Nazim Paşayev və sürücüsü sentyabrın 19-da oğurlanıb. Əgər dediyiniz kimi olubsa, deməli, sentyabrın axırlarında onlar qətlə yetirilib. Bizimlə isə noyabrın 16-na qədər danışıqlar gedib. Axırıncı dəfə noyabrın 16-da zəng eləyən adam dedi ki, gedin çadırınızı qurun”. Bu baxımdan zərərçəkmiş hesab edir ki, əslində, məqsəd Nazim Paşayevi öldürüb onun meyiti üçün pul almaq olub. Banda başçısı isə bildirib ki, girovları qətlə yetirəndən sonra danışıq aparmayıblar.

Hacı Məmmədov Nazim Paşayevin oğurlanması təklifinin də Şirxan Albiyevdən gəldiyini desə də, zərərçəkmiş sifarişçinin başqası olduğunu düşünür: “Burada Şirxanlıq iş yoxdur. Səndən də heç nə ummuruq. Sənin əlin kifayət qədər qana batıb. Deyirsən ki, əməlinə görə daxili narahatlıq keçirirsən. Heç olmasa, sifarişçinin adını və meyitlərin yerini de”.

1995-ci ildə qətlə yetirilən Nazim Paşayev və sürücüsünün meyiti bu günə qədər tapılmayıb. Hacı Məmmədovun sözlərinə görə, onları Altıağac ərazisində basdırıblar: “MTN işçiləri meyitləri çox axtardılar. Deyirlər ki, vəhşi heyvanlar yeyib, yalandır. Bəlkə də yerlərini dəyişdiriblər. Mən deyirəm ki, sifarişçi Şirxandır. Qalanı, kimi güman edirsinizsə, düşməniniz odur. Mən bundan artıq heç nə deyə bilmərəm”.

Biz danışmışdıq ki, yalnız pis adamlara pislik elək

Zərərçəkmiş Məmmədhüseyn Manafovu da maraqlandıran əsas məsələ oğlu Cavidin kimin sifarişilə oğurlanmasıydı. Amma Hacı Məmmədov ona da konkret cavab vermədi. Dedi ki, sifariş digər bandanın başçısı Hüseyn Abdulvahabovdan gəlib. Cavid Manafovun oğurlanması da onların həmin banda ilə törətdikləri üç cinayətdən biridir. Amma Abdulvahabova sifarişin kim tərəfindən verildiyini bilmir.

Banda başçısının sözlərinə görə, o, Cavid Manafovu oğurlayandan sonra bilib ki, həmin ailənin o qədər də imkanı yoxdur: “Sonradan mən sizin barənizdə məlumat alanda çox təəssüfləndim. Ən çox peşman olduğum işlərdən biri oğlunuzun oğurlanmasıdır. Bilirəm ki, o vaxt bir nəfər sizə pul təklif edib, amma razılaşmamısınız. Özünüz çətinliklə toplayıb vermisiz. Bu işə görə mənim Hüseyn Abdulvahabovla mübahisəm də düşmüşdü. Çünki danışmışdıq ki, pis adamlara pislik edək”.

Hacı Məmmədov istintaqı ittiham edir: “onlar çox cinayətləri ört-basdır ediblər”

H.Məmmədov onu da qeyd edib ki, dəqiq istintaq aparılsaydı, bu cinayətin sifarişçisini ortaya çıxarmaq mümkün olardı: “Elmar Hüseynovun qətlilə bağlı dindirmələrdə çoxsaylı başqa cinayətlər barədə də məlumat vermişəm. Bizə qarşı irəli sürülən ittihamlarda terakt, sui-qəsd yoxdur. Amma əməllərimizdə bunlar var. Istintaq sizin işin sifarişçisini aşkar eləməyə çalışmayıb. Işi dəqiqliklə aparsaydılar, sifarişçilər ortaya çıxacaqdı. Sifarişçinin kimliyilə bağlı mənim də şübhələrim var, amma konkret kim olduğunu bilmirəm”.

Banda başçısının sözlərinə görə, istintaq zamanı Hüseyn və Sidek Abdulvahabov qardaşlarının bir çox əməlləri gizlədilib.

Kül o idarənin başına ki, səninlə maraqlanan olmayıb

Zərərçəkmiş bildirdi ki, oğlu oğurlanarkən ona cinayətkar aləmdə nüfuz sahibi olan Bəxtiyar 50 min dollar təklif edib: “Qəbul eləmədim. Dedim ki, mən ”obşaka" pul vermişəm ki, alım. Adicə toyuğu oğurlayanda baxırsan ki, hansı kök, hansı arıqdır. Mənim oğlu toyuq qədər olmadı ki, oğurlamamışdan əvvəl baxaydınız ki, bunun nəyi var, nəyi yox. Cavid oğurlanandan sonra 5-ci gün anamın bağrı çatladı öldü. Telefonla danışanda dedim ki, anam rəhmətə gedib. Mənimlə danışan adam dedi ki, başsağlığına da gəlmişəm. O vaxtdan yaslarda, toylarda həmişə gözüm axtarır ki, görəsən, bu bəla mənə hansı tərəfdən gəlib. Ikinci gün mənimlə danışanda başa düşmüşdüm ki, hüquqşünassan. Polisə də müraciət eləmədim ki, onsuz da axırda gəlib sizin stolunuzun üstünə çıxacaq. Atan Teymuru da, bibin oğlu Rafiqi də yaxşı tanıyıram. Sumqayıtda kimi öldürüb skamyada oturtduğunuzu da yaxşı bilirəm. Bilirəm ki, ailəndən ayrılmısan. Amma sənədlə ayrılmaq hələ nigahla ayrılmaq deyil. Onu eləmişdin ki, tutulanda var-dövlətini almasınlar? Kül o idarənin başına ki, sən 170-180 min dollarlıq maşınla işə gəlib-gedəndə maraqlanmayıblar ki, bu hardandır".

Qanqster oğurladığı oğlanın atasından üzr istəyir

Banda başçısı Məmmədhüseyn Manafovdan onu bağışlamağı xahiş etdi. Zərərçəkmişin cavabı isə belə oldu: “Mən keçsəm də, Allah keçməyəcək. Bilirəm, uşağıma ev xörəyi vermisən. Üstəlik demisiz ki, araq, narkotik istəyirsənsə, verək. O da cavab verib ki, mən Hacı oğluyam, mənə pendir çörək kifayət eləyər. Sən kasıb, amma gözütox adama ilişmişdin. Bir şeyə görə sənə təşəkkür edirəm. Pulu verəndə dedim ki, istəyirsinizsə, barmağındakı üzüyün də pulunu verim, amma çıxartmayın. Çünki həmin üzüyü məktəbi qurtaranda ona almışdım. Sağ ol ki, üzüyü ondan almamışdız”.

“Mən çox şeyin açılmasının tərəfdarıyam”

Banda başçısı dünənki məhkəmə prosesində də nəzərdə tutduğu adamlara mesaj göndərdi: “Elə bilirdim ki, heç vaxt ələ keçməyəcəyəm. Keçən həftə Elmar Hüseynovun məsələsilə bağlı dindiriləndə də görürəm ki, indi mənə qarşı münasibət başqadır. Dindirmələrə Respublika Prokurorluğunun rəhbərliyindən də gəlmişdilər. Orada sözümü dedim. Bilirəm ki, onlar da aciz-avara deyil, çox şey bilirlər. Mən onların sandığını açanda onlar da nələrsə deyəcəklər. Amma mən heç kimdən qorxmuram. Özüm də çox şeyin açılıb tökülməyinin tərəfdarıyam”.

Hacı Məmmədov: “MTN çox pis və bədbəxt gündədir”

Fətulla Hüseynovun oğlu Tahir Hüseynovun ötən proseslərdə Hacı Məmmədovdan aldığı cavablar deyəsən, onu qane etməyib. Zərərçəkmiş dünənki prosesdə də atasının qətlilə bağlı banda başçısına bir sıra suallar ünvanladı. Hacı Məmmədovun cavablarından məlum oldu ki, Fətulla Hüseynovun qətlinin səbəbi heç də maliyyə mübahisəsi olmayıb. Hacı Məmmədov etiraf etdi ki, pul söhbəti sadəcə, bəhanə olub.

Tahir Hüseynovun Nailə Quliyeva ilə bağlı sualı isə banda başçısını özündən çıxartdı:

- Nailə Quliyeva sənədlərini dəyişib?

- Yox.

- Bəs milliyyətini?

- Bu sualı mənə MTN-də də veriblər. Bu cür fantastik fikirlər xüsusi xidmət orqanının pis, bədbəxt gündə olmasının göstəricisidir. Əgər ali təhlükəsizlik orqanı vətəndaşının haradan olduğunu, kökünü bilmirsə, daha nə qurumdur? MTN-in yüksək səviyyədə sifarişçiləri zərərçəkmişlərdir. Mənə lazım deyil ki, Zakirin bayırda kimisə var və yaxud da Hüseynin qardaşı yanındadır deyə, onların barəsində nə isə ağır bir şey deyim. Mənə burada da təzyiq edirlər. Çeçenlər deyirlər ki, Nailənin də adını çəkəcəyik. Zərərçəkmiş vəkilimə deyir ki, əgər sifarişçinin adını deməsə, Elçini də, Nailəni də bütün işlərə qatacam. Onsuz da hər şeyi eləyiblər. Müsadirədir, hər şeyi müsadirə eləyiblər. Tutmaqdır, hamını tutublar, 70 yaşında kişiyə qədər. Eşitmək istəyirlər ki, Nailə ermənidir, afrikalıdır? Yəhudidir. 25 iyundan (Elmar Hüseynovun qətlilə bağlı bəyanat verdiyi gün) sonra çoxları mənə qara böhtançı kimi baxır. Kimin sözü var, özümə desin, başqalarını qatmasın. Sizə söz verirəm ki, danışacağam. Onsuz da aləm dəyib bir-birinə. Soğan yeməyən adamların da içi göynəyir.

Qanqster də jurnalistlərdən narazıdır

Banda başçısı bu dəfə də mətbuatın bostanına daş atdı. Hacı Məmmədovun fikrincə, mətbuatda onun barəsində yazılanlar təzyiq xarakteri daşıyır. Hətta o, məhkəmədən jurnalistlərin buraxılmamasını da istədi: “Jurnalistləri niyə qoyursuz bura?” Prosesə sədrlik edən hakim Əli Seyfəliyev isə bildirdi ki, açıq məhkəmə prosesidir və iştirak etmək KIV nümayəndələrinin hüququdur.

Tahir Hüseynovla sual-cavab zamanı Hacı Məmmədov bildirdi ki, hər şeyi açıqlayacaq. O cümlədən Fətulla Hüseynovun qətlinin səbəblərini də.

Tahir Hüseynov:

- Belə çıxır ki, atamın qətlilə əlaqədar hələ hər şeyi danışmamısınız?

- Bəli.

- Sizə sonuncu sualımdır: o hərəkəti eləyəndə heç utanmadız?

- Bəzən adamın başının üstündə elə qüvvələr olur ki...

- Kifayətdir.

Hacı Məmmədov da öz sahibləri kimi Xalq Cəbhəsindən narazıdır

Banda başçısı daha sonra vaxtilə oğurladığı Ülvan Bağırov və Zeynalabdin Babayevin nümayəndəsi Fuad Ağayevin suallarını cavablandırdı. Vəkil ondan adam oğurluğu biznesinə başlamasının tarixçəsini soruşdu. Banda başçısının dediklərindən belə məlum oldu ki, adi biznesdə əli gətirmədiyindən bu işə qurşanmaq qərarına gəlib: “Elçibəy hakimiyyəti dövründə kadr siyasəti bərbad gündə idi. Onlar hakimiyyətə gələndə başa düşdüm ki, işləyə bilməyəcəyəm. Isgəndər Həmidovun daxili işlər naziri olduğunu eşidəndə bildim ki, ”torbamı tikəcək". O, birinci kollegiya iclasında məni işdən çıxartdı. O vaxta qədər bir dənə də cinayət törətməmişdim. Indi Isgəndər Həmidov müsahibə verir ki, qoy desin ki, bir nəfəri pulla işə götürmüşəm. Bir dənə kürd qalmamışdı, hamısını “bozqurd” eləyib sonra da rəis göndərirdi. Isgəndər həbsdə olanda vəkili Şirxanla sıx əlaqə saxlayırdı".

Fuad Ağayev:

- Elçibəy hakimiyyəti 1992-93-cü illərdə olub. Sən isə ilk cinayəti 1995-ci ildə törətmisən.

- Əvvəl bizneslə məşğul olmaq istədim. Bir müddət Şirxanla birlikdə neft biznesilə məşğul oldum. Gördüm ki, biznesdə xeyli pul itirirəm, keçdim bu işə.

- Xalq Cəbhəsi hakimiyyətindən sonra Daxili Işlər Nazirliyindəki vəziyyəti normal adlandırmaq olar?

- Xeyr.

“Rövşənə dedim ki, sənin səviyyəndə olan iş deyil, çəkil kənara”

Hüquqşünas Xanlar Həsənov zərərçəkmiş Zamirə Hacıyevanın nümayəndəsi olsa da, Hacı Məmmədova əksər ittihamlarla bağlı suallar verdi.

- Deyirsiz ki, Elmar Hüseynovun qətlilə bağlı istintaqa bir sıra başqa cinayətlər barədə də məlumat vermişəm. Bunları açıqlaya bilərsiniz?

- Istintaqda deyirəmsə, burada açıqlayıb camaatı ayağa qaldırmağa ehtiyac yoxdur.

- Zakir Nəsirova niyə pul verirdiz?

- Cinayətlər barədə onun geniş məlumatı var idi.

- Daxili Işlər Nazirliyinin tərkibində adam oğurluqlarını araşdıran bir neçə struktur var. Zakir Nəsirov onların hamısı barədə məlumatlı ola bilməzdi axı. Bildirdiniz ki, o, sizi qoruya bilmədi. Ümumiyyətlə, təkcə Zakir Nəsirov sizi qoruya bilərdi?

- Yəqin ki, özü ifadəsində bunu deyər.

- Dəfələrlə sizin dəstənin izinə düşüblər. Belə olan halda təkcə məlumat almaq yox, həm də başqa tədbir görülməliydi. Məsələn, kiməsə ağız açmaq...

- Yəqin ki, olub.

- Törədilən cinayətlərlə bağlı Daxili Işlər Nazirliyindən əlavə başqa istintaq orqanlarında da araşdırmalar aparılıb.

- Siz demək istəyirsiz ki, daha böyük səviyyədə müdafiə olunmuşuq?

- Bəli, hesab edirəm ki, Zakir Nəsirovdan başqa da adam olub.

Zakir Nəsirova verilən pullar daha kimə çatırdı?

- Zakir Nəsirova verilən pullar tək ona çatırdı, yoxsa o da kiməsə verirdi?

- Mən bununla maraqlanmamışam.

- Ifadəndə göstərmisən ki, Rövşən Əliyevə həm özüm xəbərdarlıq elədim, həm də ümumi xəbardarlıq elədim. Bu xəbərdarlıq nədən ibarət idi?

- Ona dedim ki, sən səviyyədə olan iş deyil. Sənin gücün çatmayacaq. Odur ki, çəkil kənara.

- Deyirsən ki, Rövşəni qətlə yetirmək qərarını Zakir Nəsirovla müzakirə edəndə o, sənə deyib ki, buna görə sənə çoxları “sağ ol” deyəcək. Soruşmadın ki, onlar kimlərdir?

- Maraqlanmamışam. Mən bilirdim ki, Rövşənə böyük xətər yetirəcəklər. O xoşlayırdı ki, başını hər yerə salsın. Mən də özümə borc bilib xəbərdar elədim ki, çəkil kənara. Axırda da məcbur qalıb icraçı özüm oldum.

Rəna Nəsibovanı öldürüb köhnə inventar kimi sildilər

Hacı Məmmədov deyir ki, Rəna Nəsibovanın onun əməlləri barədə prokurorluğa və MTN-ə məlumat verməsindən yalnız istintaq materialları ilə tanış olarkən xəbər tutub: “Amma bunu əvvəl bilsəydim, əvvəlcə Rənanı, sonra Hüseyni öldürərdim. Özüm də buradan çıxıb gedərdim”.

- Necə izah edirsiniz ki, Rəna Nəsibova prokurorluğa məlumat verəndən sonra da siz ələ keçmədiniz?

- Bu sualı o biri tərəfə verin ki, Rəna Nəsibova necə oldu ki, öldü. Özü də onun ölümünü köhnə əmlakı silən kimi sildilər.

Hacı Məmmədova daha yüksək vəzifə tutması üçün attestasiya rəyi verilibmiş

Xanlar Həsənov Hacı Məmmədovdan attestasiyadan keçib-keçmədiyini, ona töhmət verilib-verilmədiyini soruşdu. Məlum oldu ki, cinayətkarın qaçması ilə bağlı ona töhmət verilib. Bundan sonra isə attestasiya komissiyası onun daha yüksək vəzifəyə layiq olması barədə rəy verib. Hacı Məmmədov bununla bağlı maraqlı faktı açıqladı:

Bir nəfəri qaçırmaqla bağlı göstəriş almışdım

- Göstəriş olmuşdu ki, bir nəfər qaçırılmalıdır. Bundan sonra sizə töhmət veriləcək. Biz də bu işi gördük. Deyilən işi görmüşdüksə, attestasiyanın nəticəsi necə olmalıydı ki?

Banda başçısı onu da bildirdi ki, mərhum akademik Ziya Bünyadovun qətlilə bağlı istintaq qrupunun üzvü olub: “Ziya Bünyadovun qətlilə bağlı işdə Rövşən Əliyevlə birlikdə işləmişik. Bu işlə bağlı iki qrup var idi. Ikinci qrup birincidən xəbərsiz fəaliyyət göstərirdi, rəhbəri də Rövşən Əliyev idi. Rövşən özü Daxili Işlər Nazirliyinin rəhbərliyindən xahiş eləmişdi ki, mən də o qrupda olum”.

Dünən məhkəmənin iş saatı qurtardığından Zamirə Hacıyevanın nümayəndəsi Hacı Məmmədova bütün suallarını verə bilmədi. Odur ki, Xanlar Həsənovla banda başçısı arasında sual-cavab bu gün davam etdiriləcək.

Killerin başqa məhkəmə PROSESİNİ burdan oxu
(Aytən Məmmədova, "Azadlıq" qəzeti 2006)

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …