2.9.14

Necə oldu Seymur Həzi "cinayətə" qurşandı?

Natiq Ədilov: “Azərbaycan saatı”nın dayanmasından söhbət gedə bilməz”“Bizim ölkədə düzgün həyat tərzinin özü cinayət sayılır və qardaşımız Seymur belə “cinayətə bulaşıb”

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov partiyanın Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” televiziya proqramının redaktoru və aparıcısı Seymur Həzinin həbsi ilə bağlı “islamazeri.az” internet qəzetinin suallarına cavab verib. Müsahibəni təqdim edirik.
– Seymur Həzinin həbsinin arxasında nə dayanır?
– Məncə, artıq Seymur Həzini tanıyan hər kəs üçün bu sualın cavabı aydınlaşıb. Ona görə bu sualın cavabına çox vaxt itirməyək. Həbsin arxasında məkr var, hiylə var, azad sözə, ədalətə, düzgünlüyə qarşı düşmənçilik dayanıb. Seymur lap yeniyetmə vaxtından ölkənin səadəti, firavanlığı, demokratikliyi üçün çalışan insandı. Yazıları ilə, fəaliyyəti ilə daima Azərbaycanda haqqın öz yerini tapması üçün mübarizə aparıb. Çox təəssüf ki, bizim ölkədə düzgün həyat tərzinin özü cinayət sayılır və qardaşımız Seymur belə “cinayətə bulaşıb”.
– Seymur Həzi “Azərbaycan saatı” verilişinin aparıcısı idi. Onun saxlanılması “Azərbaycan saatı” verilişinə hansısa təsir göstərəcəkmi?
– Bəli, Seymur, AXCP Rəyasət Heyətində, Milli Şurada və “Azadlıq” qəzetinin yaradıcı heyətində təmsil olmaqla yanaşı, “Azərbaycan saatı” teleproqramında da var. Teleproqramın əsas simalarından biridir. Bu həbs əlbəttə, bir Seymur Həzi boşluğu yaradacaq. Tamaşaçılar hər həftə onu görə bilməyəcəklər. Amma verilişin dayanmasından söz gedə bilməz. Bu proqramın qurucusu Qənimət Zahiddi və o, elə mükəmməl forma qurub ki, “Azərbaycan saatı” sanki daimi mühərrikdi. Hansısa əməkdaşın tutulması Azərbaycan efir məkanında azad və tənqidçi sözü deyən bu yeganə proqrama son qoya bilməyəcək. Bizim çoxlu kadr bazamız var, Seymurdan sonra proqramın yaradıcı heyətində təmsil olunmaq üçün xeyli sayda insan müraciət edib. Onlar həm ölkədədir, həm də xaricdə. Elə ötən bazar proqramımızı dəyərli jurnalist xanımlarımızdan Xədicə İsmayıl və Təhminə Tağızadə apardı və xeyli də təqdir gördülər. Bu proses davam edəcək.
– Son zamanlar Azərbaycanda ictimai fəalların həbs olunmasını nə ilə əlaqələndirirsiniz?
– Bu həbslər müvəqqəti xarakter daşıyır. Dünyada baş verən bir neçə qlobal proses Azərbaycan hakimiyyətinin əlini açıb. Onlar da gələn il ölkədə gözlənilən dəyişiklik fürsətini indidən zərərsizləşdirmək istəyirlər. Həbs olunanların hamısına qarşı böyük ictimai canıyananlıq var və bu özü göstərir ki, hakimiyyətin narkoman, xuliqan, vətən xaini deyib şərlədiyi adamların hörməti hakimiyyətdəkilərin cəmisinin hörmətindən çoxdu. Deməli, bu repressiyalar hələ 5 dəfə də güclənsə, şərin təntənəsini düşünənlər üçün heç bir xoş xəbər yoxdu. Bu yol süquta məhkumdu. Azərbaycan hakimiyyəti Firondan, Stalindən güclü deyil, onlar qədər repressiya aparmaq gücü də yoxdu. Onlar sonacan duruş gətirə bilməyibsə, bu diktatura karikaturaları necə gətirsin? Biz tezliklə Azərbaycanda tam tərs proseslərə şahid olacağıq. Mən optimistəm və bu halım tarixi qanuna uyğunluqlara söykənir.