Elçibəyin babası "Yeni Müsavat"a necə borclu olub?

Keçmiş də, bu gün də sənin əleyhinədir, Rauf Arifoğlu, barı sabahını zay eləmə...
Bir neçə məqamı aydınlaşdırmağa ehtiyac var.
Birinci məqam:
Bildiyiniz kimi Əbülfəz Elçibəyin oğlu mediaya müraciət edərək, atasının adının münaqişələrdə çəkilməməsini xahiş etmişdi. “Azadlıq” qəzeti bu çağırışa sayqı ilə yanaşdı, özünü “Elçibəyin gizli əsgəri” adlandırıb, daim “Rəsulzadə-Elçibəy” adı ilə öz alverini edən (o, buna “qəzetçilik biznesi” adını qoyub) Rauf Arifoğlunun və onun dostlarının gerçək simasını tanıtmağa fasilə verdik.
“Yeni Müsavat” isə bu haqda hamıdan qabaq məqalə yazıb bildirdi ki, onlar çağırışa əməl edəcəklər.
Fəqət, ictimai qaydada verdikləri sözü adətlərinə uyğun olaraq “unudutdular”. Günlərdir Rauf Arifoğlu və qardaşı Elçibəyin adından sui-istifadə edərək, AXCP və “Azadlıq” qəzetinə mənəviyyatdan uzaq iftiralar atır.
Buradan çıxan qısa nəticə: bu adamlar dürüst deyil; əhdə vəfa onlara yad bir şeydir; makivellisayağı həyat tərzi Rauf Arifoğlunun kredosudur. Yazdığın o məqalə nə, ondan sonra çamur püskürməyin nə?
***
Ikinci məqam:
Rauf Arifoğlu özündən faktlar uydurub tarixdən kömək umsa da, yenə çarəsizdir. Bu hacı neçə gündür ki, konkret fakt gətirmədən, Şərq hiyləgərliyi ilə oxucuları aldatmağa cəhd edir. Bu sətirlərin müəllifi də daxil olmaqla, bir çox müəlliflərin “Azadlıq”da gedən yazısının bulanıq foto-surətini yayır və yazıda hər hansı təhqir, aşağılayıcı söz, ifadə olmasa da, haray qoparır ki, bax, bu məqalələrdə Elçibəy təhqir olunub. Insanda abır yaxşı şeymiş...
Cəsarətin çatırsa, necə ki, sizin yazılarla bağlı biz edirik, sən də elə et: yazını böhtan dolu, istiqamətləndirici şərhlərinlə təqdim etməkdənsə, onun özünü yay, qoy, oxucu özü qiymət versin.
***
Üçüncü məqam:
“Azadlıq”da Elçibəyin tənqid olunması barədə məqalələri təhqir adı ilə ictimaiyyətə sırıyanlar unudurlar ki, uzun illərdir “Azadlıq” öz dəyərini elə bu cəhətilə qazanıb.
“Azadlıq” AXC hakimiyyətdə olanda belə, tənqidi keyfiyyətini arata qoymayıb. Elə buna görə də Əbülfəz Elçibəy və başqa əsl demokratlar tərəfindən sevilib.
“Azadlıq”da və ya başqa bir media orqanında Elçibəyə qarşı xoşagəlməyən fikir yazanlar indi birmənalı olaraq, nə AXCP-dədilər, nə də “Azadlıq”da. Belələri indi Rauf Arifoğlunun dostlarıdır. Rauf Arifoğlunun hünəri çatmalıdır ki, bu adamlarla “gizli Elçibəyin əsgəri” kimi münasibəti kəssin, daha səhifəsində belələrinə palaz-palaz yer ayırmasın.
Bəli, “Azadlıq”da Elçibəy tənqid olunub, yenə də yeri düşəndə belə hallar olur. Fəqət, “Azadlıq” heç vaxt Elçibəyi “müxalifəti parçalayan separatçı” adlandırmayıb.
Böyük Bəy heç vaxt “Azadlıq”a embarqo qoymayıb, “Yeni Müsavat”ın isə atdığı çamurlardan təngə gələrək, bu qəzeti embarqoya məruz qoyub. Düz adamsınızsa, bir aydınlıq gətirin, Elçibəy niyə sizə emqarqo qoymuşdu?
Elçibəy böyük adam idi, tənqidin də nə olduğunu bilirdi, çamurun da. Elçibəy tənqidə açıq adam idi. Demokrat idi. Ona görə də çox asanlıqla fərqləndirirdi ki, onu tənqid edən kimdi, ona qarşı qərəzli və “böyük əllərin gücü ilə” ləkələyən kim...
Elçibəy öz dili ilə demişdi bunu. Hətta sual vermişdi: “Bəlkə özümün, bəlkə babamın ”Yeni Müsavat"a nəsə borcu var?"
Oxuyaq: “Bu yazılan yazılar hansısa jurnalistin acığımı, hirsimi olsaydı, çox yaxşı qəbul edərdim. Amma mən düşünürəm ki, bunların arxasında daha böyük əllər var. Bu, mənə heç xoş gəlmir. Çünki bu tip yazılar bir dəfə yazılsa, iki dəfə yazılsa, bilərsən ki, jurnalist sənə söz atır, ya sataşır. Amma mən görürəm ki, bu, ardıcıl kursdur və bunun arxasında güclü əllər var ki, bu kursu axıracan aparır. Mənə qarşı nədən bu kurs götürülüb, anlamıram.
...Vaqif  Hüseynov kimdir ki “Yeni Müsavat” üçün mötəbər mənbə olub? Vaqif  Hüseynov Azərbaycan KQB-nin keçmiş sədri, yanvar qırğınından xəbəri olan və gizlədən, ifadələrində Isa Qəmbərə də şər atan adamdır. Bu adamı hardan eşələyib, tapıb, gətirirlər “Yeni Müsavat”in səhifələrinə? Geniş şəkil ilə reklam edirlər. Nədir, nədir, mənim əleyhimə iki cümlə işlədəcək. Burada mən açıqca qərəz görürəm" (mənbə: “Günaydın” qəzeti 3-5 aprel, N 34).
***
“Yeni Müsavat” təkcə bunları etməyib Bəyə qarşı.
Ey Rauf Arifoğlu, sən “Hakimiyyət Elçibəyi kullanır”; “Elçibəy Ilham Əliyevlə sözləşib hakimiyyəti bölüşür” yazan insansan. Tarix gec-tez sənin qaranlıq əlaqələrini aşkarlayacaq, o zaman hamı görəcək ki, Azərbaycanda səndən böyük makiavellist yoxdur.
Məhz sən Rauf Arifoğlu, başqası yox, sən Elçibəy Bakıya dönüb “Demkonqres”in iclasında iştirakından sonra “yox, bacarmayacaq” dedin, bunu sonra da yazıb, Əbülfəz bəyi gözdən saldın, liderliyini baltaladın, onun Ramil Usubovla separat danışıqlara getdiyini yazacaq qədər kiçiklik etdin. Bu qədər çamur içindəykən niyə susmursan?
***
Və sonda...
Rauf Arifoğlunun tək dərdi AXCP, Əli Kərimli, “Azadlıq” qəzetidir? Xeyr!
Siz Azərbaycanda ictimai çəki qazanmış istənilən insanı düşünün, onların hamısı zaman-zaman “Yeni Müsavat”ın şər-böhtanı ilə üzləşib.
Bu qəzetdə Rauf Arifoğlu, hətta Müsavat başqanı Isa Qəmbərə də tənə edib, Müsavat partiyasının önəmli və ləyaqətli simalarına hədyanlar yazıb. Hər halda, gəlin ümid edək ki, Rauf müəllimin bu yazılarına da müraciət etməyə ehtiyac qalmayacaq.