İlham Əliyevə yaltaqlanmaq üçün münbit şərait yetişir

 Bir qrup ziyalının İlham Əliyevə siyasi məhbusları azad etmə xahişi ilə etdikləri müraciəti oxudum. Daha sonra Jalə şirəsi ilə bəslənən bir partiyanın oxşar müraciətini gördüm və bunları düşündüm.

1: Günahsız yerə həbs olunanların azadlığını istəyən, arzulayan, bu haqda danışan hər kəs sağ olsun.

2: Mənə belə gəlir, İlham Əliyev siyasi məhbusları azad etmək məcburiyyətində qalıb. Sadəcə bunu cəmiyyətin xahiş-minnəti ilə etmək istəyir.
 Onun belə bir xoşagəlməz cəhəti var, Wikileaksdə də çıxmışdı: camaatı günahsız yerə həbs etdirir, sonra deyir ki məndən əfv istəyin. ABŞ  diplomatı "axı bu əfv ərizəsinə, xahişinə nə gərək var", soruşanda İlham demişdi ki, dünya ayrı, Azərbaycan ayrı, burda belə lazımdı (yəni əfv üçün ərizə).

Bu xoşagəlməz, bədxah istəyə görədir ki, hələ sümükləri bərkiməmiş, ciddi sağlamlıq problemi olan Daşqın Məlikovdan ərizə də aldılar, ürəkləri soymadı, məlum qəbirə baş əyməyə də apardılar. Çoxdan idi bu ənənə yaddan çıxırdı...

İş belə gətirib ki, dağ qayaya rast gəlib. İndi həbsdə olan siyasi fəaların əksəri dirəşib; onlar günahsız olduqları halda imdad diləmirlər. Bu hal o yoldaşlara ziyan olduğu kimi İlham müəllimə də ziyandı. Biruzə verməmələrinə baxmayın, hara gedirlər siyasi məhbus tənəsin eşidib, dilxor olurlar.
Elə belə də siyasi dustaqları açıb buraxmaq olmur. Belə halda "zəhmətkeş" müraciətlərinə ehtiyac yaranır.

Onların nə dərdi, problemi var cəhənnəmə olsun, təki günahsız insanlarımızı azad etsinlər.

3: Çox aydın şəkildə  sezirəm ki, bir dəstə insan var ( mən onları eybəyi həsənliyə oxşarlar fəsiləsi adlandırıram), siyasi məhbusların azadlığa buraxılmasını üçün gəcə gündüz dua edirlər. Neyçün? Ona görə yox ki, məsələn Rəşadət Axundov  körpə balasına qovuşacaq, nakam və faciəli sürətdə həlak olan babasının qəbrini ziyarət edəcək... Əsla və əsla
Ona görə ki bu adamlara İlham Əliyəvə yaltaqlanmaq, özü də "qərb yaltaqlığı" formasında yaxşı imkan yaranacaq.
Mən siyasi məhbuslar azad olunandan sonra jaləli saytlarda "ulu öndərin layiqli davamçısının humanist addımlarını" tərənnüm edəcək yazıları indidən görürəm və oxyuram.

Yəqin ki, siz də.