Ana içeriğe atla

Natiq Ədilov: «Əlimi, qolumu sallayıb çıxmamışam oralardan»

Natiq Ədilov: «Pasportun fəaliyyətsizdir deyib məni qatardan düşürdülər»

AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzeti və «Azərbaycan Saatı» proqramının əməkdaşı Natiq Ədilov AzadlıqRadiosuna müsahibəsində deyir ki, sərhəddə ona «pasport problemi» yaradılıb.

(Azadlıq radiosundan çıxan 11.04.2015 tarixli müsahibəm )

«Həbs, yoxsa mühacir həyatı?» – özünün dediyinə görə, belə bir seçim qarşısında AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov qalıb. İndi o, Fransadadır. Telelayihə olan «Azərbaycan saatı»nda jurnalist kimi fəaliyyətini davam etdirir, «Azadlıq» qəzetinə yazır. AzadlıqRadiosuna müsahibəsində AXCP fəalı xaricə getməyinin səbəblərindən, gələcək planlarından danışır.

- Fransaya getməyinizlə bağlı mətbuata açıqlamanızda deyirsiniz ki, iki yol var idi, ya getmək, ya da həbs olunmaq. Niyə düşünürsünüz ki, getməsəydiniz, həbs olunacaqdınız?

- Bəli, belə bir fikri yazmışam və o qüvvədə qalır. Amma bir əlavə də etmək lazımdır ki, Azərbaycanda mənim daha iki variantim var idi - ictimai-siyasi həyatdan çəkilmək, lal-kar olub adi paytaxt sakini kimi yaşamaq, yaxud silahı atıb o biri tərəfə keçib nemətlər gölündə üzmək. Bunların heç birini özümə məqbul görmədim. 

- Həbs olunacağınızı düşünmək üçün əlinizdə hansı əsas var idi?

- Mənə qarşı ciddi bir plan vardı. Özü də bu, tək həbs deyildi.

- O plandan necə xəbər tutdunuz?

- Azərbaycanda müxaliffikirli insanları, çox təəssüf ki, hansısa ciddi, hüquqi əsasa görə həbsə atmırlar. Əlimizdə informasiya var idi. Bir neçə mənbədən alınan informasiya. Bu, hələ iyulun sonundan başlamışdı. Seymura da, mənə də belə xəbərlər çatırdı. Qardaşım Murad avqustun 11-də həbs edildi və ona açıqca demişdilər ki, bu, Natiqə görədir. Bu həbsə qədər də hökumət mətbuatında, xüsusən xüsusi xidmət orqanlarına bağlı nəşrlərdə mənə qarşı çirkin kampaniya başlamışdı. Seymuru (Seymur Həzi – red.) da həbs edəndə, artıq tam bəlli oldu ki, bunlar «Azərbaycan saatı»nı elə-belə buraxmaq istəmirlər. Avqustun sonu məlumatlar daha da sıxlaşdı. Bəlli oldu ki, hakimiyyət heç bir əsas olmadan mənim pasportumu dondurub. Mən izahat istədim. Bu günə qədər də onların izahatı yoxdur ki, bu, nə hoqqa idi. Mənim üstümdə heç bir istintaq hərəkəti yox, QHT yox, heç vaxt qrant almamışam, şahid deyiləm... Mən anladım ki, artıq mühasirə daralır. Həbsə düşməkdən, yenə deyirəm, əsla çəkinmirəm, qorxum yoxdur. Mən həbsi hələ sümüklərim tam bərkiməyən vaxt, 2003-cü ildə keçmiş adamam. Fikirləşdim ki, bir yerdə ki, hüquq işləmir, özümü qanunla müdafiə imkanım yox, üstəlik, bu həbs teleproqramımızın işini də xeyli axsadacaq, niyə bunlara əsir düşüm ki?!

- Gedəndə düşündünüz ki, Sizi qınayanlar da olacaq? Bu, Sizi narahat edirmi?

- Bəli, düşünürdüm və buna təbii baxıram. Ona görə də, bəlkə ilk ölkəni tərk edən adam oldum ki, heç bir sual gəlmədən özüm izahat yazdım. Bu, çox yaxşı bir şeydir ki, ictimai çəkisi olan insanlar üzərində nəzarət var. Amma müşahidələrim belədir ki, oxucular, bizi izləyənlər arayışımla qane oldu. Onlar mənim bu addımımı düzgün qiymətləndiriblər. Axı insafən götürsək, mən mühasirəni yarmışam, əlimi qolumu sallayıb çıxmamışam oralardan.

- Sizcə, uzaq məsafədən də siyasi fəal olmaq, bir müxalifətçi kimi fəaliyyət göstərmək mümkündürmü?

- Bəli, mümkündür. Amma, əlbəttə, deyirlər ki, daş düşdüyü yerdə ağırdır.

- İndi siz uzaqdan necə «ağır» olmağı planlaşdırırsınız?

- Planlarıma gəldikdə, desəm ki, mən plansız yaşayan adamlar tipinə aidəm, çox gülməli çıxmaz ki?! Mənim üzərimə düşən vəzifələrim var, onları görmək elə plan kimi bir şeydir. Məsələn, indi əsas işim «Azərbaycan saatı»nın proqramlarına öz əməyimi daha yüksək keyfiyyətdə vermək, «Azadlıq» qəzeti üçün daha yaxşı məqalələr yazmaq, dil öyrənməkdir. Bacardıqca, Azərbaycanda şərlə barışmayan insanların gur səsi olacağa

- Etiraz aksiyalarında həmişə üzdə olan simalardan olmusunuz. İndi bu aksiyaları kənardan izləmək necə bir təəssürat yaradır?

- Etiraz aksiyaları vaxtı mənim həmişə könlüm açılır, yenə də elədir. Etiraz aksiyalarını Azərbaycan üçün çox vacib sayıram. Ən çox ona görə ki, bu, kütləvi xof mühitini dağıdan ən başlıca faktordur. Dostlarımın, əqidədaşlarımın təşkil etdiyi aksiyaları ümumi uğur kimi qiymətləndirərək fərəhlənirəm. Bəli, indi o aksiyaların təşkilatçılığında əməyim az olacaq, amma çalışacağam ki, bunu jurnalist kimi kompensasiya edim.

- Fransada oturum icazəsi almısınız?

- Xeyr, elə bir icazəyə hələ ehtiyacım yoxdur. Mənim Şengen zonası üçün keçərli olan uzunmüddətli vizam var. Bu viza mənə bir çox üstünlüklər verir, mən də çalışıram onlardan bəhrələnim.

- Öyrəşə bilmisiniz Fransa həyatına? Fransa xalqı həqiqətən də kef edirmi?

- Yox, hələ tezdir. Əsl qəriblik havasındayam. Başlıcası odur ki, dil problemi var. Özümü skafandra salınmış adam kimi hiss edirəm. Görürəm, insanların nəsə danışdığını eşidirəm, amma kontakt zəifdir və ya yoxdur. Nəsə mənə belə gəlir ki, fransızlar ya ingiliscə bilmirlər, ya da bu dildə danışmağı sevmirlər. Bu, mənə çətinlik yaradır. Ona görə də, amansızlıqla çalışıram ki, dili maksimum tez öyrənim. Nəzərə alsaq ki, Fransa dünyanın inkişaf etmiş 5-ci ölkəsidir, yəqin ki, kef edirlər. Amma həmsöhbətlərimdən öyrəndiyimə görə, onların kefinə soğan doğrayan faktlar da var. Məsələn, millətçi təmayülün burda dirçəlməyə başlaması, işsizliyin 10 faizə yaxınlaşması, xüsusən ərəb ölkələrindən, Şimali Afrikadan gələn mühacirlərin özlərini, yumsaq desəm, çox ərköyün aparması və s.

- Qayıtmaq fikriniz varmı?

- Bəli, əlbəttə.

- Qeyri-müəyyən bir vaxtda, yoxsa....

- Çalışacağam, bu mövzunu «anekdota» döndərməyim. Hələ ki burdayam. Dönəndə, özüm hamını xəbərdar edəcəyəm.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Cəlal Əliyevin siyasi yetirmələri

Bəzi "müxalif siyasətçilər" var ki hansısa icra başçısını, bəxtiqara Hacıbalanı, binəva Artur Rəsizadəni, Prezident Aparatının qarovulçusun tənqid eləməyi öz izzəti nəfsi üçün böyük qəhrəmanlıq sayır. Onları qınamaq da olmur, çünki qulağı əsl tənqidi eşitməkdən yadrıxan facebook zəhmətkeşləri bu cür "alovlu tənqidləri" bir qayda olaraq sürəkli alqışlarla müşayət edirlər. Halbuki, ölkədə avtoritar rejim var deyiriksə, hər şey bir adamın (indi iki olub) əlində cəmləşib deyiriksə, siyasi sistemdə hər şeyin cavabdehi də o bir nəfərdir. Ona görə bütün sual və tənqidlər o bir nəfərə-indiki halda Əliyev İlhama yönəlməlidir. 2-3-cü dərəcəli məmurlar əlbəttə ki, süddən çıxan ağ qaşıq deyil, onlar da cinayətkar eləmentlərdir. Ancaq əsas səbəbkarı görməzdən gəlib, onları "yıxıb sürümək yumşaq desək, ictimai rəyə kələk gəlmə təşəbbüsüdür. Belənçik "siyasətçiləri" görəndə deyin ki, qardaşım, sənin dozan hələ çox qalxmalıdır, sənin elədiyin çıxışın 56 qat daha ar…