13.3.14

Natiq Güləhmədoğlu: “Bizim bloqosferada böhran var”

Jurnalist Natiq Güləhmədoğlu PressForum.az saytına bloqçuluq fəaliyyətindən danışıb.

- İllərdir jurnalist kimi çalışırsınız. Bloq yaratmaq ideyası nədən yarandı? Jurnalistika sizə kifayət etmədi?
- Həmişə “fərdi saytım olsun”  kimi bir arzum olub. Bloqa da bu arzunun tərkib hissəsi kimi baxdım. Qabaqlar bir neçə dəfə bu istiqamətdə çalışdım da; pulsuz sayt yaratma imkanlarından yararlandım, amma çox effektsiz oldu. Nəhayət 2011-də bloq yaratmaqla bu işi bir az ciddiləşdirdim.
Jurnalistika əsasən kifayət edir. Ancaq əlavə resurs kimi bloqu da əldə saxlamağı faydalı bilirəm.
-  Adətən bloqda hansı mövzuları işıqlandırırsınız? Mətbuatda gedən yazıları yerləşdirirsiniz  yoxsa  başqa fikirlərinizi bura köçürürsünüz?
- Hər ikisi olur. Bloq belədir ki, orda daha sərbəst ola bilirəm. Qəzetlərin öz qaydaları var, ağır stili olur. Bloqda rahat atmaca, replika metodlarını işlətmək mümkündü.
Tez-tez yox, ara-bir qəzetdə gedən məqalələrimdən də bloqa qoyuram. Əksi də olur.
- Bloqda yazan insan bir növ nəzarətsizdir. Nə istəsən, yaza bilərsən. Özünüzü redaktə edirsinizmi?
- Mən qəzetdə də, Facebook-da da, bloqda da istədiyimi yazıram. Fəqət bu o anlam daşımır ki, ağla gələn hər sərsəm fikri yazmalıyam. Bu düz deyil. Mən hara yazmağından asılı olmayaraq məsuliyyətimi dərk edərək yazıram.
- Bloqçuluq fəaliyyəti və sosial media. Sosial mediada çox fəalsızınız, bloq yazısı yazmağa ehtiyac qalırmı?
Bloqun elə bir üstünlüyü var ki, sosial media onu ödəmir. Adi bir fakt: biz tıxac problemi ilə bağlı parlaq bir fikir istehsal edib bunu Facebook-da yazdıq. Bir-iki ay sonra həmin problem yenə aktuallaşırsa o yazdığın statusu Facebook-da tapmaq çətindi, vaxt aparan işdir. Bloqda isə rahatdır, qeydlər yerində durur, vaxtaşırı ora istinad etmək olur.
- Amerikanın məşhur «Haus» serialında bir xanım həyatının hər anını bloqunda yazırdı. O hətta xəstəxanada belə bu işini dayandırmırdı. Minlərlə də pərəstişkarı vardı. Azərbaycanda, deyəsən, heç bir bloqçu böyük auditoriyanı cəlb etdiyini iddia edə bilməz. Nədəndir?
- Bizdə ömrün hər anını Facebook-a köçürənlər daha çoxdur. Özü də lap ifrat formada. Açığı mən bunu hələ özüm üçün qərarlaşdırmamışam, öz həyatını anbaan başqaları üçün raport etmək kimə və nəyə lazımdı?
Sualınızın ikinci hissəsinə gələndə, bəli bizim bloqosferada böhran var. Populyar bloqlar barədə, təəssüf, danışa bilmərik. Bloq zəhmət istəyir. Orda ardıcıllıq, mötəbər olmaq çox vacibdir. Biz bu sahədə axsayırıq. Səbəbi ola bilər düzgün göstərməyim, sadəcə qənaətim budur ki, bizim tənbəlliyimizin, yaradıcı qabiliyyətimizin aşağılığı, bloqun gücünə inamsız olmağımız burda əsas sözü deyir.
- Özünüz hər hansı bir başqa bloqçunun yazılarını izləyirsininzmi?
- Ardıcıl izlədiyim bloq yoxdur. Ancaq yazdığı qeydlərin sanballı olduğunu deyə biləcəyim bloqçular var, az da deyillər. Daha çox səyahət, film və kitab şərhlərinə həsr edilən bloq qeydlərin həvəslə izləyirəm.
- Bu sahənin gələcəyinin necə görürsünüz?
-  Düşünürəm, biz yaxınlarda video bloqçuluğun təşəkkülünü görəcəyik. Yeni əsil çəkməyə daha çox aludədir, nəinki yazmağa. Üstəlik, vizuallıq daha çox oxucu, izləyici cəlb etdiyindən belə gözləntim var.
Arzuma gəlincə, mən bütün tanıdığım, xüsusən yazmağı bacaran ictimai-siyasi fəal dostlarıma həmişə bloq yaratmağı tövsiyə edirəm. Yazmaq insanı günü- gündən formalaşdırır, təfəkkürü cilalayır, intellekti yeniləmə ehtiyacı yaradır. Bu isə bir siyasətçi, ictimaiyyətçi üçün gərəkli məşqdir.

8.3.14

Necə intihar etməli?

Hörmətli vətəndaşlar, dəyərli oxucular.

Ölkəmizin müqəddaratı üçün vacib bir məsələdən danışmalıyıq. Bildiyiniz kimi günü-gündən çiçəklənən, infrastruktur layihələri uğurla həyata keçirən, regionların sosial-iqtisadi inkişafında böyük başarılar əldə edən ölkəmizdə son zamanlar intihar halları da vüsət alıb.

Vətəndaşlarımız bu istiqamətdə də cəsarətli addımlar atır, statistik yöndə baxsaq, iş pis getmir; hər gün bir intihar barədə mətbuatda məqalələr çıxır. Fəqət bu vacib işə bəzi vətəndaşlarımız səhlənkar münasibət göstərir, məsuliyyət hissi ilə yanaşmırlar.

Söhbət nədən gedir?

Məsələn, iki gün əvvəl özünü öldürmək istəyən Qarabağ qazisinin heç demə, ruhi vəziyyəti yerində deyilmiş. Təsəvvür edirsinizmi, belə bir şəxs intihar təşəbbüsündə bulunub. Allaha şükürlər olsun, şanlı hüquq mühafizə orqalarımız sayıq tərpəniblər. Sağlamlıq durumu qaydasında olmayan vətədaşımızı intihar təşəbbüsü anındaca boğularaq dəlixanaya yerləşdirilmişdir.

Xatırlayırsınızsa, Mingəçevirdə də intihara cəhd edən vətəndaşımız barədə yerli icra orqanının tutarlı açıqlaması olmuşdu. Heç demə, həmin şəxs spirtli içki qəbul edən imiş. Səhiyyə orqanlarımız bu fakti təkzibolunmaz formada təsdiqlədilər, vətəndaşın hüceyrələrində spirt tapıldı.

Hörmətli vətəndaşlar, dəyərli oxucular...

Intihar üçün ölkəmizdə lazım olan bütün şərait yaradılmışdı. Dövlətin bu sahəyə qayğısı kifayət qədərdir. Vicdanı olan hər kəs bu sahədə deffekt olmadığını etiraf edər. Lakin bu o deməkdirmi ki, dövlətin yaratdığı bu imkandan sui-istifadə hallarına yol verilsin? Bəs düşmən bizə nə deyər? Hər yerindən qalxanın, sağlamlığı, ruhi vəziyyəti yeridə olmayanların, spirtli içki qəbul edənlərin və s.lərin intihar yolunu seçməsi nə özbaşınalıqdır? Kim bu adamlara belə səlahiyyət verib?

Açıq etiraf etməliyik, burda dövlət orqalarının da sayıqlığını itirmə halı vardır. Çox təəssüflə vurğulanmalıdır ki, Səhiyyə Nazirliyi, Nazirlər Kabineti hələ bu günə qədər intihar edən adamların standartları ilə bağlı lazımi sənəd hazırlamayıblar. Bu tənqidə layiq hal olsa da, vətəndaşları da məsuliyyətdən azad etmir.

Hər bir vətəndaş, dəyərli oxucu bilməlidir ki, intiharın legitim olması üçün vazkeçilməz əsaslar olmalıdır. Mən burda nümunəvi vətəndaş kimi onları yazıram və ümidvaram ki, sayğılı insanlarımız onları nəzərə alacaq. Intihar etmək fikrinə düşənlər üçün təlimat

Bir: Intihar edən şəxs sağlam olmalı. Onun sağlıq durumu yaşadığı ərazi üzrə həkim məntəqəsində təsdiqlənməlidir.

Sağlamlıq haqda arayışda onu vacib, həyati orqanlarının laborator və insturimental müayinələrinin nəticələri qeyd edilməlidir və ancaq bu göstəricilər qənaətbəxş olduğu halda intihara iznli sayılmalıdır.

Iki: Intihar edən şəxsin ruhi-psixoloji vəziyyəti stabil və qaydasında olmalıdır, hər hansı depressiya və stress əlaməti olduğu halda onun intihara gedən yolu kəsilməlidir.

Üç: Intihar edən şəxslə fərdi söhbət aparılmalıdır, ona xatırladılmalıdır ki, ölüb gedəcəyi təqdirdə geridə heç bir narahatlıq yaradan hal buraxmamalıdır; buna görə həmin şəxs heç bir banka və şəxsə borcu qalmadığı barədə dilindən izahat verməli, bu izahatı heç bir təzyiq olmadan yazdığını imzası ilə təsdiqləməlidir.

Nəhayət: Intihar edən şəxs dünya ilə vidalaşdıqdan sonra bu acı hadisənin müxtəlif spekulyasiyalara, dövlətimizin inkişafını gözü götürməyən xaricə satılmış ünsürlər tərəfindən manipuliyasiya vasitəsinə çevirilməməsinin qayğısına qalmalıdır. Buna görə də o, bu aktı gerçəkləşdirməzdən öncə notarial qaydada intiharı barədə xəbərin yayılmasını, şərhini dövlət informasiya orqanı “AzərTAc”a həvalə etməldir.

Hələlik bu qədər, vətənimiz, xalqımız üçün xeyirli-uğurlu olsun!

(Azadlıq qəzetində çap olub: 19 FEVRAL 2014 )