27.5.15

Killer Hacı Məmmədovun məhkəməsindən reportaj

Banda başçısı məhkəmə prosesində zərərçəkmişlər və onların nümayəndələrinin suallarını cavablandırarkən əslində, danışmaq istəmədiyi bir sıra məsələləri dilinə gətirməli oldu. (Hər halda, belə görünürdü).

Prosesin əvvəlində təqsirləndirilən şəxslərdən Azər Əliyevin vəkili Tofiq Allahverdiyev banda başçısının bundan əvvəlki məhkəmə iclaslarının birində dediklərinə əsaslanaraq vəsatətlə çıxış etdi. Azər Əliyev Hacı Məmmədovun bacısı oğlu Elçin Əliyevin göstərişilə saxta sürücülük və şəxsiyyət vəsiqələri hazırlamaqda ittiham olunur. Banda başçısı isə həmin ifadəsində bildirmişdi ki, cinayətlərin törədilməsində istifadə edilən saxta sənədlər Üzeyir Hacıbəyov küçəsində (Azərbaycan Dövlət Pedoqoji Universiteti ilə üzbəüz) yerləşən tərcümə mərkəzlərinin birində hazırlanıb. Vəkilin də vəsatəti bundan ibarət idi ki, göstərilən ərazidə bir-birinin yaxınlığında yerləşən tərcümə mərkəzlərindən sorğu vasitəsilə işçilərin siyahısı alınsın və onlar məhkəmədə dindirilsin. Eyni zamanda Hacı Məmmədov və Azər Əliyevi dindirmiş müstəntiq də məhkəmədə ifadə versin.

Lakin məhkəmə vəkilin vəsatətini təmin etmədi. Bundan narazı qalan vəkil vəsatətin təmin olunmamasını məhkəmənin Azər Əliyevin günahsızlığının sübuta yetirilməsində maraqlı olmamasıyla izah etdi. Bu səbəbdən Tofiq Allahverdiyev bütövlükdə məhkəmə tərkibinə etiraz etdi: “Prokurorların bütün vəsatətlərini təmin edirsiz, vəkillərin vəsatətlərini isə rədd edirsiniz. Bu vəsatətin təmin olunmaması müdafiə etdiyim şəxsin hüquqlarının pozulmasıdır. Məhkəmə əvvəlcədən qurulmuş ssenari üzrə aparılır. Elə buna uyğun da hökm çıxarılacaq. Ona görə də bütün məhkəmə tərkibinə etiraz edirəm”.

Vəkillər məhkəmənin dəyişdirilməsini istəyirlər

Vəkillərin əksəriyyəti o fikirlə razılaşdılar ki, məhkəmə ittiham və müdafiə tərəfin vəsatətlərinə münasibətdə fərqli mövqe nümayiş etdirir. Onlar Tofiq Allahverdiyevin vəsatətini əsaslı hesab etsələr də, məhkəmə tərkibinə etirazla razılaşmadılar. Amma həmkarlarından fərqli olaraq Aslan Ismayılov Tofiq Allahverdiyevin fikirlərinə şərik çıxdı: “Məhkəməyə etiraz verilməlidir. Çünki bu müddətdə gördük ki, məhkəmə müstəqil deyil. Elmarın qətlilə bağlı Hacının bir kəlməsindən sonra ona imkan verilmədi ki, danışsın. Məhkəmə işin hərtərəfli, obyektiv araşdırılmasında maraqlı deyil və əvvəlcədən cızılmış kursu məharətlə davam etdirir. Hesab edirəm ki, etiraz qəbul olunmalıdır”.

Etirazla bağlı müşavirə otağından qayıdan məhkəmənin qərarı gözlənildiyi kimi oldu: “Qanunvericilikdə məhkəmə tərkibinə etiraz üçün nəzərdə tutulmuş əsasların heç biri olmadığından etiraz baxılmamış saxlanılsın”.

Hacı Məmmədov sifarişləri də meyitlərin üzərinə atır

Prosesin davamında isə Hacı Məmmədov zərərçəkmişlər və onların nümayəndələrinin suallarını cavablandırdı. Bandanın oğurladığı Elşən Həsənovu maraqlandıran əsas məsələ sifarişin kim tərəfindən verilməsiydi. Banda başçısı da bildirdi ki, onu oğurlamaq təklifi dəstənin sonradan qətlə yetirilən çeçen üzvü Şirxan Albiyevdən gəlib.

Zərərçəkmiş Adil Nəcəfovla Hacı Məmmədov arasındakı sorğu-sual zamanı banda başçısı bildirdi ki, “Azərmebelsənaye” Dövlət Konsernin prezidenti Nazim Paşayev və sürücüsünü oğurlayandan təxminən bir həftə - on gün sonra qətlə yetirilib. Zərərçəkmiş isə deyir ki, oğurluqdan sonra təxminən bir ay müddətində onların ailəsilə məbləğlə bağlı söhbətlər aparılıb:

“Nazim Paşayev və sürücüsü sentyabrın 19-da oğurlanıb. Əgər dediyiniz kimi olubsa, deməli, sentyabrın axırlarında onlar qətlə yetirilib. Bizimlə isə noyabrın 16-na qədər danışıqlar gedib. Axırıncı dəfə noyabrın 16-da zəng eləyən adam dedi ki, gedin çadırınızı qurun”. Bu baxımdan zərərçəkmiş hesab edir ki, əslində, məqsəd Nazim Paşayevi öldürüb onun meyiti üçün pul almaq olub. Banda başçısı isə bildirib ki, girovları qətlə yetirəndən sonra danışıq aparmayıblar.

Hacı Məmmədov Nazim Paşayevin oğurlanması təklifinin də Şirxan Albiyevdən gəldiyini desə də, zərərçəkmiş sifarişçinin başqası olduğunu düşünür: “Burada Şirxanlıq iş yoxdur. Səndən də heç nə ummuruq. Sənin əlin kifayət qədər qana batıb. Deyirsən ki, əməlinə görə daxili narahatlıq keçirirsən. Heç olmasa, sifarişçinin adını və meyitlərin yerini de”.

1995-ci ildə qətlə yetirilən Nazim Paşayev və sürücüsünün meyiti bu günə qədər tapılmayıb. Hacı Məmmədovun sözlərinə görə, onları Altıağac ərazisində basdırıblar: “MTN işçiləri meyitləri çox axtardılar. Deyirlər ki, vəhşi heyvanlar yeyib, yalandır. Bəlkə də yerlərini dəyişdiriblər. Mən deyirəm ki, sifarişçi Şirxandır. Qalanı, kimi güman edirsinizsə, düşməniniz odur. Mən bundan artıq heç nə deyə bilmərəm”.

Biz danışmışdıq ki, yalnız pis adamlara pislik elək

Zərərçəkmiş Məmmədhüseyn Manafovu da maraqlandıran əsas məsələ oğlu Cavidin kimin sifarişilə oğurlanmasıydı. Amma Hacı Məmmədov ona da konkret cavab vermədi. Dedi ki, sifariş digər bandanın başçısı Hüseyn Abdulvahabovdan gəlib. Cavid Manafovun oğurlanması da onların həmin banda ilə törətdikləri üç cinayətdən biridir. Amma Abdulvahabova sifarişin kim tərəfindən verildiyini bilmir.

Banda başçısının sözlərinə görə, o, Cavid Manafovu oğurlayandan sonra bilib ki, həmin ailənin o qədər də imkanı yoxdur: “Sonradan mən sizin barənizdə məlumat alanda çox təəssüfləndim. Ən çox peşman olduğum işlərdən biri oğlunuzun oğurlanmasıdır. Bilirəm ki, o vaxt bir nəfər sizə pul təklif edib, amma razılaşmamısınız. Özünüz çətinliklə toplayıb vermisiz. Bu işə görə mənim Hüseyn Abdulvahabovla mübahisəm də düşmüşdü. Çünki danışmışdıq ki, pis adamlara pislik edək”.

Hacı Məmmədov istintaqı ittiham edir: “onlar çox cinayətləri ört-basdır ediblər”

H.Məmmədov onu da qeyd edib ki, dəqiq istintaq aparılsaydı, bu cinayətin sifarişçisini ortaya çıxarmaq mümkün olardı: “Elmar Hüseynovun qətlilə bağlı dindirmələrdə çoxsaylı başqa cinayətlər barədə də məlumat vermişəm. Bizə qarşı irəli sürülən ittihamlarda terakt, sui-qəsd yoxdur. Amma əməllərimizdə bunlar var. Istintaq sizin işin sifarişçisini aşkar eləməyə çalışmayıb. Işi dəqiqliklə aparsaydılar, sifarişçilər ortaya çıxacaqdı. Sifarişçinin kimliyilə bağlı mənim də şübhələrim var, amma konkret kim olduğunu bilmirəm”.

Banda başçısının sözlərinə görə, istintaq zamanı Hüseyn və Sidek Abdulvahabov qardaşlarının bir çox əməlləri gizlədilib.

Kül o idarənin başına ki, səninlə maraqlanan olmayıb

Zərərçəkmiş bildirdi ki, oğlu oğurlanarkən ona cinayətkar aləmdə nüfuz sahibi olan Bəxtiyar 50 min dollar təklif edib: “Qəbul eləmədim. Dedim ki, mən ”obşaka" pul vermişəm ki, alım. Adicə toyuğu oğurlayanda baxırsan ki, hansı kök, hansı arıqdır. Mənim oğlu toyuq qədər olmadı ki, oğurlamamışdan əvvəl baxaydınız ki, bunun nəyi var, nəyi yox. Cavid oğurlanandan sonra 5-ci gün anamın bağrı çatladı öldü. Telefonla danışanda dedim ki, anam rəhmətə gedib. Mənimlə danışan adam dedi ki, başsağlığına da gəlmişəm. O vaxtdan yaslarda, toylarda həmişə gözüm axtarır ki, görəsən, bu bəla mənə hansı tərəfdən gəlib. Ikinci gün mənimlə danışanda başa düşmüşdüm ki, hüquqşünassan. Polisə də müraciət eləmədim ki, onsuz da axırda gəlib sizin stolunuzun üstünə çıxacaq. Atan Teymuru da, bibin oğlu Rafiqi də yaxşı tanıyıram. Sumqayıtda kimi öldürüb skamyada oturtduğunuzu da yaxşı bilirəm. Bilirəm ki, ailəndən ayrılmısan. Amma sənədlə ayrılmaq hələ nigahla ayrılmaq deyil. Onu eləmişdin ki, tutulanda var-dövlətini almasınlar? Kül o idarənin başına ki, sən 170-180 min dollarlıq maşınla işə gəlib-gedəndə maraqlanmayıblar ki, bu hardandır".

Qanqster oğurladığı oğlanın atasından üzr istəyir

Banda başçısı Məmmədhüseyn Manafovdan onu bağışlamağı xahiş etdi. Zərərçəkmişin cavabı isə belə oldu: “Mən keçsəm də, Allah keçməyəcək. Bilirəm, uşağıma ev xörəyi vermisən. Üstəlik demisiz ki, araq, narkotik istəyirsənsə, verək. O da cavab verib ki, mən Hacı oğluyam, mənə pendir çörək kifayət eləyər. Sən kasıb, amma gözütox adama ilişmişdin. Bir şeyə görə sənə təşəkkür edirəm. Pulu verəndə dedim ki, istəyirsinizsə, barmağındakı üzüyün də pulunu verim, amma çıxartmayın. Çünki həmin üzüyü məktəbi qurtaranda ona almışdım. Sağ ol ki, üzüyü ondan almamışdız”.

“Mən çox şeyin açılmasının tərəfdarıyam”

Banda başçısı dünənki məhkəmə prosesində də nəzərdə tutduğu adamlara mesaj göndərdi: “Elə bilirdim ki, heç vaxt ələ keçməyəcəyəm. Keçən həftə Elmar Hüseynovun məsələsilə bağlı dindiriləndə də görürəm ki, indi mənə qarşı münasibət başqadır. Dindirmələrə Respublika Prokurorluğunun rəhbərliyindən də gəlmişdilər. Orada sözümü dedim. Bilirəm ki, onlar da aciz-avara deyil, çox şey bilirlər. Mən onların sandığını açanda onlar da nələrsə deyəcəklər. Amma mən heç kimdən qorxmuram. Özüm də çox şeyin açılıb tökülməyinin tərəfdarıyam”.

Hacı Məmmədov: “MTN çox pis və bədbəxt gündədir”

Fətulla Hüseynovun oğlu Tahir Hüseynovun ötən proseslərdə Hacı Məmmədovdan aldığı cavablar deyəsən, onu qane etməyib. Zərərçəkmiş dünənki prosesdə də atasının qətlilə bağlı banda başçısına bir sıra suallar ünvanladı. Hacı Məmmədovun cavablarından məlum oldu ki, Fətulla Hüseynovun qətlinin səbəbi heç də maliyyə mübahisəsi olmayıb. Hacı Məmmədov etiraf etdi ki, pul söhbəti sadəcə, bəhanə olub.

Tahir Hüseynovun Nailə Quliyeva ilə bağlı sualı isə banda başçısını özündən çıxartdı:

- Nailə Quliyeva sənədlərini dəyişib?

- Yox.

- Bəs milliyyətini?

- Bu sualı mənə MTN-də də veriblər. Bu cür fantastik fikirlər xüsusi xidmət orqanının pis, bədbəxt gündə olmasının göstəricisidir. Əgər ali təhlükəsizlik orqanı vətəndaşının haradan olduğunu, kökünü bilmirsə, daha nə qurumdur? MTN-in yüksək səviyyədə sifarişçiləri zərərçəkmişlərdir. Mənə lazım deyil ki, Zakirin bayırda kimisə var və yaxud da Hüseynin qardaşı yanındadır deyə, onların barəsində nə isə ağır bir şey deyim. Mənə burada da təzyiq edirlər. Çeçenlər deyirlər ki, Nailənin də adını çəkəcəyik. Zərərçəkmiş vəkilimə deyir ki, əgər sifarişçinin adını deməsə, Elçini də, Nailəni də bütün işlərə qatacam. Onsuz da hər şeyi eləyiblər. Müsadirədir, hər şeyi müsadirə eləyiblər. Tutmaqdır, hamını tutublar, 70 yaşında kişiyə qədər. Eşitmək istəyirlər ki, Nailə ermənidir, afrikalıdır? Yəhudidir. 25 iyundan (Elmar Hüseynovun qətlilə bağlı bəyanat verdiyi gün) sonra çoxları mənə qara böhtançı kimi baxır. Kimin sözü var, özümə desin, başqalarını qatmasın. Sizə söz verirəm ki, danışacağam. Onsuz da aləm dəyib bir-birinə. Soğan yeməyən adamların da içi göynəyir.

Qanqster də jurnalistlərdən narazıdır

Banda başçısı bu dəfə də mətbuatın bostanına daş atdı. Hacı Məmmədovun fikrincə, mətbuatda onun barəsində yazılanlar təzyiq xarakteri daşıyır. Hətta o, məhkəmədən jurnalistlərin buraxılmamasını da istədi: “Jurnalistləri niyə qoyursuz bura?” Prosesə sədrlik edən hakim Əli Seyfəliyev isə bildirdi ki, açıq məhkəmə prosesidir və iştirak etmək KIV nümayəndələrinin hüququdur.

Tahir Hüseynovla sual-cavab zamanı Hacı Məmmədov bildirdi ki, hər şeyi açıqlayacaq. O cümlədən Fətulla Hüseynovun qətlinin səbəblərini də.

Tahir Hüseynov:

- Belə çıxır ki, atamın qətlilə əlaqədar hələ hər şeyi danışmamısınız?

- Bəli.

- Sizə sonuncu sualımdır: o hərəkəti eləyəndə heç utanmadız?

- Bəzən adamın başının üstündə elə qüvvələr olur ki...

- Kifayətdir.

Hacı Məmmədov da öz sahibləri kimi Xalq Cəbhəsindən narazıdır

Banda başçısı daha sonra vaxtilə oğurladığı Ülvan Bağırov və Zeynalabdin Babayevin nümayəndəsi Fuad Ağayevin suallarını cavablandırdı. Vəkil ondan adam oğurluğu biznesinə başlamasının tarixçəsini soruşdu. Banda başçısının dediklərindən belə məlum oldu ki, adi biznesdə əli gətirmədiyindən bu işə qurşanmaq qərarına gəlib: “Elçibəy hakimiyyəti dövründə kadr siyasəti bərbad gündə idi. Onlar hakimiyyətə gələndə başa düşdüm ki, işləyə bilməyəcəyəm. Isgəndər Həmidovun daxili işlər naziri olduğunu eşidəndə bildim ki, ”torbamı tikəcək". O, birinci kollegiya iclasında məni işdən çıxartdı. O vaxta qədər bir dənə də cinayət törətməmişdim. Indi Isgəndər Həmidov müsahibə verir ki, qoy desin ki, bir nəfəri pulla işə götürmüşəm. Bir dənə kürd qalmamışdı, hamısını “bozqurd” eləyib sonra da rəis göndərirdi. Isgəndər həbsdə olanda vəkili Şirxanla sıx əlaqə saxlayırdı".

Fuad Ağayev:

- Elçibəy hakimiyyəti 1992-93-cü illərdə olub. Sən isə ilk cinayəti 1995-ci ildə törətmisən.

- Əvvəl bizneslə məşğul olmaq istədim. Bir müddət Şirxanla birlikdə neft biznesilə məşğul oldum. Gördüm ki, biznesdə xeyli pul itirirəm, keçdim bu işə.

- Xalq Cəbhəsi hakimiyyətindən sonra Daxili Işlər Nazirliyindəki vəziyyəti normal adlandırmaq olar?

- Xeyr.

“Rövşənə dedim ki, sənin səviyyəndə olan iş deyil, çəkil kənara”

Hüquqşünas Xanlar Həsənov zərərçəkmiş Zamirə Hacıyevanın nümayəndəsi olsa da, Hacı Məmmədova əksər ittihamlarla bağlı suallar verdi.

- Deyirsiz ki, Elmar Hüseynovun qətlilə bağlı istintaqa bir sıra başqa cinayətlər barədə də məlumat vermişəm. Bunları açıqlaya bilərsiniz?

- Istintaqda deyirəmsə, burada açıqlayıb camaatı ayağa qaldırmağa ehtiyac yoxdur.

- Zakir Nəsirova niyə pul verirdiz?

- Cinayətlər barədə onun geniş məlumatı var idi.

- Daxili Işlər Nazirliyinin tərkibində adam oğurluqlarını araşdıran bir neçə struktur var. Zakir Nəsirov onların hamısı barədə məlumatlı ola bilməzdi axı. Bildirdiniz ki, o, sizi qoruya bilmədi. Ümumiyyətlə, təkcə Zakir Nəsirov sizi qoruya bilərdi?

- Yəqin ki, özü ifadəsində bunu deyər.

- Dəfələrlə sizin dəstənin izinə düşüblər. Belə olan halda təkcə məlumat almaq yox, həm də başqa tədbir görülməliydi. Məsələn, kiməsə ağız açmaq...

- Yəqin ki, olub.

- Törədilən cinayətlərlə bağlı Daxili Işlər Nazirliyindən əlavə başqa istintaq orqanlarında da araşdırmalar aparılıb.

- Siz demək istəyirsiz ki, daha böyük səviyyədə müdafiə olunmuşuq?

- Bəli, hesab edirəm ki, Zakir Nəsirovdan başqa da adam olub.

Zakir Nəsirova verilən pullar daha kimə çatırdı?

- Zakir Nəsirova verilən pullar tək ona çatırdı, yoxsa o da kiməsə verirdi?

- Mən bununla maraqlanmamışam.

- Ifadəndə göstərmisən ki, Rövşən Əliyevə həm özüm xəbərdarlıq elədim, həm də ümumi xəbardarlıq elədim. Bu xəbərdarlıq nədən ibarət idi?

- Ona dedim ki, sən səviyyədə olan iş deyil. Sənin gücün çatmayacaq. Odur ki, çəkil kənara.

- Deyirsən ki, Rövşəni qətlə yetirmək qərarını Zakir Nəsirovla müzakirə edəndə o, sənə deyib ki, buna görə sənə çoxları “sağ ol” deyəcək. Soruşmadın ki, onlar kimlərdir?

- Maraqlanmamışam. Mən bilirdim ki, Rövşənə böyük xətər yetirəcəklər. O xoşlayırdı ki, başını hər yerə salsın. Mən də özümə borc bilib xəbərdar elədim ki, çəkil kənara. Axırda da məcbur qalıb icraçı özüm oldum.

Rəna Nəsibovanı öldürüb köhnə inventar kimi sildilər

Hacı Məmmədov deyir ki, Rəna Nəsibovanın onun əməlləri barədə prokurorluğa və MTN-ə məlumat verməsindən yalnız istintaq materialları ilə tanış olarkən xəbər tutub: “Amma bunu əvvəl bilsəydim, əvvəlcə Rənanı, sonra Hüseyni öldürərdim. Özüm də buradan çıxıb gedərdim”.

- Necə izah edirsiniz ki, Rəna Nəsibova prokurorluğa məlumat verəndən sonra da siz ələ keçmədiniz?

- Bu sualı o biri tərəfə verin ki, Rəna Nəsibova necə oldu ki, öldü. Özü də onun ölümünü köhnə əmlakı silən kimi sildilər.

Hacı Məmmədova daha yüksək vəzifə tutması üçün attestasiya rəyi verilibmiş

Xanlar Həsənov Hacı Məmmədovdan attestasiyadan keçib-keçmədiyini, ona töhmət verilib-verilmədiyini soruşdu. Məlum oldu ki, cinayətkarın qaçması ilə bağlı ona töhmət verilib. Bundan sonra isə attestasiya komissiyası onun daha yüksək vəzifəyə layiq olması barədə rəy verib. Hacı Məmmədov bununla bağlı maraqlı faktı açıqladı:

Bir nəfəri qaçırmaqla bağlı göstəriş almışdım

- Göstəriş olmuşdu ki, bir nəfər qaçırılmalıdır. Bundan sonra sizə töhmət veriləcək. Biz də bu işi gördük. Deyilən işi görmüşdüksə, attestasiyanın nəticəsi necə olmalıydı ki?

Banda başçısı onu da bildirdi ki, mərhum akademik Ziya Bünyadovun qətlilə bağlı istintaq qrupunun üzvü olub: “Ziya Bünyadovun qətlilə bağlı işdə Rövşən Əliyevlə birlikdə işləmişik. Bu işlə bağlı iki qrup var idi. Ikinci qrup birincidən xəbərsiz fəaliyyət göstərirdi, rəhbəri də Rövşən Əliyev idi. Rövşən özü Daxili Işlər Nazirliyinin rəhbərliyindən xahiş eləmişdi ki, mən də o qrupda olum”.

Dünən məhkəmənin iş saatı qurtardığından Zamirə Hacıyevanın nümayəndəsi Hacı Məmmədova bütün suallarını verə bilmədi. Odur ki, Xanlar Həsənovla banda başçısı arasında sual-cavab bu gün davam etdiriləcək.

Killerin başqa məhkəmə PROSESİNİ burdan oxu
(Aytən Məmmədova, "Azadlıq" qəzeti 2006)

20.5.15

Allahın zopası Cəlilabadda!

Sizə bəd bir xəbərim var, etiraf edim ki bunu yazmaq mənim üçün o qədər asan deyil. Amma yazmaya da bilmirəm. Məni düz anlamaq üçün əvvəlcə, mütləq bu 2 dəqiqəlik videonu izləyəsiniz.
İzlədinizsə, davam edək.

Bu Kəbədə İcra başçısına yaltaqlanan, haccın və ümumiyyətlə bütün müqəddəs sayılan hər şeyə təhqiramiz davranan bu insan bilirsiniz kimdi?

Deyim. Bu gün Cəlilabadda özünü yandırıb öldürən Qarabağ qazisinin qardaşı. Açığı cəlilabadlılar heç mərhum barədə də xoş gözlər demirlər. Hətta onun pis adam olduğu yazılır, danışılır. Sözüm bu deyil. Sözüm ondadır ki, adam hətta pis olsa belə (xüsusən o döyüşçüdürsə), onun özünə qiyması üçün mühüt həddən ziyadə pis, bərbad olmalıdır.

Videodakı adam heç bir il deyil uca dərgahda respublika və rayon rəhbərliyin haqq eləmədikləri halda tərifləmiş, ölkədəki əmin amanlığa görə onlara dua eləmişdi. Bu da nəticə! Necə deyərlər, Allahın zopası olmur!

Vəssalamu aleykum ve rahmatullah!

Əli Əsədovun və xalqın beli


Baş verən yanğınla bağlı baiskar aydındı-bu şəxsən İlham Əliyevdi.
Amma bu cinayətdə unudulan bir şəxs barədə söz açmaq istəyirəm. İlham Əliyevin yanında xoşagəlməz pozalarda (qəddini müticəsinə əyməklə) rəsmləri ilə populyarlaşan bir məmur var-Əli Əsədov.
O, iqtisadi məsələlər üzrə prezidentin köməkçisidir. Bakıda aparılan əksər işlərin (kafelləmə, üzləmə və s) tikinti, abadlıq işlərinə bu insan məsuldur və əksər işləri elə özünün krişalıq elədiyi şirkətlərlə görür. Fikir verirsək, İlham Əliyev yeni istifadəyə verilən, yaxud təzə təmirdən çıxan yerlərə bu insanın müşayəti ilə gedir. İndi bu adam hardadı? Millətin belini qırandan sonra öz beli hansı formadadı görəsən?
İndi İlham Əliyev deyir ki, onu aldadıblar? Kim səni aldadıb? Əli Kərimli, yoxsa Cəmil Həsənli? Aldadan öz köməkçindi. Həm də bizi hələ inandırmaq lazımdı, siz doğrudanmı aldadılmısınız?

19.5.15

Müslim Maqomayev Azərbaycan vətəndaşlığındna niyə imtina etdi?

Tarix: 17.12.2005

«Mən artist yox, digər peşənin sahibi olsaydım, Bakıya gələ bilərdim. Nə qədər ki, Azərbaycan mədəniyyətinin başında Polad Bülbüloğlu durur, mən Bakıya gəlməyəcəyəm».

Bu sözləri SSRİ xalq artisti Müslüm Maqomayev APA-ya verdiyi eksklüziv açıqlamasında deyib. O bildirib ki, Polad Bülbüloğlu ilə münasibətlərinə dair suallardan qaçmaqdan yorulub. Azərbaycan vətəndaşlığından imtina etdiyini deyən M.Maqomayev bunun səbəbini "mədəniyyətsiz nazir tərəfindən uzun müddət və metodik surətdə mədəniyyəti dağıdılan ölkədə yaşamaq istəməməsi" ilə əlaqələndirib.

M.Maqomayev onu da bildirib ki, Polad Bülbüloğlunun bəstəkar kimi tanınmasına məhz o köməklik edib: "Əlindən tutub Moskvaya gətirdim. Amma ucuz populyarlıqla birlikdə ona təkəbbür də gəldi. Elə bildi ki, populyarlığı mənimkindən az deyil və mənə qarşı kobudluq etməyə, davaya başladı». Müğənninin sözlərinə görə, daim küsülü olublar və onları mərhum prezident Heydər Əliyev barışdırıb. M.Maqomayev hesab edir ki, Heydər Əliyevin yoxluğundan sonra «uşaqlıq dostu»nu əbədi itirib. Müğənnini babası Müslüm Maqomayevin Bakıda keçirilmiş yubileyi də qane etməyib, tədbirdə mədəniyyət nazirinin iştirak etmədiyini deyən sənətkar həmin yubileyi «dilənçi tədbiri» adlandırıb. Müslüm Maqomayev P. Bülbüloğlunun atası Bülbülə xalq nəğmələrinin dahi ifaçısı, xanəndə kimi çox yüksək qiymət verdiyini bildirsə də, opera sənətində yalnız bir partiyanın - Koroğlu partiyasının ifaçısı hesab edir.

Müslüm Maqomayevin sözlərinə görə, Rusiyada Azərbaycan günlərinin açılışına həsr olunmuş konsert proqramına o və xanımı Tamara Sinyavskaya əvvəlcədən salınsalar da, nazir onların adlarını proqramdan çıxarıb. Bundan sonra Polad Bülbüloğlu Maqomayev və Sinyavskayanı öz solo-konsertinə dəvət edib, lakin onlar həmin konsertə getməyiblər.

Müslüm Maqomayev sonda onu da bildirib ki, vətəndaşlığını dəyişsə də, özünü həmişə azərbaycanlı hesab edəcək.

11.5.15

Çe Gevara ölümü, Azərbaycan şairlərin Kubada ziyafəti

“Ölüm, hardan və necə gəlirsə, gəlsin, savaş şüarlarımız dildən-dilə yayılacaqsa və silahlarımız əldən ələ keçəcəksə, başqaları yeni savaş və zəfər nərələriylə cənazələrimizə ağı deyəcəklərsə, xoş gəldi, səfa gəldi”.

(Çe Gevaranın Fidel Kastroya vida məktubundan) 


Mətanət Isgəndərli Ernesto Çe Gevaranı qəbul edə bilmədi

Ernesto Çe Gevera
- əfsanəyə dönmüş bu insanın haqqında nələr bilirik? Dünyaca şöhrəti olan bu şəxs Azərbaycanda çox az tanınır. Onu yaxından tanıyana qədər çoxları kimi mən də Çenin yalnız bir kommunist olduğunu və onun məhşur “realist olun, mümkün olmayanı arzu edin” şüarını bilir, bir də şəkillərini tanıyırdım.
Cəsur inqilabçı barəsində- 2 gün aramsız cəhdlərimə baxmayaraq- Axundov adına kitabxanadan 1 dənə də olsun, azərbaycanca kitab tapa bilmədim. Çe barəsində simvolik şəkildə ancaq dövri mətbuatdan nəsə əldə etmək mümkündür. Arabir televiziyalarımızda da Çe bir ilğım kimi görünür. Məsələn, Mətanət Isgəndərlinin “Taleyim mənim” klipinin lap sonundakı kimi (klip nədənsə sonra efirdən yığışdırılıb. Indisə bu mahnıya tam başqa bir klip çəkilib). Yaxud “Qəfəs” şounun bir iştirakçısının maykasında Çenin şəklini sezmək olub. Amma bütün bunlar eləcə də indi mənim yazdıqlarım qəhrəman komandantenin fəaliyyəti yanında qum dənəsi qədər kiçik. Bu insanı öyrənməyin nə qədər vacib olduğunu ancaq onu oxuyandan sonra bilmək olar.

Uzun bir dava və qısa bir ömür yolu

Ernesto Çe Gevera 14 iyul 1928-ci il Argentinanın Rosaria kəndində doğub. Iki yaşından ta ömrünün sonuna qədər Çeni şiddətli astma xəstəliyi təqib edib. Amma bu fiziki çatışmazlıq bir an da olsun Afrikanın, Cənubi Amerikanın meşə və dərələrində Çenin məsləkinə qalıb gələ bilməyib. Üstəlik, apardığı gerilla (partizan) mübarizəsində Çe müxtəlif orqanlarını güllələrə tuş edib.
Fidel Kastro ona məhbəs və vəzifə verdi...
Ernesto Linç irland əsilli, anası Klia dela Sena isə irland-ispan qarışıqlı bir ailədən idi. 25 yaşında tibb təhsilini bitirib həkim olan Ernesto ilk olaraq cəmiyyətin ən qəribə xəstələri sayılan cüzamlılara könüllü olaraq xidmət etməyi məqsəd seçdi. Həyatsa onu tək-tək fərdlərə əlac edən həkimlikdən qoparıb bütöv bir toplumu müalicə etməyə sövq etdi. 1954-ci ildə Meksikaya gələn Çe burada Kommunist Partiyasına daxil olur. Elə buradaca qeyd edək ki, E.Gevara o çağlarda dünyanın kommunizm idxalçısı sayılan SSRI-yə qarşı rəğbət bəsləməyib. (Bu barədə sonra). 1955-ci ilin avqustunda Çe Meksikada mühacir olan Fidel və Raul Kastro qardaşları ilə tanış olur. Fidellə tanışlıq gənc həkimin gələcək mübarizəsində əsaslı rol oynayır. Qısa müddətdən sonra o, Fidellə səmimi dostlaşa bilir. 1956-cı ilin 20 iyununda Fidel Kastro və daha bir neçə inqilabçıyla həbs olunur. Həmin ərəfədə ailəsinə həbsxanadan yazdığı məktubda Ernesto həkimliyi buraxıb kubalı inqilabçılara qoşulduğunu yazır. Bir aydan sonra onu həbsdən buraxılırlar.


Nazir vəzifəsini buraxıb səngəri seçir

Kuba inqilabında iştirak edən Ernesto inqilabın qalibiyyətindən sonra yüksək vəzifələrə gətirilir. O, Kuba Milli Bankının rəhbəri, daha sonra ölkənin sənaye naziri olur. Bu müddət ərzində geridə qalmış müstəmləkə rejimlərinə səfər edən Çe oradakı aşağı həyat şəraiti ilə yaxından tanış olur. Çox çəkmir, o, başqa Latın Amerikası ölkələrinə gedib yeni inqilablar etmək qərarını verir. Bu məqsədlə Çe 1965-cı ilin iyulunda Fidel Kastroya möhtəşəm bir vida məktubu yazır və Adolfo Mena Konzales kimi saxta adla Boliviyaya gedir. Onun bu niyyətini BMT-nin 1964-ci ildə Nyu-Yorkda keçirilən toplantısında etdiyi alovlu və geniş çıxışdan asanca sezmək mümkündür: “Lazım olduğum istənilən an Latın Amerikası ölkələrinin müstəqilliyi üçün heç bir təmənna ummadan canımı verməyə hazıram”.
Elə ölüm də Çeni Boliviyada yaxaladı. Boliviya əsgərləri 1967-cı ilin 1 oktyabr gecəsi Hieguras yaxınlarında onu vurdular. Ayaqlarından ağır yaralanan komandante əsir götürüldü. Ayın 9-dək onu sorğuya tutmaq istəsələr də heç nə alınmadı. Çe heç bir sorğuya cavab vermədi. Və 9 oktyabr Çe bu həyatda son günü yaşadı.
Kubada Azərbaycan şairlərinin keyfi və Çenin əzablı ölümü

Çenin davası imperialist dediyi, insanları istirmar edən sistemlər idi. O, müdafiə olunmağa rəğbət bəsləmirdi. Çe düşmənə hər yerdə onun əyləncə yerindən tutmuş istehsalat müəssisəsinə qədər arealda hücum etməyi təşviq edirdi. Yuxarıda dedildiyi kimi, o, kommunist olsa da SSRI-ni sevmirdi. SSRI də onu sevmirdi. Sadə bir səbəbdən: Çe rusların ssenarisiylə hərəkət etmirdi. O, “Amerika imperialisdirsə, SSRI-də antidemokratikdir”, deyirdi. Ilk zamanlar bu insanla maraqlananda Sovet dövrü yazılmış kitablara baxdım. Azərbaycan Sovet ensklopediyasında hansısa adamyeyən kommunistə səhifələrlə yer ayrıldığı halda E. Ç. Gevaraya xəsisiliklə bir künc ayırmışdılar. Tarix kitablarındasa onun adı təkcə qısa şəkildə Kuba inqilabında çəkilir. Maraq naminə M.F.Axundov adına kitabxanaya gedib Çenin ölüm günü (1968-ci il 9 oktyabr) tarixini əhatə edən vaxta çıxan “Kommunist” qəzetini alıb baxıram. Bir kəlmə də olsun, yazı yoxdur. Əvəzində Çenin inqilaba başladığı Kuba barədə maraqlı xəbər tapdım. Əfsanəvi komandante Boliviya çöllərində döyüşərkən Kubada Azərbaycan günləri keçirilirmiş. Çenin ölüm günün səhəri nümayəndə heyətimizdən olan Ənvər Məmmədxanlıya, Fikrət Qocaya və adını unutduğum başqalarına zəngin ziyafətlər verilib.

Çenin Fidelə vida məktubu

“Fidel, Dünyanın başqa ölkələri mənim təmənnasız köməyimi istəyir. Bu işi etməyə sənin Kuba üçün daşıdığın məsuliyət imkan vermir, amma mən bunu edə bilərəm. Ayrılmağımızın zamanı gəldi. Bunu sevinc və kədər içində etdiyimi bilirsən; burada ümidlərimin ən safını və sevdiklərim arasında ən çox istədiyimi qoyuram. Məni övladı kimi sevən xalqla ayrılıram. Bu, mənim ruhumun bir parçasını qoparmaq kimidir... Başqa göylər altında son saatım gələndə mənim son düşüncəm bu xalq və özəlliklə sən olacaqsan... Sonumun gəldiyi hər hansı bir yerdə kubalı inqilabçı olmanın məsuliyyətini duyacağımı və belə davranacağımı, uşaqlarıma və qadınıma maddi heç bir şey qoymadığımı və bundan üzüntü duymadığımı, əksinə sevindiyimi, onlar üçün heç bir şey istəmədiyimi, çünki dövlətin onlara yaşama və təhsil almaları üçün lazım olan hər şeyi verəcəyini bilirəm.
Hər zaman qələbəyə qədər!
Ya vətən, ya ölüm!"

Uşaqlarına vida məktubu

“Əzizlərim Hilda, Alida, Kamilo, Seliya və Ernesto.
Bu məktubu oxumanız lazım gələcəksə, deməli, bu, mənim sizlərin aranızda olmayacağam. Məni sızlayaraq çətinliklə xatırlayacaqsınız. Ən kiçiyiniz isə heç xatırlamayacaq. Atanız düşündüyü kimi harəkət edən bir adam idi və qətiyyətlə ideyasına bağlıydı. Yaxşı bir inqilabçı olaraq böyüyün... Hər şeydən öncə dünyanın hər hansı bir yerində hansısa bir insana qarşı edilən haqsızlığı daima ürəyinizin ən dərin yerində hiss edə bilin. Bu, bir inqilabçının ən önəmli keyfiyyətidir.
Körpələrim, sizi bir daha görməyi arzulayır və bağrıma basıram.
Atanız"

(bu məqaləm "Azadlıq" qəzetinin 2007-ci il may buraxılışında dərc olunub)

Siyasətin XANIMI


("Azadlıq" qəzeti, 7 noyabr 2006 tarixdə çıxan məqaləm)

Korrupsiyanı və siyasi mədəniyyətsizliyi rədd edən xanım siyasətçinin mənəvi portretinə əlavə

Lalə Şövkətin yubileyi münasibətilə


Xəsisliyə dərin nifrətim olsa da, bir məsələdə bu xəstəlik məndən də yan ötməyib; Insanlara, özəlliklə siyasi səhnədəkilərə tərifli sözlər deməyə həmişə xəsislik etmişəm. Baxmayaraq ki, onların arasında həqiqətən ən gözəl sözlərə layiq olanları var və olacaq. Bu mövzuda ehtiyatlılığımın əslində ciddi səbəbləri də boldu. Siyasi səhnəmizin son dövrlər həddən artıq sürüşkən olması, bu gün çiyin-çiyinə dayanıb bərabər mübarizə apardığın adamın sabah məddahlar xorunda ən uca səslə oxuması istər istəməz ifrat etiyatlılıq diqtə edir. Necə deyərlər, "istisi ağzımı elə yandırıb ki, soyuğunu da piləyə -piləyə içirəm".

Ancaq 2005 seçkilərindən sonra bu konuda fikirlərimdə dəyişiklik yaranıb. Hesab edirəm, cəsarətli, mərd, mübariz insanlar məqamı gələn bütün hallarda gözəl sözlərə layiq bilinməlidir. Onsuz da bu qəbildən olanların sözdən savayı az qazancı var.

***

Bu qədər uzun girişdən sonra oxucularım yəqin ki, kimisə tərif yağışına tutmaq fikirində olduğumu düşünəcək. Xeyr, sadəcə Azərbaycanın siyasi səhnəsində ləyaqətli bir simadan-Milli Birlik Hərakatının lideri Lalə Şövkət Hacıyevadan yazmaq istədim. Əslində, yazıyla tanışlıq zamanı hər kəs əmin olacaq ki, bu günkü anlamda başa düşülən tərif elementləri yox səviyyəsindədir.

Biz onu tanıyana qədər, o, bir insan ömrü qədər ömür yaşamışdı


Azərbaycanın siyasi alanında azsaylı olsa da qadın siyasilər var. Düşünürəm, "Lalə Şövkət Hacıyeva son 20 ildə Azərbaycanda ən yüksək rəhbər postu tutan və bu gün də ən populyar olan xanım siyasətçidir" deməyim onları qıcıqlandırmaz. Onu Azərbaycanın geniş ictimayyəti dövlət katibi kimi vəzifəyə təyin edildikdən sonra tanısa da Lalə xanımın bu dönəmədək xeyli siyasi kapitalı olub. Qısa olaraq onun bioqrafiyasına nəzər yetirsək görərik ki, bu vəzifəyədək o, 37 yaşında doktorluq dissertasiyasını müdafiə edərək o zaman RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilib;
-1991-ci ildə RSFSR-nin baş naziri I. Silayev tərəfindən rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb olunub;
-Lalə Şövkət RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatçıları Assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Eko-Fəlsəfə Fondunun Rəyasət Heyətinin üzvü olub;
- Fəlsəfə və hüquq doktoru fəxri adına layiq görülüb;
- 1991-ci ildə SSRI-nin paytaxtı Moskvada Şevardnadze, Yakovlev, Sobçak, Brazauskas və başqa tanınmış demokratlarla birgə "SSRI-də Demokratik Islahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olmuş və "Azərbaycan Respublikasında Demokratik Islahatlar və Insan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq Ictimai-siyasi Hərəkat yaratmışdır. Bu Hərəkat Azərbaycan Respublikasının Moskvada SSRI Ədliyyə Nazirliyində rəsmən qeydə alınan ilk ictimai- siyasi təşkilatı olmuşdur.



Heydər Əliyev onu necə xarakterizə etmişdi?

Lalə Şövkət Hacıyeva Azərbaycana Heydər Əliyevin dəvəti ilə gəldi. Hakimiyyətinin ilk aylarında Əliyev Rusiyanın "Sobesednik" qəzetinin müxbirinə geniş müsahibə verərək bir neçə məqamla yanaşı L.Hacıyeva ilə tanışlığından da danışıb. Yeri gəlmişkən, bu müsahibədə Əliyev üçün səciyyəvi olmayan bir cəhəti sezdim. Öz kadrlarını demək olar heç zaman tərifləməyən mərhum Əliyev dövlət katibi haqda xoş sözlər söyləməkdən çəkinmir.

***

"Müxbir: - Siz belə qəşəng, qətiyyətli son dərəcə geniş məlumata malik dövlət katibi Lalə Şövkət Hacıyevanı necə tapdınız? O ki, möcüzədir!

H.Əliyev: - 1990-cı ilin yanvarında Qorbaçovun fərmanı ilə Bakıya qoşun yeridilərək dinc sakinlər güllə- baran edildiyi gündə tanış olmuşuq. Yanvarda mən etiraz mitinqində iştirak edirdim. Onda mənə çoxları yaxınlaşırdı. O da yaxınlaşdı və biz söhbət etdik. Onun barışmazlığı və siz deyən kimi genış məlumata malik olması diqqətimdən yayınmadı. Belə qadınlar yadda qalırlar. Bir gün onun gərəkli olduğunu hiss etdikdə isə Bakıya işə dəvət etdim".

***

Qısa məlumat kimi bir məqamı da diqqətinizə çatdırmağı özümə borc bilirəm. Hər zaman Əliyevin 20 yanvar hadisələrinə münasibətini insanlara nümayiş etdirmək üçün onun Moskvada verdiyi bir açıqlama göstərilir. Hakimiyyətin necə qərəzli olduğu elə bu kadrlardan da sezilir; Çoxları yəqin ki, xəbərsizdir: həmin o kadrlarda Lalə Şövkət düz Əliyevin sağ tərəfində oturub. Az.TV və başqaları nədənsə hesab edirlər ki, montaj vasitəsiylə L.Ş.Hacıyevanı o kadrlarla silməklə tarixdə də nəsə dəyişmək olar.

Bir fakt da maraqlıdır. Heydər Əliyevin yenidən formalaşdırdığı komanda üzvləri arasında porfessor Lalə Şövkət yeganə adam idi ki, keçmiş kompartiya kadrlarından deyildi. Onun qısa müddətli rəhbər vəzifəsində bu amil aşkar görünürdü. Əliyevin obrazının pik nöqtədə olduğu dönəmlərdə L.Ş.Hacıyevanın siması qətiyyən itməmişdi. Onun döyüş bölgələrinə səfərləri, əhalinin sosial hüquqlarının qorunmasıyla bağlı (Heydər Əliyevin də iştirakçı olduğu ərzaq məhsullarının bahalaşmasını ideoloji-siyasi baxımdan vətəndaşlara "izah" etməyə həsr edilən müşavirədə onun tutduğu qətiyyətli mövqeyi indi çoxları xatırlayır) atdığı addımlar xanım rəhbərə əhali arasında özəl simpatiya yaradırdı.


"Mədəniyyətsizliyin parlaq təcəssümü olan yaxın ətrafınızla birgə işləyə bilmərəm"

Lalə Şövkət vəzifəyə gərək olduğu vaxt gəldiyi kimi bu hakimiyyətin xalqa gərəksizliyini duyduğu anda da getməyi bacardı. Vəzifəyə təyin edilməsindən 5 ay 7 gün keçəndən sonra, o, dövlət başçısı H.Əliyevə istefa barədə ərizəsini təqdim etdi:

"Azərbaycan Respublikasının Prezidenti H.Əliyevə

ƏRIZƏ

Hörmətli Heydər Əlirza oğlu!
Bugünkü iqtidarda korrupsiyanın, səriştəsizliyin və mədəniyyətsizliyin parlaq təcəssümü olan yaxın ətrafınızla bundan sonra birgə işləməyim qeyri-mümkün olduğuna görə, xahiş edirəm, məni Dövlət katibi vəzifəsindən azad edəsiniz.

...Mən Azərbaycanın yeni tarixində, onun dirçəlişində, tərəqqisində Sizin adınıza və xüsusi xilaskar rolunuza böyük ümid bəsləyirdim. Nəticələrini yaxın zamanda görəcəyiniz səhvlərdən Sizi qorumaq cəhdlərim hədərmiş.

Adınıza hörmət edərək, Sizin haqqınızda mövqeyimi dəyişməyi özümə rəva bilmərəm. Mənim vicdanım Allah qarşısında, öz xalqımın qarşısında, tarix qarşısında və Sizin qarşınızda tam pakdır.

Hormətlə: Lalə Şövkət, 14.12.93"



Bu addımıyla da Lalə xanım ilk cığır açmış oldu: o, Əliyev komandasında öz ərizəsiyə istefa verən, həm də sistemdə olan nöqsanları göstərən ilk oldu. Sonralar da bu avtoritar hakimiyyətdən "vurulanlar", istefa verənlər az olmadı, lakin əminliklə demək olar ki, Lalə Şövkət xanım Əliyev komandasından ayrılaraq müxalifətə və etirazçı xalqa inteqrasiya edən ən səmimi şəxs olaraq qalır. 1998-ci ildən başlayan etiraz aksiyalarında onu Elçibəylə, Əli Kərimliylə, Isa Qəmbərlə çiyin-çiyinə addımlayan görən çox az insan xanım Hacıyevanın səmimiyyətinə şübhə edirdi. Bəli, Heydər Əliyevə müəyyən insanların rəğbətinin güclənməsində onun rolunu inkar etmək olmaz. Ancaq istefa ərizəsindən də göründüyü kimi, xanım Hacıyevanın Heydər Əliyevə dəstəyi çoxlarında olduğu kimi sərvəttoplama, tamah məqsədi güdməyibmiş. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra dəyərli bir kadrı H.Əliyev belə asanlıqla itirmək istəməyərək Lalə xanıma Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verdi və onu, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin etdi. Lakin, L.Hacıyeva bu vəzifədən də imtina etdi və 8 aydan çox prezidentin fərmanı qüvvədə qaldığına baxmayaraq vəzifənin icrasına başlamadı.


"Siyasətdə kişilər və qadınlar olmur, kişilər və nakişilər olur!"

Lalə Şövkət şəxsiyyətində ən mühüm cizgini, şöbhəsiz, 2005-ci ilin parlament seçkiləri yaratdı. Öncə "YES" blokunda təmsil olunan L.Şövkət blokun prinsipial mövqe sərgiləmədiyini görüb oradan uzaqlaşdı. Istisna hal kimi "Azadıq"bloku tərəddüd etmədən onun namizəd olduğu dairədə namizəd irəli sürmədi və Lalə xanımı dəstəkləmək barədə qərar qəbul etdi. Uğurla qalib gələn L.Şövkət azərbaycanlılar üçün əsl örnək göstərdi. O, parlament seçkilərinin total saxtalaşdırıldığını bəyan edərək rəsmən öz halal mandatından imtina etdi. Özəlliklə "Azadlıq"blokundan namizədliyi verilən, lakin mandatdan immtina etmək barədə iradə nümayiş etdirməyənlərlə müqayisədə xanım Hacıyevanın addımı onun imicinə xeyli üstünlüklər yazdı. Bu addımdan sonra cəmiyyət və müxalif qəzetlərin onun haqqında xarakteristika kimi daha çox işlətdiyi söz KIŞI ADAM-oldu. Düşünürəm ki, Lalə Şövkət qadınlar üçün yüksək dəyər kimi işlədilən KIŞI ADAM sözünü artıq adiləşdirib. O, xanımlıq statusuna yeni keyfiyyət verdi. Sübut etdi ki, xanım olaraq da cəsarətli və prinsipial olmaq mümkündür, cins fərqi həyatda eləcə də siyasətdə ləyaqətli yer qazanmaq üçün heç bir önəm daşımır. Zatən 1998-ci ildə müxalifətin "motodrom "meydanında keçirdiyi ilk aksiyada da demişdi: "siyasətdə kişi və qadın yox, kişilik və nakişilik var". Beləliklə, bu gün bütün etdiklərinə rəğmən Lalə Şövkət Hacıyeva KIŞI ADAM deyil, əsl XANIM olduğunu göstərən və müəyyən edən şəxsdir.


***

Lalə xanım ixtisasca həkimdir. Maraqlı həyat yaşamış bu insanın 2 dəfə klinik ölüm keçırdiyini lap bu yaxınlarda öyrənmişəm. Ölüm labüddür, insanın iradəsindən asılı deyil. Ancaq necə yaşamaq məsələsini Tanrı insanın öz ixtiyarına buraxıb. Düşünürəm ki, Lalə xanım öhdəsinə buraxılan "necə yaşamalı" məsələsini mükəmməl şəkildə həll edib. O, həm də inanclıdır. Və hər gün səhərlər etdiyi maraqlı bir duası var. Bu yazımı Lalə xanımın gözəl duasına AMIN deməklə bitirmək ən uyğunu:" Mən hər səhərimi ibadətlə başlayıram:

Allaha dua edirəm ki, islahı mümkün olanı islah etmək üçün mənə qüvvət versin; Islahı mümkün olmayana dözmək üçün mənə səbr versin və mümkün olanı mümkün olmayandan fərqləndirmək üçün mənə müdriklik versin!







"İlham Əliyev" hotelləri

"Azərbaycan Saatı"nın 5 may, 2015 sayındakı çıxışımın videosu  (44:33 dəqiqədən )
Həftənin əvvəlində dövlət başçısı İlham Əliyev Bakıda 5 ulduzlu hotelin qırmızı lentini kəsdi. Bəzi adamlar yenə tapıldı ki, İlham Əliyevin bu əməlinə dodaq büzsün. Onların fikirincə hotelin lentini kəsmək prezidentə layiq iş deyil. Guya ki başqa ölkələrdə bu işi bələdiyyə başqanları, onlardan da xırda məmurlar görür. Amma mən bu tənqidlərlə razılaşmıram. O doğrudur ki, xaricdə prezidentlər Azərbaycandakı kimi lent kəsmir, amma bizim ölkənin fərqliliyi də elə bundadı. İlham Əliyevi bu əməlinə görə biz qınaya bilmərik.

Niyə? 1-ci səbəb odur ki, aztvdən də öyrəndiyimiz kimi xarici ölkələr indi pis gündədilər. Böhran, aclıq, səfalət onları elə hala qoyub ki, ordakı prezidentlərin baş qaşımağa vaxtı yoxdu, nəinki lent kəsməyə. Bizdə isə şükür allaha əmin amanlıqdı, bütün işlər analoqsuz formada görülüb qutardığından prezidentimiz boş bekar qalıb, ona görə lent kəsmək kimi tədbirlər həm də onu darıxdırıcı iş rejimindən xilas etməyə hesablanıb. Başqa ciddi səbəb odur ki, xarici ölkələrdə təzə açılan hotelər prezidentə dəxlisiz ivanın, conun monun olursa, bizdə ayrıcürədir. İlham Əliyevin zəhmətə qatılıb lentlərini kəsdiyi o hotellər şəxsən özünündü. İsgəndər Həmidov bir zaman jurnalisti çırpanda ona tutulan iradlara cavab olaraq demişdi ki, mən onu nazir kimi yox, isgəndər kimi döymüşəm. eləcə də biz indi İlham Əliyevdən soruşsaq ki cənab preizdent axı bir dövlət başçısı hotelin qırımızı lentini niyə kəssin? O da qayıdıb deyər ki, mən prezident kimi yox, hotelin sahibi kimi qayçıya sarılıram.

Bütün bu dediklərimi təsdiqləmək üçün bizə “paşa holdinqin” saytı kömək edir. Saytda açıq şəkildə görünür ki, ogünü ilham Əliyevin qırımızı lentini kəsdiyi hotelin sahibi paşa holdinqə daxil olan“abşeron hotel qrupudur”. Sahibi dedim, amma bu sahiblik formaldı. Paşa holdinqin yiyəsi kimdi, siz yaxşı bilməlisiniz. Nəzərinizə çatdırım ki, holdinq bakıda daha bir neçə 5 ulduz hotel tikib və onların hamısının lentini kəsmək şərəfi İlham Əliyevə nəsib olubdur. Yəqin bu qədər arayışdan sonra sizin də İlham Əliyevin lent kəsməsinə münasibətiniz dəyişdi.

 İndi keçək başqa məqama. İlham Əliyev hoteldə çıxışında qəribə bir fikir işlətdi. Dedi ki, bura çox rahatdır adam özünü lap öz evindəki kimi hiss edir. Bax bu artıq, üzərində durulası tənqidə layiq məqamdı. “Adam burda lap özünü evindəki kimi hiss edir”, deyir İlham Əliyev. Bu öz vətəndaşının yarasına od basmaq kimi bir şeydi. Bəli, yuxarıdakı şərhimizə əsasən İlham Əliyevin bu fikirində qəribəlik axtarmağa dəyməz. Çünki heç kimin şübhəsi yoxdur ki onun evləri, sarayları 5 ulduz hotel qədər rahatdı. Bəs, öz evi olmayan azərbaycanlılar?

Onlar necə başa düşməlidir bu fikiri. “Adam burda özünü evindəki kimi hiss edir” deyir prezident. Sual yaradır, bəs yüz minlərlə evsiz azərbaycanlı xəyalən də olsa özünü 5 ulduzlu oteldə qonaq görsə, oranı evi kimi hiss edə biləcəkmi. Görəsən, 5 ulduz hotel açmaqla qürrələnən dövlət başçısı vətəndaşlarının şəxsi mənzili olmasının qayğısına nə zaman qalacaq? Axı azərbaycanda birbaşa hakimiyyətin kəraməti ucbatından nəhəng evsizlər ordusu əmələ gəlib.

Təxminlərə görə Azərbaycanda hazırda 700 minə yaxın ailənin evi yoxdu. Belə ailələr ya qohumlarının yanında, ya da kirayədə yaşamağa məcburdurlar. Və bu say durmadan artıq. Çünki hər il ölkdə 80 min nəfər ailə qurur, onların da 30-40 mini kirədə yaşamağa məcburdu. Deməli, evsizlər ordusuna hər il azı 30 min nəfər qoşulur…

Azərbaycan hökuməti bu illər ərzində vətəndaşların mənzil probleminin həlli üçün nəinki əsaslı bir addım atıb, əksinə ona mane olmaq üçün əlindən gələni edib. Bakıda vətəndaşların min bir əziyyətlə tikdiyi yüz minlərlə evi hökumət qanunsuz elan edib. Hər seçki ili deyirlər bu evlər sənədləşəcək, amma bu vəd elə vəd olaraq qalır. Yəni o evlər uçurulmaq təhdidi altındadı. O evlərdə yaşayan sakinlər bir növ tikan üstə oturmuş kimidilər. Nə qədər o evlərdən uçurulduğuna şahid olmuşuq. Doğrudur, evsizlik probleminin həlli üçün ipoteka proqramının olduğunu deyə bilərsiniz. Amma o ipoteka proqramının nə qədər gülünc olduğunu bircə faktla açıqlamaq olar. O ipoteka proqramın tərifləyən, ictimaiyyətə bunun gözəl bir dövlət qayğısı kimi təqdim edən yaltaq jurnalistlərin özləri evsiz eşiksizdi. Araşdırmalara görə jurnalsitlrin 80 faizinin mənzili yoxdu. Halbuki normal ölkələrdə jurnalistlər ən gəlirli peşə adamları sayılır. Evsizlik problemi İlham Əliyevin düz sarayının kandarına qədər gedib çıxıb. Bu gəlişigözəl fikir deyil faktdır. Seçkidə İlham Əliyevə vəkillik edən bir yazarın evsizlik şikayətini biz azərbaycan saatından iki il olmaz yaymışıq.

Başdan başa evsizlik problemi yaşanan ölkədə təzadı həm də o gücləndirir ki respublikanın hər yerində az qala hər il İlham Əliyev üçün bir saray ucaldılır. Belə bir lətifə var. Rəhbər vəzifədə işləmiş pensiyaçılar söbət edir. Onlardan biri gileylənir ki, vallah o qədər iş başında oldum, özümə, uşaqlarıma bir ev də tikə bilmədim. Yanındakılar deyir: rəhmətliyin nəvəsi sənin başın qarışmışdı ev yıxmağa, ev tikmək yadına düşürdü? BU lətifəni ona görə xatırladım ki, yadınızda varsa Heydər Əliyev də hakimiyyətə gəldiyi ilk günlərdə təxminən belə deyirdi. Deyirdi ki, bakıda yaşamağa bir evi də yoxdu, bacısıgildə qalır. İlham Əliyev atasının o səhvini təkrarlamadı. Özünə dünyanın dörd bir yanında imarətlər yapdırdı. İlham əliyev həm də onu bacardı ki, indi azərbaycanlılar nəinki özlərinə daxma tikə, ev ala bilir, eyni zamanda milyonlarla insan üçün azərbaycan “tərk edilmiş” ev misalındadı.
 İndi azərbaycanlılar öz vətənlərində yad sayılır, qəribə dönüb. Ona görə indi insanlarımız prezidentdən fərqli olaraq, nə öz evlərində, nə də təsadüfən olduğu 5 ulduzlu hoteldə özünü rahat hiss edə bilmir.

6.5.15

İzmir

    İzmirə bir borcum var. İstəyirəm onu qismən ödəyəm. 2012-ci ildə bizi, bir qrup jurnalisti Türkiyə səfirliyi bir həftəlik İzmir səfərinə aparmışdı.
    Bu o jurnalistlər idi ki, səfirliyin elan etdiyi müsabiqədə qalib olmuşdular.
    Bizi aparanda şərt kimi yox, amma dostcasına demişdilər ki, yaxşı olar qayıdanda təəssüratlarınızı yazasınız, biz də onlardan bir kitab edərik.
    Deyəsən, hamı bunu elədi, bir mən xaric.
    Hələ də anlaya bilmirəm, o qədər zəngin təəssürat ola ola niyə bir kə...lmə İzmir barədə yaza bilmədim. Günü-günə satdım, sonra gördüm çox gecdi.
    İzmir barədə nə deyə bilərəm.

    Əlinin altında internet olan bir insana İzmirin tarixindən-filandan danışsam bu boşboğazlıq olar. Oxucu, izləyici üçün təzə, bəlkə də maraqlı məndə İzmirin yaratdığı hisslər ola bilər.
    Ən birinci vurğulayacağım məsələ: İzmir məndə tarixə doğmalıq oyatdı.
    Nə mənada?
    İzmirədək demək olar, mən keçmişə, xüsusən miladdan əvvəlki söhbətlərə çox biganə olmuşam. Bir qədimi qala, heykəl barədə dünyanın ən maraqla danışan ravisi belə məni həyəcanlandıra bilməzdi. Keçmiş mənim üçün bitmiş mövzuydu.

    "Bu qazanın 3 min yaşı var" qeydi yazılan qazana ilk dəfə İzmirdə təkcə qazan kimi baxmadım.
    Mən həm də İzmirdə mədəniyyətlərin qürubu necə olur onu gördüm.
    İzmirə getmə şansınız varsa, bunu əsla əldən verməyin!



    İzmirdə, xüsusən Efes xarabalığına girəndə, bir az bəlağətlə deyəsək sanki mən zaman maşınında qədim dövrün düz ortasına səyahət edən adam kimi saydım özümü. Qədim tarixi heç zaman bu qədər özümə yaxın hiss eləməmişdim.
    Miladdan əvvəl tikilən 20 min tamaşaçı tutan stadionu görəndə heyrətin şahə qalxdı.
    Hələ o dövrə aid bizim Axundov kitabxanası boyda kitabxana qalıqları, ictimai tualetləri, hamamları görəndə keçirdiyim hissləri demirəm.
    İzmirdə çəkdiyim kiçik videoları aşağıdakı linklərdən izlə

    Birinci link, Efes xarabalığı

    İkinci link, "Məryəm ananın evi" ziyarətgahı

3.5.15

MTN-də ilan və əqrəblər?

"Azərbaycan Saatı"nın 5 may sayında çıxışım (37-ci dəqiqədən izləyə bilərsiniz)Tural Mustafayevin bu müraciəti bizi vadar edir ki, MTN-dən danışaq. Milli Təhlükəsizlik adlanan bu nazirlik çox qəribədir ki, Cəmil Həsənlinin dediyi kimi Milli Təhlükəyə dönüb. Biz son illər bu naziriyin adı ilə bağlı nə qədər ürəkbulandıran hadisələrə şahidik. İki il əvvəl NİDAçı gənclər tutulanda onlara mtndə verilən təkcə qanuna yox, insanlığa zidd işgəncələr hamımızı heyrətləndirmişdi. Eləcədə bir neçə il əvvvəl Naxçıvan mtn-də döyülüb öldürülən və sonra bu qanı batırmaq üçün ailəsinin başına oyun açılan "Turac Zeynalov skandalı" yaddaşlarımızdadı.Təxminən 3 il əvvəl isə türmədən Bəhlul Muradov adlı şəxs məktub yazıb yollamışdı ki, vaxtı ilə mtn-nin antiterror mərkəzi ona AXCP sədri Əli Kərimlini öldürməyi tapşırıbmış.

MTNt-nın təcrüdxanasında saxlanan dindar məhbuslara verilən işgənclərdən də xəbərdaram və imkanım var ki, indi onlar barədə sizə saatlarla danışım. Danışa bilərəm, amma sizin o dəhşətləri dinləmək üçün gərək ürəyiniz daşdan olsun. Bütün bu hadisələri adam eşidəndə, oxuyanda bir anlıq düşünür ki, görəsən doğrudanmı bu nazirlik millidir? Doğrudanmı orda işləyənlər qanı qanından, canı canımızdan olan adamlardı yoxsa, əqrəblər, ilanlardır?
Girib rəsmi məlumatlara baxırsan görürsən yox, zənnində yanılmısan orda işləyənlər nə əqrəb, nə ilandılar, heç mikoyanlar, şamuyanlar da deyil. Məmmədov, Əliyev, Vəliyev familiyalı azərbaycanlılardı. Bəs bu insanlar niyə 37-ci ilin istintaqçılarından ancaq adları ilə fərqlənirlər. Niyə xalqımızın düşünən, onun gələcəyini firavan görmək istəyənərə qarşı düşmən kimi davranırlar ? Ən qəribəsi bilrisinizmi nədir. Mtndə müxalifətə, ümumən azad düşüncəyə sahib insanlara qarşı qara işləri, antiterror adlı idarə həyata keçirir. Diqqət edin, mnt qanunla fəaliyyəti qadağan edilməyən siyasi quruluşlara, sərbəst düşüncəli insanlara ancaq hakim rejimi bəyənmədiyi üçün terrorçu kimi baxırlar. Terroru hərfi mənada başa düşsək onlar heç də yanılmırlar. Terror tərcümədə qorxu, dəhşət deməkdir. Ola bilsin ki müxalifətin varlığı çekstlər üçün qorxu dəhşət anlamındadı. Ancaq mtn hazırkı fəaliyyəti ilə, yəni milliləşə bilməməklə, kqb obrazında qalmaqla özü bir əsas qorxu mənbəyidir. 
Çox təəssüf ki beynəlxalq antiterror koalisiyasında yer alan Azərbaycan müasir dünyanın terror əleyhinə olan texniki vasitələrini də mənimsəyərək öz vətəndaşlarına tətbiq edir. Sadəcə belə vəziyyətdə sual yaranır ki, adi, sıradan bir müxalifətçini zərərsizləşdirmək işi də mtn həvalə olunubsa bəs onda sayı bir milyona çatan Yeni azərbaycan partiyası nəyə gərəkdir ? Axı normalda müxalifətlə fikir davası aparan, onunla polemikaya girərək tərk- silah edən siyasi institut yeni azərbaycan partiyası olmalıdır. Yap bu işi bacarmırsa yaxşı olmazdımı ki onu ləğv edib elə mtn-i partiya elan eləsinlər ? Amma iş burasındadı ki siyasi və ümumi dünya görüşünün yüksəkliyi baxımından milli çekistlərimiz də sıravi yapçıdan fərqlənmir. Kimin imkanı varsa, dediklərimi əyani olaraq özü yoxlaya bilər. MTNə necə işə girməyin bir yolu ötən il ABU rektoru Elşad Abdullayevin gizli videolarından birində üzə çıxmışdı. O videoda bir məsul şəxs elşad abdullayevə 15 min manat müqabilində hansısa qohumunu mtnə işə götürməyi təklif edirdi. Düşünürsüzmüi, bu necə böyük fəlakətdir ?15 minə, lap 35 minə mtndə işə girmək mümkündürsə azərbaycanın düşməni olan dvlətlərin bu qədər pula öz adamlarını xüsusi bir idarəyə yerləşdirməsi niyə çətin olsun ki? Bax indi bu cür təhlükə ilə üzbəüzük. Təhlükəsizliyimizə cavabdeh olan insanlar özü təhlükə mənbəyimizə dönüb. İndi mən hörmətli çekistlərdən, gündəlik işlərdən, tapşırıqlardan əlavə bir neçə saata da yaşadığımız dövrə nəzər salmağınızı xahiş edirəm. Macal tapın arada bir hansı ölkədə yaşadığınızı, bu cəmiyyəti məhvə aparan sistemi də düşünün. Sizin əlinizdə düşünmək üçün çoxlu materiallar olmalıdır. Görün işlədiyiniz təşkilat təmsil olduğunuz xalqın necə qəsdinə durub. Xalqın say seçmə oğullarını necə məhv edir, sındırır ləkələyir. Yaxud siz doğrudanmı bu cür antixalq əməliyyatlarında yer almaqdan məmnunsuz? İşi kəsə yoldan düşünsənizsə ki əlinizin altında müxtəlif imkanlar var gələcəyə heç bir bəd əməliniz qalmayacaq. Burda da yanılırsınız. Tək bir örnək verəcəm. Qabiliyyəti sizdən çox çox üstün, staji- postu sizdən çox çox böyük olan sovet kqb əjdahası Beriya heç bunu bacarmadı. Ona da elə gəlirdi ki keçmişini yaxşıca silib süpürüb. amma olmadı, bütün cinayətlər iz buraxır. Çalışın, cinayətdə rol almayın. İllah da o cinayət xalqın say seçmə nümayəndələrinə qarşıdırsa.