Asif Yusifli üçün təbrik

Mən bu günü Asif Yusifli günü elan edirəm.
Dünən, onun ad günü imiş. Onun təvəzökarlığından, mənim də səhlənkarlığımdan ad günü unudulub. Amma belə baxanda nə fərqi? Əsas odur ki Asif kimi bir insan var, doğulub və o mənim girami dostumdur.
Asif elə bir dostdur ki, qəbir evində İnkir Minkir "o dünyada qazandırğın nə olub, ay insan", soruşsa, "Asif Yusifli" deməklə canımı qurtaracağımı düşünürəm.
Asif mənim üçün hamının başa düşəcəyi formada heç bir iş görməyib, hətta dəfələrlə nəyə görəsə mənə köynək almaq vədini verib, sonra onu namərdcəsinə unudub. Bunlar heç.
Bəs, Məşədi İbad demişkən, mən onun nəyinə heyranam?
Cavab sadədir: Mən bu yola çıxanda Asif bəy tanıdığım minlərdən biri idi. Həyatın ağırlığı, mübarizənin dramatikliyi, kasıblıq, illət, zillət onu sındırmadı. Əksinə, illər keçdikcə onun polad kimi bərkidiyini gördüm. Və bu proses müsbət istiqamətdə artmaqdadır.
Asif, dizlərim taqətdən düşəndə baxıb farağat dayandığım insanlardandır.
Asif bəy, səni bağrıma basıram. Bu gün mənə de ki öl, ölməsəm namərdəm! Mübarəksən!

(bu qeydlər, ötən il-2013-də Asif bəyin ad günü münasibəti ilə yazılıb)