"İlham Əliyev" hotelləri

"Azərbaycan Saatı"nın 5 may, 2015 sayındakı çıxışımın videosu  (44:33 dəqiqədən )
Həftənin əvvəlində dövlət başçısı İlham Əliyev Bakıda 5 ulduzlu hotelin qırmızı lentini kəsdi. Bəzi adamlar yenə tapıldı ki, İlham Əliyevin bu əməlinə dodaq büzsün. Onların fikirincə hotelin lentini kəsmək prezidentə layiq iş deyil. Guya ki başqa ölkələrdə bu işi bələdiyyə başqanları, onlardan da xırda məmurlar görür. Amma mən bu tənqidlərlə razılaşmıram. O doğrudur ki, xaricdə prezidentlər Azərbaycandakı kimi lent kəsmir, amma bizim ölkənin fərqliliyi də elə bundadı. İlham Əliyevi bu əməlinə görə biz qınaya bilmərik.

Niyə? 1-ci səbəb odur ki, aztvdən də öyrəndiyimiz kimi xarici ölkələr indi pis gündədilər. Böhran, aclıq, səfalət onları elə hala qoyub ki, ordakı prezidentlərin baş qaşımağa vaxtı yoxdu, nəinki lent kəsməyə. Bizdə isə şükür allaha əmin amanlıqdı, bütün işlər analoqsuz formada görülüb qutardığından prezidentimiz boş bekar qalıb, ona görə lent kəsmək kimi tədbirlər həm də onu darıxdırıcı iş rejimindən xilas etməyə hesablanıb. Başqa ciddi səbəb odur ki, xarici ölkələrdə təzə açılan hotelər prezidentə dəxlisiz ivanın, conun monun olursa, bizdə ayrıcürədir. İlham Əliyevin zəhmətə qatılıb lentlərini kəsdiyi o hotellər şəxsən özünündü. İsgəndər Həmidov bir zaman jurnalisti çırpanda ona tutulan iradlara cavab olaraq demişdi ki, mən onu nazir kimi yox, isgəndər kimi döymüşəm. eləcə də biz indi İlham Əliyevdən soruşsaq ki cənab preizdent axı bir dövlət başçısı hotelin qırımızı lentini niyə kəssin? O da qayıdıb deyər ki, mən prezident kimi yox, hotelin sahibi kimi qayçıya sarılıram.

Bütün bu dediklərimi təsdiqləmək üçün bizə “paşa holdinqin” saytı kömək edir. Saytda açıq şəkildə görünür ki, ogünü ilham Əliyevin qırımızı lentini kəsdiyi hotelin sahibi paşa holdinqə daxil olan“abşeron hotel qrupudur”. Sahibi dedim, amma bu sahiblik formaldı. Paşa holdinqin yiyəsi kimdi, siz yaxşı bilməlisiniz. Nəzərinizə çatdırım ki, holdinq bakıda daha bir neçə 5 ulduz hotel tikib və onların hamısının lentini kəsmək şərəfi İlham Əliyevə nəsib olubdur. Yəqin bu qədər arayışdan sonra sizin də İlham Əliyevin lent kəsməsinə münasibətiniz dəyişdi.

 İndi keçək başqa məqama. İlham Əliyev hoteldə çıxışında qəribə bir fikir işlətdi. Dedi ki, bura çox rahatdır adam özünü lap öz evindəki kimi hiss edir. Bax bu artıq, üzərində durulası tənqidə layiq məqamdı. “Adam burda lap özünü evindəki kimi hiss edir”, deyir İlham Əliyev. Bu öz vətəndaşının yarasına od basmaq kimi bir şeydi. Bəli, yuxarıdakı şərhimizə əsasən İlham Əliyevin bu fikirində qəribəlik axtarmağa dəyməz. Çünki heç kimin şübhəsi yoxdur ki onun evləri, sarayları 5 ulduz hotel qədər rahatdı. Bəs, öz evi olmayan azərbaycanlılar?

Onlar necə başa düşməlidir bu fikiri. “Adam burda özünü evindəki kimi hiss edir” deyir prezident. Sual yaradır, bəs yüz minlərlə evsiz azərbaycanlı xəyalən də olsa özünü 5 ulduzlu oteldə qonaq görsə, oranı evi kimi hiss edə biləcəkmi. Görəsən, 5 ulduz hotel açmaqla qürrələnən dövlət başçısı vətəndaşlarının şəxsi mənzili olmasının qayğısına nə zaman qalacaq? Axı azərbaycanda birbaşa hakimiyyətin kəraməti ucbatından nəhəng evsizlər ordusu əmələ gəlib.

Təxminlərə görə Azərbaycanda hazırda 700 minə yaxın ailənin evi yoxdu. Belə ailələr ya qohumlarının yanında, ya da kirayədə yaşamağa məcburdurlar. Və bu say durmadan artıq. Çünki hər il ölkdə 80 min nəfər ailə qurur, onların da 30-40 mini kirədə yaşamağa məcburdu. Deməli, evsizlər ordusuna hər il azı 30 min nəfər qoşulur…

Azərbaycan hökuməti bu illər ərzində vətəndaşların mənzil probleminin həlli üçün nəinki əsaslı bir addım atıb, əksinə ona mane olmaq üçün əlindən gələni edib. Bakıda vətəndaşların min bir əziyyətlə tikdiyi yüz minlərlə evi hökumət qanunsuz elan edib. Hər seçki ili deyirlər bu evlər sənədləşəcək, amma bu vəd elə vəd olaraq qalır. Yəni o evlər uçurulmaq təhdidi altındadı. O evlərdə yaşayan sakinlər bir növ tikan üstə oturmuş kimidilər. Nə qədər o evlərdən uçurulduğuna şahid olmuşuq. Doğrudur, evsizlik probleminin həlli üçün ipoteka proqramının olduğunu deyə bilərsiniz. Amma o ipoteka proqramının nə qədər gülünc olduğunu bircə faktla açıqlamaq olar. O ipoteka proqramın tərifləyən, ictimaiyyətə bunun gözəl bir dövlət qayğısı kimi təqdim edən yaltaq jurnalistlərin özləri evsiz eşiksizdi. Araşdırmalara görə jurnalsitlrin 80 faizinin mənzili yoxdu. Halbuki normal ölkələrdə jurnalistlər ən gəlirli peşə adamları sayılır. Evsizlik problemi İlham Əliyevin düz sarayının kandarına qədər gedib çıxıb. Bu gəlişigözəl fikir deyil faktdır. Seçkidə İlham Əliyevə vəkillik edən bir yazarın evsizlik şikayətini biz azərbaycan saatından iki il olmaz yaymışıq.

Başdan başa evsizlik problemi yaşanan ölkədə təzadı həm də o gücləndirir ki respublikanın hər yerində az qala hər il İlham Əliyev üçün bir saray ucaldılır. Belə bir lətifə var. Rəhbər vəzifədə işləmiş pensiyaçılar söbət edir. Onlardan biri gileylənir ki, vallah o qədər iş başında oldum, özümə, uşaqlarıma bir ev də tikə bilmədim. Yanındakılar deyir: rəhmətliyin nəvəsi sənin başın qarışmışdı ev yıxmağa, ev tikmək yadına düşürdü? BU lətifəni ona görə xatırladım ki, yadınızda varsa Heydər Əliyev də hakimiyyətə gəldiyi ilk günlərdə təxminən belə deyirdi. Deyirdi ki, bakıda yaşamağa bir evi də yoxdu, bacısıgildə qalır. İlham Əliyev atasının o səhvini təkrarlamadı. Özünə dünyanın dörd bir yanında imarətlər yapdırdı. İlham əliyev həm də onu bacardı ki, indi azərbaycanlılar nəinki özlərinə daxma tikə, ev ala bilir, eyni zamanda milyonlarla insan üçün azərbaycan “tərk edilmiş” ev misalındadı.
 İndi azərbaycanlılar öz vətənlərində yad sayılır, qəribə dönüb. Ona görə indi insanlarımız prezidentdən fərqli olaraq, nə öz evlərində, nə də təsadüfən olduğu 5 ulduzlu hoteldə özünü rahat hiss edə bilmir.