İqbal Ağazadə və Aynur Camalqızı qovğası

O yazının müəllifi mən deyiləm, müxbir yazısıdır. Amma əgər bu, mənim mövqeyim kimi qəbul edilibsə, cavab verməyə məcburam”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Publika.az” saytının rəhbəri Aynur Camalqızı millət vəkili İqbal Ağazadənin fikirlərə münasibət bildirərkən deyib. O, keçmiş həmkarına belə cavab verib: “Əvvəla, keçmiş həmkarım İqbal Ağazadənin köhnə yazılarımdan sitat verməsi ingilis atalar sözüylə ifadə etsək, “çirkli paltar eşələməkdən” başqa bir şey deyil. Vaxtilə bunu Əvəz Zeynallı ilə FəraməzNovruzoğlu gen-bol ediblər, cibində mandat gəzdirən birinin onlarla bir sırada dayanması xoş mənzərə deyil. İkincisi, mən müxalifətdə necə səmimiydimsə, bu gün də eləcə səmimiyəm, sizin kimi “müxalifətçilik” oynamıram. Yanıldığımı başa düşən kimi, o düşərgəni tərk etmişəm. 
Mənə keçmişimi xatırladan adam, qulağının dibinə bir şillə dəyən kimi, “Lider” TV-də bütün silahdaşlarını satmadınmı? Əgər bir adam ki, öz hərəkətinə “haqq” qazandırmaq üçün “bacımı ora gətirmişdilər, məcburən düşərgəmi satdım” məzmunlu etirafı edirsə, ailəsinin qadın üzvlərinin arxasında gizlənirsə, deyəcək söz qalmır mənə. Üçüncüsü, biz İsa Qəmbərin dediyindən daha radikal bir şey deməmişik. O, İqbal Ağazadəni “agent” adlandırmışdı və Azərbaycanda hər kəs bilir ki, bu yarlıq tamamilə həqiqəti əks etdirirdi. Əgər İsa Qəmbər onun iştirak etdiyi toplantıya qatılmırsa, deyirsə, ordakı bütün söhbətlər hakimiyyətə ötürüləcək, bu “səmimiyyəti” və “sarsılmaz müxalifliyi” münasibətilə cənab Ağazadəni niyə təbrik etməyək? Bilirsiz, insan bəzən başqalarını ittiham etməmişdən öncə dönüb bir öz keçmişinə nəzər salmalıdır. Ki, mənim bunları deməyə haqqım çatırmı? Mən sadəcə, düşərgəni tərk etmişəm, heç kəsi aldatmadan, heç kəsi satmadan. Siz nələr etmisiz və o etdiklərinizdən sonra dil də çıxara bilirsizsə, vay bizim müxalifətimizin gününə. Və nə yaxşı ki, bu gün sizinlə bir sırada deyiləm. Sosial şəbəkələrdə pafoslu bir çıxışla əsl sifətinizi gizlətdiyinizimi zənn edirsiniz? Yoxsa bu ölkədə bilmirlərmi ki, sizə yaradılan bu şərait, komfort həyat tərzi hardan qaynaqlanır, biznesinizə niyə “yaşıl işıq” yanır? Maskalar bir-bir yırtılır, hələ çox maraqlı hadisələrin şahidi olacağıq”. 
Xatırladaq ki, bu gün İqbal Ağazadə bu gün A.Camalqızına “Mənə sual ünvanlamısınız- niyə radikallaşmışam? Əslində necə varam elə də yoluma davam edirəm. Bəs görəsən sizlər niyə loyallaşdınız? Pardon, düşüncə və düşərgənizi dəyişdiniz?!”, – deyə, öz Facebook statusunda “Gündəlik teleqraf” qəzetinin və publika.az saytının baş redaktoru Aynur Camalqızına sərt mesaj ünvanlamışdı. 
İqbal Ağazadə daha sonra Aynur Camalqızının bir neçə il öncə “Yeni Müsavat” qəzetindəki köşə yazısından bir hissəni də yerləşdirib: “Nə yaxşı İ. Əliyevin yox, İ. Qəmbərin tərəfindəyəm, ruhlanmaq, depressiyadan çıxmaq üçün bu kifayət qədər tutarlı səbəbdir… ən yaxşısı odur ki, düz yolu tut və nə sağa, nə sola baxmadan irəlilə, sənə çamur atanlar da, ayağının altına kötük yumalayanlar da olacaq, amma biz axmaq adamlar üçün yaşamırıq ki. Ağıllı adamlara isə yaxşı ilə pisin, ağla qaranın fərqini göstərməyə, izah etməyə ehtiyac yoxdur…. Maraqlı görünə biləcək yalnız budur ki, sizin deputat həmkarınız Rəbiyyət Aslanova iddia edir ki, ABŞ-ın gözü Azərbaycanı götürmür, ona görə də Dövlət Departamenti o cür hesabat yayır…..Mən arzu edirəm ki siz haqlı olduğunu sübut edə bilənlərdən olasınız və inanıram ki buna gücünüz çatar”. 
“Görəsən bu statların müəllifi indi özünü tanıya bilirmi? Siz o zaman necə də səmimiymişsiniz…” Bu sözləri isə İqbal Ağazadə Aynur Camalqızının “köhnə yazısı”na şərh kimi yazıb. 
MM üzvünü bu statusu paylaşmağa vadar edən publika. az saytında onun haqqında gedən “İqbal Ağazadə niyə radikallaşıb” başlıqlı yazıdır. Yazıda İ.Ağazadə ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı son videoda səmimi mövqe göstərməməkdə ittiham olunur.

Mənbələr
1.http://www.mia.az/w39429/Aynur_Camalqızı_İqbal_Ağazadəni_təhqir_elədi:_“Qulağının_dibinə_bir_şillə_dəyən_kimi...“/
2. http://qazeta.com/2012/12/20/aynur-camalqizi-iqbal-agazadəni-təhqir-elədi-qulaginin-dibinə-bir-sillə-dəyən-kimi/

3. http://musavat.com/news/son-xeber/millet-vekili-ile-bash-redaktorun-facebook-atishmasi_139881.html