19.3.15

Deputat Novruzəlinin qana düşməkliyi

Mənə iki nazirin öz adından utanıb, onu dəyişdirmə təşəbbüsü məlum idi. Bunlardan biri keçmiş hərb naziri Səfərbala Əbiyev idi ki, öz adını Səfər kimi yazdırardı, o biri isə Hüseynqulu Bağırovdur ki, özünü Hüseyn kimi təqdim edir. Heç demə, belə deputatımız da varmış, Novruzəli Aslanov ( O hazırda Azərbaycan Qılızaypara cəmiyyətinin sədridir).
Səfərbala və Hüseynqulu ilə bağlı məsələ aydındır, bu qardaşlar `bala`, `qul` əlavəsini özlərinə yaraşdırmırlar. Bəs bu deputatın `əli`dən imtinasının səbəbi nədi?
Mirzə Cəlilin`Poçt qutusu` hekayəsi. Bu hekayənin qəhrəmanı öz ağasına sadıq avam və savadsız Novruzəlidir. Mirzə Cəlilin ustadlığı sayəsində indi Norvuzəli adla yanaşı, anlayış kimi işlənir. Yəni, bir insanı Novruzəli kimi təqdim eləmək onun cahil, avam, savadsız olmağına şəhadət gətirmək kimidir. İnsanın seçim azadlığı var, bu azadlığa ad dəyişmə də daxildi. Bəzi prosedurları keçməklə indi adını da, soyadını da dəyişmək olar. Belə hüquqa hörmətlə yanaşmaq lazımdır.
Əlbəttə, burda uzun nəsiyyətçilik də eləmək olar ki, a kişi igid gərək adını özü qazansın, əsas pasportda yazılan ad deyil, adamın əməlidir, xalqın qəlbinə yazdığı addır-flandır. Bunlara ehtiyac yoxdur, çünki hər üçn adamın ictimai-siyasi fəaliyyətinə nəzər yetirsək görərik ki, onlar xalq-malq hərləmirlər, tarixdə necə qalmaları heç veclərinə də deyil, onlarınkı bu gündü, kəsə desək güzaran adamlarıdır. Məhz elə bu baxımda Novruz müəllimin əziyyətinə, narahatlığına heyfim gəlir. Məsələ ondadır ki, Novruzəli və onun hakimiyyətdəki dostlarının gərgin əməyi sayəsində azərbaycanlılar elə günə salınıb ki, qətiyyən nə `Poçt qutusu`ndan, nə də onun qəhrəmanı Novruzəlidən utanmağa ehtiyac qalmayıb. Bu gün nəinki sadə vətəndaş, orta məktəb müəllimimiz `Poçt qutusu`nu oxuyubsa, buna şükür eləmək lazımdır. Belə hadisənin varlığı, şübhəsiz varsa bizə gələcək üçün böyük ümidlər verir.
Novruzəli müəllimin bu günlərdə verdiyi müsahibə düşünərəm ki, onun adından daha vacib məqamlarla doludur. Təəssüf ki, hamı novruz əhval ruhiyyəsinə kökləndiyindən Novruzəlimizin müsahibəsi diqqətdən çəkarda qalıb.
Müsahibənin bir yeri var. Novruzəli müəllim deputatlığın onun həyatında oynadığı rolun əhəmiyyətindən danışarkən deyir.
`“Deputat seçildikdən sonra həyatımda olan bütün mənfi çalarların üstündən xətt çəkdim və hətta içkini də atdım`. Sonra isə əlavə edir, ki əslində `içkiyə tövbələmə` eləməyib.
Sitat. ` Təbii ki, indi də içirəm. Söhbət bundan getmir. Bir var bu işi sistemli şəkildə görəsən, bir də var ki şüurlu şəkildə edəsən. Hər bir şey qədərində olanda daha yaxşıdır`. Burdan nə anlaşılır. Novruzəli müəllim növbəti dəfə açıqlama verib aydınlaşdırma eləməsə bu cavablardan belə çıxır ki, sayın Novruzəli müəllim deputat olana qədər içki düşkünü imiş, tam alkoqolizimdən əziyyət çəkənlər üçün nəzərdə tutulan disponserin astanasındaykən onu tutub parlamentə atıblar, bu isə ona `soyuq düş təsiri` bağışlayıb və beləcə içki ilə aralarında soyuqlaşma gedib.
Çox qəribədir. Bizim bu Milli Məclisin hikmətini anlamaq olmur. İndi o dünyada olan bir eks-deputatdan `deputat olmağa dəyərdimi` soruşanda o cavab vermişdi ki, `təkcə Avropa Şurasına gedərkən içdiyim təmiz fransız şərablarına görə bəli, dəyərdi`. Bax belə, bizim parlement kimini təmiz şəraba qovuşdurur, kimini də şərabdan uzaqlaşdırır. Bəzisinin hətta o qədər `halalzada` edir ki 26 dəfə haca da gedir. Xüsalə bizim Milli Məclis öz təyinatndan başqa hər işə yarayır.
Novruzəli müəllimin meyxoşluqdan uzaqlaşması gözəl hadisədir. Sadəcə o bu əsrarı xalqımız üçün əyan eləsə çox savab qazanmış olar ki, gününü meylə keçirən adam necə olur ki parlamentə düşə bilir? Açığı bu həm, deputat olmaq eşqi ilə alışıb yanan həmvətənlərimiz üçün gözəl metodoloji vəsait olardı, həm də övladları içkidən əziyyət çəkən valideynlər üçün əzabdan qurtuluş yolu.
Bütün bunlarla bərabər gözəl insan, dahi və həvəskar bəstəkar Novruzəli müəllim müsahibəsinin sonunda bir qanlıq fikirlər işlədib.
Müxbir ona çox fəndgirliklə sual verib ki, müəllim siz niyə parlamentdə az danışırsınız, bu az iş görməyinizlə bağlıdırmı.
Qəlbən təmiz, mərkdən uzaq müəllim ehtiyatı əldən verərək görün, nə demiş.
`Sizə bir misal gətirəcəm və bununla da sualınızın cavabını tapmış olacaqsınız. Millət vəkilimiz, ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Xəzər rayonundan seçilən deputat kimi öz rayonunda, öz ölkəsində, beynəlxalq arenada gördüyü işlərin miqyası, sərhədi varmı?! `
İki cümlədə Novruzəli müəllim həyatı boyunca ən ciddi iki səhvini edib.
Bir: özünü YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə müqayisə edib. Bu onun artıq özü barədə çox yüksək və təhlükəli eqoizmə yuarlandığından xəbər verir. Xatırladım ki, Gülər Əhmədova da türməni qapısının taqqıldatmaqda əvvəl tez-tez belə siyasi konyukturaya uyöun olmayan müqayisələr aparırdı.
Iki: Novruzəli müəllim, bu müqayisə ilə açıq-aşkar YUNESKO və İSESKO-nun xoşməramlı səfirini `danışmayan deputatlar` siyahısına salır. Bu bir ilkdir. BU fikiri etiraf edək ki, heç müxalif cəbhədə də dilə gətirən olmamışdı.
Nə etmək olar, gəlin arzu edək ki, bu çılğın bəyanatlar qarşıdakı Novruzdan Novrizəlini sağ çıxmağa mane törətməyəcək.
Zalım oğlu, bu hələ meyxoşluqdan arınıb belə təhlükəli danışır, gör kefinin çağ yerində necə olur də…

12.3.15

Bizim hökumət güclüdür, yoxsa vəhşi

Bilmirəm gedim hayana?

(adını reklam etmək istəmədiyim müğənnidən)

“Tez-tez cəza vermək hakimiyyətin zəifliyi əlamətidir” - deyə Russo yazırdı. İngiltərənin keçmiş xanım baş naziri Marqaret Tetçersə Russoya dəstək sayılacaq başqa bir maraqlı fikir söyləyirdi: “Siyasətdə güclü olmaq xanım olmağa bənzəyir. Əgər siz güclü olduğunuzu dilə gətirirsinizsə, deməli, belə olduğunuza ən azı özünüz şübhə edirsiniz ”.
Gəlin, Russonun fikirləri baxımından Azərbaycan hakimiyyətini nəzərdən keçirək. Zəifdir, yoxsa güclü?
Elə bir ay yoxdur, cəmiyyətimiz hakimiyyətin cəza aparatıyla üzləşməsin. Günü-gündən güclənən bahalaşma, bürokratik məngənələr, polis, məmur özbaşınalığı hər an insanlarda fiziki-psixoloji travmalar törədir. İstənilən sahədə azacıq müxaliflik etmək kifayət edir ki, qara siyahılara düşəsən. Siyahı, əlbəttə, ilkin mərhələdir, bunun arxasınca döyülmə, təhqirlər, həbslər gəlir. Deməli, Russonun qafasına şübhə etmiriksə, hakimiyyətimizin zəif olduğunu dilə gətirməliyik. 
Tetçer düsturuna baxanda da hakimiyyət olduqca zəifdir. Səhər-axşam BTC-yə bəslənmiş ümummilli mahnılar, “politoloqların” əsaslandırımaları ancaq acı reallıqları pərdələməyə xidmət edir. 

Tez-tez Bakı göydələnlərini hakimiyyətin uğuru kimi qələmə verməyə cəhd edirlər. Alın, diqqətlə baxın, Azərbaycan xalqının qəddar düşməni kimi tanınan Mircəfər Bağırovun hakimiyyəti zamanı ucaldılan əzəmətli binaların kiçik bir qisminin siyahısı.


1. Hökümət evi
2. T.Bəhramov adına Respublika stadionu
3. Şəhriyar adına klub
4 .Milli Elmlər Akademiyasının akt zalı
5. M.F.Axundov adına Dövlət Kitabxanası
6. Daxili İşlər Nazirliyinin binası
7. Xalça (keçmiş Lenin) muzeyi
8. Akademik Milli Dram Teatrı
9. Politexnik İnstitutu
10. “Azneft” meydanındakı “Alimlər evi”
Və ayrıca qeyd olunası məqam. Azərbaycanın ən işıqlı insanlarına qənim kəsilən Bağırov bu ölkəni elektriklə təmin etmək üçün Mingəçevir SES tikdirməyi də unutmayıb.
Qayıdaq güc məsələsinə. Zora, fiziki qabalığa, pula dayanan güc heç zaman hakimiyyətin qüdrətli olmasını şərtləndirə bilməz. Və əgər hakimiyyətin gücü deyiləndə bundan öncəki cümlədə sadalananlar nəzərdə tutulursa, biz öz hakimiyyətimizə çox güclü deyə bilərik. Ancaq bu güc kimə gərəkdir?
Öz vətəndaşını əzmək, onları qürurdan salıb itaətkar bir toplum etmək qüdrətli, müdrik hakimiyyət üçün göstəricidirsə, qoy bu halda da bizimkilər sevinməyə tələsməsin. Quldarlıq Romasına və Fironlar Misirinin səviyyəsinə çatmaq üçün onlar hələ çox çalışmalıdırlar.
Bilmirəm, hansı ağılla Henri Toro yazırdı: “Quldarlıq dövründə həbsxana azad insanın ləyaqətli həyat tərzi keçirə biləcəyi yeganə yerdir”. İnsanları hakimiyyətə qarşı dinc vətəndaş itaətsizliyinə səsləyən Toro ya bizdən qatbaqat avantürist olub, ya da Azərbaycan həbsxanaları kimi vərəm çöplərinin at oynatdığı kameraları heç xəyalına da gətirməyib. 
Biz çox pis vəziyyətdəyik. Oxuduğunuz kimi, bu boyda hakimiyyətin zəif, acız olduğunu birlikdə əsaslandırdıq, ancaq onu dəyişə bilmirik. Guya konstitusion hüquq deyilən bir yığın haqqımız var, ancaq praktik olaraq onlardan bəhrələnə bilmirik. 
Cəmiyyət bizi addımbaşı iyrəndirir, hara üz tutaq? Artıq həbsaxanalar da Toronun təsvirindən fərqli olaraq mahiyyətini itirib, orada nəinki ləyaqətli həyat keçirmək mümkünsüzləşib, türmələr heç şeir yazmaq üçün də yaramır.

Ancaq bir yol mütləq var... Bunu isə yazmağa hələ tələsmirəm.


(Bu məqaləm, Bizim Yol qəzetinin 24 aprel 2007-ci il sayında dərc olunub)

Hacı Məmmədov hücuma keçir

DİN-də yuva salan killer Hacı Məmmədovun məhkəmə prosesindən reportaj
Hacı Məmmədov dünən növbəti dəfə məhkəmənin gedişində maraqlı açıqlamaların olacağını bəyan elədi. Əslində, bandanın fəaliyyətilə bağlı demək olar ki, hər məhkəmə prosesində yeni-yeni adlar çəkilir. Bu baxımdan dünənki məhkəmə prosesi də istisna deyildi.

***

Məhkəmə iclasının əvvəlində Hacı Məmmədov bacısı oğlu Elçin Əliyevin vəkili Elton Quliyevin suallarını cavablandırdı. Daxili Işlər Nazirliyi (DIN) Baş Narkotiklərə Qarşı Mübarizə Idarəsinin sabiq rəisi Azər Ismayılov Elçin Əliyevin ad günündə qətlə yetirilib. Müdafiəçi Hacı Məmmədovdan bunun təsadüf olub-olmadığını soruşdu. O isə cavabında bildirdi ki, Əliqulu Quliyev adlı tanışı ilə məhz həmin gün görüşmək istəməsi Azər Ismayılovun öz arzusu olub. O gün Azər Ismayılovla görüşüb onu Keşlədəki evə gətiriblər. Orada da Hacı Məmmədov Azər Ismayılovu qətlə yetirib və bundan sonra bacısı oğlunu təbrik eləməyə gedib. Banda başçısının sözlərinə görə, qısa müddətdə hədiyyəni verib, bir az da birlikdə çörək yeyəndən sonra evə qayıdaraq meyiti basdırmaq üçün maşına qoyub Qusara aparıb.

Vəkilin digər suallarını cavablandırarkən Hacı Məmmədov “Hafka” ləqəbli biznesmen Hafiz Məmmədovdan atasının azad olunması üçün aldığı 2 milyon avronu necə dəyişdiyini danışdı. Onun sözlərinə görə, banda üzvlərinə pul vermək üçün təcili olaraq 1 milyon avronu dəyişmək lazım gəlib. Dəstənin bir neçə üzvü xarici görkəmlərində müəyyən dəyişiklik etməklə şəhərdəki valyutadəyişmə məntəqələrində beş günə həmin məbləği dəyişiblər: “Bu, böyük risq idi. O vaxt avro indiki qədər populyar deyildi. Bizə verilən pulların da hamısı təzə idi. Mən özüm də 500-lük avronu birinci dəfə onda gördüm. Fikirləşdirdik ki, Hafiz Məmmədov tanınmış adamdır. O, valyutadəyişmə məntəqələrinə göstəriş verə bilərdi ki, avro dəyişən adamlar nəzarətə götürülsün. Ona görə də kimsə pulu dəyişməyə gedirdisə, iki nəfər də ətrafında olurdu ki, birdən onu tutsalar, bunlar da bu biri tərəfdən hücuma keçib xilas eləsinlər. Ona görə də həmin beş gündə bizim üçün xeyli qorxulu məqamlar oldu”.

Hacı Məmmədov ötən çıxışlarından birində demişdi ki, Abuzər Abuzərovun həbsdən qaçırılmasında o da iştirak edib. Elton Quliyev banda başçısının bu haqda danışmasını istədi.

“Onu tapşırıq vermişdilər. Ola bilsin ki, bu barədə mənsiz də danışsınlar. Onda mən sözümü deyəcəyəm”, - deyə Hacı Məmmədov bildirib.

Təqsirləndirilən şəxslərdən Yagir Məmmədov və Rövşən Ağayevin vəkillərinin suallarını cavablandıran Hacı Məmmədovun sözlərinə görə, onların hər ikisi onun sürücüsü olub. Və onların heç birinə adam oğurluqlarından əldə olunan puldan bir qəpik də verilməyib. Çünki onlar yalnız sürücü kimi maaşa işləyiblər. “Yagir Qusardakı bağ evimdə əvvəl qarovulçu işləyirdi, sonra isə tikinti işlərinə baxırdı. Bir az keçəndən sonra onu özümə sürücü götürdüm. Rövşən Ağayevə gəlincə, bizim Sarayda bağ evimiz var. Ora gedib-gələndə Əliqulu Quliyevlə tanış olmuşam. Rövşən də onun yaxın qohumudur. Maşından yaxşı başı çıxdığına görə onu da sürücü götürdüm. Əvvəl-əvvəl onun mənim əməllərimdən heç xəbəri olmayıb. Sonradan ona bəlkə də beşinci dərəcəli işləri tapşırırdım. Məsələn, Zamirə Hacıyevanı aparanda onu aparmışdım ki, yolda nömrələri dəyişsin. Heç özü də bilmirdi ki, niyə dəyişilir. Onun məndən söz soruşmağa ixtiyarı çatmırdı. Rövşən Ağayev heç bir cinayətin iştirakçısı olmayıb. Sadəcə, özündən asılı olmayan səbəblərdən bəzən hadisə yerində olub və şahidə çevrilib. Onu qətldə günahlandırırlar. Halbuki, ekspertiza keçirilsəydi, dərhal müəyyən edilərdi ki, bu adam meyitdən qorxur. Bu adam meyitdən qorxursa, onu necə çiyninə qoyub apara bilərdi və yaxud içində meyit olan maşını sürə bilərdi? Mən Rövşənə pul versəydim, onun da evi olardı, indiyə qədər kirayə qalmazdı. Onun uşaqları mənə ”baba" deyirdilər. Bir neçə dəfə müxtəlif hadisələrlə əlaqədar o, məndən acıq eləyib gedib. Rövşən ağzıbütöv adamdır. Bir dəfə də heç kimin yanında deməyib ki, nə məsələdir. Sonradan ya mən qaytarmışam, ya qohumları gəlib qayıtmasını istəyib. Bəlkə də ağlı olsaydı, birdəfəlik gedərdi. Demək istəmirəm ki, mən ona qaragünlük gətirmişəm. Amma hər halda bugünkü gün burada oturmazdı. O, yaxşı maşın mütəxəssisidir, əlləri qızıldır. Hara getsəydi, iş tapacaqdı. Istintaq elə təqdim eləyib ki, guya, mənim ətrafımdakıların hamısı iş planlaşdıran olub. Onda mən kim olmuşam?"

Hacı Məmmədov Rövşən Ağayevin idarə etdiyi maşından tapılan narkotiklə bağlı məsələyə də aydınlıq gətirdi: “Rövşənin idarə elədiyi ”Nissan" markalı maşın Elçin Əliyevin adına idi. Amma mən ondan almışdım. Sürücü kimi Rövşən Ağayev idarə eləsə də, arada alıb özüm də sürürdüm. Narkotik də mənimdir. Bərk soruşsalar, kimdən aldığımı da deyəcəm".

Daha sonra DIN-in Baş Cinayət-Axtarış Idarəsinin sabiq rəisi Zakir Nəsirovun vəkili Tərlan Xanəliyev Hacı Məmmədova suallarını ünvanlamaq istədi. Ötən məhkəmə prosesində banda başçısı vaxtilə rəisi olmuş Zakir Nəsirovun digər vəkili Adil Ismayılovun suallarını cavablandırmaqdan imtina eləmişdi. Hacı Məmmədov bu müdafiəçinin də sözünü yarımçıq kəsdi və yəqin ki, hələ uzun müddət müzakirə mövzusu olacaq daha bir açıqlama verdi: “Mən söz vermişdim ki, suallarınıza cavab verməyim. Müdafiə etdiyiniz adama görə yox, Adil Ismayılovla eyni mövqedə olduğunuza görə. Adil Ismayılovu çoxdan tanıyıram. O, məhkəmənin birinci günündə atmaca atıb az qala vəkil Həzi Məmmədovla məni qardaş elədi. Sonra da mənim reaksiyamı gördü. Dedim ki, mənim otağımda yüksək vəzifəli şəxsdən külli miqdarda pul alıb. Özünü ya görməzliyə, ya da eşitməzliyə qoydu. Sualın var, müdafiə elədiyin adamla bağlı ver. Yoxsa, vəkil Hüseynova Esmiranı niyə antireklam eləyirsən? Bu cür suallarla məni o vəziyyətə qoymasaydılar, cavab verəcəkdim. Bəzi vəzifəli şəxslər özlərini sığortalamaq üçün burada baş verənlərdən istifadə eləyib qəzet səhifələrinə çıxır. Məhərrəm Əliyev (Bakı Şəhər Baş Polis Idarəsinin rəisi), Eldar Həsənov (keçmiş baş prokuror) durub deyir ki, Hacı Məmmədov məni öldürmək istəyib. Əvvəla mən öldürmək istəyəndə öldürürəm.

Həmin Məhərrəm Əliyev, Eldar Həsənov Nizami rayonunda işləyəndə ölüm faktı ilə bağlı cinayəti gizlədiblər. Bu Adil Ismayılov da prokurorluqda işlədiyi vaxtlarda onu ört-basdır eləyib. Bunun üçün bir diplomat pul alıb. Etiraf edirəm ki, mən pis adamam. Xeyli cinayətlər eləmişəm. Amma məndən də qat-qat pis adamlar var. O, sual verəndə mən də cavab verirəm. Amma niyə bu məsələlərə Esmira Hüseynovanı qatır? Niyə ona qara yaxır? Bu vəkil də (Tərlan Xanəliyevi nəzərdə tutur) eyni mövqedən çıxış eləsə, onun da suallarına cavab verməyəcəm".

Bundan sonra Hacı Məmmədov vəziyyətinin pisləşdiyini deyərək fasilə istədi. Fasilədən sonra Hacı Məmmədov Tərlan Xanəliyevin də sualını cavablandırmadı. Dedi ki, hazırkı mərhələdə onun da suallarına cavab vermək niyyətində deyil.

Bu zaman vəkil Adil Ismayılov banda başçısının onun ünvanına söylədiklərinə cavab vermək istədi. Amma məhkəmə prosesinə sədrlik edən hakim Əli Seyfəliyev bu imkanı ona vermədi.

“Qarabulaq” və vergidən yayınma cinayəti?

Hacı Məmmədov Zakir Nəsirovdan fərqli olaraq, Ibrahim Bağırovun vəkilinin suallarını cavablandırdı. Adıçəkilən təqsirləndirilən şəxs “Qarabulaq” Istirahət Mərkəzinin işçisi olub. Ona qarşı irəli sürülən ittiham isə vergidən yayınma ilə bağlıdır. Hacı Məmmədov isə hesab edir ki, istintaq başqa heç nə tapa bilmədiyindən onu bu ittihamla məsuliyyətə cəlb edib. Yəni, Ibrahim Bağırovun həbsi “Qarabulaq”ın işçisi olmasıyla bağlıdır.

Cinayətkar lütfü: Əziyyət çəkməyin, mən öldürərəm!

Deyəsən, getdikcə, təqsirləndirilən şəxslər sırasında da Hacı Məmmədovun əleyhdarları artır. Husain Abdulvahabovdan sonra dünən Eldar Rəhimov da banda başçısını sual atəşinə tutdu. Halbuki adam oğurluğu biznesində ilk işdən başlayaraq sonuncuya qədər onlar birlikdə olublar. Hətta birinci işdə - “Azərmebelsənaye” Dövlət Konsernin prezidenti Nazim Paşayev və sürücüsünün oğurlanaraq qətlə yetirilməsilə bağlı cinayətdə Hacı Məmmədovun bandasından yalnız özü və Eldar Rəhimov iştirak edib. Elə onlar arasında fikir ayrılığı da məhz bu epizodla bağlıdır. Hacı Məmmədov deyir ki, girovluqda olduğu müddətdə Nazim Paşayev çeçenləri tanıdığından Şirxan Albiyev, Husain Abdulvahabov və özü üçlükdə onların qətlə yetirilməsinə dair qərar qəbul ediblər. Qətli isə ona hörmət əlaməti kimi Eldar Rəhimov icra edib. Hacı Məmmədovun sözlərinə görə, bu, Eldar Rəhimov tərəfindən jest olub. Eldar Rəhimov isə bu haqda deyilənlərlə razılaşmır.

Sözümdən çıxsaydın qəbristanlıqda yatardın

Eldar Rəhimov: Bildirdin ki, bu qətli sizə hörmət əlaməti olaraq jest kimi mən eləmişəm. Sonra isə deyirsən ki, Eldarın nə həddi var idi ki, mənim sözümdən çıxsın. Bunların hansı düzdür?

- Son ana qədər bəlli deyildi ki, qətli kim icra edəcək. Sən eləməsəydin, mən eləyəcəkdim. Ona görə də bunu jest kimi qəbul elədim. O ki qaldı ikinci məsələyə, bunu indi də deyirəm. Hansısa sözümdən çıxsaydın, ən azı iş birliyimiz olmayacaqdı. Özün də bilirsən ki, o qorxu olub. Hədələmişəm ki, səhv edib iz buraxsanız, aradan götürəcəm.

- Dəli deyiləmsə, maddi marağım da yoxdursa, niyə iki günahsız adamı qətlə yetirməliydim? Məntiq haradadır?

Məhkəmə Eldar Rəhimovun bu sualını çıxartdı.

- Əgər həbs olunmasaydıq, məni qrupun bəzi üçüncü, dördüncü dərəcəli üzvlərinin aqibəti gözləyirdi? Onlar indi qəbiristanlıqda yatır...

- Məni aldatsaydın, ola bilsin ki, bəli.

Eldar Rəhimov onu da bildirdi ki, məhkəmədə Hacı Məmmədova yaxınlaşıb Nazim Paşayevin qətlini üzərinə götürməsini xahiş etməsi barədə banda başçısının dedikləri həqiqətə uyğun deyil. Eldar Rəhimovla Hacı Məmmədov arasındakı gərginlik sonradan təqsirləndirilən şəxslərdən Novruz Nuriyevin də məsələyə qarışması ilə nəticələndi. Novruz Nuriyevin Hacı Məmmədovdan dediklərini konkretləşdirməsini istəməsi qalmaqala səbəb oldu.

Necə deyim ki, Elmarı mən öldürmüşəm, amma sifarişçinin adını çəkmirəm?

Dövlət ittihamçısı Abdulla Yusifov Hacı Məmmədovun məhkəmədə “bəzən adamın başının üstündə elə qüvvələr olur ki”, “çoxsaylı cinayətlərin hələ qəhrəmanları olacaq” və s. bu kimi ifadələrinə əsaslanaraq ondan bildiklərini indi açıqlamasını istədi. “Bizim məhkəmə hələ neçə aylar davam edəcək. Yəqin ki, situasiya yarananda bu açıqlamalar da veriləcək. Çox şeylər işin gedişində açılacaq. Mənə vaxt verin”, - deyə Hacı Məmmədov bildirdi.

Prokurorun “sizə vaxt lazımdır” sualına isə banda başçısı belə cavab verdi: “Fərhad Əliyev barədə açıqlamam hər şeyi bir-birinə vurdu. Mən necə deyim ki, Elmar Hüseynovu mən qətlə yetirmişəm, amma sifarişçinin kimliyini demirəm. Bu cür məsələlər cəmiyyətdə rezonans yaradır. Hamısını birdən deyəndə işdən uzaqlaşırıq. Işin gedişində hamısı bir-bir açıqlanacaq”.

Prokurorun girovların saxlandığı zirzəmiyə televizor qoyulub-qoyulmaması barədə suala cavab verərkən Hacı Məmmədov bildirdi ki, onların darıxmaması üçün belə bir addım atılmışdı.

Dövlət ittihamçısı məhkəmə prosesində deyilənlərlə istintaq zamanı verilən ifadələr arasında ziddiyyət olduğunu əsas gətirərək iş materiallarından bəzi məqamların elan olunmasına dair vəsatət qaldırdı. Vəsatət təmin olundu.

Vəkil Həzi Məmmədov isə Daxili Işlər Nazirliyinin ləğv olunması, onun tərkibindəki qurumların bir qisminin Ədliyyə Nazirliyinə, bir qisminin də Dövlət Xüsusi Mühafizə Idarəsinə verilməsi təklifilə Ilham Əliyevə müraciət olunması barədə vəsatət qaldırdı. Həzi Məmmədov deyir ki, DIN əməkdaşları bu qədər uzun müddətdə dəhşətli cinayətlər törədib, prokurorluq və digər qurumlara bu faktlar məlum olsa da, onları açmağa cəsarətləri çatmayıb. Rövşən Cavadovla bağlı məsələyə toxunan vəkil DIN-i “dövlət üstündə dövlət” hesab edir. Müdafiəçinin sözlərinə görə, DIN rəhbərliyi “Qarabulaq”ın Hacı Məmmədova məxsus olduğunu bilməyə bilməzdi. Baş verənlərdən sonra cəmiyyətdə bu quruma inamın olmadığını deyən vəkilin fikrincə, belə olan halda onun mövcudluğuna ehtiyac yoxdur.

Vəsatət məhkəmənin müzakirə predmeti olmadığından rədd olunub.

Ifadələrin elan olunmasından sonra ziddiyyətli məqamların araşdırılması üçün vəkil Adil Ismayılov yenə də Hacı Məmmədova sual verəsi oldu. Banda başçısı bu dəfə də onun suallarına cavab vermədi: “Mən Adil Ismayılovun suallarına cavab verməyəcəm. O, bizim aramızdakı razılığı pozub. Istəyirlər ki, məni formadan çıxartsınlar, qüvvəmi itirim. Hansısa məqsəd güdürlər. Qoy, sualları o biri vəkil (Tərlan Xanəliyev) versin. O, bir az istiqanlı adama oxşayır. Onun suallarına cavab verərəm”.

Adil Ismayılov buna etiraz elədi: “Mən başa düşə bilmirəm, bura məhkəmədir? Burada kimsə kiməsə şərt qoyur. Bütün məhkəmə prosesi onun üzərində qurulub ki, Zakir Nəsirovun günahı var. Prokurorun sualları da bu istiqamətdə qoyulur. Hacı Məmmədov göstərdi ki, o, cavab verməyə hazır deyil. Hələ onu öyrətməyiblər”.


 (Aytən Məmmədova, `Azadlıq` qəzeti, 04 oktyabr 2006)