31.5.14

İran səfiri Möhsün Pak Ayinin Stenli Eskuderoya dönməsi

 Möhsün Pak Ayini İran İslam Respublikasının bəlkə də dünayda ən zəif, iş bacarmaz kadrıdır. İranın öz işidir, yəqin onlara beləsi sərf edir. Amma bu yoldaş təkcə İranı burda zəlil günə qoymur, həm də bizə, konkret olaraq müxalifətə də düşmən münasibət sərgiləyir; qeyri-adekvat davranışları ilə iki müsəlman cəmiyyət arasında  etimadszılıq yaradır.

Söhbət nədən gedir?

Bu yaxınlarda səfirin bir kitabı əlimə düşdü. Oxudum və dedim ki, sənin ölənlərinə rəhmət, ay Musa Qasımlı (Musa Qasımlı Müsavat partiyasını bir mandata satan tarixçıdır) və onun tayları...
Səfir Azərbaycanda uzun illər rəsmi ateizmin başında dayanan Heydər Әliyevin, Bakıda azanı verilməsini, məscid uçuran, bağlayan, dindarları nəşəxor damğası ilə türmyə dolduran oğul Әliyevin şəninə ərşə dirənən təriflər yağdırmışdı.
Bütün bu təriflər aztv sayağı "92-93" illərin yamanlamaqla müşayət olunurdu.
İndi ağayi Möhsün yenə belə çıxış edib; yenə aztv ritorikasına sadiq qalaraq, inanclı insanları türmdə saxlayan, onlara zülm   edən rejimi "unudub", düşüb Elçibəy və onun arxadaşlarının üstünə.
Mən inanmaq istərdim ki, bu səfirin Bakıda diplomatik fəaliyyətdən sonra kariyera qurmaq istəyindən doğan hərəkətdi. Çox güman ki, bu bəradər də ABŞ-ın eks səfiri S.Eksudero kimi Bakıda qalıb yapa üzv yazılacaq.

Niyə belə düşünürəm?

Çünki, İran neçə illərdir soyuq münasibət bəslədiyi qərb dövlətləri ilə münasibətlərimi sahmana salmaq, mülayimləşdirmək siyasəti apardığı bir halda necə ola bilər ki, Azərbaycanda toplumun  etimad və inamını haqq edən qüvvələrə qarşı kobud və ədalətsiz mövqe tutsun; onlara böhtan atsın?!
Ona görə mən təklif edirəm ki, gəlin tənbəllik  etməyib İran Ali Dini rəhbəri Ayətullah Xamneyiyə məktub yazaq ( saytı: leader.ir) ki, ya bu səfirə diplomatik ərkanı xatırladılsın, ya da səfirlikdən çıxıb yapa girməyinə xeyr dua verilsin.
vəssalamu aleykum.

30.5.14

ABŞ-da "avtoş"luqan imtina

ABŞ qeydləri, doqquzuncu yazı (əvvəli burda)
Biz əvvəlki yazılarımızda ABŞ-da avtomobil sahibi olmanın "su içmək" qədər asan olduğundan artıq söz açmışıq. İndilik bir onu əlavə etmək olar ki, bizdə hansısa x markalı avtomobili almaq əldə emək üçün min bir məşəqqətə dözməlisən, yaxud müxtəlif əclaflığı özünə rəva bilməlisənsə, burda ona gərək yoxdu. Azca ağılın varsa  maşın dərdi sənə yaddı.

Avtomobillər barədə biz bir məqamı xüsusi qabartmalıyıq. Bildiyiniz kimi, bizdə sözün əsl mənasında yollar al qana boyanıb. Zarafat deyil, hələ rəsmi statistikaya görə ildə Odlar Yurdunda avto qəzalarda təxminən 1200 adam ölür.

Bunun səbəbi nədir?

Sizin kimi mən də çox vaxt deyirəm, sürücülərin özünü bilməzliyi, cahilliyi və s.
Amma dostlar, gəlin özümüzü aldatmayaq; səbəb korrupsiyadı. Altında İlham Əliyevin imzası olan korrupsiya!
Məhz bu səbəbdən vətəndaşlar və təhlükəsizliyə cavabdeh orqanlar, şəxslər məsuliyyət hissindən uzaqdılar, bu da çoxlu fəlakətlərə səbəb olur.
Bu fikiri ona görə inamla yazıram ki, ABŞ-a gələndən ən cavan soydaşlarımızın belə necə intizaamla avtomobil sürdüyünə şahidəm. Onlar istisnasız olaraq, kəmər taxır, işıqforu gözləyir, siqnaldan sui-istifadə etmirlər, sürət həddinə əməl edirlər və s.

Deyə bilərsiz ki, ABŞ-a gedən azərbaycanlı belə mədəni sürücü də olmalıydı da. Elə deyil. Adamlar özləri də şahidlik edir ki, bura gələndə nəqliyyatı azərbaycansayağı idarə ediblər. Sonra mühut, qanunlar onları rahatca islah ediblər.

Bir məlumat da yazaq, oxuyun, növbəti yazımız burda sürücülük vəsiqəsini əldə etməyin yolu barədə olacaq.

Məlumat: ABŞ-da sürücünün qanında normadan artıq spirt aşkarlansa adamı 6 ay həbs gözləyir.
Avtomobildə 8 yaşına qədər uşaqlar xüsusi korsetdə oturulmalıdır. Olmasa cəzası var.
Avtomobildə açıq şəkildə spirtli içki daşımaq, içmək olmaz. Onu ancaq baqajda saxlamalısız.
Burda avtomobillər qırımızı işıqda sağa istisna hallar xaric hərəkət edə bilər.

 

23.5.14

ABŞ-da "tip" və ya bizim "hörmət elə"miz

ABŞ qeydləri, səkkizinzi yazı (əvvəli burda)
Bu bir qaydadı, yazılmamış amma çoxluğun əməl etdiyi bir şey: ABŞ restoranlarında ( fast foodlar xaric) yeməkdən sonra gələn hesabın 20 faizi qədər "tip" ( bəxşiş) verməlisiz.
Yəni, 10 manatlıq nəsə yedinsə 2 manat da bəxşiş edirsən.
Bu pul işçinin cibinə gedir. Amma deyirlər ki, bəzi bizim kimi ac yalavac ölkələrdən gəlmələrin açdığı kafe və restoranda tipləri sahibkar mənimsəyir.
Bunu ona görə yazdım ki, şadlıq evlərində filanda qarsonlarımızın sizdən bir iki manat ummasına geridəqalmışlıq, dilənçilik kimi baxmayasız.

ABŞ-da velosped: onu almaq asan, sürmək əyləncəli, qaytarmaq rahat

ABŞ qeydləri, 7-ci yazı ( əvvəli burda)



Avropada gördüyüm qədər burda (ABŞ) velospedlə qarşılaşmasam da, kifayət qədər nəqliyyatın bu sərbəst və sağlam növündən istifadə edən var.
Hardasa başa düşüləndi: burda benzin də ucuzdu, maşın da...Bu da komfortsevər amerikalı üçün velospedi elə də cəzbedici eləmir.
Deyim ki, velosped burda təxminən, su qiymətinədir. Məsələn, mənim mindiyim bu velo 100 dollardı.
Bir şey də var; vicdanınız yol versə bu velospedi 3 ay sürəndən sonra mağazaya "xoşum gəlmədi" deyib qaytara və pulunuzu centinə qədər geri ala bilərsiniz. Sizdən heş soruşan da olmayacaq ki, “qardaş, nəyini bəyənmədin?”
Bu məqamda sizin üçün bir dodaqqaçdıda edim. Mənim Taryel adlı dostum var, çox gözəl və abırlı insandı. Bir gün o bir mal alverçisinə qurbanlıq qoş sifariş edir. Amma sifariş gələnə qədər o başqa birindən qoçu alır.
Alverçi heyvanı gətirir, Taryelin həyası imkan vermir ki, desin ki, başqasın aldım bunu da ala bilməyəcəm. Deyir, xoşum gəlmədi bu qoçdan.
Adam dirəşir ki, axı nəyindən?
Taryel baxır ki, desə, arıqdı, olmur, heyvan ətli canlıdır.
Çolaqdı... onu da deyə bilməyəcək.
Rəngi də yerindədi...
Dostum qayıdır ki, “mələməyi xoşuma gəlmir”
J
Yazıq alverçinin təpəsindən tüstü çıxıb düz gedir.

PS.
Fotolardan birini metroda çəkdirmiləm. Metroya onunla rahat düşə bilərsiniz.

ABŞ-da "ana-bacı" söhbətləri

Amerika qeydləri, altıncı yazı (əvvəli burda )
Qərb "tənqidçilərini" bizdə danışdıranda onların dilindən əsas bir-iki tezis səslənir ki, vaxtaşırı onlara toxunacağam.

Onlardan biri budur: Qərbdə, Avropa- amerikada böyük kiçik yoxdu, qanacsızlıqdı. Bəs deməzsinizmi, məsələn avtobusda yaşlıya, uşaqlı anaya yer vermirler ve s.

Əvvəla ondan başlayaq ki, ABŞ-da vətədaşların hər bir kəsmi yüksək dövlət himayəsindədi. O baxımdan ki, dövlət azca fərasəti olana yaşamaq, həyatdan zövq almaq üçün müstəsna şərait yaradıb.
Yəni, vətəndaşın kiminsə minnətin götürməyə ehtiyacı olmur. Hamı öz qayğısını həll edə bilir. Mübaliğəli desək, bu ölkədə sağ göz heç sol gözün işığına möhtac deyil. 

Detallara keçək; biz analardan danışırıqsa dövlətin ata rolun dana bilmərik. Nəinki hamilə analar, hətta atalar da müxtəlif kurslara cəlb olunub, təlim edilir ki, dünyaya gələn körpə ilə rəftarı öyrənsinlər; uşağa necə yemək veriləcə, xəstələnsə ata neynəməlidir, körpəni qucaqda nə təhər saxlamalıdırlar və s.

Mövzu ilə birbaşa bağlı olmasa da, bu informasiya da maraqlıdır: burda başqasının uşağına oynatmaq məqsədi ilə əl dəymək xətalı işdi, sizi uşaq təcavüzünə görə polisə verə bilərlər.

İndi gelək cəmiyyətin davranışına...
Konkret örnək verim. Dostumun ailəsi ilə gəzməyə çıxmışdıq. Ananın qucağında körpəsi vardı. İki dəfə metroya mindirk. Hər dəfə bizim heç təşəbbüsümüz olmadan cavan oğlanlar durub anaya yer verdi. Təkrar edirəm, cavan oğlanlar!

Bunu ona görə yazdım ki, bizim ölkədə kimsə ictimai nəqliyyatda başqasına yer verməməyi özünün Avropa təfəkkürlü olmağınız təsdiqi kimi başa düşməsin.

PS. yazıdakı dırnaqarası qərb tənqidçiləri sözün dırnaqsız qərb tənqidçilərindən ayırmanızı rica edirəm.

21.5.14

ABŞ-da qurdla quzu

Desem ki, ABŞ-da qurdla quzu bir yerde otlayır, çox mübaliğeli çıxar.
Amma bizim vehşi hesab elediyimiz bir çox heyvanla burda insanlar dostluq, qardaşlıq ortamındadı. Meselen, dele, çöl ördeyi, qazı ve s.


18.5.14

Yaşamaq üçün ölüm yolu

Amerika qeydləri, 5-ci yazı (əvvəli burda)

ABŞ-da təxminən 11,7 milyon qaçaq yolla gələn immiqrant var.
Onların 59 faizi Meksikadan adlayıb. ( rəqəmlərdə istinadım mötəbər "National Foundstion for Amerikcan Policy"ədir)
Son 15 ildə 5 min 595 nəfər qaçaq yolla ABŞ-a girərkən həyatını itirib.

Statstikada bu da var: hər il Meksika-ABŞ sərhədindən qanunsuz keçmək istəyən 10 nəfərdən 8-nın arzusu gözündə qalır; ya yaxalanırlar, ya da ölürlər.

Məncə insanların öz həyatlarını niyə bu cür riskə qoyduqlarını aşağıdakı rəqəmlr gözəl izah edəcək.

Amerikada adam başına düşən milli gəlir  47,200 dollar, Meksika’da 13,900-dir. 

Dünya zənginləri siyahısında ABŞ 11, Meksika isə 85-ci yerdədi.
 Amerikada işsiz  faizi 6,3% , Meksikada ən az %25.

Əngəlli insan, ya dövlət?!

ABŞ qeydləri 4-cü yazı (əvvəli burda)

Amerikanın təzədən kəşf etməyə ehtiyac yoxdu; onu öyrənmək gərəkdi

Fiziki məhdudiyyəti olan insanlar haqda heç düşünürsüzmü? Yəni o adamları deyirəm ki, hərəkət qabiliyyəti məhduddur, sənin, mənim kimi ora-bura qaça bilmir, ən adi məsələlərdə amansız tale onlara problem yaradıb.

Bizim ölkədə bu cür insanların həyata müqavimət göstərib yaşaması mübaliğəsiz qəhrəmanlıqdı. Çünki fikirləşin, əli-qolu, ayağı normal vəziyyətdə olanlar belə Odlar Yurdunda güclə baş girələyir, onda qala hərəkət qabiliyyətində çatışmazlıq ola...

Insan sosial varlıqdı; bu o deməkdir ki, insan deyilən məxluqun missiyasının yemək, yatmaq deyil. Onun ünsiyyətə, diqqətə, özünü təsdiqə, kiminsə həyatında yer almağa haqqı, ehtiyacı var. Kəsə desək, adam bir kisə ət, un çuvalı olmaqdan fərqlənmək istər.

Bu bizim ölkədə müşkül məsələdir.




Heç bir mübahisəsiz yazıram ki, insan həm də özünü inkişaf etdirməyə məsuldu. Hətta bəzi böyük alimlər daha iddialı fikir irəli sürürlər ki, insan özü özünü yenidən inşa etməlidir. Amma söz ayrı, reallıq ayrı. Inşaat, formalaşma üçün bizdə nə qədər münbit şərait, alətlər var? Mən bu sualı xüsusən hərəkət əngəli olan adamlarımızın timsalında verirəm. Bir fiziki məhdudiyyəti olan dostumun mənə dediyi və unutmayacağım informasiya var. Demişdi: Natiq, burax dövlətin bizə vediyi yüz manat ətrafında pensiyanı, sən bir dövlət orqanı göstərə bilməzsən ki, mən əlil arabamla ora girib dərdimi danışa bilim. Bax, mənə maraqlıdır, bütün azərbaycanlıların prezidenti olduğunu bəyan edən Ilham Əliyev heç olmaya xəyal edirmi onun oturduğu binada özü və ya hansısa işçisı əlil arabasında oturan bir vətəndaşı necə qəbul edər? Hətta formalizm üçün Prezident Aparatında bizim arabaların hərəkətinə imkan yaradılmayıb!

***

Boston şəhərinin mərkəzi parkı “Boston Common”a ayağımı basan kimi şölənə düşdüm. Gözəl musiqi, oynayan, alqışlarla ritm tutan insan toplusu məni də özünə çəkdi.

Aha, heç demə, şən mahnılarla insanları rövnəqləndirən əlil arabasında oturan ortayaşlı kişi imiş. Onu dinləyənlər arasında araba ilə hərəkət edənlər də az deyildi.

Bu sözlə, ifadə edə bilməyəcəyim xoş bir vəziyyət idi. Yəqin ki, o konsert verənin də, ora arabayla gələnlərin də hamısı qədər sevinirdim.

  
Bu, cəmiyyətdə vəhdətin əlaməti idi. Onu da vurğulamalıyam ki, bizə sensasiya görünən bu hadisəÿABŞ üçün Allah bilir, nə vaxtdan adi hala çevirilib.Amerikalılar həm də ona görə xoşbəxtdilər ki, gərgin səylər, demokratik inkişaf sayəsində artıq təbiətin illətini dadaraq, fəaliyyət qabiliyyətindən məhrum olanlar, dövlətdən və cəmiyyətdən də əlavə şapalaq, tənə yemir.


Fiziki məhdudiyyəti olan insan, əksər ictimai yerlərdə parklar, mağazalar, dövlət binaları, nəqliyyat və s. arabaları ilə dolaşa bilir, kefləri istəyəndə camaatı başlarına yığıb konsert də verirlər. ABŞ demokratiyasını Azərbaycana gətirmək çox zəhmət istəyir - razıyam, amma hər axmaq ideyalar üçün Bakı və rayon parklarını bahalı tədbirlərə bağlayan hakimiyyətdəkilərimizə görəsən ayda bir dəfə haqqında danışdığımız təbəqə üçün o parklarda ictimai tədbirlər keçirmək çoxmu çətin olar?

 Mövzuyla bağlı VİDEONU burdan izlə

Amerikada "halallıq"



ABŞ qeydləri 3-cü yazı, əvvəlkilər burda 


New York küçələrində "halal" fast foodları görəndə əvvəl təccübləndim. 
Sonra yadıma düşüdü, ey dili-qafil, neyə təəccüb edirsən, bu ölkə ən çox müsəlman icması olanlardandı.

"Halal fast food"ları əsasən ərəblər, pakistan, əqanstanlılar, banqladeşlilər işlədir.

Ama, düzün deyim, onlar o qədər baxımsız və New Yorka yamaq kimi görünürlər ki, düşünürsən Azərbaycanın "halalı" ilə buranınkı çətin fərqlənə.



"Prezidentlər şəhəri"

ABŞ Massaçusi ştatı, Kuinsi (Quincy) şəhəri
Bu şəhərə "Preidentlər şəhəri" deyirlər.
ABŞ-ın iki prezidenti burda yetişib. Onlardan biri Con Adams ABŞ İstiqlal bəyannaməsinin həmmüəllifi, ABŞ-ın ilk vitse prezidenti və 2-ci prezidentidir. 
Onun oğlu Con Kuinsi Adams da 6-cı ABŞ prezidentidir.
Axramızdakı bina "Bank of America"nın ən qədim ofislərindəndi.
Təbii ki, binanı Bakıdakı kimi qaşıyıb ağartmaq amerikalıların ağlına gəlmir)

14.5.14

General Usubova qardaş məsləhəti

Hörmətli Ramil müəllim!

Hüquq müdafiəçisi Leyla Yunusa qarşı sizin polislərin insanlığayaraşmayan, qanacaqsız davranışını izlədikdən sonra bu məqaləni yazmaq ehtiyacı hiss etdim.

Qəbul edirəm ki, Leyla Yunusun şərlənməsi, tutulması sizin iradənizdən üstün məsələdir. Xoşbəxtlikdən qibleyi-aləm Ilham müəllim bir ictimai-siyasi fəalı damlamaq qərarını hələ ki, özündə saxlayır, bu lütfü sizə qıymır. Bu kimi məsələlərdə polis və sizlər tez-tez dediyiniz və bizim də inandığımız kimi, buyruq quludur.

Amma antik Roma və Yunanıstandan üzü bəri qulun, qulluqçunun da bir ədəbi-ərkanı var ki, sizin polislər onlara da tüpürür və mən də bundan danışacağam.
  
Hətta sivil dövətlərdə belə, polis əmrə tabe olduğundan, özfəaliyyət imkanları məhdudlaşdığından, bizim kimi ölkədə isə tam avtoritarizm hökm sürdüyündən, yəqin, Azərbaycan polisi ilə sizin aranızda bərabərlik işarəsi qoysam, məndən inciməzsiniz. Mən bütün polisləri sizin obrazda görürəm. Ona görə də Leyla Yunus məsələsilə əlaqədar hansısa X polislə yox, sizinlə həmsöhbət olmaq niyyətindəyəm.

Cənab nazir, mən xaraktercə hər şeydə bir müsbət cəhət axtaran, görən adam olduğumdan, sizinlə bağlı da bu istiqamətdə araşdırma etmişəm. Qənaətimcə, üç məsələdə sizin barənizdə müsbət danışmaq olar. 

Bir: Deyirlər ki, siz polislərə vətəndaşların mülkiyyət “rozborka”larına qarışmamaq barədə göstəriş vermisiniz; 

İki: Rauf Arifoğlunun kitabında yazdıqlarına inansaq, millətsevər birisiniz;

Üç: Sizə və ya sizə yaxın adamlara aid olduğu iddia edilən şadlıq saraylarında, restoranda haram ətdən təamların hazırlanması qəti qadağandır. Etiraf edək ki, bütün bu müsbətlər dərin tənqidə dözümsüzdü. Çünki onlar qulaqdan dolma informasiyalara əsaslanıb, azı 3 mənbədən təsdiqini tapmayıb və s. Əlbəttə, bu, sizin başqa müsbət xüsusiyyətlərinizin olmasını istisna eləmir. Yəqin ki, başqa müsbət məziyyətləriniz də var, fəqət, məlumunuz olsun ki, geniş xalq kütlələri və bəndeyi-həqiriniz onlardan xəbərsizdir. Bilsəydim, yazardım, niyə xəbislik edim ki...

Sadaladığım kövrək “müsbətlərin” fonunda sizin xeyli neqativ, hər bir azərbaycanlının barmaqla sayıb qurtarmayacağı qədər mənfi cəhətləriniz var. Görəsən bunlardan məlumatlısınızmı? Başa düşürəm, özünüzə təskinlik üçün dünyanın hər yerində polisin o qədər də mərhəmətli obrazının olmadığını deyirsiniz. Özünüz bilərsiniz, amma bunu da unutmaq lazım deyil ki, “müsbətlər”iniz kimi, bu təsəlli də çox kövrəkdir.

Ramil müəllim, biz totalitar sovet sistemindən çıxmışıq, siz o sistemdə milis formasını qazanmısız: dönüb keçmişə baxmaq sizin üçün hamıdan asandır, dönün bir baxın, milisin el içində hörməti necə idi, indi necədir?

Ramil müəllim, sizin etdikləriniz (bir daha xatırladıram ki SIZ xüsusi yox, ümumini - Azərbaycan polisini əhatə edir), artıq son həddir, bu nə yerə sığandı, nə göyə.

əli, siz hələ qarnımızı güllə ilə dəlmə-deşik eləmirsiz, lakin etdikləriniz bunun yanında çox dəhşətli, əzablıdır. Ləyaqətli insanların qürurunu sındırmaq, onu böhtana tuş etmək, şərəfini alçaltmaq, göz istənilən yerdə başı kəsib gətirmək... Bunlar ölümdən də betərdi.

Leyla Yunusa qarşı o davranışın adı nə idi? Nə etmək istəyirsiz, nədən bu zavallı xalqla bu cür davranırsınız? Bizlər nəyin günahkarıyıq? Vallahi, bu xalqı qəzəbləndirəcəksiniz, içindən bir Qandi çıxacaq və heç nə yox, təkcə “filankəsin restoranlarında toy etməyin, orada yediyiniz ərzaq deyil, irindi-qandı” şüarı ilə səfərbər olub, biznes şəbəkəsini boykota çağıracaq. Buna dözə biləcəksinizmi? Ağlım kəsmir!

Ramil müəllim, sizin bir dəfə “mən Heydər Əliyevə görə nəvə-nəticələrimə düşmən qazanmışam” etirafınıza şahidəm. Mərhəmətinizə sığınıb, sizi bu barədə təkrar düşünməyə dəvət edirəm: Əlahəzrət, demişkən, bəlkə bir az yavaşlayasız, bəlkə düşmən qazanmağınız kifayətdi. Ölüm-itim dünyasıdır, ağsaqqal yaşındasınız, məncə, dost qazanmağınızın zamanı nəinki gəlib, artıq o zamanı da itirirsiz.

Siz özünüzü təriflətdirdiyiniz adamları dost saymayın, onlar sabah, vəziyyət dəyişəndə kürəyinizə birinci xəncər taxanlardan olacaq. Necə ki, Əli Insanov, Rəfael Allahverdiyev, Sirus Təbrizli məqamını itirəndə biz bunu açıq-aydın gördük. Sizi ruhdan salmaq istəmirəm, ancaq sizə görə zaman da xasiyyətini dəyişən deyil. Belə gedişatla, sizi də o aqibət gözləyir.

Ramil müəllim, anlayıram ki,ÿcəmiyyəti demokratik yolla idarə etmək bacarığınız yoxdu, buna heç həvəs də göstərmirsiniz. Siz “zor olan yerdə ağla nə ehtiyac var”, prinsipinə səcdə edirsiz. Lakin zordan da, gücdən də gərək əndazədə istifadə edəsən. Siz isə zor məsələsində də israfçılıq edirsiniz.

Qardaş, siz cəmiyyəti qorxu, xofla idarə etmək istəmirsiniz? Edin. Amma olmazmı, bunu da müəyyən ədəb, insanlıq prinsipləri çərçivəsində edəsiniz.

Adi bir məsələ: hələ indi də valideynlər uşaqlarını qaba və kəsə yolla tərbiyələndirmək üçün onların barmağını isti bir şeyə xəfifcə toxundurub, “cızza” deyir və bununla da xeyli dərəcədə uğura nail olurlar. Bu kobud yoldu, amma keçiləsidir, effektivdir.

Sizin doğrudan da niyyətiniz cəmiyyətdə asayişi qorumaq, sahman yaratmaqdısa, fəqət, bu işi kobud yolla etməkdirsə, nümunə verdiyim valideynlər kimi edin.

Sizsə belə edirsiz: uşaq heç istiyə meyl göstərmədən, onun cibinə nəşə qoyur, qoluna qandal vurur, sonra əlini biləkdən kəsib isti qəhvədana salırsız və deyirsiz ki, bir də istiyə toxunma, toxunsan, əlin yanacaq (halbuki, əli artıq kəsmisiniz), cibindən də nəşə çıxacaq, türməyə gedəcəksən!


Belə olmaz, vallah, belə olmaz. Siz cəmiyyəti hara sürükləyirsiz, fərqindəsinizmi? Leyla Yunusu gözü yaşlı, qəhərlənmiş formada insanlara göstərməklə demək istəyirsiniz ki, baxın, bu da sizin 30 ildir insan hüquq və azadlığı ilə məşğul olanınız... Nə istəyirik, onun başına gətiririk! Qanuni əsas olmadan tuturuq, bu müddətdə də elementar hüquqların icrasına fürsət vermirik...

Cənab general! Bu mesajı vermək istəyirsinizsə, Allaha dua edin ki, cəmiyyət o mesajı başa düşməsin. Çünki bu insanları açıq-aşkar zorakılığa sürükləməkdir, hüquqdan imtinaya təhrik etməkdir, qanunlara inamsızlıq aşılamaqdır. Təkamül insanlar hüququn işləmədiyi yerdə, məsələn, cəngəllikdə belə, ayıdan, qabandan, şirdən müdafiə olunmaq, onların üzərində zəfər qazanmaq vərdişi, təcrübəsi əldə edib.

Ay, şir hara, sizin polislər hara... Atavizmlərə həyat verməyin, Ramil müəllim!


13.5.14

İlham Əliyevə yaltaqlanmaq üçün münbit şərait yetişir

 Bir qrup ziyalının İlham Əliyevə siyasi məhbusları azad etmə xahişi ilə etdikləri müraciəti oxudum. Daha sonra Jalə şirəsi ilə bəslənən bir partiyanın oxşar müraciətini gördüm və bunları düşündüm.

1: Günahsız yerə həbs olunanların azadlığını istəyən, arzulayan, bu haqda danışan hər kəs sağ olsun.

2: Mənə belə gəlir, İlham Əliyev siyasi məhbusları azad etmək məcburiyyətində qalıb. Sadəcə bunu cəmiyyətin xahiş-minnəti ilə etmək istəyir.
 Onun belə bir xoşagəlməz cəhəti var, Wikileaksdə də çıxmışdı: camaatı günahsız yerə həbs etdirir, sonra deyir ki məndən əfv istəyin. ABŞ  diplomatı "axı bu əfv ərizəsinə, xahişinə nə gərək var", soruşanda İlham demişdi ki, dünya ayrı, Azərbaycan ayrı, burda belə lazımdı (yəni əfv üçün ərizə).

Bu xoşagəlməz, bədxah istəyə görədir ki, hələ sümükləri bərkiməmiş, ciddi sağlamlıq problemi olan Daşqın Məlikovdan ərizə də aldılar, ürəkləri soymadı, məlum qəbirə baş əyməyə də apardılar. Çoxdan idi bu ənənə yaddan çıxırdı...

İş belə gətirib ki, dağ qayaya rast gəlib. İndi həbsdə olan siyasi fəaların əksəri dirəşib; onlar günahsız olduqları halda imdad diləmirlər. Bu hal o yoldaşlara ziyan olduğu kimi İlham müəllimə də ziyandı. Biruzə verməmələrinə baxmayın, hara gedirlər siyasi məhbus tənəsin eşidib, dilxor olurlar.
Elə belə də siyasi dustaqları açıb buraxmaq olmur. Belə halda "zəhmətkeş" müraciətlərinə ehtiyac yaranır.

Onların nə dərdi, problemi var cəhənnəmə olsun, təki günahsız insanlarımızı azad etsinlər.

3: Çox aydın şəkildə  sezirəm ki, bir dəstə insan var ( mən onları eybəyi həsənliyə oxşarlar fəsiləsi adlandırıram), siyasi məhbusların azadlığa buraxılmasını üçün gəcə gündüz dua edirlər. Neyçün? Ona görə yox ki, məsələn Rəşadət Axundov  körpə balasına qovuşacaq, nakam və faciəli sürətdə həlak olan babasının qəbrini ziyarət edəcək... Əsla və əsla
Ona görə ki bu adamlara İlham Əliyəvə yaltaqlanmaq, özü də "qərb yaltaqlığı" formasında yaxşı imkan yaranacaq.
Mən siyasi məhbuslar azad olunandan sonra jaləli saytlarda "ulu öndərin layiqli davamçısının humanist addımlarını" tərənnüm edəcək yazıları indidən görürəm və oxyuram.

Yəqin ki, siz də.

12.5.14

ABŞ-da siqaret, içki və narkomaniya

ABŞ qeydləri, 2-ci yazı ( əvvəli burda) 

Evvela onu unutmayaq ki, ABŞ çox neheng ölkedir ve onun barede ümumi fikir söyledikde mütleq xeta olur. Düşün ki, bir ştatda qanun olan şey, başqa birinde qanunsuz ola bilir.
Ona göre aşağıdakı qeydlerim yere göre deyişe biler.

ABŞ-da siqaret çox bahadır. En ucuz yerlerde bir qutu siqarete 6 dollar vermelisen. Bele yerler çox deyil. Ekseren 10 dollardı.
Nyu_Yorkda 14 dollar bir qutu.

Siqaret bizdenkinden tekce qiymetine göre ferqlenmir. Tüstüsü de ayrı cüredir, etimalen bizimkilere baxanda cana daha az ziyan vurur.

Siqarete qatılan nese bir madde var ki, onu sovurmayanda derhal sönür. Yeni, yere atdınızmı, qısa vaxta sönür. Bu potensial yanğın riskini azaltmaq üçündü.

Siqareti her yerde çeke bilmezsen; bağlı meskenlerde bu qadağandı. Hetta öz evinde bele. Evlere xüsusi cihaz quraşdırılıb, tüstünü gören kimi ulayır ve buna göre beline babat cerime yazılır.

Burda elektron siqaret yayğındı: amma üç gün evvel ABŞ Sehiyye nazirliyinin qeydini oxudum ki, yaxınlarda esl siqarete tetbiq olunan mehdudiyyet buna da şamil olunacaq. Yeni, reklamı yasaq, qapalı yerde çekilmesi de elece.

Siqaret çox ciddi şekilde azyaşdılara, mekteblilere satılmır. Hetta, sifetden bir az mektebliye benzeseniz, dükançı sizden pasport isteyecek.

Size deyim ki, qadağa öz işini görüb. Bizdeki kimi her tinbaşı, küçe boyunca burda siqaret çekenleri görmek çetindi.
***
İçki siqarete baxanda ucuzdu, meselen 20 ededli Henken pivesinin qutusu 24 dollara. Amma bir şey var, burda keçede, bayırda elinde içki butulkası gezmek, içmek hüner ister. Qadağandı.
***
Narkotik, xüsusen marixuana ABŞ-da ele İran qeder yayğındı. ABŞ her il texminen, Azerbaycan büdcesi qeder vesaiti narkomaniya ile mübarizeye xercleyir. Amma nezereçarpacaq effekt yoxdu.

İnsanın küçə azadlığı

ABŞ qeydləri (1-ci yazı)
Hər dəfə qərib ölkdə olanda diqqətimi küçə tamaşaları çəkir.
Xüsusən, küçə musiqiçiləri və rəqqasları.
Bizdə yeni-yeni yaranan bu ənənə qərbdə çox məşhurdu.
Cavan adamlar küçədə, bayırda kiçik səhnələr yaradıb, başlarına adamlar yığır, özlərini göstərirlər. Bu əsl xalq yaradıcılığıdır deyə bilərik.
Siz deyim ki, bu yolla pis pul da qazanmırlar.
Küçələr mən görə ölkədəki azadlığın səviyysini göstərən ən mühum indikatorlardandı.
Bizdə "küçə adamı" söyüşü var. Açığı, bilmirəm qərbdə küçədə çalıb, oynayanlara el-oba arasında şəxsi münasibət necədi, amma gördüyüm budur ki, onları diqqətlə dinləyən, hərarətlə alqışlayan və əməklrin qiymətləndirənlər az deyil. 
Aşağıdakı üç xırda videonu ABŞ küçələrində çəkmişəm.



Uca bina (Boston)

Prudential Tower.
Bostonda ən uca bina.
Hündürlüyü 276 m, 1964-cü ildə inşası tamamlanıb. 52 mərtəbəsi var.