Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında tez-tez işləndiyi kimi desək, aydın səmada şimşək effekti verdi.

O, təkbaşına döyüşdü, hətta tamaşaçısı olmadan...

Lap siftədən başlayaq. Ondan ki, Insanovun çağırışına reaksiya necə olmuşdu? Bu barədə uca səslə danışmaq olmaz. Hər halda, mən məhkəmə zalında jurnalistlərdən başqa 3-4 nəfəri gördüm.

Əli Insanov yalnız buraxılmışdı, bu ağır döyüşdə. Hardasa başadüşüləndir. Əli Insanova hakimiyyətin qəzəbi elədir ki, onun məhkəməsinə gəlməyin özü xüsusi cəsarət tələb edir. Heç unutmayacağım bir xatirəm də var bunu demək üçün. Ziyalımız, şərlənərək həbsə atılan Qurban Məmmədovun məhkəməsinə çox tanınıış bir insanın atası gəlirdi, biz foto çəkəndə üzünü gizlədir, xahiş edirdi ki, kadrlara düşməsin. Belə sadə adamları anladıq, bəs “Qərbi azərbaycanlı” kartını əldə bayraq edən, Əli Insanovun adını və nüfuzunu istismar edən zümrə neyçün məhkəmə zalında deyildi, qaranlıqdı...

Daha bir yaxşı olmayan fakt bu idi: Əli Insanovun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu, onun işgəncə və qeyri-insani rəftara məruz qaldığı Avropa Məhkəməsinin qərarında öz əksini tapıb, bu məhkəmə prosesləri də o qərara görə keçirilir. Lakin nədənsə, beynəlxalq təşkilatların məhkəmələri monitorinq edən heyəti bu prosesdə gözə dəymirdi. Halbuki, onlar da maraqlı olmalıydılar...

Jurnalistlər və müxalifətdən rahatlıqla əfv istədi, Ilham Əliyevdənsə yox...

Əli Insanov məhkəmə zalına şux vəziyyətdə gəldi və sonadək danışıq, davranışında da ötkəmliyini qorudu. Dəmir barmaqlıqlar arxasında oturandan sonra zala baxdı və jurnalistləri görən kimi ayağa qalxıb onları salamladı. Bu bəlkə də adi bir etika idi, ancaq ibrət alınası haldı. Bilirsiniz, keçmiş nazir vəzifədə olarkən müxalifət qəzetlərindən olan jurnalistlərə, həmçinin müxalifətin özünə qarşı sərt münasibətilə seçilib. Ancaq o, hələ ilk məhkəməsində bunlara görə müxalifətdən, jurnalistlərdən üzr istəyib, bağışlanmasını xahiş edib.

Çoxlarına görə, bu, Əli Insanovun özünə imic düzəltməsi, mətbuata xoş görünməsi üçün etdiyi jest idi. Bəlkə də. Fəqət, gəlin, bir az aydın düşünək: 8 il yarımdır ağır məhbəs həyatı yaşayan yaşlı Əli Insanov üçün azadlığa çıxmaq daha vacibdir, yoxsa özünə yaxşı imic düzəltmək? Əlbəttə ki, birinci.

Uzağa getməyək, Əli Insanovla eyni vaxtda və eyni ittihamla həbs edilən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin yazdığı bir əfv ərizəsi kifayət etdi ki, onu da ailəsinin yanına buraxsınlar. Elə bilirsiniz Əli Insanovdan əfv ərizəsi istəmirlər?

Məhkəmə fasiləsində Əli Insanova bir neçə sual vermək imkanım oldu. Soruşdum ki, Əli müəllim, sizdən əfv ərizəsi istəmirlər? Başını yelləyib, “gecə-gündüz, dayandıqları var bəyəm...” cavabını verdi.

Bu mövzuda daha aydın baxışını isə məhkəmə çıxışında ortaya qoydu. Hakim vəkillərin vəsatətini oxuyurdu. Orada bir yer vardı ki, Əli Insanova bəraət verilsin. Insanov hakimin zəif səsli oxunuşunda “bəraət” ifadəsini “əfv istəmək” kimi başa düşmüşdü. Buna görə də dərhal hakimə etiraz bildirdi: “Deyəsən, siz orada ”əfv" sözünü işlətdiniz. Mənə əfv gərək deyil. Ilham Əliyev getsin, öz yaxınlarına, tayfasına əfv versin. Xirtdəyə qədər cinayətin içindədilər".

Ilham Əliyevdən ağır həyat tərzini dəyişməkdən ötrü bircə əfv diləməyən insan müxalifətdən, jurnalistlərdən üzr istəyib. Bu, ciddiyə alınası məqamdır və Əli Insanovun xarakterini göstərir.

Zarafatlar

Məhkəmə boyunca Əli Insanov ciddi duruşu ilə bərabər, zarafatlarından da qalmırdı. Məsələn, o, hər dəfə Ilham Əliyevin adını çəkəndə hakim əsəbiləşirdi, onu saxlaya bilmədiyini görəndə, fasilə verib zaldan çıxırdı. Hər dəfə də Insanov onların ardınca deyirdi: “Hara gedirsiz, yenə küsdülər...”

Bir dəfə də hakim ona çıxışında ittihamdan kənara çıxmasını irad tutub “məhkəmənin icazəsi olmadan...” deyəndə, Insanov onun sözünü yarıda kəsib, “nəfəs almaq olmaz”, - deyə əlavə etdi.

Əli Insanov və Əli Şəriəti

Əli Insanov məhkəmədə hakimlərə üz tutaraq, “haqqı bərpa edə bilmirsinizsə, heç olmasa, batili ifşa etməyə cəsarət tapın” deyəndə və bunu bir neçə dəfə təkrar edəndə barmağımı dişlədim. Əcəba, bu da Əli Şəriəti aşıqidimi? Axı bu fikir ustad Şəriətinindi. O, belə demişdi: “Haqqı bərqərar etmək mümkün deyilsə, batili ifşa, rüsvay etmək olar. Beləliklə, həqiqəti həmişə diri saxlamaq olar”.

Bu fikri tez-tez yazılarımda da işlədirəm.

Amma təəccübüm uzun çəkmədi, fasilələrin birində o, mənə tərəf çevrilib dedi: “Necəsən e, Əli Şəriəti ilə neynirsən?”

Deməli, yazıları oxuyur və Əli Şəriətidən işlətdiyim fikirlər onun da diqqətini çəkib.

Güldüm, deməyə fürsət olmadı ki, “ay doktor, dostlarım günümü qara eləyib, imkan vermirlər heç ondan paylaşım edim, deyirlər, bezmişik”.

Əli Insanov isə zala üz tutub bildirdi: “Əli Şəriətini oxuyun, mütləq oxuyun. Böyük alimdir!”

***

Əli Insanovun məhkəməsinə zərərçəkmiş qismində Tibb Universitetinin kafedra müdirini də dəvət etmişdilər. Bu adam hər kəsi onunla təəccübləndirdi ki, vəkillərin verdiyi bütün vəsatətləri dəstəklədi, hətta Insanovun azadlığa buraxılması barədə vəsatəti də. Adam elə hey çalışırdı ki, ona imkan versinlər, Əli Insanov barədə xoş fikirlərini desin. Jurnalistlər ondan xahiş etdi ki, məhkəmədən sonra müsahibə versin, o isə “jurnalistləri xoşlamıram” dedi. Kafedra müdirinə dediyim sözü, buradan indi “gözləri ayaqlarının altını görməyən” məmur təbəqəsi üçün də təkrarlamaq istəyirəm: “Jurnalistlərlə, xüsusən sizin xoşunuza gəlməsə də, həqiqətləri yazan insanlarla mehriban olun. Bunu bacarmasanız da, onları aşağılamayın. Zülmün sərt üzü ilə qarşılaşanda, hətta sevdikləriniz sizdən üz döndərəndə, səsinizi eşidəcək yeganə zümrə onlar olacaq”.

***

Məhkəmə tez-tez Əli Insanovun sözünü kəsirdi. Hiss edilirdi, o, çıxışa yaxşı hazırlaşıb, demək istədiyi çox mətləblər var. “Niyə bunları yazıb içəridən yollamırsınız”, - deyə soruşdum.

Dedi ki, ona heç bir imkan vermirlər. Başındakı az saçlarını göstərib, “tükümün dibini də yoxlayırlar”, - deyə əlavə etdi.

Başa düşürəm ki, dünyada məsləhət vermək qədər asan olan çox az şey var, amma özümü saxlaya bilmirəm: “Dostlar, yoldaşlar, sözünüzü demək üçün dəmir barmaqlıqları gözləməyin. Nə qədər azadsınız, sözünüzü kəsməyə imkanlar məhduddur, danışın. Danışın, sizi mütləq eşidən olacaq”.

Əli Insanovu isə izləməyə davam edək. Dəyər buna...

(`AZADLIQ` qəzeti, 18 YANVAR 2014)