Deputat Novruzəlinin qana düşməkliyi

Mənə iki nazirin öz adından utanıb, onu dəyişdirmə təşəbbüsü məlum idi. Bunlardan biri keçmiş hərb naziri Səfərbala Əbiyev idi ki, öz adını Səfər kimi yazdırardı, o biri isə Hüseynqulu Bağırovdur ki, özünü Hüseyn kimi təqdim edir. Heç demə, belə deputatımız da varmış, Novruzəli Aslanov ( O hazırda Azərbaycan Qılızaypara cəmiyyətinin sədridir).
Səfərbala və Hüseynqulu ilə bağlı məsələ aydındır, bu qardaşlar `bala`, `qul` əlavəsini özlərinə yaraşdırmırlar. Bəs bu deputatın `əli`dən imtinasının səbəbi nədi?
Mirzə Cəlilin`Poçt qutusu` hekayəsi. Bu hekayənin qəhrəmanı öz ağasına sadıq avam və savadsız Novruzəlidir. Mirzə Cəlilin ustadlığı sayəsində indi Norvuzəli adla yanaşı, anlayış kimi işlənir. Yəni, bir insanı Novruzəli kimi təqdim eləmək onun cahil, avam, savadsız olmağına şəhadət gətirmək kimidir. İnsanın seçim azadlığı var, bu azadlığa ad dəyişmə də daxildi. Bəzi prosedurları keçməklə indi adını da, soyadını da dəyişmək olar. Belə hüquqa hörmətlə yanaşmaq lazımdır.
Əlbəttə, burda uzun nəsiyyətçilik də eləmək olar ki, a kişi igid gərək adını özü qazansın, əsas pasportda yazılan ad deyil, adamın əməlidir, xalqın qəlbinə yazdığı addır-flandır. Bunlara ehtiyac yoxdur, çünki hər üçn adamın ictimai-siyasi fəaliyyətinə nəzər yetirsək görərik ki, onlar xalq-malq hərləmirlər, tarixdə necə qalmaları heç veclərinə də deyil, onlarınkı bu gündü, kəsə desək güzaran adamlarıdır. Məhz elə bu baxımda Novruz müəllimin əziyyətinə, narahatlığına heyfim gəlir. Məsələ ondadır ki, Novruzəli və onun hakimiyyətdəki dostlarının gərgin əməyi sayəsində azərbaycanlılar elə günə salınıb ki, qətiyyən nə `Poçt qutusu`ndan, nə də onun qəhrəmanı Novruzəlidən utanmağa ehtiyac qalmayıb. Bu gün nəinki sadə vətəndaş, orta məktəb müəllimimiz `Poçt qutusu`nu oxuyubsa, buna şükür eləmək lazımdır. Belə hadisənin varlığı, şübhəsiz varsa bizə gələcək üçün böyük ümidlər verir.
Novruzəli müəllimin bu günlərdə verdiyi müsahibə düşünərəm ki, onun adından daha vacib məqamlarla doludur. Təəssüf ki, hamı novruz əhval ruhiyyəsinə kökləndiyindən Novruzəlimizin müsahibəsi diqqətdən çəkarda qalıb.
Müsahibənin bir yeri var. Novruzəli müəllim deputatlığın onun həyatında oynadığı rolun əhəmiyyətindən danışarkən deyir.
`“Deputat seçildikdən sonra həyatımda olan bütün mənfi çalarların üstündən xətt çəkdim və hətta içkini də atdım`. Sonra isə əlavə edir, ki əslində `içkiyə tövbələmə` eləməyib.
Sitat. ` Təbii ki, indi də içirəm. Söhbət bundan getmir. Bir var bu işi sistemli şəkildə görəsən, bir də var ki şüurlu şəkildə edəsən. Hər bir şey qədərində olanda daha yaxşıdır`. Burdan nə anlaşılır. Novruzəli müəllim növbəti dəfə açıqlama verib aydınlaşdırma eləməsə bu cavablardan belə çıxır ki, sayın Novruzəli müəllim deputat olana qədər içki düşkünü imiş, tam alkoqolizimdən əziyyət çəkənlər üçün nəzərdə tutulan disponserin astanasındaykən onu tutub parlamentə atıblar, bu isə ona `soyuq düş təsiri` bağışlayıb və beləcə içki ilə aralarında soyuqlaşma gedib.
Çox qəribədir. Bizim bu Milli Məclisin hikmətini anlamaq olmur. İndi o dünyada olan bir eks-deputatdan `deputat olmağa dəyərdimi` soruşanda o cavab vermişdi ki, `təkcə Avropa Şurasına gedərkən içdiyim təmiz fransız şərablarına görə bəli, dəyərdi`. Bax belə, bizim parlement kimini təmiz şəraba qovuşdurur, kimini də şərabdan uzaqlaşdırır. Bəzisinin hətta o qədər `halalzada` edir ki 26 dəfə haca da gedir. Xüsalə bizim Milli Məclis öz təyinatndan başqa hər işə yarayır.
Novruzəli müəllimin meyxoşluqdan uzaqlaşması gözəl hadisədir. Sadəcə o bu əsrarı xalqımız üçün əyan eləsə çox savab qazanmış olar ki, gününü meylə keçirən adam necə olur ki parlamentə düşə bilir? Açığı bu həm, deputat olmaq eşqi ilə alışıb yanan həmvətənlərimiz üçün gözəl metodoloji vəsait olardı, həm də övladları içkidən əziyyət çəkən valideynlər üçün əzabdan qurtuluş yolu.
Bütün bunlarla bərabər gözəl insan, dahi və həvəskar bəstəkar Novruzəli müəllim müsahibəsinin sonunda bir qanlıq fikirlər işlədib.
Müxbir ona çox fəndgirliklə sual verib ki, müəllim siz niyə parlamentdə az danışırsınız, bu az iş görməyinizlə bağlıdırmı.
Qəlbən təmiz, mərkdən uzaq müəllim ehtiyatı əldən verərək görün, nə demiş.
`Sizə bir misal gətirəcəm və bununla da sualınızın cavabını tapmış olacaqsınız. Millət vəkilimiz, ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Xəzər rayonundan seçilən deputat kimi öz rayonunda, öz ölkəsində, beynəlxalq arenada gördüyü işlərin miqyası, sərhədi varmı?! `
İki cümlədə Novruzəli müəllim həyatı boyunca ən ciddi iki səhvini edib.
Bir: özünü YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə müqayisə edib. Bu onun artıq özü barədə çox yüksək və təhlükəli eqoizmə yuarlandığından xəbər verir. Xatırladım ki, Gülər Əhmədova da türməni qapısının taqqıldatmaqda əvvəl tez-tez belə siyasi konyukturaya uyöun olmayan müqayisələr aparırdı.
Iki: Novruzəli müəllim, bu müqayisə ilə açıq-aşkar YUNESKO və İSESKO-nun xoşməramlı səfirini `danışmayan deputatlar` siyahısına salır. Bu bir ilkdir. BU fikiri etiraf edək ki, heç müxalif cəbhədə də dilə gətirən olmamışdı.
Nə etmək olar, gəlin arzu edək ki, bu çılğın bəyanatlar qarşıdakı Novruzdan Novrizəlini sağ çıxmağa mane törətməyəcək.
Zalım oğlu, bu hələ meyxoşluqdan arınıb belə təhlükəli danışır, gör kefinin çağ yerində necə olur də…