Ana içeriğe atla

Hacı Məmmədov hücuma keçir

DİN-də yuva salan killer Hacı Məmmədovun məhkəmə prosesindən reportaj
Hacı Məmmədov dünən növbəti dəfə məhkəmənin gedişində maraqlı açıqlamaların olacağını bəyan elədi. Əslində, bandanın fəaliyyətilə bağlı demək olar ki, hər məhkəmə prosesində yeni-yeni adlar çəkilir. Bu baxımdan dünənki məhkəmə prosesi də istisna deyildi.

***

Məhkəmə iclasının əvvəlində Hacı Məmmədov bacısı oğlu Elçin Əliyevin vəkili Elton Quliyevin suallarını cavablandırdı. Daxili Işlər Nazirliyi (DIN) Baş Narkotiklərə Qarşı Mübarizə Idarəsinin sabiq rəisi Azər Ismayılov Elçin Əliyevin ad günündə qətlə yetirilib. Müdafiəçi Hacı Məmmədovdan bunun təsadüf olub-olmadığını soruşdu. O isə cavabında bildirdi ki, Əliqulu Quliyev adlı tanışı ilə məhz həmin gün görüşmək istəməsi Azər Ismayılovun öz arzusu olub. O gün Azər Ismayılovla görüşüb onu Keşlədəki evə gətiriblər. Orada da Hacı Məmmədov Azər Ismayılovu qətlə yetirib və bundan sonra bacısı oğlunu təbrik eləməyə gedib. Banda başçısının sözlərinə görə, qısa müddətdə hədiyyəni verib, bir az da birlikdə çörək yeyəndən sonra evə qayıdaraq meyiti basdırmaq üçün maşına qoyub Qusara aparıb.

Vəkilin digər suallarını cavablandırarkən Hacı Məmmədov “Hafka” ləqəbli biznesmen Hafiz Məmmədovdan atasının azad olunması üçün aldığı 2 milyon avronu necə dəyişdiyini danışdı. Onun sözlərinə görə, banda üzvlərinə pul vermək üçün təcili olaraq 1 milyon avronu dəyişmək lazım gəlib. Dəstənin bir neçə üzvü xarici görkəmlərində müəyyən dəyişiklik etməklə şəhərdəki valyutadəyişmə məntəqələrində beş günə həmin məbləği dəyişiblər: “Bu, böyük risq idi. O vaxt avro indiki qədər populyar deyildi. Bizə verilən pulların da hamısı təzə idi. Mən özüm də 500-lük avronu birinci dəfə onda gördüm. Fikirləşdirdik ki, Hafiz Məmmədov tanınmış adamdır. O, valyutadəyişmə məntəqələrinə göstəriş verə bilərdi ki, avro dəyişən adamlar nəzarətə götürülsün. Ona görə də kimsə pulu dəyişməyə gedirdisə, iki nəfər də ətrafında olurdu ki, birdən onu tutsalar, bunlar da bu biri tərəfdən hücuma keçib xilas eləsinlər. Ona görə də həmin beş gündə bizim üçün xeyli qorxulu məqamlar oldu”.

Hacı Məmmədov ötən çıxışlarından birində demişdi ki, Abuzər Abuzərovun həbsdən qaçırılmasında o da iştirak edib. Elton Quliyev banda başçısının bu haqda danışmasını istədi.

“Onu tapşırıq vermişdilər. Ola bilsin ki, bu barədə mənsiz də danışsınlar. Onda mən sözümü deyəcəyəm”, - deyə Hacı Məmmədov bildirib.

Təqsirləndirilən şəxslərdən Yagir Məmmədov və Rövşən Ağayevin vəkillərinin suallarını cavablandıran Hacı Məmmədovun sözlərinə görə, onların hər ikisi onun sürücüsü olub. Və onların heç birinə adam oğurluqlarından əldə olunan puldan bir qəpik də verilməyib. Çünki onlar yalnız sürücü kimi maaşa işləyiblər. “Yagir Qusardakı bağ evimdə əvvəl qarovulçu işləyirdi, sonra isə tikinti işlərinə baxırdı. Bir az keçəndən sonra onu özümə sürücü götürdüm. Rövşən Ağayevə gəlincə, bizim Sarayda bağ evimiz var. Ora gedib-gələndə Əliqulu Quliyevlə tanış olmuşam. Rövşən də onun yaxın qohumudur. Maşından yaxşı başı çıxdığına görə onu da sürücü götürdüm. Əvvəl-əvvəl onun mənim əməllərimdən heç xəbəri olmayıb. Sonradan ona bəlkə də beşinci dərəcəli işləri tapşırırdım. Məsələn, Zamirə Hacıyevanı aparanda onu aparmışdım ki, yolda nömrələri dəyişsin. Heç özü də bilmirdi ki, niyə dəyişilir. Onun məndən söz soruşmağa ixtiyarı çatmırdı. Rövşən Ağayev heç bir cinayətin iştirakçısı olmayıb. Sadəcə, özündən asılı olmayan səbəblərdən bəzən hadisə yerində olub və şahidə çevrilib. Onu qətldə günahlandırırlar. Halbuki, ekspertiza keçirilsəydi, dərhal müəyyən edilərdi ki, bu adam meyitdən qorxur. Bu adam meyitdən qorxursa, onu necə çiyninə qoyub apara bilərdi və yaxud içində meyit olan maşını sürə bilərdi? Mən Rövşənə pul versəydim, onun da evi olardı, indiyə qədər kirayə qalmazdı. Onun uşaqları mənə ”baba" deyirdilər. Bir neçə dəfə müxtəlif hadisələrlə əlaqədar o, məndən acıq eləyib gedib. Rövşən ağzıbütöv adamdır. Bir dəfə də heç kimin yanında deməyib ki, nə məsələdir. Sonradan ya mən qaytarmışam, ya qohumları gəlib qayıtmasını istəyib. Bəlkə də ağlı olsaydı, birdəfəlik gedərdi. Demək istəmirəm ki, mən ona qaragünlük gətirmişəm. Amma hər halda bugünkü gün burada oturmazdı. O, yaxşı maşın mütəxəssisidir, əlləri qızıldır. Hara getsəydi, iş tapacaqdı. Istintaq elə təqdim eləyib ki, guya, mənim ətrafımdakıların hamısı iş planlaşdıran olub. Onda mən kim olmuşam?"

Hacı Məmmədov Rövşən Ağayevin idarə etdiyi maşından tapılan narkotiklə bağlı məsələyə də aydınlıq gətirdi: “Rövşənin idarə elədiyi ”Nissan" markalı maşın Elçin Əliyevin adına idi. Amma mən ondan almışdım. Sürücü kimi Rövşən Ağayev idarə eləsə də, arada alıb özüm də sürürdüm. Narkotik də mənimdir. Bərk soruşsalar, kimdən aldığımı da deyəcəm".

Daha sonra DIN-in Baş Cinayət-Axtarış Idarəsinin sabiq rəisi Zakir Nəsirovun vəkili Tərlan Xanəliyev Hacı Məmmədova suallarını ünvanlamaq istədi. Ötən məhkəmə prosesində banda başçısı vaxtilə rəisi olmuş Zakir Nəsirovun digər vəkili Adil Ismayılovun suallarını cavablandırmaqdan imtina eləmişdi. Hacı Məmmədov bu müdafiəçinin də sözünü yarımçıq kəsdi və yəqin ki, hələ uzun müddət müzakirə mövzusu olacaq daha bir açıqlama verdi: “Mən söz vermişdim ki, suallarınıza cavab verməyim. Müdafiə etdiyiniz adama görə yox, Adil Ismayılovla eyni mövqedə olduğunuza görə. Adil Ismayılovu çoxdan tanıyıram. O, məhkəmənin birinci günündə atmaca atıb az qala vəkil Həzi Məmmədovla məni qardaş elədi. Sonra da mənim reaksiyamı gördü. Dedim ki, mənim otağımda yüksək vəzifəli şəxsdən külli miqdarda pul alıb. Özünü ya görməzliyə, ya da eşitməzliyə qoydu. Sualın var, müdafiə elədiyin adamla bağlı ver. Yoxsa, vəkil Hüseynova Esmiranı niyə antireklam eləyirsən? Bu cür suallarla məni o vəziyyətə qoymasaydılar, cavab verəcəkdim. Bəzi vəzifəli şəxslər özlərini sığortalamaq üçün burada baş verənlərdən istifadə eləyib qəzet səhifələrinə çıxır. Məhərrəm Əliyev (Bakı Şəhər Baş Polis Idarəsinin rəisi), Eldar Həsənov (keçmiş baş prokuror) durub deyir ki, Hacı Məmmədov məni öldürmək istəyib. Əvvəla mən öldürmək istəyəndə öldürürəm.

Həmin Məhərrəm Əliyev, Eldar Həsənov Nizami rayonunda işləyəndə ölüm faktı ilə bağlı cinayəti gizlədiblər. Bu Adil Ismayılov da prokurorluqda işlədiyi vaxtlarda onu ört-basdır eləyib. Bunun üçün bir diplomat pul alıb. Etiraf edirəm ki, mən pis adamam. Xeyli cinayətlər eləmişəm. Amma məndən də qat-qat pis adamlar var. O, sual verəndə mən də cavab verirəm. Amma niyə bu məsələlərə Esmira Hüseynovanı qatır? Niyə ona qara yaxır? Bu vəkil də (Tərlan Xanəliyevi nəzərdə tutur) eyni mövqedən çıxış eləsə, onun da suallarına cavab verməyəcəm".

Bundan sonra Hacı Məmmədov vəziyyətinin pisləşdiyini deyərək fasilə istədi. Fasilədən sonra Hacı Məmmədov Tərlan Xanəliyevin də sualını cavablandırmadı. Dedi ki, hazırkı mərhələdə onun da suallarına cavab vermək niyyətində deyil.

Bu zaman vəkil Adil Ismayılov banda başçısının onun ünvanına söylədiklərinə cavab vermək istədi. Amma məhkəmə prosesinə sədrlik edən hakim Əli Seyfəliyev bu imkanı ona vermədi.

“Qarabulaq” və vergidən yayınma cinayəti?

Hacı Məmmədov Zakir Nəsirovdan fərqli olaraq, Ibrahim Bağırovun vəkilinin suallarını cavablandırdı. Adıçəkilən təqsirləndirilən şəxs “Qarabulaq” Istirahət Mərkəzinin işçisi olub. Ona qarşı irəli sürülən ittiham isə vergidən yayınma ilə bağlıdır. Hacı Məmmədov isə hesab edir ki, istintaq başqa heç nə tapa bilmədiyindən onu bu ittihamla məsuliyyətə cəlb edib. Yəni, Ibrahim Bağırovun həbsi “Qarabulaq”ın işçisi olmasıyla bağlıdır.

Cinayətkar lütfü: Əziyyət çəkməyin, mən öldürərəm!

Deyəsən, getdikcə, təqsirləndirilən şəxslər sırasında da Hacı Məmmədovun əleyhdarları artır. Husain Abdulvahabovdan sonra dünən Eldar Rəhimov da banda başçısını sual atəşinə tutdu. Halbuki adam oğurluğu biznesində ilk işdən başlayaraq sonuncuya qədər onlar birlikdə olublar. Hətta birinci işdə - “Azərmebelsənaye” Dövlət Konsernin prezidenti Nazim Paşayev və sürücüsünün oğurlanaraq qətlə yetirilməsilə bağlı cinayətdə Hacı Məmmədovun bandasından yalnız özü və Eldar Rəhimov iştirak edib. Elə onlar arasında fikir ayrılığı da məhz bu epizodla bağlıdır. Hacı Məmmədov deyir ki, girovluqda olduğu müddətdə Nazim Paşayev çeçenləri tanıdığından Şirxan Albiyev, Husain Abdulvahabov və özü üçlükdə onların qətlə yetirilməsinə dair qərar qəbul ediblər. Qətli isə ona hörmət əlaməti kimi Eldar Rəhimov icra edib. Hacı Məmmədovun sözlərinə görə, bu, Eldar Rəhimov tərəfindən jest olub. Eldar Rəhimov isə bu haqda deyilənlərlə razılaşmır.

Sözümdən çıxsaydın qəbristanlıqda yatardın

Eldar Rəhimov: Bildirdin ki, bu qətli sizə hörmət əlaməti olaraq jest kimi mən eləmişəm. Sonra isə deyirsən ki, Eldarın nə həddi var idi ki, mənim sözümdən çıxsın. Bunların hansı düzdür?

- Son ana qədər bəlli deyildi ki, qətli kim icra edəcək. Sən eləməsəydin, mən eləyəcəkdim. Ona görə də bunu jest kimi qəbul elədim. O ki qaldı ikinci məsələyə, bunu indi də deyirəm. Hansısa sözümdən çıxsaydın, ən azı iş birliyimiz olmayacaqdı. Özün də bilirsən ki, o qorxu olub. Hədələmişəm ki, səhv edib iz buraxsanız, aradan götürəcəm.

- Dəli deyiləmsə, maddi marağım da yoxdursa, niyə iki günahsız adamı qətlə yetirməliydim? Məntiq haradadır?

Məhkəmə Eldar Rəhimovun bu sualını çıxartdı.

- Əgər həbs olunmasaydıq, məni qrupun bəzi üçüncü, dördüncü dərəcəli üzvlərinin aqibəti gözləyirdi? Onlar indi qəbiristanlıqda yatır...

- Məni aldatsaydın, ola bilsin ki, bəli.

Eldar Rəhimov onu da bildirdi ki, məhkəmədə Hacı Məmmədova yaxınlaşıb Nazim Paşayevin qətlini üzərinə götürməsini xahiş etməsi barədə banda başçısının dedikləri həqiqətə uyğun deyil. Eldar Rəhimovla Hacı Məmmədov arasındakı gərginlik sonradan təqsirləndirilən şəxslərdən Novruz Nuriyevin də məsələyə qarışması ilə nəticələndi. Novruz Nuriyevin Hacı Məmmədovdan dediklərini konkretləşdirməsini istəməsi qalmaqala səbəb oldu.

Necə deyim ki, Elmarı mən öldürmüşəm, amma sifarişçinin adını çəkmirəm?

Dövlət ittihamçısı Abdulla Yusifov Hacı Məmmədovun məhkəmədə “bəzən adamın başının üstündə elə qüvvələr olur ki”, “çoxsaylı cinayətlərin hələ qəhrəmanları olacaq” və s. bu kimi ifadələrinə əsaslanaraq ondan bildiklərini indi açıqlamasını istədi. “Bizim məhkəmə hələ neçə aylar davam edəcək. Yəqin ki, situasiya yarananda bu açıqlamalar da veriləcək. Çox şeylər işin gedişində açılacaq. Mənə vaxt verin”, - deyə Hacı Məmmədov bildirdi.

Prokurorun “sizə vaxt lazımdır” sualına isə banda başçısı belə cavab verdi: “Fərhad Əliyev barədə açıqlamam hər şeyi bir-birinə vurdu. Mən necə deyim ki, Elmar Hüseynovu mən qətlə yetirmişəm, amma sifarişçinin kimliyini demirəm. Bu cür məsələlər cəmiyyətdə rezonans yaradır. Hamısını birdən deyəndə işdən uzaqlaşırıq. Işin gedişində hamısı bir-bir açıqlanacaq”.

Prokurorun girovların saxlandığı zirzəmiyə televizor qoyulub-qoyulmaması barədə suala cavab verərkən Hacı Məmmədov bildirdi ki, onların darıxmaması üçün belə bir addım atılmışdı.

Dövlət ittihamçısı məhkəmə prosesində deyilənlərlə istintaq zamanı verilən ifadələr arasında ziddiyyət olduğunu əsas gətirərək iş materiallarından bəzi məqamların elan olunmasına dair vəsatət qaldırdı. Vəsatət təmin olundu.

Vəkil Həzi Məmmədov isə Daxili Işlər Nazirliyinin ləğv olunması, onun tərkibindəki qurumların bir qisminin Ədliyyə Nazirliyinə, bir qisminin də Dövlət Xüsusi Mühafizə Idarəsinə verilməsi təklifilə Ilham Əliyevə müraciət olunması barədə vəsatət qaldırdı. Həzi Məmmədov deyir ki, DIN əməkdaşları bu qədər uzun müddətdə dəhşətli cinayətlər törədib, prokurorluq və digər qurumlara bu faktlar məlum olsa da, onları açmağa cəsarətləri çatmayıb. Rövşən Cavadovla bağlı məsələyə toxunan vəkil DIN-i “dövlət üstündə dövlət” hesab edir. Müdafiəçinin sözlərinə görə, DIN rəhbərliyi “Qarabulaq”ın Hacı Məmmədova məxsus olduğunu bilməyə bilməzdi. Baş verənlərdən sonra cəmiyyətdə bu quruma inamın olmadığını deyən vəkilin fikrincə, belə olan halda onun mövcudluğuna ehtiyac yoxdur.

Vəsatət məhkəmənin müzakirə predmeti olmadığından rədd olunub.

Ifadələrin elan olunmasından sonra ziddiyyətli məqamların araşdırılması üçün vəkil Adil Ismayılov yenə də Hacı Məmmədova sual verəsi oldu. Banda başçısı bu dəfə də onun suallarına cavab vermədi: “Mən Adil Ismayılovun suallarına cavab verməyəcəm. O, bizim aramızdakı razılığı pozub. Istəyirlər ki, məni formadan çıxartsınlar, qüvvəmi itirim. Hansısa məqsəd güdürlər. Qoy, sualları o biri vəkil (Tərlan Xanəliyev) versin. O, bir az istiqanlı adama oxşayır. Onun suallarına cavab verərəm”.

Adil Ismayılov buna etiraz elədi: “Mən başa düşə bilmirəm, bura məhkəmədir? Burada kimsə kiməsə şərt qoyur. Bütün məhkəmə prosesi onun üzərində qurulub ki, Zakir Nəsirovun günahı var. Prokurorun sualları da bu istiqamətdə qoyulur. Hacı Məmmədov göstərdi ki, o, cavab verməyə hazır deyil. Hələ onu öyrətməyiblər”.


 (Aytən Məmmədova, `Azadlıq` qəzeti, 04 oktyabr 2006)

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …