23.2.15

Şübhə

O adamlar ki, özünə müxalifətçi deyir, hansısa müxalif partiyada təmsil olunub, siz o adama fikir verin: belə biri açıq ictimai müzakirələrdə (televiziya, qəzet, facebook yazışmaları və s) ancaq müxalifət daxili qovğalarda şirə döndürsə, İlham Əliyevin adı gələndə isə lal olursa o adamdan şübhələnmək lazımdı. Böyük etimalla beləsi ya çuğuldu, ya xaindi, yaxud da dovşan ürəkli. 
Təkrar edirəm ki, çaşqınlıq yaranmasın: ictimai müzakirələrdə bizi bəlaya salanların adın çəkməkdən gedir söhbət. Deyinəndə, evdə, mətbəxtdə İlham Əliyevin öz doğmaları da onu tənqid edir.
O adamlar ki, özlərinə jurnalist deyir, amma çalışdıqları media orqanlarında, facebook divarlarında, bloqlarında ancaq və ancaq müxalifətin içindəki problemləri yazmağa, müxalif simalarda qüsur axtarmağa qalxırsa belələrində də şübhələnmək lazımdı.
Bu ölkənin ən ciddi problemi Əliyevçi kriminal, korrpusiyaçı hakimiyyətdi. Onun hədəfə almayan adam müxalifətlə döyüşüb özünü qəhrəman göstərməyə çalışmasın.

5.2.15

`Narkobaron` qardaşım və at oğrularının məhkəmə sərgüzəştləri


Bu gün (05 fevral) qardaşım Murad Ədilov​un işi ilə bağlı Lənkaranda keçirilən məhkəmə prosesi barədə qeydlər
(KİV istinad edə bilər)

Bir: Qanun təqsiriləndirilən şəxsin keyfiyyətli hüquqi yardım, gizli məsləhətləşmə üçün vəkilinin yanında oturmasına imkan versə də hakimlər buna icazə vermədi. Murad Əli İnsanovun işindən sonra icad olunan şüşə divarın arxasında qalası oldu.


Iki: Murad verdiyi izahatda saxlanılarkən (11 avqust 2014) Sabirabad polisində, daha sonrakı gün isə Bakıda ağır fiziki və mənəvi işgəncələrə tuş edildiyini bildirdi. Bu işgəncə prosesinin başında DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik–leytenantı Tərlanov Elman Zöhrab oğlu dayanıb. Burda hayişəyə çıxaraq Tərlanova deyirəm ki, bu əclaflığına görə ömrünə bir gün qalsa da cavab verəcəksən. Özü də tam qanuni formada. İnternetin olmadığı vaxt belə heç kim və heç nə unudulmurdu, ondan qala indi. Biz dəftərimizə bu alçağlığını yazdıq, sən də qeydlər apar.

Muradı döyənlərin sayı 5 baş olub.



Murada həbsinin sifarişinin `yuxarıdan` gəldiyi deyilib və tələb olub ki xoşluqla narkotikin ona məxsus olduğunu desin. O isə işgəncə və təhdidlərə rəğmən bundan imtina edib, saxta ittihamı qəbul eləməyib, saxta axtarış protokolunu imzalamayıb.

Üç: adı çəkilən polis zabiti, əslində at oğrusu  Elman prosesdə şahid kimi dindirldi. Dindirmədə o özünü əsl `Novruzəli` kimi apardı. Onun verdiyi ifadələr bizim siyasi məhkəmə işlərində tez-tez üzəduran kimi gördüyümüz bomj, jek işçisi tərzində idi.


Atoğrusu Elmanın (bu adama zabit demək, polkovnik demək bu adam və bu titulları daşıyan şərəfli insanlara təhqir olduğundan adamı mahiyyəti üzrə adlandırıram) əməliyyata rəhbərlik edən,o boyda vəzifə tutan bir adamın vəkillərin sualları qarşısında nə qədər savadsız,hüquqi bilikdən uzaq küt biri olduğu ortaya çıxırdı.Bu bədbəxtin, heç olmasa adi şeyləri əzbərləməyə belə başı imkan verməmişdi.



Dörd:Vəkillərin adi sualları qarşısında gözünü döyən atoğrusuna tez-tez hakimlər istiqamət verirdi, məsələn o çətinə düşən kimi deyirdilər, de ki `yadımdan çıxıb`, `xatırlamıram`. Bu isə birmənalı olaraq pozuntudur, hakimin tərəf tutması, şahidə istiqamət verməsidir.

Beş; Muradın üstündən və evdə tapılan narkotik neçə qram idi` sualına at oğrusu `filan qədər olmalı idi` cavabın verəndə vəkillərdən yaxşı replika gəldi. `Olmalı idi nədi. Yəni, demək istəyirsiniz ki, nə qədər aparmışdıq o qədər də olmalı idi`.

Altı: Atoğrusunun əməmiyyat tədbirini təhrif edərək yalan danışması tez-tez Muradın müdaxiləsi ilə kəsilirdi. Murad tələb edirdi ki, `Allaha and iç, kişi ol olanı danış `. At oğrusu bu təklifdən əsəbiləşir deyirdi ki, ifadə verməyə başlayanda and içmişəm də (məhkəmədə ifadə verməzdən əvvəl hər kəs formal olaraq and mətni oxuyur. Orda göstərilir ki, mənə məlum olan şeyləri doğru-dürüst danışacağıma and içirəm).


Yeddi: At oğrusunun verdiyi ən gülməli ifadələrdən biri:-Biz evə girən kimi məhkumun həyat yoldaşı yatağındakı yastığın altından çıxardığı narkotikanı bizə təqdim edib bildirdi ki,Muradın bizə verdiyi mal budur, alın :)


Qanunun açıq pozulduğunu və Azərbaycan məhkəməsində hüququn gücsüzlüyünü anlayan Murad el qaydası ilə yalançıları ifşa eləməyə başladı. Hər dəfə saxta, yalan, həqiqəti təhrif edən fikir səslədən atoğrusuna `yalançının Allah evin yıxsın, balasın öldürsün, kişi ol yalan danışma` deyirdi. Məhkəmə buna irad bildirdi ki, təhqirə yol vermə. Muradın cavabı isə bu oldu ki, o təhqirdən uzaq adamdır, ən azı aldığı tərbiyə buna yol vermir. İrad bildirməli adamlar bu yalançılar, böhtançılardır. Onların qurama yalanlarına görə mən aylardır 3 körpə uşağımın üzün görmürəm. Bu həbsin heç bir əsası yoxdu, bütün baş verənlər mənim siyasi əqidəmə və qardaşım Natiqin ictimai-siyasi fəaliyyətinə görədir.

Proses davam edir. Necə deyərlər, `The show must go on`




Saxta Elçibəyçilik

Qəribə zamanda yaşayırıq. Bu gün Əbülfəz Elçibəyi guya özünə lider sayan bir dəstə adam var. Onlar həm gur elçibəyçilik edirlər, eyni zamanda Elçibəyi devirən, onun qanuni hakimiyyətin mənimsəyənləri alqışlayır, onların yanında yer alır. Bu təkcə onların riyakarlığı deyil.Bu həm də hakim rejimin mərkli və məqsədyönlü siyasətidir.Nə qədər qəribə olsa da, bu təzada ən dəqiq izahı V.İ. Lenin verib. O, yazırdı.`Böyük inqilabçıların sağlığında zalım siniflər onları daim təqib etmiş, onların təlimini ən vəhşi bir ədavətlə, ən azğın bir nifrətlə, ən həyasız yalan və iftiralarla qarşılamışlar. Öləndən sonra onları zərərsiz bir ikonaya çevirməyə, necə deyərlər, müqəddəsləşdirməyə çalışır, məzlum siniflərə “təsəlli” vermək və onları aldatmaq üçün həmin şəxslərin adını müəyyən dərəcə şöhrətləndirməyə cəhd edərək, inqilabi təlimin məzmununu çıxarıb atır, onun inqilabi kəskinliyini kütləşdirir, onu bayağılaşdırırlar`.Yoldaş Ulyanov zərgər işi görüb.

4.2.15

Uşağın atası odur...

Lamiyə olayında məsələni çox romantikləşdirmədən demək istəyirəm ki, bu qız bir qəhrəmandır. Öz taleyinin, yaşadıqlarının qəhrəmanı. Adam var heç öz həyatında epizodik rola sahib deyil... Onun yerinə hər şeyi başqaları edir. Lamiyə isə öz həyatının baş rol ifaçısıdır. O, tam bir film qəhrəmanıdır, özü də öz həyatını oynaya bilər. Bizim bunu işləyə biləcək ciddi rejissorumuz yoxdur, təəssüf. Bu qızdan dövlət, MTN də yararlana bilər. Elə bilirsiz 15 yaşı olmamış adam öldürmək, həbsdə ola-ola haqqında ikinci cinayət işi açılmaq, orada “krutoy”luq eləmək, gedib istintaq təcridxanasında kiminləsə sevişmək və uşağa qalmaq, hələ bir onu doğmaq hər qadının işidir? Bu gücə, iradəyə sahib olduğuna görə Lamiyədən göz-qulaq olmaq lazımdır və deyirəm ki, o, çox ciddi kadrdır...
Yəni bu qızla bağlı məsələ budur və yerdə qalan şeylərə görə bu qız media üçün heç də maraqlı deyil. Məsələnin mətbuatda gündən-günə belə şişməsi, Milli Məclisdə müzakirə olunmağı, Ombudsmanın arda-arda açıqlamaları, Baş Prokurorluğun araşdırmalara başlaması əslində uşağının bioloji atasının kimliyi ilə bağlı deyil. Bu uşaq həbsxana rəisindən, nəzarətçisindən və ya məhkumların birindən də ola bilər. Burda qeyr-adi heç nə yoxdur. Məsələnin mahiyyəti Penitensiar Xidmətlə bağlıdır. Məhz bu işin belə şişməsi Azərbaycanın nüfuzlu generallarından biri olan Mədət Quliyevin öz xidmətində baş verən hadisəyə heç bir açıqlama verə bilməməsinə görədir. Bizə uşağın bioloji atası lazım deyil axı. Mətbuata bu işlə bağlı normal açıqlama verilməyənə qədər məsuliyyət generalın üzərindədir. Və uşağın atasını heç yerdə axtarmaq lazım deyil. İndiki halda uşağın atası məhz Mədət Quliyevdir. Məcazı atalıq da olsa, cənab general bu məsuliyyətdən qaça bilməz. Nə qədər ki, bir Milli Qəhrəman kimi medianın qarşısına çıxıb hamının başa düşəcəyi şəkildə prosesə aydınlıq gətirməyib, Lamiyənin doğduğuna hamı Mədətin uşağı kimi baxacaq.
Yadıma gəlir ki, Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin olunanda mətbuat çox ümidlə yanaşırdı ona. Deyirdilər ki, qısa müddətdə bu xarakterli general hər şeyi nizam-intizama salacaq. O vaxt mən də “Ya Mədət” adlı bir köşə yazıb müraciət etmişdim ki, sizə o zaman əsl rəis deyərəm ki, bu həbsxanaların qarşısındakı əliyeməkli anaları yığışıdırasız. Nə vaxta kimi Azərbaycanda insanlar həbsxanaya yemək daşıyacaq. Onun bu ağrılı mənzərəni yığışdıracağına çox inanırdım. Bilmirəm neçə il keçib o vaxtdan? Bildiyim odur ki, evlərdə həbxsnaya göndərmək üçün bişirilən yeməklərin altı söndürülməyib...